
Konkret faktlara keçməzdən öncə çox hörmət elədiyim, həm də dostum olan futbol mütəxəssisi Şahin Diniyevin mənə danışdığı bir əhvalatı sizə də danışım. Deməli, Şahin müəllimin oğlu Kərim - indi "Neftçi"də oynayır - üç-dörd il əvvəl məşqdən qayıdanda evə dəvətnamə gətirib atasına deyir ki, bəs onun məşq yoldaşının toyudur. Şahin müəllim də qayıdır ki, ay bala 16-17 yaşlı oğlanı indi niyə sünnət elətdirirlər? Kərim deyir ki, ata o əslində 87-ci ildir, amma sənəddə 93-cü il getdiyinə görə bizimlə oynayır.
İndi sizə danışdığım sadəcə bir hadisədir. Amma hazırda Azərbaycan futbolunda onlarla belə fakta rast gəlmək mümkündür. Hətta bir çox hallarda valideynlər uşaq yaşlarında övladlarının yaş kağızlarını yerli-dibli dəyişirlər. Məsələn, 13-14 yaşlı yeniyetmə olur 9-10 yaşlı uşaq. Sonradan bu uşaq futbolu atandan sonra da ömür boyu həmin sənədlə hərəkət etməli olur.
İndi isə keçək faktlara. Məsələn, bir vaxtlar ölkənin ən tanınmış yarımmüdafiəçilərindən sayılan Ramal Hüseynov 1978-ci ildəndir. Hətta bunu zamanında Ramalla uşaq futbol məktəbində oynamış yoldaşlarından biriylə söhbətimdə də eşitmişəm. Amma rəsmi sənədlərdə futbolçu 1983-cü il kimi göstərilib. Düzdür, Ramal kifayət qədər istedadlı və fiziki baxımdan güclü futbolçu olub. Hərçənd ki, hazırda birinci dəstə komandalarında gün keçirib nüfuzunu xərcləyən Hüseynovun bu keyfiyyətlərindən əsər əlamət qalmayıb. Amma adamın sifətinə baxan ortabab düşüncəli adam da bilir ki, bu futbolçunun yaşı 29 yox, 34-35-dir. Bir-iki yaşı başa düşmək olar, amma 5-6 yaş...
Futbolumuzun digər "lipa"sı Araz Abdullayevdir. Yaşıma görə kifayət qədər böyük azarkeşlik stajım olan biri kimi deyirəm ki, Araz təxminən 7-8 ildir U-21 formasını geyinir. Yəni 21 yaşlılardan ibarət milli komandamızın üzvüdür. Bildiyimə görə real təvəllüdü 1988, sənədlərdə isə 1992-ci ildir. Arazın da kifayət qədər istedadlı futbolçu olduğu şübhəsizdir. Amma ondan daha səhih məlumat Abdullayevin real təvəllüdünün 1992-ci il olmamasıdır.
Bəs futbolçuları yaşlarını "azaltmağa" vadar eləyən səbəb nədir? Əvvəla Azərbaycan bəlkə də nadir ölkələrdəndir ki, burda futbolçunun oyunundan daha çox pasportuna baxırlar. Təxminən qayınana gəlininin yaşı ilə maraqlandığı kimi bir şey. İkincisi, yaşın çoxluğu futbolçunun aldığı əməkhaqqında öz sözünü deyir. Söhbət yaşı 30-dan yuxarı olan futbolçulardan gedir heç şübhəsiz ki.
Amma nə əcəbsə İngiltərədə bir nəfərin ağlı kəsmir ki, Rayan Giqsin noyabrda 40 yaşı tamam olacaq (1973-cü ilin noyabr ayı - İ.V.) onu "Mançester yunayted" kimi klubdan uzaqlaşdırsınlar. Neyniyirlər Rayanı? İndiyə kimi "manukunyanlar"a onlarla futbolçu yetişdirib öz oyunu və təcrübəsiylə.
İtalyanların da ağlı yox idi. Düz 41 yaşına qədər Paolo Maldinini "Milan" kimi nəhəng klubda saxlayıb təcrübəsini gənc futbolçularla paylaşmasına şərait yaratdılar.
Bax belə... Futbolumuzun dərdi təkcə Lüksemburqu udmamaq, kiçik hesablı məğlubiyyətlərə sevinmək deyil, dostlar. Gördükləriniz sadəcə nəticələrdir. Bax, əsl səbəblər bunlardır ki, nə haqqında danışılır, nə də yazılır.
İntiqam Valehoğlu