Ramiz Rövşən məni bağışlasın
Yaşıma görə danışıram, başıma görə də düşünürəm. Və deməli, yaşıma və başıma görə düşünüb, danışıb bir qəribə sual qarşısında qalıram. Niyə bütün nağılların sonunda göydən üç alma düşür? Beş, on, on beş, lap elə bir alma düşmür? Və bu sualın ardınca başqa bir sual da tutur yaxamdan - göy üzündə alma bağı var? Əgər varsa, bu bağlarda heç quraqlıq, quruyan ağaclar olmur? Nətəhər olur ki, bizim həyətdəki alma ağacı quruyur, ya da hər il fərqli şəkildə, fərqli sayda bar gətirir? Ümumiyyətlə, bu sualların özü adamda Göyə qarşı bir qəribə müxalif düşüncə yaradır – yerdə tükənir, göydə tükənmir. Maraqlıdır, bunun arxasında kim durur? Kimdi göydəki alma monopoliyasının rəhbəri? Məncə bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Əks halda, göydən düşən almaları qəbul etməyəcəyik. Şəxsən mən buna qarşı etiraz səsimi indidən qaldırıram, siz özünüz bilərsiniz…
Bəli, hamımızın bildiyimiz və bir qismimizin də istifadə etdiyimiz bir deyim də var:
- Allah göydən daş tökər…
Bəli, mən bu fikirlə razılaşıram. Çünki yerin, göyün sahibi olan o ilahi güc göydən müxtəlif ölçülərdə daşları zaman-zaman töküb və tökməkdə də davam edir. Doğrudur, alimlər və digər "çoxbilmişlər” bunun adını meteroidlər qoyubdu. Amma əslində bu elə daşdı. Allah bəndələrinə nəyisə xatırlatmaq üçün hamısını birdən tökmür, onu tək-tək atır. Təəssüf ki, tək-tək atılan daşlar bəndələri özlərinə qaytarmayıb. Bəndələr özlərindən çıxıb gediblər. Hərəsi bir havayla, bir avazla gediblər. Və bir havayla, bir avazla da yaşayırlar. Bu səbəbdəndir ki, dünyada avazlar çoxalıb, havalar korlanıb, oksigen qıtlığı yaranıb. Hələ onu demirəm ki, ozon təbəqəsi də dəlik-dəlik olub. Deməli, bütün bunlar onu göstərir ki, tək-tək gələn daşlar bu gedişlə ətək-ətək gələcək. Bax, məşhər onda olacaq. Ona qədər isə bizim ətrafımızda baş verənlər barəsində düşünmək, ortaq məxrəcə gəlmək fürsətimiz var. Bu fürsəti əldən versək… Tay sonrasını demək məncə artıq olar. Çünki əldən çıxan fürsət mütləq qarşı tərəfi gücləndirir, onun həmləsinin artırır. Çox təəssüf ki, biz bəzən bu barədə düşünmürük. Hətta təsəlli üçün keçənə güzəşt fikrini bayraq edirik. Bu da başımızın altına yumşaq bir yastıq qoyur, yuxumuzu şirin edir və yaxud da nağıllara uyub vaxtı öldürmək həvəsimizi artırır. Axı nağılların sonunda göydən üç alma düşür. Deməli, biz ümidimizi göydən düşən almaya daha çox bağlayırıq. Bilmirik ki…
Daha doğrusu bilirik. Sadəcə olaraq, bu bildiyimizin mahiyyətinə varmırıq, onu gözlətməyə, onu ertələməyə üstünlük veririk. Düşünürük ki, onsuz da bunu bilirik, bundan xəbərimiz var. Qoy bilmədiklərimizi, xəbərimiz olmayanları öyrənək. Və bu yerdə də təkrarın nə olduğunu yadımıza salmaq heç ağlımızın ucundan da gəlib keçmir. O zaman qədər ki, «quymaq diş sındırır»… o zamana qədər ki, səbr kasamız daşır. Səbr kasası daşanda da özümüz da inanırıq, səbr kasamız da, çevrəmiz də. Və elə bu yerdəcə demək istəyirəm ki:
Səbr kasamı
sındırmaq keçir
içimdən -
dözümə üsyan kimi…
ya da
qorabişirəndə,
səhrada
dodaqları yüz yerdən
çatlayanda
susayan kimi…
səbr kasamı
eksponat kimi
evimdə,
kitab rəfimdə,
diqqət çəkən
bir yerdə
saxlamaq,
aradabir
tozunu silmək
və
yoxlamaq keçir
içimdən…
istəyirəm
parlaqlığını
saxlayıb
unudulduğunu
düşünməsin -
səbr kasam!..
***
Bəli, indi cəmiyyət elə bir durumdadı ki, sanki üfürülmüş bir şardı, sanki bir dolu camdı. Toxunsan, silkələsən aləm bir-birinə dəyəcək. Və üstəlik əsəblər o qədər tarıma çəkilib ki, iynə ucu boyda da təsir onu mütləq dindirəcək. Elə bil ki, tarın simləri qırılma nötəsinə qədər çəkilib, dartılıb. Ona toxunsan, mizrab o simin səsini eşitdirəcək. Amma o səs köklənməmiş səs olacaq… O səs özündən, durumundan havalanan səs olacaq. Və o səsi hər kəs bir cür eşidəcək, hər kəs bir cür qəbul edəcək. Bax, onda səsə verilən reaksiyalar artıq səbr kasasının, özü də daşmış səbr kasasının yaratdığı mənzərəni ortaya qoyacaq. İlahi, sən bu milləti və bütövlükdə insanlığı o andan qoru! Məhz həmin an sökmək, dağıtmaq, uçurmaq, məhv etmək, qisas almaq, çapıb talamaq, yandırmaq, bir sözlə altını üstünə çevirmək anıdı. Deməli, həyat və əslində isə insanlar illərlə qurduqlarını, illərlə yaratdıqlarını bir anda külə çevirirlər. Təsəvvür edin, gül kül olur. İndi buna kənardan necə baxmaq olar? Bunu necə qavramaq, seyr etmək mümkündü? Şəxsən mən bu düşüncənin özünü qafama sığışdıra bilmirəm. İndi görün məndən min dəfələrlə dünyagörüşlü, ağıllı, səviyyəli, həyat anlayışlı, yaşam təcrübəli insanlar bunu necə qafalarına sığışdıra bilərlər. Mən hərdən klassiklərimizi təkrar oxuyuram. Hərdən ötən əsrin və quruluşun filmlərinə baxıram və sonra oturub düşünürəm. «Dağılan tifaq» əsəri yadıma düşür… İlahi, bu Yer adlanan planetdə, bu Yer adlanan məkanda nələr baş verir? Bax, elə belə məqamda Yaxın Şərqdə yerlə-yeksan edilən abidələr, şəhərlər, kəndlər, lap bir az da canımı ağrıdan, içimi göynədən işğal olunmuş torpaqların… gözümün qabağında yandırılan evim… o yanan evə bütün gücünü, bütün qazancını sərf etmiş atamın, anamın çöhrəsi… hələ də yaddaşımdan silə bilmədiyim atamın «offf!...», anamın «oyyyy!...» nidaları silinməyib və heç kimə o cür nidaları eşitməyi də arzu etmirəm. Amma bunlar oldu. Və mən bu olanların içərisində həmin o yazının içərisində dediyim, göydən ətəklə daş töküləcəyini gözləyirdim. Lakin tökülmədi. Görünür hələ o məqam gəlib çatmayıb. Üstəlik, göydən üç alma da düşmədi. Deməli, bu olanlar nağıl da deyildi…
Hə, mən bu qarışıq düşüncələrin arasında elə bir durumdayam ki, dörd divar arasında var-gəl edən adamlar kimi çıxış yolu tapa bilmirəm. Hara dönürəmsə divarlardı. Divarın üzü isə soyuq və sərt olur. Ən dəhşətlisi də odur ki, bu soyuq və sərt divarların arasına özün öz ayağınla gəlib düşəsən.
Yəqin bildiniz nəyə işarə vurdum. Əgər unutmusunuzsa xatırladım. Axı mən bu yazının əvvəlində o məqama toxunmuşdum. Demişdim ki, biz həmişə keçənə güzəşt deyirik… biz həmişə səbrin ətəyindən tuturuq… biz həmişə göydən nəyinsə düşəcəyini gözləyirik… və biz bir də həmişə «çırmanırıq keçməyə çay gəlməmiş»…
Təbii ki, bütün bunlar da sonda həmin o başlanan yolun soyuq və sərt divarların arasında bitməsinə səbəb olur. Düşünməyin ki, mən bu fikirlərimlə çoxbilmişlik edirəm, hansısa bir sirri açıram və yaxud da özümü sizlərə təqdim edirəm. Xeyr, siz bunları məndən yaxşı bilirsiniz. Və mən də, siz də əslində bütün olanların, baş verənlərin içərisindəyik. Həm iştirakçı kimi, həm şahid kimi, həm müşahidəçi kimi. Hətta müəyyən mənada hərəkətverici kimi də. Amma heç birimiz daşıdığımız missiyanın fərqinə varmırıq. Düşümək belə istəmirik ki, göy üzü alma saxlamır. Daş saxlamayan göy üzü almanı da özünə yaxın buraxmır və qaytarır ona atanlara. «Hədiyyə» edir. Bu «hədiyyə» də bizim canımızı ağrıdır. Bax, onda ağrıyan canımıza sığınıb düşünməyə çalışırıq. Düşünəndə də…
Mənə elə gəlir ki, hər birimizin ən böyük sirr yerimiz ürəyimizdi. Şəxsən mən ağrıyanda ürəyimlə dərdləşirəm, ürəyimin kölgəsinə sığınıram və deyirəm:
Kiməsə ümid bağlayıb
Köklənmə ürək, köklənmə…
Sonra da ümidsiz qalıb -
Təklənmə ürək, təklənmə!...
Olanları görə-görə
Baxmadan heç bir alverə…
Sən bu göyə, sən bu yerə -
Şəklənmə ürək, şəklənmə…
Dilləndirib sarı simi
Ovut söz dolu içini…
Sıx özünü yumruq kimi -
Ləklənmə ürək, ləklənmə…
***
Bəli, yanvarın tən yarısı arxada qalır. Yeni ilin birinci ayının tən yarısı. Və mən ayın tən ortasında dayanıb arxaya boylanıram. Təkcə bu on beş günün içərisində neçə dəfə bir insan, bir vətəndaş olaraq haldan-hala düşmüşəm. Qarşıda da təqribən bu qədər məsafə var. Və deməli, nə qədər haldan-hala düşəcəyimi, nə qədər suallarla qarşılaşacağımı hələ bilmirəm. Sadəcə, müəyyən təxminlərim var, fərziyələrim, ehtimallarım var. Amma bu fərziyələri də, ehtimalları da, hətta təxminlərin özünü də ümidin, müsbət nüansların üzərində kökləməyə, qurmağa çalışıram. İstəyirəm ki, içimdəki işartı sönməsin. Alov olmasa da, qor olsun. Şam kimi heç olmasa mənim mühitimi işıqlandırsın. İşıqlandırsın ki, qarşını görə biləm, qarşıya tərəf səmtlənən yolu seçə bilim…
Doğrudur, ilk baxışda bu bir az məhdud düşüncədi. Ancaq özünü, içini qabartmaqdı, öz çevrəni görməkdi. Amma burda bir həqiqət də var ki, öz çevrəsini, öz durduğu yeri görməyən, qiymətləndirməyən özündən min arşın uzaqları heç görə bilməz. Kim olur olsun, hansı məzhəbdə və mənsəbdə dayanır dayansın, insan öncə durduğu yeri görməlidi, sonra boylandığı yeri. Bax, bu yanaşmayla mən də qarşıya tərəf diqqət yetirməyə özümü kökləyirəm. Lakin…
Havalar da heç ürək açan deyil. Elə bil ki, ictimai-siyasi mühit havaya da təsir edir. Doğrudur, indi qışdı, özü də böyük çillədi. Amma 15 dərəcə müsbətdən sonra 3 dərəcə şaxta təbii ki, bir anormallıqdı, xəstəliyin münbit şəraitidi, qida mənbəyidi… Qida mənbəyi dedim yadıma bizim ruhumuzun və mədəmizin tələbatı düşdü. Yəqin siz də fikir vermisiniz. Efirlərimizdəki çal-çağır, biş-düş verilişləri və bir də həkim məsləhətləri o qədər artıb çoxalıb ki, hərdən bir tamaşaçı kimi öz-özümə heyranlıq nümayiş etdirirəm. Özü də dəli bir heyranlıq. Bilirsiniz niyə? Çünki bu məmləkətdə sən demə hamı gözəl aşbazdı, hamı löyün-löyün yeməklər bişirə bilir, hamı çeşid-çeşid yemək növləri icad edir. Özü də baş aşbazlar sənət adamlarıdı. Buna necə heyran olmayasan. Digər tərəfdən ölkəsində, məmləkətində tanınmayan «uzman həkimlər» efirlərimizdən bizə dürlü-dürlü sağlamlıq tövsiyələri verirlər. Və biz də telefon əlimizdə canlı bağlantılarla ağrıyan yerimizdən danışırıq, məsləhət alırıq. Bəs buna necə heyran olmayasan?..
Hə, deyəsən mövzunu qarışdırdım. Amma deyəsən tam qarışmayıb, onu da deyim. Oxuyanlarımız «maşallah» hələ oynamağı da gözəl bacarırlar. Hələ üstəlik oxuyub-oynayanlarımız özləri ailə idarə edə bilməsələr də, ailə idarə etmək barəsində ağsaqqal, ağbirçək tövsiyələri də verirlər. Və deməli…
Bax, bu yerdə mən özümdən asılı olmadan göy üzündən saysız-hesabsız almanın tökülməsini arzu edirəm. Bəlkə o almalar bizi özümüzə qaytardı. Axı bizim ulular deyib ki, «daş dəydi dizinə, ağlı gəldi özünə». İndi bilmək olmaz da, almadı, bir də gördün gəlib dizimizə dəydi. Nə isə…
Mən bu mövzunu elə özümüzə gəlmək notları üzərində bitirmək istəyirəm. Və düşünürəm ki, onun gözəl şeirindən yararlandığıma görə, çox sevdiyim dəyərli Ramiz Rövşən məni bağışlayar.