adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

1 may xatirəsi

ŞƏFİQƏ ŞƏFA
192246 | 2016-05-01 18:38

1 May - uşaqlıq xatirələrimin ən böyük sözçüsü, monitoru, zaman maşını, xatirə dəftəri... Hər dəfə Sumqayıtın mərkəzi küçələrindən keçəndə zaman gözümün önündə ikiləşir... Müasir qərbsayağı şəhərin son model aracından paralel zolaqda Sovet şəhərinin "Moskviç"ləri, "Volqa"ları şütüyür. Əllərində qırmızı bayraq, şar, xrizantema gülləri tutmuş məktəblilər dəstələnib. Yol kənarlarında düzülmüş valideynlər qucaqlarında körpə uşaqları ilə bayramdan çox, uşaqlarının növbə ilə çıxışından həyəcanlanırlar. Atamın cavan, idmançı vaxtları idi. Saatlarla məni başı üstündə qaldıraradı ki, nümayişi daha yaxşı görə bilim. Nə sirdisə, həmişə 1 mayda yağış yağardı. Onsuz da tərdən islaq zəhmətkeşi (əzabkeşi!) bir az da yaz yağışı isladardı. Eh! İslanmışın yağışdan nə qorxusu! Atam cibindəki pulu son qəpiyinə qədər xərclərdi. Bəs necə? Həmin gün onun və özü kimi neçə-neçə zəhmətkeşin günü idi, dövran onlara da bayram eləməyə gün ayırmışdı. O, şəhəri qurub, abadlaşdıranlardan biriydi axı!.. Haqqı vardı həmin gün fəhlə kimi yox, bəy kimi əylənməyə...
Xatirələr iradəmdən güclü çıxır. Hər dəfə 1 mayda Sumqayıta qaçıb nümayişinə, sevincinə həsrət qalmış zəhmətkeşlər şəhərində zamanı 30 il geriyə döndərmək istəyirəm. Park sürahisinə qoyduğum, sona qədər yeyə bilmədiyim dondurmanın izlərini, indi heydən düşmüş qoca pəhləvanın, onun balaca qızının ləpirlərini axtarmaq istəyirəm... Gününüz mübarək Sumqayıtın, Azərbaycanın, dünyanın zəhmətkeşləri!

Yer üzünün şəhərləri içində
Bir şəhər var: "Atamın şəhəri”
Elə atam yaşında,
Atam qədər qoca,
Atam qədər əziz,
Onun kimi uca, 
Onun kimi əvəzsiz...
Xatirələr uyuyur hər qarışı, daşında. 
Dumanlı xəyallarda şirin qızcığaz gəzir:
Saçları bəyaz lentli,
Əlində qara çətir.
Bir əli də yumulub
Pəhləvan atasının isti, güclü əlində
Bir may yağışı altda
Ürkək vücudu ilə atasına sığınıb,
Ona çox böyük gəlir
Indiki kiçik şəhər
Hələ çoxdu qəlbimi sızladan xatirələr...

TƏQVİM / ARXİV