adalet.az header logo
  • Bakı -°C

Mənim Əvəz əmim... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
88 | 2026-11-11 20:12
A- A+

Əslinə qalanda bu sözləri onun yanında  heç vaxt deyə bilməzdim! Heç oğlanları- İbrahim (biz ona  İbiş deyərdik və orta məktəbi gümüş medalla bitirmişdi, bir " 5" alıb Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olmuşdu), Mətləb, Rəhman, Qəhrəman da  ona məktəbdə " ata" deyə bilməzdi! Deyərdilər  Əvəz müəllim onları elə günə qoyardı ki, o " dərs" ömrü boyu yadlarından çıxmazdı! Nə isə.. Elə bil ki, mövzudan kənara çıxdım ey!  

Əvəz Əliş oğlu Əliyev Füzuli təhsil sistemində öz yeri, öz nüfuzu, öz mövqeyi olan böyük ziyalılardan, böyük müəllimlərdən olub! Daha  doğrusu, belərinə  " müəllimlər müəllimi " demək olar. O, illərdə Füzulidə beş müəllimdən, beş məktəb direktorundan biri olub. Təhsil şöbəsinin müdiri Hüseyn müəllim kimi  bir şəxsiyyət olub Əvəz müəllim! Və hər ikisi də bir- birilə çox möhkəm dostluq edib! Ömürlərinin sonuna kimi haqqı- salama, duz- çörəyə sədaqətli olub. Əvəz Əliyev uzun müddət Füzuli rayonunun Böyük Bəhmənli kəndindəki orta məktəbdə direktor işləyib! Və biz elə gözümüzü açandan Əvəz müəllimi direktor görmüşdük!

Görmüşdük  ki, çox zəhmli, çox ciddi adam adam idi. Ondan nəinki şagirdlər, eləcə də müəllimlər çəkinərdi.O, yaxşı məktəb direktoru olmaqla yanaşı, həm də  öz ixtisasını- kimyanı çox mükəmməl, gözəl bilirdi. Və bizim hamımıza da  kimyanı yaxşı öyrədirdi. Onun dərsindən mən " 5" alırdım, amma bir yerdə səhv eləsəydim, karıxsaydım, o yumşaq, pambıq kimi əlilə bir şillə vurardı. Və deyərdi ki, bu şilləni ona görə vururam ki, həyatın şilləsi sizə  dəyməsin, adam olasız ! O böyük ziyalının şilləsi bizi işıqlı yola çıxardı, oxuyub yüksək mövqe tutduq və nəhayət adam olduq ! O şillə, sinif yoldaşlarım Təbrizə, Zülfüqara, Barata, Yusifə , Söhbətə dəydi... Hamısı da həyatda böyük uğurlar qazandı və mənim kimi adam oldular.

Əvəz müəllimin dərsində  kimin ağzı nəydi ki, dəcəllik eləsin, səs salsın, hətta Təvəkkülün oğlu Şirasalan  kimi dəcəl uşaqlar da bürüşüb.qalardi ki, müəllim onları görməsin! Yəni onun dərsində milçək uçsa səsi eşidilirdi! Əvəz müəllim həm də savadlı  və tərbiyəli uşaqları çox istəyirdi.Biz 9- cü sinifdə oxuyanda Təbrizlə məni dövlət hesabına bir ay Kiyevdə gəzməyə göndərdi. Təsəvvür edin; Bakını görməyən adam birdən-birə Kiyev kimi qədim və gözəl şəhəri görür. Sanki biz Cənnətə düşmüsdük və qədim şəhərin tarixi abidələrini, muzeylərini  gördük! Və səyahətimiz ömrümüzə qızıl hərflə yazıldı! Belə şəxsiyyət haqqında roman , povest, poema yazmaq  olar! Amma ən böyük romanı o böyük kişinin həyat yolu yazmışdı.

Əvəz Əliyev əfsanəvi  bir şəxsiyyət, müəllim direktor olub! Tam məsuliyyətlə deyirəm , indi mən elə direktor görmürəm. Biz ondan həm qorxurduq, həm də  çox istəyirdik və sevirdik. Onun hər dərsini səbirsizliklə  gözləyirdik! O, elə bilirdi ki, kimyanı yaxşı bildiyimə görə həkim olacam! Amma ADU- nun jurnalistika fakültəsinə qəbul olanda çox təəccübləndi! Dedi ki, təbrik edirəm, ancaq sən yaxşı həkim ola bilərdin! Əvəz müəllimin mənim kimi minlərlə  şagirdi var! Və onların çoxu respublika  səviyyəsində tanınır və ölkəmizdə yüksək vəzifə tutublar! O , heç vaxt savadlı ,. istedadlı və tərbiyəli övladları ilə fəxr eləmədi...

Bu böyük insan həmişə şagirdləri ilə fəxr elədi... Bir neçə gün bundan əvvəl kəndimizin böyük ziyalısı Abış müəllim mənə zəng edib dedi ki, noyabrın 15- də Böyük Bəhmənlidəki hər iki tam orta məktəbində  Əvəz müəllimin 100 illiyi keçirələcək, siz ora dəvət olunursunuz! Həmin anda mən çox kövrəldim... Gözlərim doldu... Məktəb illəri bir kino lenti kimi gözlərimin önünə gəldi. Gözlərimin önünə Əvəz müəllim gəldi... Mənə dərs demiş bütün müəllimlərim gözlərimin önünə gəldi... Gözlərimin önünə sinif yoldaşlarım gəldi... Və gözlərim doldu... O illərə qayıtmaq istədim... Qayıda  bilmədim... Və 50 il yaşamış Əvəz müəllim yenidən gözümün önünə gəldi ...

Elə bildim , sağdı, heç ölməyib! Minlərlə şagirdinin ürəyündə özünə əbədi heykəl ucaltmış adam heç  vaxt ölməz! Yüz yaşın mübarək , Əvəz əmi! Yəqin  " Əvəz əmi" dediyimə görə məni döyməzsən!!!

  • Noyabr:
  • 6

TƏQVİM / ARXİV