Ateist –
dünyanın bütün dinlərində insanların, xüsusilə möminlərin qəbul etmədiyi şəxsdir.
Tarix boyu təqiblərə məruz qalıb, daş-qalaq olunublar. Düzdür, onların
ardıcılları da, bütün bunlara
baxmayaraq, heç də az olmayıb. Həmişə gizli-aşkar ateistləri, onların
ideyalarını dəstəkləyən, yayan, yaşadan davamçıları tapılıb. Hər halda, dünyada 1 milyard ateistin olması belə deməyə əsas verir. O da maraqlıdır
ki, təqiblərə, tənələrə baxmayaraq, dünyanın ən öndə olan alimləri, ədibləri,
siyasətçilərinin əksəriyyəti də ateistlər olub. Hərə öz baxış açısına görə bunu
izah edə bilər. Amma mənə, görə bəlkə də hər kəsdə olmayan cəsarətləri onları
zirvəyə qalxmağa kömək edib. Hər halda gəmidə oturub gəmiçiylə dava eləmək hər
kişinin işi deyil, sonunun boğulmaq, ya da ən azından açıq dənizdə təkbaşına
qalmaq qorxusunun olduğunu bilə-bilə "yumruğunu işə salmaq” həqiqətən də, böyük
cəsarət tələb edir.

Məsələn, bu gün məni yazmağa vadar edən bir məsələyə
toxunum: Yunanıstanda keçirilmiş parlament seçkilərinin andiçmə mərasimi
dünyanın diqqətini yenidən ateistlərə yönəldib. Qələbə qazanmış
"Siriza" partiyasının lideri Aleksis Çipras Yunanıstan Baş naziri
olaraq ənənəvi andiçmə qaydalarını pozub. Ateist Çipras Afinanın Prezident
Sarayında təşkil edilən andiçmə mərasimində sadəcə siyasi and içib. Halbuki ölkəsinin
150 ildən sonra ən gənc Baş naziri şərəfinə nail olmuş Aleksis Çipras ənənəvi
qanunlara əsasən İncilə əl basaraq and içməli idi.
Yeni Baş nazir güman ki, hətta əminəm ki, bu nöqtəyə
gəlməsini sırf insani bacarıqla taclandırıb – öz bacarığı və ona inananların
dəstəyi! Tanrının açdığı yolu da, olsa-olsa fortunanın hədiyyəsi adlandırıb.
Amma fortuna pərdəsinin arxasındakı idarəçini görmək üçün bəsirət gözünü
lehimləyib.
Sırf mənə
qalsa, ateistləri həmişə "Allahdan incimişlər” hesab etmişəm. Heç kəs durduğu
yerdə ateist olmur. Ateistlik sonradan yaranır – ya ərköyünlükdən, ya da kimsəsizlikdən.
Yəni, ya atanın şımartdığı, istədiyini verdiyi övlad Allahdan da hər istəyini
yerinə yetirməsini gözləyir (və ya tələb edir), əks təqdirdə Tanrıya "təpik atır”.
Ya da atasız uşaq bütün mehrini ilahi Ataya saldığı üçün onun imtahanlarını və
səbir yoxlanışını doğru anlamadığından sevilmədiyini hesab edib ondan üz döndərir.
Əslində ateistlər Allaha inamın nə olduğunu möminlərdən daha yaxşı anlayırlar.
Məşhur ateist Volter "Allah olmasaydı belə, insanlar onu özlərindən
uydurardılar”, - deməsi buna ən yaxşı sübutdur. Çünki Ali Qüvvəni sevmək, ondan
qorxmaq, ona itaət etmək duyğusu, əslində psixolojidir, məhz insanın özünün bu
həyatda güvənli yaşamına hesablanmış bir şeydir. Qəlbində Allah sevgisi və xofu
olan bəndə, məlum məsələdir ki, həm pis əməllərdən uzaq olur, həm də daim onu
qoruyan, hər cür bəlalardan hifz edən, hər addımda ona dayaq olan Tanrıya inam insanın
"həyat sığortası” na çevrilir. Başqa sözlə, Allaha inam – həyata inamdır, güvəndir.
Amma sonadək özümdən
və mənim kimi düşünənlərdən danışmaq niyyətində
deyiləm. Əvvələ qayıdıram - mövzu
ateistlərdir. Daha doğrusu, onların bəzən möminlərdən daha cəsarətli və iddialı
olmasıdır. Mənə təsir
edən ateist nazirin heç nəyə və heç kəsə əhəmiyyət vermədən, cəsarətinə toz
qondurmadan öz bildiyini oxuması oldu. Baş nazirin sələfi Nitsşe demiş: "Azadlıq nədir? Düşündüklərinə görə heç kimin
qarşısında utanmamaq”. O da utanmadan-çəkinmədən öz bildiyini elədi. Nə
olursa-olsun, nə deyəcəklərsə desinlər o, öz inancına görə hərəkət etməliydi,
etdi də. Göründüyü kimi, ateist olmaqla deyil, İNANC burda da öz sözünü deyir –
bu inam Tanrıya deyil, insana olsa da! Bu, bir daha insanın inanc olmadan
yaşamını sürdürməsinin mümkünsüzlüyünü təsdiqləyir.
Şəfiqə Şəfa


Bakı -°C
