ANA SƏHİFƏ / YAZARLAR

“Biz həkim deyilik ki, ağrıyıq...”

24893    |   2016-03-04 19:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Tanınmış yazıçı-publisist Loğman Rəşidzadənin fikrincə, məktub ədəbiyyatın ən utancaq və ən ruhsal balasıdır

 

Yazmağı, yaratmağı müqəddəs missiya hesab edən Loğman Rəşidzadənin özünü də bu ilahi vəzifə üçün doğulanlardan saymaq olar. Həmişə bu cazibənin içində olan müsahibim sovet dövrünün ən tirajlı qəzet və jurnallarında çalışıb, müstəqilliyimizin ilk illərində isə Prezidentin Mətbuat Xidmətində məsul vəzifə daşıyıb. Müxtəlif mövzularda və janrlarda yazdığı əsərləri, o cümlədən pyesləri həmişə böyük maraqla qarşılanıb. Loğman Rəşidzadə həmişə ən çox oxunan, imzası qəzet səhifələrində axtarılan publisistlərdən olub.

Hər bir yazını qələbə sayan müsahibim bu yaxınlarda iki möhtəşəm yazısı ilə həm sükutu pozdu, həm də gənc həmkarlarına sanki bir master-klass keçdi.     

 

 

- Loğman müəllim, çox uzun fasilədən sonra "Metamorfoz” və "Fobiya” ilə mətbuata qayıtdınız. Sükutu niyə məhz indi pozmaq qərarına gəldiniz. Bəlkə sualı belə də verə bilərəm-qayıdış niyə bu qədər yubandı?

- Şərq fəlsəfəsinin insan axtarıçılığında kamil insan anlayışı var, bir də nadan insan. Bu postulatın qoyuluşunda çeşidli parametrlərin araşdırılması, məntiqi qaynaqların müzakirəsinin kifayət qədər çıxış nöqtələri var. Bu, düşüncə və diskussiyalar üçün təbii ki, həm də açar rolu oynayır. Amma kəsə desək, insan əqli-intellektual, sosial-ictimai paralellərdə heç şübhəsiz qüsurludur. İnsan kamilliyini, saflığını və bütövlüyünü ruhi müvazinətdə axtarmaq daha doğru olardı. İnsan kamilliyi ruhun möhtəşəm təcəllasındadır. Bunun ən mükəmməl təfsiri yenə də sufizmdədir. Ürfani hədd ruhun cilalanmasına söykənir. Kamillik də ürfanlıqdadır. Ruhun cilalanması vektoral şəkildə insanın özünütəkmilləşdirməsindən, özünüdərkdən keçir. Ürfani mükəmməllik və özünüdərk üzünüifadədədir. Başqa sözlə, yaradıcılıqdadır.

Yazı əhli heç şübhəsiz Böyük Yaradana bir köynək yaxın olanlardır. Yaradıcılıq, yaratmaq... Nəyi demək istəyirəm, müqəddəs missiya üçün doğulmuş insanlar çox güman ki, heç vaxt bu cazibədən çıxa bilmirlər. Ruhuna hopubsa, bundan qaça bilməyəcəksən. El arasında deyildiyi kimi, südlə giribsə, sümüklə çıxmalıdır.

Bir də ki, mən səhnəni heç vaxt tam tərk etməmişəm axı. Sadəcə, mətbuatda intensiv görünmürdüm. Bu, o demək deyildi ki, mən qələmin daşını birdəfəlik atmışam, yazmaqla qurtarmışam. Ola bilsin obyektiv-subyektiv səbəblərdən arada müəyyən fasilə yaransın. Bu, ədəbiyyatdan heç də üz çevirmək, küsmək demək deyil. Hərçənd, Lev Tolstoy deyirdi ki, yaza bilmirsənsə, yazma, yazmadan da yaşamaq olar. Bu da haqdır. Amma yazı üçün yarananlar mütləq yazır və yazmalıdır. Çap olunub olunmamaq, artıq başqa söhbətdir. Bəzən insanda gizlənmək, tənhalığa qapanmaq həyati ehtiyaca çevrilir. Özünü gizlədirsən, yazdıqlarını gizlədirsən, cızma-qaralarını heç kimə göstərmək istəmirsən, hisslərini, fikirlərini bölüşmək istəmirsən. Sanki bütün bunları hamıya qısqanırsan. Beləliklə, tam tənha, azad yaşamaq, yazdıqlarınla təkcənə, baş-başa qalmaq istəyi... Bəlkə, çox mücərrəd və qeyri-səmimi görünər? Amma inan, elə hal olur ki, məhz belə bir ovqatla yaşamaq istəyirsən.

Necə deyim, bəlkə də bu, cəmiyyət içində öz cəmiyyətini, tənha, özgür həyatını yaşamaq və yaratmaq istəyindən qaynaqlanır? Bəlkə də bu, intiqam hissidir. Oxucudan, həm də yazarın özü-özündən intiqam almaq duyğusudur, acıq çıxmadır? Bəzən insan buna haqq edir, özünü tam haqlı sayır. Axı həm də Maksim Qorki demişkən: "İnsan intiqam almaq hüququna malikdir, bu hüququ ona insanlar verir”. Bu da çətindir axı... Tənhalıq yaradır, cəmiyyətə yadlaşırsan, özgələşirsən, pessimizmə yuvarlanırsan. Çağdaş zaman üçün heç də arzu olunan hal deyil. Yaradıcı adamın tənhalığı sakit, öz ilahi dünyasına qovuşmaq, müstəqil, yenilməz adasını yaratmaq və bu adanın Robinzon Kruzosuna çevrilmək arzusudur.

- İndiki zamanda bir qədər qəribə arzudur...

- Çap olunmaq, fikir və düşüncələrini geniş kütlə ilə bölüşmək özü də elə uğurlu cəhd deyil. Kaş heç bu ənənə olmayaydı, yazıçı naşirlərin sifətini görməyəydi, oxucunun buqələmun rəylərini, saxta mülahizələrini heç eşitməyəydi. İnsan onsuz da bir-biri üçün həmişə saxta və yad olub. O da qalmışdı oxucu... Nə yazırsan yaz, səni anlamayacaqlar, yaxud anlamaq istəməyəcəklər. Odur ki, bu yazıçı-oxucu oyunundan, bu gizlənqaç vərdişindən qaçıb gizlənməkdən, başqa sözlə, qorunmaqdan gözəl şey yoxdur.

Amma, neyləyəsən, adətdən, ənənədən, yazılmamış qanunlardan yaxa qurtarmaq olmur. İstər-istəməz sən də bu oyunların oyunçusuna çevrilirsən. Çap olunmaq qaydadırsa, sən də zorən bu çərçivədəsən. Karl Marks bəşəriyyətin inkişaf qanunlarından bəhs edəndə yazırdı ki, cəmiyyətdə yaşayıb ondan kənarda qalmaq mümkün deyil. Yaxud Hegelin fikirlərini xatırlayaq: "Yer üzündə bəşəriyyətin icad etdiyi ən mənasız əyləncələrdən biri rəqs etməkdir. Amma, nə etməli, yaxşı musiqiyə mənim özüm də məmnuniyyətlə oynayıram”.   

Məsələ burasındadır ki, əziz dostum, yazıda, yazılan hər bir əsərdə müəyyən bir bakirəlik var. Yazıçının ilk sevgisi bəlkə də elə yazdığı əsərlərdir. Hər söz, hər cümlə  tək adamın təkbaşına özüylə dialoqu, həsb-halı, bir az da mistik yanaşsaq, Tanrıyla söhbətidir. Hər bir əsər elə ki, işıq üzünə çıxdı, ictimai mülkiyyətə çevrildi, artıq bakirəliyini itirmiş olur. Bəlkə elə ona görədir ki, yazıçı iş prosesində öz duyğularının, hislərinin, başqa sözlə, ilhamının pik həddini yaşayır, ehtiraslarının zirvəsində olur. Puşkin də deyirdi ki, insan yaradıcılıq anında özündən, adi səviyyəsindən beş dəfə yuxarı qalxır. Ekstazdan sonra bu müqəddəslik də öz taxtından düşür. Bəlkə elə ona görədir ki, yazıçılar sonradan öz əsərlərini oxumağa o qədər də meylli olmurlar. Yəqin buna görə də Markesin gücü ona çatıb ki, "Yüz il tənhalıqda” romanını ekranlaşdırılmasına icazə verməyib və düşünüb ki, bu vasitə ilə romanın bakirəliyini az-çox qoruya bilib. Bu baxımdan Nazim Hikmət necə də gözəl və ağrılı deyir:

     

    Başım bulud-bulud köpük,

    İçim-çölüm dəniz.

    Mən bir ceviz ağacıyam 

                 Gülhanə parkında...

 

Bunu çox vaxt Vətən həsrəti, yurd sevgisinə yozurlar. Amma bu, çox uca, çox böyük, möhtəşəm və yenilməz tənhalıq nəğməsidir. Məğrur, əyilməz, dünyaya sığmayan, başqa sözlə, dünyada öz dünyasını tapa bilməyən, bütün olaylarla, olmuşlarla və olacaqlarla barışmayan, onlara üsyan edən tənha adamın tənhalıq nəğməsi:

 

      Nə sən bunun farkındasan,

      nə polis farkında...

 

Tapa bilmədilər, tanıya bilmədilər Nazim Hikməti yaşam boyu. Nə təhtəlşüur Nazimi, nə şüurdan yuxarı, daha çox kosmik insanı heç kim görə bilmədi, tanıya bilmədi. Nə Vətəni, nə həmvətənləri, nə arvad-uşağı, nə dost-tanışı, nə "din” bildiyi kommunizm, nə də qoca, müdrik, çürüməkdə olan bəşəriyyət. Heç kim onunla dərd bölə bilmədi, sevinc bölə bilmədi, dərd-sər ortağı ola bilmədi. Çünki məğrur, yenilməz və tənha adam idi, milyonların içində özü idi. Bəlkə elə ona görə bu gün də onun şeirlərini yanlış yozurlar, mayasına, nüvəsinə gedib çıxa bilmirlər. Nazimin özünü tapa bilmirlər, onun şeirlərində yaşayan tənha obrazını kəşf edə bilmirlər. Bu şeirlərdə hər kəs özünü tapa bilir, amma Nazim Hikməti yox. Bəlkə də hikmət elə bundandır? Onda bu şeirlər nə üçün yazılıb?

- Fürsət düşmüşkən bəlkə elə bu suala cavab axtaraq...

- Açılım budur ki, yazıçı özü üçün yazır, nə yazdığını özü bilir, oxucu isə yalnız fəhm edir. Kim fəhm edir, qoy etsin, kim nə yozur, qoy yozsun... Yazıçılığın da sirri gizlində və müəmmadadır...

Belə bir bəşəri təcrübə də var axı-məktub... Epistolyar janrın ən gözəl nümunəsi olan məktub, yaxud  da məktublaşmaq. Məktub ədəbiyyatın ən utancaq, ən ruhsal balasıdır. Bu, iki adamın bir-biri ilə məhrəm söhbəti, səmimi, munis dialoqudur. Bax, əsl bakirə ədəbiyyat budur. Kütləviləşməmiş, ictimailəşməmiş, təravətini itirməmiş sözlər, fikirlər, duyğu və düşüncələr... İki adama məxsus bir özəl dünya. İki adam bir-birini daha yaxşı başa düşür axı... Həm də bir-birinə daha səmimi və isti sözlər deyə bilirsən axı, məktubda. Bəzən üz-üzə, göz-gözə ürək eləyib deyə bilmədiklərin də məktubların səmimi aynasında son dərəcə doğal görünür. İş o yerə çatıb ki, hətta başqasının məktubunu oxumaq ayıb sayılıb. Bu məqamda yaxın qohumum, dostum, gözəl ziyalı, ədəbiyyat sevdalısı Yusif İldırımzadənin adını çəkməyə bilmirəm, onun məktub sevgisindən danışmaya bilmirəm. Bəlkə də Yusif müəllimin məktub səmimiyyətinə vurğunluğu özünün son dərəcə səmimi insan olmasından qaynaqlanır? Onun "Məktub” adında maraqlı bir kitabı çap olunub, "Anama məktublar” adlı isti, munis və ruhsal ədəbi-bədii esseləri də kitab halında işıq üzü görüb. Görünür, bu dünyada, ya o dünyada olsun, anaya yalnız məktub yazmaq olar. Anaya məhəbbətin böyük səmimiyyətini yalnız məktubda göstərmək olar... Amma təəssüf ki, elmi-texniki tərəqqi bu gözəl ədəbi janrın da axırına çıxdı.   

- Yazıların hər ikisi dostunuz Məzahir Əhmədoğlu ilə bu və ya digər şəkildə bağlıdı. Niyə məhz Məzahir Əhmədoğlu?

- Əvvəla onu deyim ki, biz dostuq. Bəlkə də dost anlayışı qədər də mübahisəli istilah yoxdur. Hərə bir yerə yozur, lakin dostluq məncə daha çox cəfadır. Sən dostun bütün ağrılarını, qayğılarını, duyğu və düşüncələrini hiss eləməli və bölüşməlisən. Odur ki, dostluq sevincdən daha çox ağrıdır. Başqa sözlə, insan öz ağrısını necə hiss edirsə, dostunu da eləcə hiss eləməlidir. Elə-belə demirlər ki, ağrıyırsansa, demək yaşayırsan. Dostla nəfəs almalı, yaşamalısan. Bu ruhi yaxınlıq, bu mistik duyğular səni bihudəlikdən qoruyur. Bu şüurdan yuxarı, kosmik hiss, müasirlərin təbirincə desək, metafozik hal bir canda təcəlla edir. Dostlar əslində əkizlər kimidir. Əkizlərdən biri dünyanın bu başında, digəri o başında olanda da birinin ağrısı, o birinin sümüyünü sızladır. Dostluq bir-birini hiss etmək, bir-birini yaratmaq, kəşf etmək, bir-birini zənginləşdirmək və qorumaqdır. Belə çıxır ki, dostluq deyilən nəsnə bir akkumulyator, enerji mənbəyidir. Məzahirlə münasibətlərimdə bu duyğuları, bu hissi, emosiyaları, ruhi təlatümləri yaşayıram. Onun əzəmətli və möhtəşəm ruhunu və mənəvi dünyasını öz içimdə, öz yaşantılarımda yaxşı duyuram. Bu, çox doğma hissdir. Belə düşünürəm ki, bu həm də diferensialdır. Məzahir də mənimlə bir vektordadır, eyni hissi landşafdadır. O, bəlkə yeganə adamlardan biridir ki, mənə təsir edə bilir, mənim müəyyən ölmüş, yaxud mürgü döyən duyğularımı oyada, tərpədə bilir. Məzahir jurnalistikanın əbədi romantikidir. Onun söhbətlərindən, yazılarından, həyata münasibətindən məndə emosional yaddaş, ruhi oyanış toplanır. Bu daha çox ilahi rabitəyə, doğal əlaqəyə bənzəyir. Mən demirəm, biz bir-birimizə nəyisə öyrədirik, bir-birimizi nəyəsə təhrik, yaxud məcbur edirik. Biz sadəcə, dediyim kimi, bir-birimizi yaradır və zənginləşdirə bilirik. Adətən, mən yazı yazmazdan öncə deyək ki, beş gün, üç gün vurnuxuram, özümü ora-bura vururam, bütün kənar, avara və səfeh işlərlə başımı qatıram ki, kağız-qələmə yaxın düşməyim. Açığı, yazıçılıq, yazı prosesi özü də bir ibadət, ritualdır. Odur ki, müqəddəs olduğu qədər də vahiməlidir. Məndə həmişə ilk cümləni yazmaq fobiyası olub. Çətini birinci cümlədir, o yazılan kimi, sanki bütün yazı hazırdır. Bəzən görürsən ki, Məzahirlə bir telefon danışığında bu cümləni tapıram. Yəni onunla adi söhbətlərdə bu adam məni kökləyə bilir.

Adətən belə vurnuxma ovqatında sevdiyim yazıçıların əsərlərini oxuyuram, klassik rəsm əsərlərinə baxıram, yaxud musiqi dinləyirəm. Belə məqamlarda Məzahirin də yazılarını oxuyuram. Bunlar məni daxilən oyadır, kökləyir. "Fobiya”da da belə oldu. Məzahir haqqında "Matamorfoz” təzəcə çap olunmuşdu. Bir dəfə oturub müzakirə edirdik, dedi ki, dayanma, tənbəllik eləmə, yeni şeylər yaz. Onun bu sözləri çox ürəyimə yatdı. Necə deyərlər, vur demək, vurmaqdan irəlidir. O ərəfədə cəmiyyətdə, insanda qorxu hissinin yaratdığı keyfiyyətlər və təbəddülatlar barədə düşünürdüm. Sözarası bu barədə də Məzahirlə danışdım. Dedi ki, bunu mütləq yazmaq lazımdı. Sonralar da əl çəkmədi, hər görəndə, telefon zənglərində "Fobiya” nə oldu?”, – deyə soruşdu. Bezdirdi məni, axır ki, son nəticədə yazıb canımı qurtardım.       

- Bu gün publisistikanın meydanı daralıb. Qəzetlər bu janra o qədər də maraq göstərmirlər. İnternet mediasının dərdi başqadı - kriminal xəbərləri, şou aləmindəki dedi-qoduları tirajlayır. Bir zamanların ən tələb olunan publisistlərindən biri Loğman Rəşidzadənin düşüncələrini bilmək maraqlı olardı...

- Səninlə razıyam. Bu gün jurnalistikanın havası çox bulanıq, tutqun və dumanlıdır. Belə yerdə publisistika, səncə, yada düşərmi? Bunun səbəbləri çoxdur. Əvvəla, peşəkarlıq anlayışı çox sozalıb, əriyib, hətta itib gedib. El misalı var- "Sürü geri dönəndə axsaq qoyun qabağa düşər”. "Dərə xəlvət, tülkü bəy” məsələmiz də var.

Çağdaş jurnalistika dünyasının qapıları hamının üzünə taybatay açıldı. Baytar, zootexnik, mexanizator, həkim, aqronom, hamısı vərrəmə sıravi jurnalist də yox, baş redaktor oldu. Hərə cibinə bir qırmızı vəsiqə qoyub ac qurd kimi daraşdı cəmiyyətin və millətin canına. Cəmiyyətdəki bütün uğursuz adamlar, avara və tüfeylilər asan qazanc yolu tapdı. Abırlı, ziyalı, qələmli jurnalistlərin əksəriyyəti isə pərən-pərən düşdü. Necə deyərlər, məscidin qapıları açıldı, köpəklərdə isə həya olmadı, dürtüldülər bu müqəddəs ocağa... Yeri gəlmişkən, Məzahir Əhmədoğlunun da bu barədə xeyli yazıları var.

Belə yerdə publisistikadan söhbət etmək olarmı? Məhz elə buna görə də zəngin publisist düşüncəli, geniş və dərin təhlilli yazılar qəzet səhifələrindən qeybə çəkilib. Ümumiyyətlə,  bu gün mediada jurnalistikanın klassik janrları yox dərəcəsindədir. Nə reportaj var, nə oçerk, nə felyeton, nə zarisovka...

Bəlkə bu dediklərimə arxaik təfəkkür kimi yanaşanlar olacaq, yaxud sovet dövrünün nostalgiyası hesab edənlər tapılacaq. Amma bir şey var ki, bu janrlar heç də sovet  dövrü ruhunun məsulu deyildi. Bunun tarixi Avropada ictimai inkişafın tarixi ilə ekvivalentdir. Bunun tarixi Russonun, Volterin mübarizə tarixidir. Bunun tarixi Baböfün, Maratın, Robespyerin inqilabi tərcümeyi-halının əks-sədasıdır. Jurnalist qələmi tarix yazıb, inqilablar edib, tarixin təkərini irəli aparıb, iqtisadi-ictimai formasiyaların dəyişdirilməsində mütləq rol oynayıb. Təsadüfi deyil ki, XVI Lüdovik həbsxanada Volterin və Russonun əsərlərini oxuyandan sonra belə deyib: "Fransanı, Burbonlar sülaləsini bu iki adam dağıtdı”.

Jurnalistikanın gücü budur, əziz dostum. Biz isə bu qüdrətli vasitəni çox təəssüf ki, reketə, quldurluq silahına, şantaj vasitəsinə çevirmişik.

- Niyə belə hesab edirsiniz ki, həqiqət neqativdədir, pozitiv onu tapmaq, aşkarlamaq üçündür...

- Belə düşünürəm ki, "Fobiya”da bu barədə fikirlərimi müəyyən qədər bölüşmüşəm. Şübhəsiz, bu mülahizələri kifayət qədər genişləndirmək olar. Fikir paylaşdığımız həmkarlarımızdan bəziləri bunun kosmik təsəvvürlər, metafizik düşüncələr də hesab edir. Sözsüz ki, fəlsəfi və estetik təfəkkürün sərhədləri üfüq həddindədir. Adi məişətdən tutmuş ruhi özvayımıza kimi şüuraltı və kosmik təsəvvürlərimizə qədər həqiqətimiz neqativdə, gizlində, sirdədir. Və bu müəyyən həddə qədər açılır, pozitivləşir, üzə çıxır. Amma tam halda bütün bəşəriyyət və insan sirdə, gizlindədir. Bu, qeyd etdiyimiz kimi, təkcə mürəkkəb, çoxrəngli və çoxşaxəli ruhi təbəddülatlarda təcəlla etmir, ən adi məişətdə, gündəlik qayğılarda da özünü göstərir. Adicə yer qazan fəhlə, daş hörən usta nə biləsən içində nə yaşadır, nə düşünür, nə arzulayır, nə hayqırır?

Biz üz-üzə oturub söhbətləşirik, içimizdə isə ayrı-ayrı dünyadayıq- bir-birimizdən xəbərsiz. Odur ki, insan həm özü, həm də özgələr üçün həmişə müəmma olaraq qalacaq. Bu mənada əsl həqiqət neqativdədir. Hətta insanın dili də buna xidmət edir. Təsadüfi deyil ki, Həzrət Əli "İnsan dilinin altında gizlənir”-deyir.

İnsan təkcə dilinin altında deyil, hər şeydə qaranlıqdadır. Bu barədə nə qədər desən diskussiya aparmaq olar, bəlkə saxlayaq bir başqa vaxta?

- Əsrlər bir-birini əvəz edir, ictimai formasiyalar dəyişir, amma yenə də cəmiyyət azad və üsyankar ruhlu adamları sevmir. Niyə?

- Elə bu barədə də "Fobiya”da bəhs etmişəm. Həyatda hər şey dəyişir, hər şey inkişafda və ya tənəzzüldədir. Yəni hərəkət əbədidir. Min illər ərzində, alimlərin təbirincə, hətta yerin quruluşu dəyişir. Zaman və məkanda deformasiyalar əmələ gəlir, ən ağır, ən ləng dəyişmələr, təbəddülatlar cəmiyyətə məxsusdur. Cəmiyyət rahatlıq axtarır, bu, bir az da  tənbəlliyə gətirib çıxarır. Heç kim isti yuvasını tərk etmək istəmir. Hətta modernləşməni, yeniliyi, adi moda dəyişkənliyini də insan qısqanclıqla qarşılayır. Çünki bu, cəmiyyətin təbiətindədir. Cəmiyyət hər cür dəyişikliyə qarşı pedantdır.

Üsyankar ruhlu insanlar isə daima hərəkətdə, əbədi fəaliyyətdədir, yenilik axtarır, durğunluqla barışmır, cəmiyyəti dəyişmək və inkişaf etdirmək uğrunda mücadilə edirlər. Bu da təbii ki, təkəbbürlü və pedant xislətli cəmiyyətləri qane etmir. Çünki onlar axına qarşı gedirlər. Odur ki, cəmiyyət belə üsyankar ruhlu insanları sevmir. Amma bu da var ki, alman tarixçisi, ədəbiyyat üzrə Nobel ödülü alan Teodor Momzen demişkən, gələcək nəsillər zamanın axarına qarşı gedən insanların qədrini bilməlidir.

- Yaşımızın müəyyən dövrü sovet dövrünə düşüb. Sizdə bir az çox, məndə nisbətən az. O dövrdə oxucu jurnalistdən fədəkarlıq gözləyirdi, lakin özü də müəyyən fədəkarlıq edirdi. Tutaq ki, qəzeti, jurnalı alırdı, abunə olurdu... Bu gün də oxucu jurnalistdən, ümumən mətbuatdan fədəkarlıq tələb edir, amma özü adekvat addım atmaq istəmir...

- İndi təxminən hamı sovet dövrünün senzurasından, ideoloji basqısından yazır. Biz Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qəzeti olan "Sovet kəndi”ndə

heç vaxt belə ideoloji basqılarla, təzyiqlərlə, yaxud sərhədlərlə üzləşməmişik. Həmişə azad ruhlu yazılar yazmışıq. Bəlkə bu, unudulmaz redaktorumuz, müəllimimiz Nəriman Zeynalovun demokratik təbiətindən, yaradıcı ruhundan qaynaqlanırdı? Onun bir şah sözü vardı, tez-tez təkrar edirdi ki, hər bir qəzet redaktorun simasıdır.

Mən Mərkəzi Komitənin "Kənd həyatı” jurnalının baş redaktoru olanda partiyanın bəzi qərarlarını təftiş edir, ona şərhlər verir, bəzən də onu hətta, tənqid edirdik. Düzdür, bütün bunlar bəzi söz-söhbətlər yaradırdı, amma ciddi təpkilər doğurmurdu. O vaxt Məzahir Əhmədoğlu da bizimlə bir yerdə çalışırdı, o da bunu təsdiq edə bilər.

Dediyim odur ki, biz sovet dövrünün, ümumiyyətlə isə hər şeyin pisiylə yanaşı yaxşısını da görməyə meyilli olmalıyıq.   

- Fədəkarlıq edib növbəti yazını nə zaman yazacaqsınız?

- Yazıçı hər dəfə yaxşı bir şey yazanda, uğurlu əsər ortaya qoyanda uzun müddət kağız-qələmə yaxın düşə bilmir. Bu, ağrılı bir hissdir. Çexov demişkən, yazıçı cəmiyyətin həkimi yox, ağrısıdır.

Kağız üzərinə əyilmək səcdəyə getmək kimi bir şeydir. Bu müqəddəs hiss bir az da qorxu və təşviş duyğularıyla izlənir. Alınacaqmı? Yaxud özünü yenə də ötüb keçə biləcəksənmi? İçindəki sədləri və sərhədləri poza biləcəksənmi?

Hər yeni əsərə başlamaq istəyi, yeni bir fobiya yaşamaqdır. Məğlub olmaq qorxusudu...

Amma canını saran bu qorxu hissinin özü də məşum bir cazibəylə səni doğma işinə şirnikləşdirir. Bəlkə elə Folkner yazıçılığı məğlubiyyət adlandıranda bu hissi nəzərdə tutub? Hər yazı bir qələbədir. Və yeni bir yazıya başlamaq məğlubiyyətinin fobiyası. Bu məqamı düzgün tutmusan, doğrudan da hər yeni yazı yeni bir fədəkarlıqdır.

 




YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK