Hekayəni nəsrin janrları içərisində forma və həcmcə ən kiçiyi adlandırırlar.Amma əslinə qalsa, hekayə bütün bədii komponentlərinə görə özünəməxsusluğu ilə seçilir. Povestlərdə, romanlarda geniş süjet xətti, obrazlar, çoxşaxəli hadisələr diqqəti cəlb edirsə, hekayələrdə bütün bunların mikro modeli təqdim olunur. Amma söhbət ondan gedə bilər ki, bu kiçik hesab edilən janrda da böyük həyati problemlər, konflikt və xarakterlər əks oluna bilər. Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Yusif Vəzir Çəmənzəminlinin, İlyas Əfədiyevin, Ənvər Məmmədxanlının, Yusif Səmədoğlunun, Anarın, Elçinin, İsi Məlikzadənin,Gülhüseyn Hüseynoğlunun, Afaq Məsudun, Məmməd Orucun, Seyran Səxavətin, Aqil Abbasın bu janrda yaratdıqları bir sıra nümunələri xatırlatmaq kifayətdir.
Son illərdə nəsrimizdə bu janra meyl xeyli artıb və sanki biz «hekayə yağışları» ilə üzləşirik, bu yağışlar elə hey yağmaqdadır.Təbii ki, yağış həmişə bərəkət gətirmir və çoxlu sayda yazılan hekayələrin heç də hamısı istər məzmun, istərsə də bədii sənətkarlıq baxımından səviyyəli deyil. Amma bu çoxluğun içində nəzər-diqqəti cəlb edən hekayələr də var.
Naxçıvanda yaşayan, amma böyük ədəbi mühitdə də az-çox tanınan Fərəc Fərəcovun «Qəribədir bu həyat» hekayələr kitabını oxuyandan sonra hiss elədim ki, nəsrimizə sözü olan, bu janrda maraqlı nümunələr yarada bilən bir hekayəçi gəlib.Həmin kitaba ön söz yazan şair-publisist Əbülfət Mədətoğlu Fərəc Fərəcovun hekayə yaradıcılığında nəzərə çarpan məziyyətlərdən söz açır və bizim fikirlərimizlə üst-üstə düşən belə bir mülahizəsini təqdir edirəm ki: «Fərəc Fərəcov hadisələri ədəbiyyata gətirən yazıçıdır».
Hadisə, əhvalat hər hansı hekayənin özəyində mühüm bir vəzifəni yerinə yetirir. Konflikt də, obrazlar da həmin hadisəni reallaşdırır. Şübhəçsiz ki, burada əsas missiya hekayədə təsvir olunan obrazla bağlıdır. Cəlil Məmmədquluzudənin istənilən bir hekayəsini xatırlayın. Fərəc Fərəcov da bu ənənədən bəhrələnib.
Fərəc Fərəcovun ən yaxşı hekayələrindən biri fikrimzcə, «Camal»dır.Bu hekayədə təsvir olunan hadisə ibrətəmizdir. Müəllif keçmişdə baş verən bir hadisəni nəql edir: İyirmi iki il əvvəl kolxoz sədri Cəfərxan bir ailəyə zülm edir, o, balaca Camalın gözləri qarşısında onların həyətindəki tut ağacını baltalatdırır. Ailə üçün əvəzedilməz nemət olan bu tut ağacı –onun yarpaqları barama qurdu bəsləmək üçün lazımmış.Balaca Camal nə qədər təkid edirsə, ağlayırsa belə, kolxoz sədri Cəfərxan buna əhəmiyyət vermir, hətta Camalı sillələyir də. Əlbəttə, Cəfərxan kimi nadürüst, yalnız vəzifəsinə arxalanan, əslində, mənən pozğun adamların obrazına biz ötən illərin nəsrində tez-tez təsadüf etmişik. Bu da onlardan biri. Amma hekayədə qoyulan məsələ fərqlidir. Cəfərxan artıq mövqeyini və keçmişini itirmiş adamdır. O, vaxtilə tut ağacı ilə biğlı sillələdiyi Camalın müdir olduğu idarədə kiçik bir vəzifədə işləyir. Camal da bunu bilir. Oxucu gözləyir ki, Camal keçmişdəki hadisəyə görə Cəfərxandan qisas alacaq. Amma belə olmur. Camal indi maddi və mənəvi durumu ağır vəziyyətdə olan Cəfərxana xeyirxahlıq göstərir: «Yox, Cəfərxan əmi, çıxarmayacağam səni!....Camalın sakit, aramla dediyi bu sözlər Cəfərxan kişiyə ildırım təsiri bağışladı. Gözlərində gilələnən yaş da quruyub yerindəcə qaldı…Cəfərxan işdən çıxmaq üçün yazdığı ərizəsinin yeni rəis tərəfindən cırılıb zibil qutusuna atıldığını gördükdə özündən asılı olmayaraq ucadan hönkürdü». Beləliklə, insanilik-humanizm qalib gəlir.
Niyə bu hekayədən başladıq söhbətə, ətraflı şərhə yol verdik? O səbəbdən ki, bu hekayədə həm təsvir olunan ibrətli hadisə, həm də konfliktin müsbət-mənfi qütbünü təmsil edən iki obraz real həyat həqiqətini ifadə edirlər. Vaxtilə Camala vurulan sillə sonda mənən Cəfərxana vurulur.
Fərəc Fərəjovun ən yaxşı hekayələrindən biri də «Abidə»dir. «40 ili adlamışdı ki, Səlbi nənənin gözləri yol çəkirdi. Bir güt bala-iki oğul yolu. Müharibə qurtarası nə ölüləri bəlli idi, nə itdikləri». Hekayə psixoloji planda yazılıb. Bütün hadisə, gərginlik, intizar bir ana qəlbində cərəyan edir, sevinir. Səlbi nənə də etiraz etsə də, bu mərasimdə iştirak edir. Müharibədə igidlik göstərən əsgərlərin şərəfinə abidə ucaldılır. Səlbi nənə isə xəyallara dalmışdır. Hətta onun haqqında deyilən «arxa cəbhədə böyük şücaətlər, qələbəmizə, qurucucul işlərimizç öz layiqli payını vermişdir» sözlərini də eşitmir. Və birdən xəyallardan ayrılıb abidəyə baxanda… «Səlbi nənə yerindəcə quruyub qaldı. Nə danışmağa dili vardı, nə irəli getməyə taqəti..Səlbi nənə böyük oğlu Sədrəddinin evdəki şəklini gözünün qabağına gətirdi. Onun də əlində avtomat vardı. Boy-buxunu da elə buna bənzəyirdi. Bığı da eyniydi..Ələddini yadına saldı, müqayisə etdi, fərq görmədi.—Sədrəddin!.Yox, Ələddin lap özüdür..Axır ki, gəldiniz, gəldiniz yurdunuza, mənim balalarım..!» Bu hekayə 1986-cı ildə qələmə alınıb, çox təsirlidir və Fərəc Fərəcov oğullarının yolunu gözləyən bir ananın oğrazını ümuvmiləşdirmə səviyyəsinə qaldırıb. Xalq şairi Məmməd Arazın «Üç oğul anası» poemasını xatırlayıram.Səlbi nənə ilə oradakı Gülsənəm qarının intizarı, oğul həsrəti necə də bir-birinə oxşayır.
Fərəc Fərəcovun «Qəribədir bu həyat» kitabındakı hekayələrin üslubi xüsusiyyətlərinə nəzər yetirsək, hekayələrin bir qismi sırf lirik səciyyəlidir («Stəkan», «Yuxu», «Qeyri-adi hadisə», «Günəş», «Cavabsız sevgi», «Abidə»,«Anam »), bir qismi isə satirik-yumorostik hekayələrdir («Telefon Nazan», «Oyunqulu», «Aqibət», «Asan xidmət», «İdeya», «Zona müxbiri», «Papkalılar»). Lirik səpgili hekayələrdə təbii ki, lirik xətt aparıcıdır; istər mövzunun özü (daha çox sevgi xətti), istər süjet xətti, istərsə də obrazların hiss-həyəcanları (daha çox dramatik planda) məhz həmin xətti özündə əks etdirir. Nümunə üçün Fərəc Fərəcovun «Stəkan» və «Cavabsız sevgi»hekayələrinə diqqət yetirək.
«Stəkan» hekayəsində əsl sevgi necə olur sualına cavab tapırıq. İki gənc (Rəna və Rəşid) bir-birlərini sevirlər. Bu sevgi qarşılıqlı olsa da, onların vüsala yetməsi baş tutmur. Rəşid mütləq ali təhsil almaq, sonra toy etmək, arzusuna çatmaq istəyir. Bax, bu tərəddül məngənəsi Rənanın qəlbini sarsıdır, onu ərə verirlər. Rəşidi də tam günahlandırmaq olmaz, o, sevdiyi qızın adı yazılmış bir stəkan hazırlatdırır və bu stəkan axırda, bir hüzür məclisində onun qarşısına çıxır. Və sonda Rəşidin Əli aşından da, Vəli aşından da olduğu, acı etirafları təsirlidir: «Bitdi artıq sevgim. Sevincim də sevgimlə bərabər uçub yox oldu.Ağır dərddir..Deyirəm barı innən belə başqa cavanlar mənim kimi olmasınlar. Sevgilərini qorumağı bacarsınlar».
«Cavabsız sevgi» hekayəsi də maraqlıdır. Bir qızın xoşladığı oğlana sevgi məktubu ilə başlayan əhvalat qarşılıqlı olmur, amma o qız istəyinə yetmir, çünki vurulduğu oğlanın qəlbi artıq zəbt olunub. Hekayədə «qovuşma» hadisəsi də baş verir ki (türk və hind seriallarında olduğu kimi), bu da qınanılası deyil, çünki bütün ayrılıqların bir qovuşma nöqtəsi də ola bilər. Müəllifin lirik hekayələrində moralist-pedoqoji xəttin də olduğunu da nəzərə çarpdıraq. Məsələn, «Səhlab və atası» və «Anam» hekayələrində atanın ya da ananın öz oğullarına verdiyi nəsihətlər onların xoşbəxtliyinə aparan yolların başlanğıdır.
Fərəc Fərəcovun lirik səpgili hekayələrinin qəhrəmanları əsasən həyatda öz taleləri, gələcəkləri uğrunda mübarizə aparan cavan yaşlılardır, onlar üçün sevgi də, həyatda çata biləcəkləri bir istək də hələlik gümanlara bürünüb. Amma bu cavanlar sevə bilirlər, bəlkə bu sevgi onları saflaşdırır.
Müəllifin satirik-yumorostik hekayələrinə gəlincə, burada heç şübhəsiz, nəsrimizin satirik ənənələrinin rolunu unutmaq olmaz. Amma ənənədən təsirlənmək heç də təqlidə aparıb çıxarmamalıdır, Fərəc Fərəcovun bu tipli hekayələrində onun özünəməxsus təşkiyeyi-kəlamı var.Yəni onun tənqid hədəfinə düçar etdiyi mənfi tiplər müasir dövrümüzdə yaşayan adamlardır. İlk növbədə, Fərəc Fərəcovun ən sanballı hekayələrindən biri olan «Papaq»dan başlayaq. Papaq –burada sitmvolik obraz səviyyəsini əks etdirir, Tipinə göhə bunu alleqorik hekayə də adlandıra bilərik. Baş papağının xam xəyalları var və o iətəyir ki,daha yüksəklərdə qərar tutsun, hər tərəfi görsün, kef çəksin. Amma yiyəsi ona deyir ki, o güvəndiyin küləklər, tufanlar sənə xeyir verə bilməz, çünki onlar yıxmaq, dağıtmaq, qan tökmək üçün fürsət axtarırlar. Amma papaq yiyəsinin sözünə qulaq asmır. Di gəl ki, güvəndiyi külək bir gün onu ayaqlar altına atır. Və sonda papaq etiraf edir ki: «Külək məni yuxarı qaldırıb bütün sirlərimi, sənin barəndəki bilgilərimi bircə-bircə soruşub öyrəndi. Sonra da o ağacdan bu ağaca, bu dağdan o dağa, şiş qayalara çırpdı. C
əhənnəm əzabı yalan oldu başıma gətirilənlərin yanında. ..Külək məni buraxıb aradan çıxdı ..Son nəfəsimdi». Bu hekayədə işarə-alleqorik vasitə papaq-insan münasibətində reallaşır-müəllif təkcə özündən razı, iddialı papağı tənqid etmir. Əsas məsələ papaqdan daha çox insanlara aiddir. İnsanlar arasında da o papaq kimi xam xəyallara qapılan, amma sonu faciəli bitənlər az deyil.
Fərəc Fərəcovun digər satirik-yumorostik hekayələrində təqdim olunan mənfi tiplər-Telefon Mazan, Oyunqulu, Cəbi, İsabala Balaəmi oğlu müasir dövrümüzün tez-tez üzə çıxan yaramaz tipləridir.
«Müstəqillik və quruculuq silsiləsindən olan» yazılarda isə bədiiliklə publisistika müştərək addımlayır. Bu yazılarda hadisələrin məkanı birdir-Naxçıvan-orada gedən quruculuq işləri və YENİ NAXÇIVAN.
Fərəc Fərəcova yeni yaradıcılıq uğurları arzulayırıq.