adalet.az header logo
  • Bakı -°C

“Övladlarınıza gözəl adlar qoyun”

ŞƏFİQƏ ŞƏFA
37905 | 2015-02-10 14:48
A- A+

"Övladlarınıza gözəl adlar qoyun” deyə İslam dinində təbliğ olunur. Qərb bu dəfə də İslam Peyğəmbərinin əsrlər öncəki tövsiyəsinə dolayı yolla da olsa əməl edib. Qərblilər, əlbəttə, bunu elmlə əlaqələndirirlər, əslində elə müqəddəs Qurani-Kərimdə də bütün elmlərin açarını tapmaq mümkündür. Bunu da bilirlər və günün birində İslamın qan və qılıncdan deyil, elm və təhsildən ibarət olduğunu da etiraf edəcəklər.

Sual yarana bilər ki, heç adların da elmi olarmı? Olarmış! Hər halda qərb psixoloqları bu sahə üzərində baş sındırırlar. Hesab edirlər ki, doğulacaq insanın xarakteri və gələcək psixikası üçün adların əhəmiyyəti çox böyükdür. Hətta bu sahə üzrə ayrıca "ad həkimləri” də fəaliyyət göstərir. Bildirilir ki, övlad gözləyən cütlüklər, eləcə də adını dəyişdirmək istəyən şəxslər bu həkimə müraciət edirlər. Ad həkimləri valideynlərin keçmiş və indiki həyatlarındakı neqativ və pozitiv məqamları incələyir, ailə "portreti”nə uyğun ad seçirlər. Çünki qoyulan ad insanın həyatına, səhhətinə, sevgi münasibətlərinə, hətta iş karyerasına da siraət edir. Bu, hər iki mənada işləkdir, yəni mənasında müsbət-mənfi çalarlar daşıyan ad insanın psixikasına nüfuz edir. Həmçinin, adın gözəl və ya pis olması (heç mənaları bilinmədən) insanların cəmiyyətdə, işdə, özəl həyatında davranışına, bir şəxsiyyət kimi formalaşmasına da təsir edir. Üstəlik bu faiz də "ağır çəkili”dir. Ad insan psixologiyasında 60 faiz, soyad 40 faiz, təxəllüs və ya nik-name isə 10 faiz təsirə malikdir. Ona görə də qərb psixoloqları elə dinimizdəki çağırış kimi bəyan edirlər ki, "övladlarınıza gözəl adlar qoyun. Hətta öz adınız da pisdirsə, ziyanın yarısından qayıtmaq da kardır, yeni gözəl adlar, ən azından təxəllüslər seçin”.

Psixoloqlar bunu fiziki qanunlarla əlaqələndirirlər. Fiziki qanunlara görə, hər şey davamlı titrəyişlərdən ibarətdir. Hərflər də səslənərkən insan orqanizmində əvvəlcə səs telləri titrəyir, sonra titrəyişlər nəfəs yolları, oradan da digər toxumalara və qana keçir. Müsbət titrəyişlər yaradan hərflər bir adda cəmlənibsə, o, insanın səhhətinə yaxşı təsir edir. Mənfilər isə insan səhhətinə ziyan vurur, həmdə hiyləgərcəsinə: təsricən toplanıb sahibini böyrü üstə yerə yıxır. Məsələn: "e” hərfinin çoxluğu nəfəs yollarının daralmasına səbəb olur ki, nəticədə nəfəs borusunda və ağciyərdə tədricən problemlər yaranır. Adında "a” hərfi çox olanlar yandılar! Bu hərfin çoxluğu qan hüceyrələrinə mənfi təsir edir. Ona görə də ad həkimləri bəzi insanlara adlarının sonradan dəyişməyi də tövsiyə edirlər. Adında xoşagəlməz titrəyişlər olan adamlar özündən çox yaxın adamlarına ziyanlıdır, çünki onların adlarını daha çox ətrafındakı adamlar çəkirlər. Yeri gəlmişkən, ən ideal adların tərkibindəki mənfi titrəyişlər belə mövcud ola bilər.

Qeyd etdiyimiz kimi, adların təkcə sağlamlıq deyil, digər sahələrdə də təsiri var. Məsələn: karyera düşünən insanlar, bir baxın görün adlarınızda bu hərflər varmı? "S” hərfinin olduğu adlar – memarlıq, mühəndislik sahəsində uğur qazanırlar. "N” – yazıçı, jurnalist, "M” və "L” – maliyyə, iqtisadiyyat, marketinq, ticarət, "C” və "Ş” – incəsənət, yaradıcılıq və s. Ən bəxti gətirənlər "P” hərfli adlardır – bütün peşə sahələrində uğurlu olurlar. Üstəlik, bu sadalanan hərflər adın başında gəlirsə, sahiblərini daha böyük uğurlar gözləyir.         

Bildiyimiz kimi taleyi ağır olmuş, faciəvi həyat yaşayan insanların da adlarının yeni nəslə qoyulması o insanın qismən və ya tam yaşadıqlarının ötürülməsi nəticələnə bilər. Ona görə də nəsildə və ya məşhur adamlar arasında belə həyat yaşamış şəxslərin adından uzaq durmaq yaxşı olardı.  

Bəs özündə şiddət, kədər mənaları daşıyan adlar qoymaq olarmı? (Məsələn: Hicran, Həsrət, Natəvan, Miskin, Türkiyədə - Savaş, Tayfun, Atəş və.s)  Psixoloqlar bildirirlər ki, tarix boyu insanlara, xüsusən kişilərə güc simvolu olaraq şiddət xarakterli adlar və ya yırtıcı heyvanların, quşların adlarını qoyublar. Düşünülüb ki, bu adlar kişilərdə güclü xüsusiyyətlərin formalaşmasına kömək edəcək. Amma... bu, yanlış düşüncə imiş! Çünki insanların psixikasında bu şiddət anlamlı adlar elə eyni təsiri də göstərir, yəni (onların dediyini deyirəm, məndən günah getdi!) Aslan, Əsəd (ərəbcə şir deməkdir), Qartal, Şahin və s. kimi adları olanların xarakterində yırtıcılıq varmış! Eləcə də kədər dolu adlardan uzaq olmaq lazımdır. Xan qızı Xurşidbanu oğlunun ölümündən sonra özünə "Natəvan” (tabsız, dözümsüz, gücsüz) təxəllüsünü götürmüşdü. Şairənin adını yaşatmaq üçün Xurşidbanu da qoymaq olar, qızlarınızı həyata 1:0 məğlub niyə başladırsınız?   

Qərəz, ad seçərkən diqqətli olaq, hər şeyə görə də Fələyin çərxini söyməyək!

  • Aprel:
  • 3

TƏQVİM / ARXİV