adalet.az header logo
  • Bakı -°C

Ömrün bir xatirəsi

ŞƏFİQƏ ŞƏFA
60742 | 2015-08-13 14:38
A- A+

Mən o xanımlardanam ki, evdən kənara mütləq baxımlı, bəzək-düzəkli çıxaram. Hətta binanın altındakı marketə belə bəzənib düşərəm. Xasiyyətdi də... qadın olmağın avantajından gen-bol istifadə etməyi sevirəm. Amma bəzən elə məqam olur ki, zərif cinsin "olmazsa olmaz”ları arxa plana keçir. Bu, insan həyatının yol ayrıcında ömrün sonrakı mərhələsini müəyyən edən anlardı. Onlardan biri də ali məktəbə qəbul olunduğumun xəbərini aldığım gün idi – 1997-ci ilin avqustu! Özünü heç unutdurmaz: bütün gecəni həyəcandan yatmamışdım, çünki ertəsi gün imtahanın nəticələri bəlli olacaqdı. O vaxt indiki kimi hər şey bir tıkla həll olunmurdu. Cavabların çıxdığı jurnalı bir-iki adam əldə edər, məhəllənin ortasında nəticələri deyib şirinlik alardı. Səhər saat 5-dən balkonda yerimi qurmuşdum, sərin avqust səhərində boğulurdum, nəfəsim çatışmıırdı. Məhəllədə hələ səs-səmir yox idi. Ta saat 9-10 arasına qədər gəlib-keçənlərin əllərindəki çantaları, yükləri izlədim. Gözlənilən, az qala müqəddəs kitab hesab elədiyim jurnalı əllərdə, qoltuq altlarında axtarırdım. Və birdən uzaqdan "elan” eşidildi: "Ay camaat, jurnal gəldi!!!” Beyin eşitdiyini dərk edənə qədər bədən yerindən sıçradı. Nimdaş ev xalatında, şəpiklərdə küçəyə cumdum. Camaat axışırdı. (Sumqayıt üçün ali təhsil, həmişə digər bölgələrindən üstün olub. Bu bəlkə də, daim "ölü şəhər”in sakinləri, "xlorsatanlar” deyə lağa qoyulan kasıb balalarının, bir növ, özünütəsdiqi idi. Bəlkə də, buna görə, həmişə ən yüksək balla seçiliblər. Fəhlə balalarının valideynlərinin çəkdiyi əziyyətləri təkrarlamaması üçün yeganə tutunacağı, güvənəcəyi dayaq, məhz ali təhsil idi!)

Axına qoşulub, üç bina aralıda toplaşanlara yaxınlaşdım. Hələ növbə gözləmək vardı (uşaq və yeniyetməliyim elə sonugörünməz ərzaq növbələrinə xərclənib). Xoşbəxtlikdən, jurnalın gətirən oğlan tanış çıxdı – qardaşımın sinif yoldaşı olmuşdu. Məhəllənin ən qoçaq, cəsur oğlanlarından idi. Məni qabağa saldı, 2-3 adamdan sonra kodu soruşub jurnalda axtardı. İlahi! Cəmi bir neçə saniyə çəkən o gözlənti nə idi?.. Zamanmı dayandı, ömürmü dondu?! Hər nəysə - insanı canlıdan heykələ çevirən bir məqamdı. Duyğu orqanlarından yalnız biri – eşitmə qabiliyyəti işləyirdi, qalanları vəzifəsinin öhdəsindən gələ bilmirdi. Həyatım, gələcəyim bu məhəllə igidinin iki dodaqları arasından bəlli olacaqdı!

- Var! Xarici Dillər İnstitutu! 450 bal!

(indiki Azərbaycan Dillər Universiteti. 1997-ci il üçün bu bal yüksək sayılırdı...)  

Həyəcanın pik nöqtəsi... Ürəyin köksdə deyil, bütün daxili orqanlarda çırpındığı məqam... Ani durğunluq... Sevinc nidası... Təbriklər...

- Bax, şirinliyimi gətir ha!

- Qardaşımdan istə!

- Deynən, yaxşı araq alsın...

Bu son cümləni eşidəndə evin yolunu yarı eləmişdim. Evə asfaltın üzəri deyil, buludların arasında qayıdırdım. Elə ilk qardaşımın otağına cumdum. Onu necə silkələdimsə, yerindən dik atıldı. Bütün ev əhli narahat, bir gözü ayıq yatmışdı. Şad xəbəri eşitcək məni qucaqlayıb otaq boyu fırlatdı. Onsuz da o gün cismimlə bərabər hər şey – arzular, xəyallar, gələcək günlər başıma fırlanırdı. Bəs necə? O günün Günəşi mən idim!

Birdən qardaşım məni yerə qoyub:

- Bıy, bu paltarda həyətə, camaatın arasına düşmüşdün?

- Əşi, nə olacaq, xalatdı da...

- Yox e, paltarı tərs geyinmisən!..


Şəfiqə ŞƏFA


  • Aprel:
  • 3

TƏQVİM / ARXİV