adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

"KOROĞLU" OPERASININ TAMAŞASI HAQQINDA DÜŞÜNCƏLƏRİM

QƏZƏNFƏR PAŞAYEV
35389 | 2014-12-05 01:41
Bugünlərdə "Azərbaycan Dövlət Opera və Balet Teatrı"nda mənə bir daha "Koroğlu" operasına baxmaq qismət oldu. Buna görə məni operaya birgə baxmağa dəvət edən akademik İsa Həbibbəyliyə minnətdaram. Operanın 2014-2015-ci illər teatr mövsümü üçün nəzərdə tutulan proqramını alıb nəzərdən keçirəndə gözlərimə inanmadım.
Proqramın üz qabığında yazılmışdır:
"Üzeyir Hacıbəyli
"Koroğlu" (3 pərdəli, 5 şəkilli opera)
Librettosu - Hidayət İsmayılzadə
Şeirləri - Məmməd Səid Ordubadinindir".
Nədənsə Azərbaycan SSR-in xalq artisti, 1937-ci ildən ömrünün sonunadək (1951) Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru vəzifəsində çalışmış İsmayıl Hidayətzadə proqramda Hidayət İsmayılzadə kimi verilmişdir. Bu hələ bir yana. İ.Hidayətzadə libretto müəllifi kimi göstərilib. Halbuki libretto müəllifi Məmməd Səid Ordubadidir. İsmayıl Hidayətzadə isə görkəmli rejissordur. Onun quruluşunda ilk dəfə 1937-ci il aprelin 28-də tamaşaya qoyulan "Koroğlu" Azərbaycan opera sənəti tarixində milli rejissor mədəniyyətinin yüksəlişini nümayiş etdirmiş, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə yüksək qiymətləndirilmişdir. Bu möhtəşəm operaya görə yüksək adlara layiq görülən Üzeyir bəy, Bülbül və başqalarının sırasında İ.Hidaəytzadə də vardır.
İkinci bir fakt. "Koroğlu" operasının qısa məzmunu Azərbaycan, rus və ingilis dillərində verilmişdir. Hər pərdədə, hər şəkildə dillər üzrə nə qədər fərq olarmış. Azərbaycan və rus dillərində olan mətnləri ciddi redaktə etmək lazımdır. Bircə misal göstərməklə kifayətlənəcəm. II pərdənin III şəklində göstərilir ki, Koroğlu döyüş ruhunda öz dəstəsi ilə Çənlibel qalasından çıxır. Rusca mətndə isə bunun əksini görürük. Özü də necə. "Opalennıy boyem, v krepost vxodit Koroqlı so svoim otryadom".
O ki, qaldı opernın qısa məzmunun ingiliscə mətninə, təəssüflə deməliyəm ki, bu işi ingiliscə qənaətbəxş biliyi olmayan bir şəxs yerinə yetirib. Əslində buna tərcümə də demək olmaz. Hesab edirəm ki, bu ən azı məsuliyyətsizlik, mədəniyyətimizə laqeydlikdir. İkicə misalla kifayətlənəcəm.
Operanın I pərdəsinin I fəsli belə başlayır: "Həsən xanın sahib olduğu dağ kəndlərindən biri. Kəndlilər həyatın ağırlığından və yaşayışın çətinliyindən şikayətlənirlər". İngilis dilinə tərcümədə oxuyuruq: "Azərbaycanın dağlıq bölgəsində Həsən xan tərəfindən idarə olunan şəhər. Şəhərlilər yaşayışlarının ağırlığından şikayət edirlər". İkinci bir misal. Məlumdur ki, Qırat zil qara bir atdır. Səhnəyə də doğru olaraq qara rəngli at çıxarırlar. Tərcümədə ağ at kimi yazılıb. Şəhərlə kəndi, ağ rənglə qara rəngi seçə bilməyən tərcüməçiyə nə deyəsən. Mənə belə gəlir ki, tərcüməçi heç operanı görməyib. Fikir məni götürmüşdü. Məni xəyaldan "Koroğlu" operasının uvertürası ayırdı.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin insanı haldan-hala salan qənirsiz musiqisi, gözəl səhnələr, rəqqasələr qrupu, sanki opera ilə baletin qovşağında bərqərar olan bu misilsiz əsər, rolları ifa edən xalq artisti Samir Cəfərov (Koroğlu), əməkdar artist Zemfira İsmayılova (Nigar), Əliəhməd İbrahimov (Təlxək), Fərid Əliyev (Həmzə bəy), əməkdar artist Gülyaz Məmmədova (Xanəndə qız), xüsusən də xalq artisti Şahlar Quliyev (Həsən xan) dəfələrlə sürəkli alqışlarla qarşılandı.
Qürur hissi keçirdim. Fəxr etdim ki, Üzeyir bəy kimi dahi yetirən xalqa mənsubam. Gözümün önünə bu əbədiyaşar operanın şöhrətlənməsində misilsiz xidmətləri olan təkrarsız müğənnilər, SSRİ xalq artistləri Bülbül, Lütfiyar İmanov, baletmeyster, SSRİ xalq artisti Qəmər Almaszadə, SSRİ xalq rəssamı Tahir Salahov gəldi. Ürəyim fərəhlə döyündü ki, xalqın iftixar mənbəyi olan bu böyük şəxsiyyətlərin hamısını şəxsən görmüşəm. Onda fərqinə varmırdım, bəlkə də dərk etmirdim ki, onlar xalqı şöhrətləndirən, mədəniyyətimizi dünyaya yayan və tanıdan əvəzsiz insanlardır.
Üzeyir bəyin zəngin irsi barədə düşündüm. Doğrudur, Üzeyir bəyin "Koroğlu" operası onun şah əsəri hesab olunur. Xalqın yaddaşında daşlaşmış "Koroğlu" dastanı əsasında opera yazmaq o qədər də asan iş deyil. Lakin qeyri-adi fitri istedad sahibi, bütün zamanların bəstəkarı Üzeyir bəy möhtəşəm bir opera yaratmışdır. Bununla bərabər yüz ildən artıq səhnədən düşməyən, xalqın qəlbinə yol tapan, bu nəhəng sənətkara sonsuz şöhrət gətirən "Leyli və Məcnun", "Əsli və Kərəm", "O olmasın, bu olsun" və bütün dünyada tanınan, əcnəbi dillərdə oynanılan "Arşın mal alan" kimi ölməz əsərlər də mənə qalırsa, şah əsərlərdir. Bu öz yerində.
"Koroğlu" operasına baxandan sonra məndə bu möhtəşəm abidə ilə bağlı təəssüratımı oxucularla bölüşmək arzusu baş qaldırdı. Bu səbəbsiz deyildir.
Əsərin librettosunda müəyyən çatışmazlıqlar özünü göstərir. M.S.Ordubadi 1937-ci ildə librettonu yazanda "Koroğlu" dastanının bütün qolları ilə tanış olmaq imkanı əldə etməmişdi. O, "Koroğlu" librettosunu yazana qədər, 1912-ci ildə Bakıda işıq üzü görən kitabçanı nəzərə almasaq, cəmi ikicə dəfə "Koroğlu" dastanı çap olunmuşdu. 1927-ci ildə V.Xuluflunun, 1936-cı ildə H.Əlizadənin tərtibində. Başqa bir tərəfdən də "Koroğlu" o vaxt hələ elmi cəhətdən tədqiqata cəlb olunmamışdı. Əks təqdirdə görkəmli yazıçı, şair, dramaturq, publisist, "Nərgiz" və "Nizami" operalarının, "Beş manatlıq gəlin" və "Ürəkçalanlar" musiqili komediyalarının libretto müəllifi M.S.Ordubadi "Koroğlu" operasına daha möhtəşəm libretto yazardı.
Operada Koroğlunun dəliləri görünmür. Axı kim bilmir ki, Koroğlunu Koroğlu edən dəliləridir.
"Koroğlu" dastanında Nigar Həsən xanın qızı, Eyvaz isə Koroğlunun sevimli dəlilərindən biridir.
Operada isə Nigar qulluqçu, Eyvaz isə onun qardaşıdır. Eyvaza adamın yazığı gəlir. O, donub yerində qalan, boynubükük zavallı təsiri bağışlayır.
Bu isə "Koroğlu" dastanından xəbəri olan tamaşaçıları çaşbaş salır. Tamaşaçı açıqca görür ki, "Koroğlu" filmi dastanla daha çox səsləşir, nəinki opera ilə.
Onu da deyim ki, Çənlibel səhnələri darıxdırıcıdır. Heç olmasa İ.Hidayətzadənin quruluşunda 1937-ci il tamaşasından səhnələrə baxaydılar ( ASE, X cild, s.221). Ağaclıq, gül-çiçək ürək açır.
Başqa bir misal. Xalq qəhrəmanı Koroğlu səhnəyə gələndə də, səhnədən çıxıb gedəndə də adi adam təsiri bağışlayır. Səhnədəkilər sanki onu görmürlər. Koroğlunun geyimində də arzuolunmaz bir məsələ diqqəti çəkir. Qəhrəmanın Misri qılıncı arxa tərəfdən çuxanı yuxarı qaldırır, qılıncın ucu görünür. Ürək sıxan, Koroğluya yaraşmayan bir mənzərə yaranır.
Bu halı aradan qaldırmaq üçün Bülbülün Misri qılıncı belinə necə bağladığına baxmaq kifayət edərdi (Bax: ASE, II cild, s.376).
Başqa bir məsələ. Dastandan məlumdur ki, Koroğlu hər vaxt xalqla məsləhətləşir, onların sözünə qulaq asır. Operada isə hamı bir ağızdan Koroğluya yalvarır ki, Həmzəyə inanıb onu meytər qoymasın, Koroğlu əlinin hərəkəti ilə "yox" deyir.
Əsərin II pərdəsində Həmzə bəy Qıratı oğurlamağa bir şərtlə gedir ki, Həsən xan qulluqçu qız Nigarı evlənmək üçün ona versin. Əgər o bəydirsə bir qulluqçu qıza görə həyatını niyə təhlükəyə atır. Bəyəm Həmzə bəy Həsən xandan qulluqçu qız - Nigarı istəsə xan onun sözünü yerə salardı? Deyilənlər hind filmlərindəki qondarma süjetləri andırır.
"Koroğlu" operasının daha canlı, daha möhtəşəm etmək üçün o qədər yollar var, gəl görəsən. Məsələn, "Koroğlu" dastanında Aşıq Cünun aparıcı obrazlardandır. Operada isə Aşıq Cünun görünmür. Məncə, operada belə bir epizod yerinə düşərdi ki, Aşıq Cünun məclisdə sazı döşünə basaraq Koroğlunu tərifləyir, onun şücaətindən, qəhrəmanlığından söz açır. Koroğlu mərdliyini nümayiş etdirir. Sazla-sözlə Gizir oğlu Mustafa bəyin daha güclü olduğunu bəyan edir. Təbii ki, bunun üçün operaya yeni şeir parçaları əlavə olunmalıdır. Əslində onlar dastanda var.
Bütün bunları sadalamaqda sözümün canı odur ki, ilk tamaşasından bir əsrə yaxın vaxt keçməsinə baxmayaraq Azərbaycan klassik musiqisinin şah əsəri "Koroğlu" operası İsmayıl Hidayətzadənin quruluşunda göstərilir. Mənə qalırsa, yaxşı nə varsa saxlamaqla, operada yer alan şeirlərə, ümumiyyətlə librettoya və operanın quruluşuna yenidən baxmağın vaxtı çatmışdır. Bu nəcib işə qüdrəti çatan, ürəyi Üzeyir bəyə məhəbbətlə döyünən, vətənpərvərlik duyğuları ilə yaşayan milli ruhlu şairlərimiz və professional rejissorlarımız vardır.

TƏQVİM / ARXİV