Teleməkanımızın gənc, lakin müdrik üzvü - İctimai Televiziyanın bu gün 10 yaşı tamam olur. Çətin və məsuliyyətli yola 2005-ci il avqustun 29-da çıxan İctimai Televiziya möhkəm addımlarla irəlilədikcə illəri arxada qoymaqdadır. Sürətlə ötən birinci 10 ilə yekun vurulur.
Yaxşı təcrübədən gözəl nümunəyə
Dünyanın müxtəlif ölkələrində İctimai Televiziya fəaliyyət göstərir. Söz və mətbuat azadlığına böyük dəyər verdiyini açıqlayan müstəqil Azərbaycan dövləti ölkəmizdə də belə bir təsisatın yaranmasında maraqlı idi. Ona görə də ictimai yayımı həyat keçirən, bu sahədə müəyyən uğurlar qazanan ölkələrin təcrübəsi öyrənilir, qanunvericilik bazası yaradılırdı. Beynəlxalq təşkilatların, nüfuzlu əcnəbi ekspertlərin, yerli peşəkar mütəxəssislərin və ziyalıların fikirlərini öyrənmək üçün müxtəlif formatlı tədbirlər keçirilirdi. İctimaiyyət arasında böyük dəstək qazanan belə müzakirələrdən sonra parlamentə qanun layihəsi təqdim olundu.
Milli Məclis üzvləri geniş müzakirələr apararaq sonda "İctimai Televiziya və Radio Yayımı haqqında" Qanunu qəbul etdilər. 2004-cü il noyabrın 5-də ölkə prezidenti parlamentin qəbul etdiyi qanunu imzaladı və Azərbaycanda İctimai Televiziya yayımının həyata keçirilməsi növbəti bir mərhələyə qədəm qoydu. Düz 10 il əvvəl - 2005-ci il avqustun 29-da isə bu mühüm iş uğurla başa çatdırıldı.
Həmin gün ölkə başçısı İlham Əliyevin də qatıldığı mərasimdə İctimai Televizİya və Radio Yayımları Şirkəti ilk yayımına başladı. Pultu da dövlət rəhbəri özü işə saldı. Azərbaycanın müasir tarixində mühüm bir hadisə belə gerçəkləşdi, ölkənin ictimai-siyasi və mədəni həyatında özünəməxsus yeri, mövqeyi olan telekanal yarandı.
Bu gün təkcə ölkə tamaşaçıları deyil, yaxın-uzaq dövlətlərdə yaşayan izləyicilər Azərbaycan həqiqətlərini İctimai Televiziya və Radio Yayımları Şirkətinin hazırladığı müxtəlif proqram və verilişlərdən öyrənir.
Dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən öyrənərək fəaliyyətə başlayan İctimai Televiziya bu gün bir çox dövlətlərdəki həmkarları üçün gözəl nümunəyə çevrilib. Deməli, birinci 10 ildə çox iş görülüb, irəliyə doğru addımlar atılıb.
Qızıl qaydalar
Dünyada ictimai yayım formaları müxtəlifdir, lakin hamısı dörd əsas prinsip əsasında fəaliyyət göstərir. Bu prinsiplərdən birincisi qanunvericiliklə bağlıdır. Bütün ictimai teleradio kanalları xüsusi qanunvericiliklə formalaşır. Yazının əvvəlində qeyd etdiyimiz kimi, Azərbaycan parlamenti 2004-cü ilin sentyabrında "İctimai Televiziya və Radio Yayımı haqqında" qanun qəbul edib.
İkinci prinsip kollegial nəzarətlə bağlıdır. Qanunvericiliyə uyğun olaraq bizim İctimai Televiziyaya ictimai nəzarəti Yayım Şurası həyata keçirir. Yayım Şurası Milli Elmlər Akademiyası, Mətbuat Şurası, Həmkarlar İttifaqları Konfederasiyası, Sahibkarlar Şurası, gənclər təşkilatları, qadın cəmiyyətləri, dini konfessiyalar, yaradıcılıq təşkilatları və idman federasiyalarının təmsilçilərindən formalaşdırılır. Milli Məclisin təsdiqlədiyi həmin üzvlər alternativ yolla və rotasiya üsulu ilə seçilir.
Fəaliyyət göstərdiyi 10 il ərzində Yayım Şurasında görkəmli alimlər, tanınmış ictimai xadimlər, ziyalılar, istedadlı jurnalistlər və nüfuzlu ilahiyyatçılar təmsil olunublar. İctimai Televiziyanın bu günə kimi qazandığı uğurlarda Yayım Şurası üzvlərinin özünəməxsus payı var.
Üçüncü prinsip maliyyələşmə mexanizmi ilə bağlıdır. Azərbaycanda İctimai Televiziyanın maliyyələşməsi də qanunla tənzimlənir və kanalın hər hansı bir kommersiya maraqlarına tabe etdirilməsinin qarşısı alınır.
Sonuncu, dördüncü prinsip barədə danışarkən qeyd etməliyik ki, ictimai yayım şirkətinin proqram siyasəti obyektiv, qərəzsiz və tərəfsiz informasiyaya söykənməli və əhalinin geniş təbəqəsinin maraqlarını təmin etməyə çalışmalıdır.
Bu 10 ildə bizim İctimai Televiziya və Radio Yayımları Şirkəti bu qızıl qaydalara nə dərəcədə əməl edə bilib? Teleməkanımızın gənc, lakin müdrik üzvü öz gündəlik fəaliyyəti, bir-birindən maraqlı verilişləri, peşəkarlardan formalaşan kollektivi ilə bu suala real cavab verib.
Necə deyərlər, heç uzağa getmək lazım deyil, İctimai Televiziya və Radio Yayımları Şirkətinin təqdim etdiyi verilişləri izləmək, radio proqramları diqqətlə dinləmək kifayətdir.
Hər yeni günümüz "Yeni gün"lə...
Tərəfsiz və qərəzsiz informasiya yaymağa çalışmaqla Azərbaycan cəmiyyətinin siyasi, etnik, dini rəngarəngliyini ifadə edən, milli-mənəvi dəyərlərə sayğı ilə yanaşan, maarifçilik istiqamətində hazırlanan layihələrə xüsusi üstünlük verən İctimai Televiziya yalançı reytinqə tərəf qaçmır, əsl tamaşaçıya daha çox yaxınlaşır.
Elə ona görə də minlərlə tamaşaçının hər yeni günü "Yeni gün"lə başlayır, "Carçı", "Vətənin səsi, "Media və zaman", "Həftənin yekunu", "Yadigarlar", "Ötən əsrin nəğmələri", "Telemizan", "Antrakt", "Qarabağ sərvətləri", "Qadın dünyası", "Salam əsgər"... evlərimizin arzulanan qonağı olur. İctimai Televiziyanın "Carçıfilm" Yaradıcılıq Birliyində istehsal olunan filmlər də maraqla baxılır. Qardaş Türkiyənin "TRT Avaz" kanalı ilə ortaq yayımlanan telekörpülər İTV-yə böyük tamaşaçı rəğbəti qazandırıb.
Türkiyə ilə müştərək iş İctimai Radioda da uğurla davam etdirilir. "Türkiyənin səsi" radiosu ilə hazırlanan "Qorqud Ata" layihəsi buna gözəl nümunədir. İctimai Radionun gün ərzində təqdim etdiyi "Xəbərlər", həftəlik "Azərbaycan gündəmi", "Qarabağ həftəsi" dinləyicilərin marağına səbəb olub.
"Ədalət" qəzeti elə ilk gündən İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyətini diqqətdə saxlamağa çalışır. Teleməkanımızın cavan, lakin müdrik üzvünün hazırladığı yeni layihələr, proqramlar barədə yazılar, müsahibələr dərc edir. İTV-də çalışan istedadlı, peşəkar həmkarlarımızın ağır və məsuliyyətli işində onlara mənəvi dəstək olur.
İctimai Televiziyanın birinci 10 ilinə yekun vurulur. Hələ qarşıda neçə uğurlu onilliklər var...