ANA SƏHİFƏ / YAZARLAR

HÜRMƏLƏK NƏNƏ...

Əvvəli ötən şənbə sayımızda

91792    |   2012-11-03 00:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sufi nəğmələri
   
   Nəhayət müqəddəs sükutu həzin pıçıltı əvəz edir, hamının diqqəti məclisin baş tərəfində əyləşib, ilahi bayatılarla mövlüdü açan Hacı Mahmud Əfəndinin nurlu çöhrəsinə dikilir. O, üç dəfə "Allah, Allah, Allah"- deyib Məhəmməd Peyğəmbərin gül camalına salavat çevirərək Süleyman Çələbi Həzrətlərinin təfsilində düzümlənmiş "Mövlüdi şərifin" ilk beytlərini bayatı ağzında çağırmağa başladı:
   
   Sallu alə rasulinə Muhəmməd (s.a.v.)
   
   Sallu alə qulubinə Muhəmməd (s.a.v.)
   
   Sallu alə şəfı i-zubinə Muhamməd(s.a.v.)
   
   Bir daha əllərini saqqalına çəkərək, əlindəki kəhraba təsbehini çevirə-çevirə, mövludi-hekayəti xoş bir avazla davam etdirdi:
   
   Var idi Bagdadidə bir salihə,
   
   Abidəydi, zahidəydi, nasihə.
   
   
   
   Bir gün ol dünyadan eylədi səfər,
   
   Dunyaya gələn kişi labüd gedər.
   
   
   
   Bir füluri qaldi sonundan həmən,
   
   Ona cənnət olmasın necə məkan.
   
   
   
   Var idi bir salih oğlu növcavan,
   
   Taət üzrə olur idi hər zaman.
   
   
   
   Ol füluri qaldı anasından ona,
   
   Der idi kim nə alaydım bən buna.
   
   
   
   İş bu fikir ilə yürürkən ol cavan,
   
   Gördüki, biryerdə xalq var nagahan.
   
   
   
   Müctəmi olub oxurlar Mustafa,
   
   Məvlidini dinlədi ol pürsəfa.
   
   Məclisdə bir canlanma yarandı, əvvəlcə yanında oturan Seyid Yasin Əfəndi, Hacı Mustafa əfəndi, sonra isə yerlərdə əyləşmiş müridlərdən- Haşım baba, Cındır Osman, Taylı Nəsib, Dəli Cəfər, Yel Əhməd və digər meyxana oxuyan dərvişlər, Mürşidi-kamillərinin səsinə səs verərək ruhları yerindın oynadan bir ab-hava yaratdılar:
   
   Çünki ani dinlədi ol növ cavan,
   
   Gozlərindən qanlı yaş oldu rəvan.
   
   
   
   Ol gecə yatdı evində ol cavan,
   
   Gördü kim olmuş qiyamət nagahan.
   
   
   
   Çağırışıb derlər münadilər rəvan,
   
   Qandasan gəl cənnətə gir ya filan.
   
   
   
   Nagahan bir qəsri ali gördü ol,
   
   Ona girmək dilədi ol pürüsul.
   
   
   
   Dedilər məvlid edən girər ona,
   
   Verməzəm pəs girməyə dəstur sənə.
   
   
   
   Ta vəfat edincə hər yıl cavan,
   
   Mustafa məvlidin etdi şaduman.
   
   
   
   Gülə-gülə etdi ol sərvər səfər,
   
   Çün bu fani dünyadan qıldı güzər.
   
   
   
   Hazır etdilər həmən dəm bir təbib,
   
   Dedilər ölmüşmüdür gör bu qərib.
   
   
   
   Dedi, bilin bu igid ölmüşdürür,
   
   Leyk buna Haqq nəzər qılmışdürür.
   
   
   
   Gözün açdı ol cavan ol dəm haman,
   
   Qəvminə dedi ki, olun şaduman.
   
   
   
   Ölmədən cənnətdə yerim görmüşəm,
   
   Mustafanin məclisinə ermişəm.
   
   
   
   Etdiyiçün mövludinə hörməti,
   
   Haqq Təalə ona etdi rəhməti.
   
   
   
   Güldügim budur bənim, bilin dedi,
   
   Mustafanin məvlidin qılın dedi.
   
   
   
   Böylə dedi gözlərin yumdu haman,
   
   Qəvmi oldular onunçün şaduman.
   
   Əslində bu müqəddəs mövlud gecəsi, eşq ilə coşan könüllərin, axşamında, sabahında nəfəslərlə ürəklərə dolan nəfsi-iblislərin yer ilə göy arasında qara pərdələr çəkdiyi maddi dünyadan ayrılıb, Tanrı dərgahına qovuşma məqamıydı. Özü bu dünyada, pak ruhu ilahi bir məkanda dolaşan Hürmələk nənə oxunan hekayətin avazında yaranan fasilədə sanki özünə qayıtdı. Əllərini qoşalayıb oxunan salavata qoşuldu.
   
   Əssəlatu vəssəlam olsun sənə,
   
   Ya Muhəmməd, alinə,
   
   əshabinə, övladına.
   
   Failatun, failatun, failət
   
   Ver Muhəmməd Mustafaya salavat.
   
   Oda adlandırdığımız bu möhtəşəm, geniş mənzilin içi sevdalı eşq aşiqləri ilə dolmuşdu. Demək olar ki, məclisdə əyləşənlərin çox qismi avaz- avaza verib cənnət bülbülləri kimi oxuyan kamili-mürşüdlərin, havalı müridlərin, divanə dərvişlərin səsinə səs verərək eyni ritimlə oxuyurdular. Həyətdə düzülmüş iri samavarları qaynadan gənc müridlər, əllərində tutduqları mis sinilərin içinə düzülmüş armudu stəkanları məxməri çayla doldurur, böyük ehtiramla əyləşən qonaqların qarşısına düzərək, təzim edə-edə geri qayıdırdılar.
   
   Məclisdə yaranan ilahi ab-hava anbaan canlanır, arası kəsilmədən bir qəzəli başqa bir qəzəl əvəz edirdi.
   
   Ey çərxi-sitəmkari, pərişan olacaqsan,
   
   Viran elədin varımı, viran olacaqsan.
   
   Əlhəmdü ki, meyxanədə gördüm səni zahid,
   
   Şükr eylədim Allaha, müsəlman olacaqsan...
   
   Xoş avazla oxunan mövludun ilahi ab-havasına qoşulan məclis əhlinin əhvali-ruhiyyələrindəki çılğınlıq getdikcə artmağa başlayır, eşq ilə coşan könüllər bu fənafillahdan ayrılıb üzü həqiqətə uçunurdular.
   
   Sol tərəfdə cərgələnmiş qadın müridlər könülləri riqqətə gətirən bu ilahi nəğmələrin sehrinə düşərək, oxunan qəzəlləri dodaqaltı pıçıldayır, səslənən ritmlərin avazına uyğun olaraq pərvazlanırdılar.
   
   Cahan içrə şah edər,
   
   Qəlblər üzrə mah edər,
   
   Basili Allah edər-
   
   Lə- iləhə- illallah.
   
   Lə- iləhə- illallah.
   
   
   
   Qəlbindən silər pası,
   
   Haq yola sürər nası.
   
   Nərm edər qəlbi kası-
   
   Lə- iləhə- illallah.
   
   Lə- iləhə- illallah...
   
    Məclisin başında əyləşmiş mürşidi övliyalar bir bayatıdan digər bayatıya elə usdalıqla adlayır, ritmdən-ritmə elə keçidlər edirdilər ki, oxunan mövlidi-şəriflə məclis arasında pozulmaz vəhdət, ilahi bir harmoniya bərqərar olurdu.
   
   Şol cənnətin irmaqları,
   
   Akar Allah deyu- deyu,
   
   Çıkmış İslam bülbülləri
   
   Ötər Allah deyu- deyu.
   
   
   
   Aydan aydındı yüzləri,
   
   Şəkərdən tamlı sözləri.
   
   Cənnətin huri qızları
   
   Gəzər Allah deyu- deyu
   
   
   
   Yunus Əmrəm var yanına,
   
   Qoyma bu günü yarına,
   
   Yarın Haqqın divanına,
   
   Varım Allah deyu- deyu.
   
   Cezv məqamı
   
   Mövludu-şərifin sonluğunda yenə araya sükut hakim kəsildi. Hacı Mahmud Əfəndi əllərini gümüşü saqqalına çəkərək, bir daha sükutu pozdu. "Allah, Allah " deyərək, Peyğəmbərimizin gül camalına yenidən bir salavat cevirib, qarşısında qoyulmuş, əlvan qotazlar, parlaq muncuqlarla bəzədilmiş dördkünc tənəkəni əlinə götürdü, barmaqlarının ucları ilə vuraraq ilahi bir şövq, xüsusi bir məharətlə ritm tutmağa başladı. O, qəzəlləri oxuyarkən biixtiyar gözləri qapanır, özü ilə bərabər bütün məclisi də müqəddəs bir məkana aparırdı. Əlində rəqs edən qotazlı tənəkəni barmaqlarının ucu ilə səsləndirərək, könülləri riqqətə gətirən məlahətli səsiylə meyxanənin ilk beytlərini dilə gətirib, mürşidi - kamili, Pir həzrətləri- Mir Həmzə Seyid Nigarinin məşhur qəzəlini oxumağa başladı:
   
   Könlümdə gəzər, ləli- gövhər barı Muhəmməd,
   
   Ta zahir olur löyleyi- əsrari Muhəmməd.
   
   
   
   Sihət bulur işşadi mərəzdari ləbindən,
   
   Peymaneyi-candır ləbi- gülnari- Muhəmməd,
   
   
   
   Bir xoş düşün ey talibi- sərçeşmeyi heyvan,
   
   Gör kim nə rəvanbəxşdir əfnari Muhəmməd...
   
   
   
   Əjdər demə, gəncineyi- əsrari xudadan,
   
   Sərtabeqədəm türreyi- tərrari- Muhəmməd...
   
   Bu dəfə əllərində tutduqları bəzəkli dəmir qutuları eyhamla səsləndirən muridlər də bu övliya həzrətlərinin oxuduğu ilahi şərqilərə qoşularaq, qumrov avazlarıyla onun səsinə səs verdilər:
   
   Nə əcəb dövlət imiş, seyri- şikari- Qarabağ
   
   Nə gözəl nemət imiş, söhbəti-yari - Qarabağ
   
   Rəşk müşkü ənbər imiş buyi- qubari- Qarabağ
   
   Abuheyvan imiş ənhari- pünari- Qarabağ.
   
   Aləmi- cənnət imiş qari- diyari - Qarabağ,
   
   İmdi bildim nə aliş vəsvi-həzari- Qarabağ.
   
   Yeridir kim, çəkərəm ahu- zarı- Qarabağ,
   
   Dağlayıbdır bəni bir lalə-üzari - Qarabağ,
   
   Yandırıbdır bəni bir naru- Nigari - Qarabağ...
   
   Məclisdə yaranan canlanma yerində oynayan müridləri rahat qoymadı. Əlindəki tənəkə qutunu oturduğu yerə qoyan Taylı Nəsib məclisin ortasında düzənlənmiş, kilim və keçələr döşənmiş meydana çıxdı. O əllərini yanına salaraq gah sağ, gah da sol ayaqları üstündə yırğalanaraq məclisin ortasında dolanmağa, sonra isə qollarının birini yana, birini isə yuxarı qaldıraraq fırlanmağa başladı. Başını yuxarı qalxan qoluna söykəmiş Taylı Nəsib sanki bu dünyadan başqa bir dünyaya qanadlanırmış kimi firlana-fırlana məclisin ortasında dövrə vurur, ilahi bir məkana qovuşmağa can atırdı.
   
   Taylı Nəsibin halından şövqə gələn Haşım baba, onun ardınca Cındır Osman, Dəli Cəfər, Yel Əhməd də meydana çıxdılar. Oynayan müridlər şam işığına hərlənən pərvanələr misalı əllərini gah yana açır, gah da yuxarı qaldıraraq bir ayaqları üstındə fırlanır, hərdən cezv məqamına yetib "Yahu! Yahu! Yahu", hərdən də "Allah! Allah! Allah" deyə-deyə daha da sürətlə fırlanmağa başlayırdılar.
   
   İlahi nəğmələr avazdan-avaza, qəzəldən-qəzələ qanadlanır, eşq aşiqləri bir-birini əvəz edirdi. Hürmələk nənə bir əlini digər əlinin üstünə vurur, ritmə uygun olaraq oynayan müridlərin halını özündə əxz edirdi.
   
    Az keçməmiş qara geyimli nənələr, ağzı yaşmaqlı analar, Allahın dərgahı adlanan uca məqama qovuşmaq eşqiylə alışıb-yanan məleykə xanımlar bu səma rəqsinə qoşulub əlləri yuxarı fırlanaraq məclisin ritminə şux bir rövnəq gətirdilər. Bu müqəddəs pərvanələrin içində rəqs edən Hürmələk nənə cazibəli oyunu, yaşının çox olmasına baxmayaraq, çevik rəqsiylə məclisin ortasında işıqlı çevrələr çıza-cıza sanki səmaya ucalırdı. Rəqs edənlərin "Ya Allah, ya Allah" yahuları, meyxana oxuyanların al-əlvan səsləri, hərdən nazik səslə zilə qalxan müridlərin avazları damarlarda qanı coşdurur, ürəklər qəfəsə salınmış quşlar kimi çırpınır, can evindən perikmiş ruhlar yer üzündən göy üzünə havalanırdılar. Bu anlarda "Allah, Allah, Allah" deyib cezv məqamına düşən Taylı Nəsib ayağındakı bəzəkli corabı çıxararaq fırlana-fırlana pəncərənin yanındakı yanar sobaya yaxınlaşdı. İçi tez-tez odunla dolub, yanan sobanın ustü qıpqırmızı qızarmışdı. Taylı Nəsib artıq cismini tərk edərək işıqlı bir ruha çevrilmişdi.
   
   Səs-səsə verib oxuyan müridlər növbəylə bəzəkli tənəkə qutuları bir-birinə ötürə-ötürə rəqs meydanına çıxır, tər-suya qərq olub yorulanlar yenidən bardaş qurub oxunan ilahi nəğmələrə qoşulurdular. Başda oturmuş mürşidi-kamillər artıq bir neçə saatdır ki, oxuduqları ilahi qəzəllərin cezvində bulunub, gözlərini açmadan bir qəzəldən digərinə keçid alıb, musiqinin avazını da oxunan yeni qəzəllərin ruhuna uyğyn olaraq dəyişirdilər.
   
   Dərdi-möhnətin, ey sənəm, sənəm,
   
   Eşq ilə çəkən bir mənəm, mənəm.
   
   Ari- varını, ruhi- mehirdə,
   
   Tarümar edən, bir mənəm, mənəm.
   
   
   
   Çəkmişəm cəfa, eylə bir vəfa,
   
   Səndə əl, əta, can sənə fəda.
   
   Rahi- mehirdə zari- binəva,
   
   Tarükül vətən bir mənəm, mənəm...
   
    Taylı Nəsibi cezvə gətirən bu qəzəlı, o özü daha fərqli bir səslə ucadan oxuya-oxuya köz kimi qızarmış odlu sobaya yaxınlaşdı. Fırlana-fırlana ayaqyalın sobanın üstünə tullandı. Heyrət içində çaş-baş qalan meyxanə əhlinin bir qismi inanılması mümkün olmayan bu heyrətamiz mənzərəyə öz gözləriylə tamaşa edir, cezv halında oxuyanlar, oynayanlar isə öz aləmlərində bulunurdular.
   
   Bu hala inanmaq asan olmasa da bu bir həqiqət idi. Taylı Nəsib cezv məqamında qaynayan samavarı başından tökməklə, qışda buz bağlamış suya girib tərləməklə bu möcüzələri sübuta yetirmiş kəramətli müridlərindən biri idi Hacı Mahmud Əfəndinin. Bu doğrudan da bir həqiqət idi. O, köz kimi qızarmış dəmir sobanın üstündə bir neçə dəfə dövrə vuraraq, eyni cəldliklə yerə tullandı. Yenə də davamlı olaraq əllərini yana açıb bir istiqamətə firlanmağa başladı. Heyrətdən yerində donub Taylı Nəsibin bu halına tamaşa edənlər onun ayaqlarının yandığını zənn edib, dayanmadan onun daha da eşqlə oynamasına mat qalmışdılar.
   
   Xanım müridlərdən də eyni halı yaşayıb "Allah, Allah, Allah!"- deyib qəşş edənləri var idi. Onları yana çəkib üzlərinə su səpərək öz hallarına qaytarırdılar.
   
   Hürmələk nənə cezv məqamına Allahı zikr etməklə qərq olmuşdu. O artıq ətrafda baş verənləri görmür, mələk ruhuna qoşulub, İlahi bir məkana uçub getmişdi. Tanrı dərgahında məst olub, öz pıçıltılarıyla Allahı zikr edir, uca yaradanın müqəddəs nəfəsini duyaraq Abu-kövsər suyu kimi durulur, könül dünyası Cənnət baxçası kimi gülə-gülşənə boyanırdı...


YAZARIN ARXİVİ

2012-10-06 : Rüstəm Kamal
2012-09-08 : AKİF SƏMƏD
2012-08-11 : UZUN ALLAHVERƏN
2012-08-04 : UZUN ALLAHVERƏN
2012-07-28 : UZUN ALLAHVERƏN
2012-07-21 : UZUN ALLAHVERƏN
2012-07-14 : UZUN ALLAHVERƏN
2012-07-07 : BAHADUR FƏRMAN
2012-06-30 : BAHADUR FƏRMAN
2012-06-23 : Sevinc Unusdu
2012-06-15 : Sevinc Unusdu
2012-06-02 : RÜSTƏM KAMAL
2012-05-26 : QAÇAQ İSMAYIL
2012-04-21 : QİYMƏT
2012-04-14 : QİYMƏT
SON XƏBƏRLƏR
2017-11-23
2017-11-22


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK