adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Ərlər dənizə, arvadlar qumluğa!

SAMİRƏ ƏŞRƏF
32234 | 2015-07-11 08:05
Bayaqdan dənizdə çimən uşaqlarına qışqırıb-bağıran qadından təzəcə uzaqlaşıb kölgəliyə çəkilmişdim ki, bir də gördüm xanım yüngülcə - ay mama, - deyib sərildi qumun üstünə. Paltarlı, paltarsız, qurudan, sudan hərə bir tərəfdən tökülüşüb gəldi. Qadını birtəhər yerdən qaldırıb gətirdilər kölgəliyə. Ayaqlarını quma basdırıb başlarını şalla bürüyüb istidən qorunan qoca arvadlar həmin dəqiqə ağız-ağıza verib çığırışdılar ki, bəs gəlini gün vurub. (Bu gəlin sözündən də mənim zəndeyi-zəhləm gedir, di gəl hara gedirəm rastıma çıxır). Əlqərəz, təcili yardıma ehtiyac qalmadan qadının üzünə sudan-zaddan töküb birtəhər özünə gətirdilər. Özünə gələn kimi onun ilk işi telefonu cibindən çıxardıb kiməsə zəng etmək oldu. Telefonun o biri ucundakı deyəsən bunun baş yoldaşıydı ki, gəlin bir dəqiqənin içərisində kişinin abrını bükdü ətəyinə ki, niyə ona dənizə girib çimməyə icazə vermədi. Əgər o da bayaqdan suda şappıldayan camaat kimi dənizə girsəydi, başına bu qədər qəzavü-qədər də gəlməzdi. Bir az keçdi, o, özünə gəlib sakitləşdi, sonra tamam susub dalğın-dalğın ətrafı seyr etdi.
Qadının qəfil sakitliyi, baş verənlərlə əlacsızcasına barışması məni xeyli mütəəssir etdi. Çünki mənim də halım ondan geri qalmırdı. Qumlu ayaqlarıma, yanmış qollarıma baxıb öz-özümə fikirləşdim. Doğurdan da niyə mən dənizə girib çimə bilmirəm? Heç insafdırmı ki, otuz beş, qırx dərəcə günün altında istidən halbahal olasan, tər dabanından süzülə, mavi suya həsrətlə tamaşa edib umsunasan. Vallah, dünyanın heç bir yerində belə bir biabırçılıq yoxdur ki, ər girib dənizdə akrobatik hərəkətlər edib sərinləyə, arvad da gün altında od kimi qumluqda dayanıb tər tökə. Nə məsələdir, ay kişilər?! Niyə xanımlarınızı dənizdə çimməyə qoymursunuz?! Yenə mentalitet, yenə adət-ənənə, yenə abır-həya davası aparırsınız? Nə vaxta qədər? Bir gün görəcəksiniz ki, dünya dağılıb, qiyamət günü gəlib yetişib, amma sizin qadınlarınız dənizdə çimə bilməyib istidən bihal olub səriliblər asfalta.
Ümumiyyətlə, bu məmləkətdə qadın olmaq çox çətin məsələdi. Təsəvvür edin ki, qadın təkbaşına parka, çayxanaya, pivəxanaya, toyxanaya gedə bilməz. Tutaq ki, hansısa qadının axşam səkkizdən sonra ürəyi sıxılırsa, təkcənə düşüb beş-on dəqiqə həyətdə hava ala bilməz. Mütləq həmin xanımın yanına bir yançı qoşmaq lazım gələcək. Qadın parka, kinoteatra, bəd ayaqda stadiona belə gedə bilməz. Mən hələ getməklərdən danışıram. Ordakı fəaliyyətləri nəzərə almıram.
Düzdü, bir çox qadınlar da var ki, özləri üçün müəyyən azadlıqlar əldə ediblər. Amma bu azadlığın dozasını o qədər qaçırdıblar ki, bu gün-sabah basıb kişiləri döysələr təəccüblənmərəm. Özü də milyonlarla insanın gözü qarşısında.
Əlimi qızıl "Quran"a basıb səmimi qəlbdən and içə bilərəm ki, o gün hansısa saytda qurtdalanırdım, birdən qarşıma gəlhagəlli başlığı olan bir video çıxdı. Təbii ki, özümü idarəetməm zəiflədi və videoya baxmalı oldum. Özünü biabır etməkdə digər kanallarla yarışa girən məlum kanalın aparıcısı nazlana-nazlana söhbət edirdi. Qəfildən nətər oldusa, bir kənarda sakitcə əyləşən müğənniyə qarşı tərəfdə oturan ağsaqqal bir alim ağıl verməyə çalışdı. Müğənni xanım qalxdı ayağa nə qalxdı. Az qaldı uzunluğu beş-altı santımetrə olan dırnaqlarını alimin gözlərinə soxub bəbəyini yerə töksün. İnanın tam səmimi deyirəm mən hələ bu yaşa qədər kişinin üzərinə o cür gedın qadın görməmişdim. Alim də sağ olsun, axırda dözməyib xanıma bir yağlı söyüş guppuldatdı.
İndi mən durub burda kanala və ya onun aparıcısına hər hansısa məzəmmət etmək fikrindən çox uzağam. Ona görə ki, daha bu cür məsələlərdən keçib. Biz nə qədər onları düz yola, etik olmağa səsləyirik, onlar bir o qədər də qızışıb özlərindən çıxırlar. Elə bil bizim acığımıza daha da fəallaşıb özlərini biabır edirlər. Bu səbəbdən də can onların, cəhənnəm də onların deyib digər məqama tərəf əyilirəm.
Bu həmin özünə alim deyən adamın mən əminəm ki, evində arvadı, qızı, gəlini vardır. Və onu da yaxşı bilirəm ki, bu alim də həmin zənən xeylaqlarının dənizdə çimməsinə icazə vermir. Elə isə nə baş verir ki, o, başqa bir qadına efirdən təhqiramiz söz ünvanlayır? Xanımı qoyaq bir qırağa, bəs alim söhbəti harda qaldı?! Belə alim sabah cəmiyyətə hansı xeyiri verə bilər?
Mən gözümü açıb bir neçə alim yetişdirən nəsildə böyüdüyüm üçün belə şeylərə normal yanaşa bilmirəm. Yaşı yetmişi çoxdan adlamış dayım ölkənin ən tanınmış akademiklərindən biridi. Bu günə qədər biz nə evdə, nə çöldə onun dilindən bir kəlmə əskik söz eşitməmişik. Qadına, qıza qarşı ondan heç bir hörmətsiz hərəkət görməmişik.
Sözümün canı odur ki, arvadlarını dənizdə çimməyə qoymayan, özünə və ətrafdakılara şübhəylə yanaşan toplumun alimi, müğənnisi, canlı efiri və dəniz mənzərəsi də məhz belə olmalıdı.

TƏQVİM / ARXİV