
ABŞ və Rusiya prezidentlərinin Alyaskada gözlənilən görüşündə Birləşmiş Ştatlar, Rusiyaya qarşı tətbiq olunan sanksiyaları nisbətən yumşalda bilər. Bu barədə ABŞ-ın eks prezidenti kiçik Corc Buşun RF-sı və Avroasiya üzrə xüsusi köməkçisi Tomas Qrem bildirib.
Əslində bu görüşün baş tutması üçün, yəqin ki, daha əvvəldən müəyyən razılaşmalar əldə olunub. Ötən həftə Kremldə Putinlə görüşən Trampın xüsusi nümayəndəsi Uitkoff, çox güman ki, Putini maraqlandıran bir təkliflə gəlib ki, Rusiya prezidenti görüşə razılıq verib.
Verilən ilkin məlumatlara görə, Rusiya ilə münasibətlərin normallaşdırılması üçün yol xəritəsinin hazırlanması variantı mümkün ola bilər və bunun üçün işçi qrupunun yaradılmasına qərar verilə bilər.
Təbii ki, görüşün əsas məsələsi Rusiya-Ukrayna münaqişəsinin nizamlanması olacaq. Xatırladırıq ki, Trampın Ağ Evə dönüşündən sonra, münaqişə tərəfləri arasında İstambul danışıqları bərpa edildi. Düzdür, əsirlərin dəyişdirilməsində əldə olunan razılaşma nəzərə alınmasa, ciddi bir irəliləyişə nail olmaq mümkün olmadı, əksinə müharibənin aqresivliyini artırdı.
Donald Trampla Vladimir Putin arasında keçiriləcək görüş də, ən azından tezliklə münaqişə tərəflərinin arasında davam edən müharibəni dayandıra bilməyəcək. Çünki, Rusiya nə az, nə də çox, bu günədək işğal etdiyi Ukrayna ərazilərinin beynəlxalq miqyasda tanınmasını tələb edir. Bu isə, nəinki Ukrayna tərəfindən, heç beynəlxaq səviyyədə də, qəbul edilə bilməz.
Hazırda Rusiyanı işğal etdiyi ərazilərdən çıxarmaq mümkün deyil. Tramp bunu nəzərə alaraq, ən azından Rusiyanı Xerson və Zaparojye vilayətlərindən çıxmağa razı salmaq istəyir. Lakin, hələ ki, nə Putin, nə də Zelenski bu təkliflə razılaşmırlar.
Görünən odur ki, tezliklə bu müharibəni dayandırmaq mümkün olmayacaq. Çünki, həllini gözləyən çoxsaylı çətin suallar var ki, bu ərəfədə onları cavablandırmaq asan deyil...