ANA SƏHİFƏ / YAZARLAR

MƏN SİZƏ LAYDİVAR OĞUL VERMİŞDİM

(Siz mənə tabutunu göndərdiniz)

51920    |   2013-01-12 01:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mənim orduya münasibətim tamamilə fərqlidi. Xüsusilə də orduda baş verən hadisələrin mətbuata çıxarılmasının və bunun ətrafında müzakirələr aparılmasının həmişə əleyhinə olmuşam. Rəhbərlik elədiyim qəzetdə də bu günə qədər çalışmışam ki, bu məsələlərə həssaslıqla yanaşılsın.

Bunun çox yox, ikicə səbəbi var. Birincisi, düşmənlərimizi sevindirməmək üçün, ikincisi də əsgərlərin və əsgər valideynlərinin və sabah övladlarını Vətənin müdafiəsinə göndərəcək ata-anaların ruhlarının sarsılmaması üçün.

Parlamentdə də həmkarlarımdan həmişə xahiş edirəm ki, ordu ilə bağlı çıxış edərkən bir qədər diqqətli olsunlar.

Məni bu mövqeyimə görə bəyənməyənlər çoxdu, hətta saytlarda, şərhlərdə buna görə məni qınayanlar çoxdu. Hətta yazırlar ki, sənin ordudan xəbərin yoxdu.

Mən millət vəkili seçilərkən çalışacağım komitəni özüm seçmişəm. Orduma sevgimə görə, Vətənimin təhlükəsizliyinə görə Təhlükəsizlik və Müdafiə Məsələləri Komitəsini seçmişəm. Və 6 ildir bu komitənin üzvüyəm, orduyla çox yaxın təmasdayam və orduda baş verən hadisələrdən də az-çox xəbəri olanlardan biriyəm. Yenə təkrar edirəm, yuxarıda qeyd etdiklərimə görə bu barədə mətbuatda çıxışlarımda həmişə ola bilər ki, yanlış mövqedən çıxış eləmişəm, səbəbini də yuxarıda göstərdim.

Yalnız bircə dəfə Ağcabədi rayonunun Hindarx kəndində cəbhə bölgəsində həlak olmuş bir əsgəri dəfn edən zaman dəhşətli bir hadisə məni necə sarsıtdısa məsələni mətbuata çıxarası oldum. Çünki tabutun üzərində yazılan adla içərisindəki əsgər ayrı-ayrı adamlarıydı. Və məlum oldu ki, bizim dəfn etmək istədiyimiz əsgər də yanlışlıqla başqa bir tabuta qoyulub başqa bir ailəyə göndərilib. Həmin an ata-ananın nə çəkdiyini belə demək mümkünsə, Allah düşmənə də göstərməsin.

Mən də bunu mətbuata çıxartdım ki, day bu boyda məsuliyyətsizlik olmaz da. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı işə qarışandan sonra məsələ elə gecəylə həll olundu. Amma gec idi, ata-anaya da olan olmuşdu.

Səngərdə əsgərin həlak olması görünməmiş bir hadisə deyil, çünki düşmənlə üzbəüzdü, hər an atışma olur, snayperlər işləyir və torpağını canıyla qoruyan əsgər də Vətən uğrunda şəhid olur. Faciədi, amma müharibədi də.

Lakin əsgərin sülh şəraitində ölməsi, ya özünü öldürməsi, ya əsgər yoldaşlarını öldürməsi böyük faciədi. Özü də təkcə ölənlərin ailəsi üçün yox, Milli Ordumuz üçün də faciədi. Milli Ordumuz üçün faciədirsə, deməli, hamımız üçün faciədi. Bu hamımızın başına gələ bilər, həmin ölən əsgərlər bizim də balalarımız ola bilər və elə əslində də bizim balalarımızdı. Vəzifəsindən asılı olmayaraq heç kəs fikirləşməsin ki, bu faciə ondan ötə bilər. Məmməd Arazın təbirincə desək, əgər bu səndən, məndən də ötsə vətəndaşı olduğumuz Vətənə dəyir.

Bu ilin 6 ayında Milli Ordu 57 əsgərini itirib. Onun 12-si səngərdə düşmən gülləsindən ölüb. Bunu başa düşdük, bəs 45-i? Kimlərsə ehtiyatsızlıqdan, kimlərsə intihardan, kimlərsə naməlum səbəblərdən.

Çox təəssüf ki, Müdafiə Nazirliyi də mətbuata çıxarılan bu məlumatlara tam aydınlıq gətirmir və ya gətirə bilmir. Bu isə həm həlak olan əsgərlərin ailələrini sarsıdır, həm övladları əsgərlikdə olan ailələri sarsıdır, həm də övladlarını sabah əsgərliyə göndərəcək valideynləri. O cümlədən də elə hamımızı.

Orduda baş verən hadisələrin mətbuata çıxarılmasını istəməsəm də, bir ziyalı, bir yazıçı kimi məni çox narahat edən, ağrıdan hadisələri bir yazıçı kimi qələmə almışam. Uzun müddət üzərində işlədiyim bir roman "Allahı qatil edənlər" adlanır və yəqin ki, tezliklə mətbuatda dərc etdirəcəm. Qarabağ müharibəsinin faciəsini "Dolu" romanımda verməyə çalışdığım kimi, orduda baş verən hadisələrlə bağlı fikirlərimi də "Allahı qatil edənlər" romanımda ədəbiyyatın dili ilə, bir yazıçının dili ilə verməyə çalışımışam. Qayıdaq mətləbə.

Son günlər mətbuatda yenə orduda baş verən faciələrlə bağlı məlumatlar gündəmdədi və müzakirə mövzusudu. Və yenə qeyd edirəm, Müdafiə Nazirliyi də bu məsələlərə konkret aydınlıq gətirmir.

Bunlardan birinin üzərində dayanmaq istəyirəm.

"N" saylı hərbi hissənin əsgəri top kimi sağlam, idmançı bir gənc görəvinə başlayandan 20 gün sonra ölür. İlk əvvə belə deyirlər ki, əsgər günvurmadan ölüb. Sonra məlum olur ki, əsgər gündüz 11-12 radələrində həyatını itirib. Bundan sonra yenidən başqa bir məlumat yayırlar ki, yəni MN bu məlumatı yayır ki, əsgər ürək çatışmazlığından ölüb.

Həmin əsgəri orduya yola salmış hərbi komissar isə mətbuata açıqlama verir ki, gənc həm idmançı idi, həm də sağlam idi. Və necə olur ki, tam sağlam bir əsgər 20 günün içində ürək çatışmazlığına tutulur?!

Tibbi baxımdan ola bilər ki, bu mümkündü. İndi də MN deyir ki, ölümün nədən baş verdiyi tibbi ekspertizadan sonra tam aydınlaşacaq. Bilmirəm, tibbi ekspertiza məlumatı açıqladı, yoxsa yox, amma bu məlumatı elə ilk gündən vermək olardı ki, ay camaat, tibbi ekspertizanın rəyini gözləyin. Və bu qədər də söz-söhbət olmazdı.

Başqa bir əsgər isə döyülür, komaya düşür, 13-14 gün koma vəziyyətində yaşayır və sonra ölür, valideynlərinə isə əsgər öləndən sonra məlumat verirlər. Ola bilməzdimi ki, əsgər elə komaya düşəndə valideynlərinə xəbər verərdilər? Heç olmasa gəlib övladlarının nəfəslərinə nəfəsləri dəyəydi, bundan bir təsəlli alardı. Hərbi Prokurorluq bu məsələni aydınlaşdırır, yəqin ki, cinayətkarlar cəzalarını alacaqlar.

Son illər ən çox ağır hadisələr Şəmkir korpusunda olduğuna görə korpus komandiri Ali Baş Komandanın əmri ilə vəzifəsindən götürüldü və general paqonları söküldü. Dəqiq məlumatımıza görə paqonları sökülərkən Çingiz Şəfiyev hönkür-hönkür ağlayırmış.

Şəfiyev general paqonlarına görə ağlayırdı, kaş onun komandanlıq etdiyi korpusda günahsız ölən oğulların analarının dərdinə ağlayaydı.

Hələ 70-ci illərdə Ulu Öndər Heydər Əliyevin məşhur bir sözü vardı. Üzünü vəzifəli şəxslərə tutub demişdi ki, qəbulunuza gələn, yanınıza şikayətə gələn hər kəsə yaxınlarınıza baxdığınız gözlə baxın. Əgər bir komandir tabeliyindəki əsgərə öz övladına baxdığı gözlə baxmırsa, əvvəl-axır günahsız ölən oğulların analarının göz yaşları içərisində Çingiz Şəfiyev kimi və çingizşəfiyevlər kimi boğulacaq.

"Nəsimi"filmində belə bir yer var. Nəsimi bir taxta qəmə çıxarır və deyir ki, biz bu qılınclarla vuruşacağıq. Usta isə bərk əsəbləşir və deyir:

- Teymur mənim atağızlı oğullarımı Səmərqəndə aparıb, sən bu taxta qılınclarlamı vuruşacaqsan? Gəlin balalar, mən sizə əsl qılınc verəcəm...

Hörmətli komandirlər, indi analar atağızlı oğlanlarını sizə təhvil veriblər ki, əllərinə qılınc verib düşmən üstünə aparasınız. Yoxsa hansısa günahlarınız ucbatından tabutda üstlərinə göndərməyəsiniz.

Və sabah torpaqlarımızı düşmən işğalından azad edəcək qeyrətli və qüdrətli Milli Ordumuzun üzərinə hansısa bir qara ləkənin düşməsinə imkan verməyəsiniz.

30 iyul 2011

P.S. Mövzu aktual olduğundan yenidən qayıtmağı lazım bildik. Bu şəkillər Qədir kişinin ordumuza göndərdiyi laydivar oğlu Eldar Novruzovun şəkilləridi. Belə göndərmişdi, belə də üstünə qayıtdı. Bunun cəzasını kimsə alacaqmı? Biz Qədir kişiyə, onun ailəsinə başsağlığı veririk və Allahdan səbr diləyirik.

Aqil ABBAS

[email protected]


İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-05-26
2018-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.33%)
"Liverpul" (46.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki qadın söhbət edir:
- Az, ərin sənə pul verir heç?
- Həə, əlbəttə, nə vaxt istəyirəm verir.
- Doğrudaaaan?! Necə alırsan ki? Deginən biz də alaq da, bizimki heç vermir.
- Atamın xarabasına gedərəm bir də geri dönmərəm - deyirəm.
- Aha, sonra?
- O da həmin dəqiqə çıxarıb yol pulu verir.




digər lətifələr
ARXİV
FACEBOOK