ANA SƏHİFƏ / YAZARLAR

AĞDƏRƏLİ: «MƏN AĞDAMLI, TƏRTƏRLİ, KƏLBƏCƏRLİ OLMAQ İSTƏMİRƏM»

(Ağdərə kələfi açılacaqmı?!)

25117    |   2016-04-20 13:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Aqil Abbas



Ağdərə Dağlıq Qarabağın ərazicə ən böyük rayonudur, əhalisinə görə isə Xankəndindən sonra ikincidi. Müharibə başlayanda 45 minə yaxın əhalisi vardı. Rayon Ağdam-Kəlbəcər və Tərtər-Kəlbəcər yolunun kəsişməsində yerləşir. Çox strateji bir nöqtədir. Qarabağ hadisələri başlayandan bu rayon həm daşnakların, həm də Ermənistandan göndərilən saqqallıların və muzdlu terrorçuların qərargahı idi.

Bir məsələni xüsusi qeyd eləmək istəyirəm. Dağlıq Qarabağda əhalinin statistikası heç vaxt dəqiq aparılmayıb. 155 min göstərilirdi əhalinin sayı, onun da 60 mindən artığı azərbaycanlılar idi. Hələ Sovetlər dönəmində də erməni bicliyi işləyirdi. Dağlıq Qarabağdakı ermənilərin sayını artırmaq üçün həm İrəvanda qeydiyyatda olurdular, həm Xankəndində, həm Bakıda qeydiyyatdaydılar, həm də Xankəndində və ya olsun Əsgəranda və sairə. Dağlıq Qarabağda ermənilərin sayının çox olduğunu göstərmək üçün.

Ermənilərin ən kompakt yaşadığı şəhər Xankəndi idi. Xankəndinin Kərkicahan deyilən bir qəsəbəsi vardı, orda da azərbaycanlılar kompakt yaşayırdı. Qəsəbənin 3 minə yaxın əhalisi vardı, bir də şəhərdə azərbaycanlıların yaşadığı iyirmiyə yaxın məhəllə. Və təbii ki, Xankəndinin əhalisinin əksəriyyəti ermənilər idi.

Xankəndi niyə erməniləşmişdi? Tarixə bir balaca gərdiş edək. XIX əsrin əvvəllərində Rusiya Şimali Azərbaycanı işğal edəndə rusların hərbi bazalarının biri də Xankəndində yerləşirdi.

Sözgəlişi. Sonra da oldu 366-cı polk, ermənilərlə birlikdə Xocalı soyqırımını törətdi və Qarabağın digər rayonlarını işğal elədi. Yəqin hələ də elə ordadı.

Ruslar orda ilk hərbi bazalarını yaradanda təbii ki, heç bir azərbaycanlı nə onların donuzunu otarmadı, nə çəkməçilik elədi, nə dülgərlik, nə dəlləklik. Nə atlarını qaşovladılar, nə də dəvələrinin filan yerini yağlamadılar və sair və ilaxır. Nəticədə Qarabağda mövcud olan beş erməni kəndindən erməniləri yığdılar Xankəndinə, ruslara nökərçilik eləmək üçün və hələ də həmin nökərçiliyi eləyirlər. Yəni Xankəndinin erməniləşməsinin səbəbi bu idi.

Ulu Öndərin çox müdrik bir siyasəti nəticəsində (ermənilər bunu çox gec anladı, tez anlasalar nə fərq edərdi Heydər Əliyevin qarşısında) Xankəndi sürətlə azərbaycanlaşdı. Orda Pedaqoji İnstitut açdı və o institutda oxuyanların da yarıdan çoxu Qarabağdan və ətraf rayonlardan gələnlər idi. Təxminən 100-dən çox azərbaycanlı professor, müəllim və işçi çalışırdı bu institutda və ailələri də köçmüşdü Xankəndinə. Yazını hazırlayarkən həmin illərdə institutun prorektoru olmuş görkəmli şair Ənvər Əhmədlə əlaqə saxlayıb bir rəqəmi dəqiqləşdirdim. Azərbaycanlı tələbələrin sayı da 1200 nəfərdən artıq olub. Faiz nisbətində 60-40 ermənilərin xeyrinə idi. Bunların dalınca gedən valideynləri, sevənləri. Ermənilər bir də ayılıb gördü ki, Xankəndində ermənicə danışan yoxdu, ermənilər də azərbaycanca danışır.

Ulu Öndər Xankəndini azərbaycanlaşdırmaq üçün daha bir addım atdı. Sənaye müəssisələri açdı Xankəndində, işçi tapılmadı, məcbur oldular yaxın kəndlərdəki azərbaycanlıları ora işə qəbul etsinlər.

Bir statistikanı da qeyd eləmək istəyirəm. Qarabağ müharibəsi başlayana qədər bölgədəki rayonların əhalisinin sayı belə idi:

Martuni – 18 min, Əsgəran – 20 min, Şuşa – 20 min…

… XX əsrin əvvəllərində Şuşada 70 mindən artıq əhali yaşayırdı. 1905, 1914-18-ci illər müharibələrindən sonra və bir də 20-ci ildə sovet hakimiyyəti qurulanda Şuşa əhalisi pərən-pərən salındı. Şuşa Qarabağın mərkəzi, belə desək, xanlığın paytaxtı olduğu üçün xan nəsilləri və bütün bəylərin nəsilləri Şuşada yaşayırdı. Sovet hökuməti nəinki bəyləri güllələyirdi, qohumlarını güllələyirdi, hətta yeddi arxa dönənlərini də, qulluqçularını da güllələyirdi. Ona görə də həmin nəsillər Şuşanı tərk etməli oldular, əsasən Bakıya, Gəncəyə və bəziləri də Rusiyaya qaçdılar ki, bəlkə izlərini, tozlarını tapmayalar…

… Hadrut – 12 min, Xankəndi – 45 min. Xocalı onda rayon deyildi, əhalisi 10 minə yaxın idi.

Qayıdaq Ağdərəyə. Xankəndindən sonra erməni rayonu sayılan Ağdərə əhalisinin 30-35 faizi azərbaycanlılarıydı. Məhz elə ona görə də Dağlıq Qarabağda ikinci vəzifələrdə azərbaycanlılar işlədiyi kimi, Ağdərədə də ikinci vəzifələrdə azərbaycanlılar çalışırdı. Bu statistikanı niyə yazıram, aydınlaşdıracam.

AXCP hakimiyyəti dövrü Ağdərə erməni işğalçılarından azad edildi. Daşnakların, separatçıların yuvaları darmadağın oldu. Həmin döyüşlərdə mən Tərtərdəydim və elə səhərisi günü də Ağdərədə. Əlimdə avtomat vuruşmurdum, vuruşan oğlanlara ruh verirdim. Həmin döyüşün iştirakçıları dururlar (şəhid olanlara Allah rəhmət etsin), budur türkün ürəyi, budur türkün kişiliyi, qeyrəti, insanlığı, bizim döyüşçülər istəsəydi Ağdərədən bir inni-cinni də salamat çıxa bilməzdi. Amma silahsız insanlara əl qaldırmağı qeyrətlərinə sığışdırmadılar. Yol açdılar, dinc əhali çıxdı. Həm Ağdam-Kəlbəcər, həm də Kəlbəcər-Tərtər yolu açıldı. Və Kəlbəcərə ilk gedənlərin biri də tanınmış jurnalist Hidayət Elvüsal oldu. Mən isə qayıtdım Ağdama. Hidayət Elvüsalla da köynəyimizi dəyişdik. Dedim, qardaş, mənim köynəyim dualıdı.

Bəli, Ağdərə azad oldu və AXCP hakimiyyəti bundan sonra çox böyük bir səhvə yol verdi. Elə böyük səhv ki, o səhvi hələ bu gün də düzəltmirik. Rayonu ləğv elədilər və Ağdam, Tərtər, Kəlbəcər arasında pay-pürüş elədilər.

Ötən seçkilərdə hörmətli Arif Rəhimzadə parlamentdə bu məsələni qaldırdı, mən də böyük bir dəstək verdim, hətta dedim ki, qardaşlar, mən ağdamlı, tərtərli, kəlbəcərli olmaq istəmirəm, mən ağdərəli olmaq istəyirəm. Söhbət məndən getmir ha, söhbət ağdərəlidən gedir, onların dilindən dedim. İndi təkcə 6 min ağdərəli sənəddə ağdamlı kimi gedir. O cümlədən bir o qədər ağdərəli tərtərli, bir o qədər ağdərəli də Kəlbəcər sakini sayılır. Təbii ki, söhbət Ağdərənin azərbaycanlı əhalisindən gedir.

Onu da qeyd edim ki, ağdərəlilər dəfələrlə rayonlarının bərpa olunması ilə bağlı müxtəlif ünvanlara müraciətlər ediblər, «ağdamlı» ağdərəlilərin bir müraciəti də mənim arxivimdə olmalıdır, tapa bilsəm dərc edərəm.

O gün sosial şəbəkələrdə bir şəkil paylaşılıb. Talış zirvəsi götürüləndən sonra kəndin giriş lövhəsinə belə yazılıb: Ağdərə rayonunun Talış kəndi. Və dərhal elə bizim ağzıgöyçəklər bu şəkli paylaşıb utanmadan onu lağ yerinə çeviriblər ki, Ağdərə rayonu var? Ermənilər də bundan istifadə edir. Bəs oranı azad edən əsgərlərimiz ora nə yazaydılar? Mardakert rayonunun Talış kəndi? Bu kənd Dağlıq Qarabağın ərazisidi və həmin ləğv edilmiş Ağdərə rayonunun kəndidi, pay-pürüşdə deyəsən Goranboya düşüb.

Ağdərənin beş kəndi, ən böyük kəndi olan Mərgüşəvan da başda olmaqla, Mərgüşəvanın indiki adı Şəhriyardı, işğal altında deyil...

…Həmin beş kənd (Mərgüşəvan qəsəbə idi, amma dilimiz öyrəşib kənd deyirik, guya qəsəbə deyəndə göydən alma töküləcək) Sərdar Həmidovun şəxsi şücaəti, tərtərlilərin və Azərbaycanın müxtəlif rayonlarından Tərtərə köməyə gələn könüllülərin qeyrəti və cəsarəti nəticəsində yenidən Ermənistan silahlı qüvvələrinin işğalından azad edildi. Dəhşətik ey, Tərtəri erməni işğalından qoruyan Sərdar Həmidovun ölümündən bir həftə keçmiş evinə oğrular girdi…

… İndi Seysulanın da, Talış kəndinin də nəzarəti bizim əlimizə keçib. Deməli, Ağdərənin 7 kəndi bizim nəzarətimiz altındadı.

Mən hələ keçən seçkilərdə Parlamentdə bu məsələyə toxunarkən bildirdim ki, AXCP-nin bu böyük səhvi düzəldilməlidir. Ağdərə rayonu yenidən bərpa olunmalıdır. Elə Şəhriyar kəndində də Ağdərə rayonunu formalaşdırmaq mümkündü. Şəhriyar Ağdərənin ikinci ən böyük kəndi idi. Sadəcə olaraq, vəsait lazımdı, vəssalam. Həm qəsəbənin təmirinə, həm də bərpa olunacaq rayonun fəaliyyətinə. Və Ağdərənin əhalisi də Xocalı və Xocavəndin əhalisindən çoxdu. Və əslində Xankəndi şəhərinin də icra orqanları bərpa olunmalıdı. Xankəndində də 15 mindən çox azərbaycanlı yaşayırdı, şəhərin əhalisi də əvvəl qeyd etdiyim kimi 45 min idi. İndi deyəsən Xankəndinin də əhalisinin yarısı Ağdamın üstündə gedir, yarısı da Şuşanın.

Bu xəmir hələ ki, su aparır. Müxtəlif versiyalar irəli sürülür: «5», «5+2», Dağlıq Qarabağın statusu və bu status məsələsində də referendum. Əgər referendum olarsa, avtomatik olaraq 18 min ağdərəli bayırda qalır, nə bilim nə qədər də Xankəndindən olanlar. Çox təəssüf ki, məndə bunun dəqiq rəqəmi yoxdu.

Məsələ bu. Ağdərə rayonu bərpa olunmalıdır, ən vacibi. Xankəndinə sonra da baxmaq olar.

Yəqin ki, parlamentin növbəti iclasında hörmətli Arif müəllimlə də məsləhətləşib bu məsələni gündəmə gətirəcəyik.

Və yəqin ki, gec də olsa parlament AXCP-nin səhvini düzəldəcək.





İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2017-10-19
2017-10-18


VİDEO