hacklink Adalet.az | Dünyanı heyran qoyan "...Quran çiçəyi" Adalet.az | Dünyanı heyran qoyan "...Quran çiçəyi" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Dünyanı heyran qoyan "...Quran çiçəyi"

Fransız yazıçı, Rusiyadan gələn rejissor, bizim mogikan və...

14543    |   2015-10-16 19:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gənc ananın halı pisləşir, hamı həyəcan içindədir... Və yeni doğulan körpənin səsi eşidilir, Memonun üçüncü övladı dünyaya gəlir.

Parisdən Bosfor sahillərinəcən uzun, incə bir yol qət edən Memo burada çox şeylər qazanıb, axtardığı çox suallara cavab tapıb, ruhən zənginləşib, artıq özünü qərib də hiss etmir.

Bəs gənc bura necə gəlib çıxıb, yəhudi oğlanda İslam dininə vurğunluq hardan yaranıb? Özü də niyə axı Memo, öz adı yoxmu? Bütün bunları öyrənmək üçün gərək səhnədə baş verənlərə lap əvvəldən baxasan. Onda mən niyə tamaşanın finalından başladım? "Müsyö İbrahim və Quran çiçəyi"nin yaratdığı qəribə bir sehrə düşdümmü yoxsa...

Paris küçələri, İstanbul məhəllələri...

Yəhudi ailəsində doğulan 12 yaşlı Moisey fürsət yarananda qonşuluqdakı dükanlardan konservi də oğurlayır, imkan düşəndə özünü Bricit Bardoya oxşadan yüngül əxlaqlı küçə gözəllərinin qonağı da olur. Qonşudakı 60 yaşlı baqqal İbrahimlə söhbətlər Moiseyin düşüncələrini dəyişir. Səhərdən axşamacan, hətta bazar günləri də çalışdığından hamının ərəb saydığı, əslində isə "ay-ulduzlu" ölkədən gələn Müsyö İbrahim gənc dostunda İslama, onun fəlsəfəsinə maraq oyada bilir. Moisey-Memo yavaş-yavaş dəyişir.

Anası hələ körpə olarkən onu tərk etdiyinə görə Memo atası ilə yaşayır və bir gün atası da onu tək buraxır - işdən qovulduğuna dözə bilməyərək özünü qatarın altına ataraq intihar edir. Müsyö İbrahim isə çətin vəziyyətdə Memoya həyan olur, dostunu himayəsinə götürür. Verdiyi sözü tutaraq Memonu İstanbula gəzməyə aparır.

Məscidləri, dərviş təkyələrini gəzən, İslama daha dərindən bağlanan Memo ruhi bir sakinlik tapır. Üstəlik burada ailə qurur, oğul-uşaq sahibi olur.

... və Bakı səhnəsi

Fransız yazıçısı Erik Emmanuel Şmitt "Müsyö İbrahim və Quran çiçəyi" romanını avtobioqrafik əsər kimi qələmə alıb. Əsər işıq üzü görən kimi tezliklə məşhurlaşır və müəllifinə böyük şöhrət qazandırır. 2001-ci ildə dünyada ən çox satılan bu kitaba görə Emmanuel Şmitt Fransa Akademiyasının mükafatına layiq görülür.


"Müsyö İbrahim və Quran çiçəyi" dünyanın 30-a yaxın teatrında səhnəyə qoyulub. Bu maraqlı əsər kinematoqrafçıların da diqqətindən yayınmayıb, 2003-cü ildə tanınmış fransız kino rejissoru Fransua Dupeyron "Müsyö İbrahim və Quran çiçəyi"ni ekranlaşdırıb.

Akademik Milli Dram Teatrı yeni start verdiyi mövsümdə "Müsyö İbrahim və Quran çiçəyi"ni repertuarına daxil edib. Rusiyanın mədəniyyət paytaxtı sayılan Sankt-Peterburqda çalışan gənc azərbaycanlı rejissor Ərşad Ələkbərov bu məşhur əsərə quruluş vermək üçün dəvət edilib. Teatr rəhbərliyinin atdığı bu addım öz müsbət bəhrəsini verib, təkcə Akademik Milli Dram Teatrı deyil, daha geniş miqyasda götürsək, bütün teatral mühitimiz uğurlu tamaşa qazanıb.

Quruluşçu rejissor Ərşad Ələkbərov fransız yazarın ideyasına doğru-düzgün yozum verərək bitkin və baxımlı bir tamaşa hazırlayıb. Sonda ilahi xeyirxahlıq, mərhəmət qalib gəlir. Əsərdə hadisələr müxtəlif məkanlarda, hətta ayrı-ayrı ölkələrdə baş versə də səhnədəki dekorasiyalar dəyişmir, amma bu tərtibat nə tamaşaçını yorur, nə də tamaşanın dinamikliyinə əngəl yaradır. İstedadlı rejissor işıq və səs effektlərindən də bacarıqla istifadə edib.

Tamaşanın baxımlı alınmasında quruluşçu rəssam Samirə Həsənovanın, musiqi tərtibatçısı Kamil İsmayılovun və işıq üzrə rəssam Rafael Həsənovun da yaradıcı əməyi var. Erik Emmanuel Şmittin bu orijinal əsərini dilimizə gözəl çevirdiyinə görə istedadlı yazıçı və tərcüməçi Yaşara xüsusi təşəkkür düşür.

Mogikan və gənclər

Tamaşaçı səhnədə baş verənləri sonsuz maraqla izləyir. Quruluşçu rejissor Ərşad Ələkbərov gözəl aktyor ansamblı ilə çalışıb. Xalq artisti Fuad Poladovun ifasında Müsyö İbrahim xeyirxah, öz gənc dostuna sona qədər doğru yol göstərən bir insandır. Qüdrətli sənətkarımız son illər Hamlet (V. Şekspir "Hamlet"), Həsənzadə (İ. Əfəndiyev "Boy çiçəyi"), Qacar (Ə. Əmirli "Şah Qacar") obrazları ilə yenidən Akademik Milli Dram Teatrına qayıtmaqla bu kollektivin gücünə yeni bir güc qatıb. Fuad Poladovu Müsyö İbrahim rolunda görmək çoxsaylı pərəstişkarları üçün maraqlı olacaq.

Yeni tamaşa sayəsində Əməkdar artist Mehriban Zəki də Akademik Milli Dram Teatrının səhnəsində görünür. İstedadlı aktrisa öz xoşbəxtliyini başqa kişidə tapdığına inandığı üçün ailəsini atan və sonda geri qayıdan, yenidən oğlu Memoya qovuşan Ananın hisslərini dolğun çatdıra bilir.

Ata obrazında Əməkdar artist Sabir Məmmədov çıxış edir. İstedadlı aktyor hətta sözsüz səhnələrdə belə tamaşaçının diqqətini çəkməyi bacarır. Əməkdar artist Şəlalə Şahvələdqızının Bricit Bardosu təbii və səmimidir, tamaşaya rəng qatmağı bacarır.

Gənc aktrisa Fidan Cəfərova (Qız) tamaşada kiçik rol oynasa da ümumi ansambldan geri qalmır. Fidan xanım yəqin ki, anası, Xalq artisti Bəsti Cəfərovanın sənət yolunu davam etdirməyi bacaracaq.

Sərdar Rüstəmov (İnspektor), Vüsal Mustafayev (Avtomobil satıcısı), Adil Dəmirov (Polis), çox kiçik yaşlarından səhnəyə çıxmaq fürsəti qazanan Leyla Elnurqızı və Kərim Kərimov (Moiseyin uşaqları) tamaşanın maraqlı alınmasına çalışır, qarşıya qoyulan məqsədə nail olurlar.

Bəs Moisey - bizim Memo? Bəs onu niyə sonda xatırladıq? Yenəmi mistika? Gənc aktyor Murad İsmayılov öz təbii ifası ilə ən xoş sözlərə layiqdir. Tamaşa boyu daim səhnədə görünən və hərəkətdə olan Murad (Memo) mürəkkəb obrazın öhdəsindən məharətlə gəlir. Murad İsmayılovun gələcək uğurlarına inanmaq gərək.

Son vaxtlar adı daha çox qalmaqallarda hallanan akademik Milli Dram Teatrı Erik Emmanuel Şmittin "Müsyö İbrahim və Quran çiçəyi" tamaşasını təqdim etməklə kollektivdə yaradıcı mühitin bərpa olunduğuna işarə vermək istəyir? Xalq artisti Azər Paşa Zəfəroğlunun teatra bədii rəhbər təyin olunması işlərin yaxşılığa doğru gedəcəyinə ümid verir. "Müsyö İbrahim və Quran çiçəyi" tamaşasının sonunda dünyaya yeni körpə gəlir. Bəlkə yeni doğulan cocuğun ayağı düşərli olacaq.

Yenəmi mistika...

Etibar CƏBRAYILOĞLU




İmza:

YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!





digər lətifələr
ARXİV
FACEBOOK