hacklink Adalet.az | TİFLİS-BAKI Adalet.az | TİFLİS-BAKI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

TİFLİS-BAKI

18768    |   2012-09-01 08:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hardasa dörd aya yaxınlaşır oxucularla görüşə gələ bilməmişdim. Mənə görə bunun iki önəmli səbəbi vardı. Birincisi həyat yoldaşımın yanvarda başlayan xəstəliyi və onun müalicəsi ilə aylardır məşğul olmağımdı. Hardasa hər Allahın günü xəstəxana ilə ev arasına körpü salmaq, ona qulluq eləmək işi, məni psixoloji yöndən yazmağa qoymurdu. Çox istəsəm də bilgisayarın qabağında əyləşib yazı yazmağa özümdə mənəvi güc tapa bilmirdim. Artıq ötən həftədən başlayaraq oxucularla görüşə gəldim. İnşallah bir daha bu cür problemlər yaranmaz və oxucularımla həftəlik görüşüm yolundan yayınmaz...g
   
   Bugünkü yazımın mövzusunu müdafiəmlə bağlı prosesə həsr etdim, çünki vurğunu olduğum, əzəli və əbədi şəhərimiz Bakıda müdafiə etməyim, elmi ad almağım ömrümün ən mənalı, ən yaddaqalan xatirəsi idi. Yazının başlığına Tiflis-Bakı sözlərini yazdım və bu şəhərlərlə bağlı hisslərimi, əvvəlki və axırıncı simalarının mənə hansı təsirləri bağışladıqlarını gec də olsa oxucularla bölüşmək istəyirəm.
   
   18-23 2012-ci il tarixləri arasında Tiflisdə Valeh Hacılar Vəqfi, Ardahan Universiteti, Tiflis Universiteti və AMEA Folklor İnstitutunun şərikliyi ilə təşkil olunan simpoziumda iştirak etmək üçün ayın 16-sında avtobusla yola düşüb 17-si axşamı Tiflisə çatdım. Ankara-Tiflis yolunu dəfələrlə getmişdim, ancaq bu dəfəki gedişim digərlərinə nisbətlə daha fərqli idi. Ona görə ki, Tiflisdə öz adını daşıyan universitetdə məruzə edəcək, sonra da Bakıya gedib müdafiəmi uğurla yola salıb illərdir həsrətini çəkdiyim və uğrunda işlədiyim elmi adı alacaqdım. Bu da mənim üçün ömrümün mənalı anları kimi yaddaşımda həkk olunacaqdı.
   
   Batum-Tiflis yolunu Azərbaycan Xalq Cəbhəsinin 1991-ci ildəki qurultayında iştirak etməyə gedərkən getmiş və həmin yolu qayıtmışdım. O vaxt Sovetlər Birliyinin, daha düzü Bolşevik rusların imperialist nəfəsi hələlik Qafqazın boynunun arxasından aralanmamışdı. Yollar bərbad vəziyyətdə idi, polislər isə dağlardakı qaçaq-quldurlara rəhmət oxudacaq qədər acgöz və rüşvətxorlar dəstəsi idi. Avtobuslar isə Türkiyənin 1960-cı illərdə qalmış köhnə-köşkül miniklərindən də pis gündə idi. Sovetlər Birliyi canını tapşırandan və Gürcüstan öz müstəqilliyini qazanandan sonra da, daha düzü Saakaşvili dövrünə kimi ölkədə köhnə hamam köhnə tas deyimi özünü doğruldurdu, dəyişən isə sadəcə olaraq hamamın kisəçiləri idi. Saakaşvili gələndən sonra Gürcüstan həm öz simasını dəyişməyə, həm də qanunlar saat dəqiqliyində işləməyə başladı. Hal belə olduqda da qarətçi-rüşvətçi polislərə sanki kimyəvi dərman səpib çibin kimi bir anda məhv elədilər.
   
   Batum-Tiflis-Bakı yolu ilə ötən il həyat yoldaşımla əziz dostum Rəşid Hüseynovun istəkli qızı Səbinə xanımın toyuna gedərkən də getmiş və həmin yoldan da qayıtmışdıq. O vaxt da yolun yaxşılaşdırılması işləri qızğın aparılırdı, ancaq budəfəki gedişimdə bir çox işin başa çatdırıldığının şahidi oldum. Tiflis simasını dəyişir, ancaq bu dəyişikliklər onun tarixi keçmişinə xələl gətirməyibdir.
   
   Gürcüstan o qədər də yeraltı- yerüstü sərvətə malik deyildir. Sovetlər Birliyi vaxtında da həmin Gürcüstandı, o vaxt bu işlər niyə görülmürdü? Saakaşvili məhdud büdcə ilə bu cür böyük işlərə imza atırsa, deməli o vaxt da atıla bilərdi, ancaq həmin işlər görülmədi. Ruslar gəlib digər müstəmləkələşdirilmiş cümhuriyyətlər kimi buranın da nəyi var, nəyi yoxdur sümürüb apardılar, ancaq əvəzində heç nə vermədilər. Yox adamın üstündə Allah vardır və danmaq olmaz, onlar əslində buralara bəzi şeyləri gətirdilər, məsələn alkoqolizmi, rüşvətxorluğu, yerlibazlığı, bunları kim dana bilər?! Elə olmasa bu müstəmləkəçilər Asiyadakı o qədər ölkəni illər uzunu ovuclarında saxlaya bilərdi?
   
   Başda İngilislər olmaqla Avropalı imperialistlər də müstəmləkəçilik siyasətini azca fərqlənsə də bu cür yeritmişdilər. Babalarımız ona görə deyib ki, ilanın ağına da bozuna da lənət. Bəli, gələk indiki Gürcü polislərə. Bunlar göydən zənbillə enmədilər, o vaxtkı polislər də gürcü idi indikilər də, ancaq onlarla bunlar arasında yerlə-göy qədər fərq vardır. Deməli, bu dəyişikliyin adına Saakaşvili inqilabı deyə bilərik. Tiflisdəki otellər bir az bahalı olsa da ərzaq məhsulları xalqın güzəranını sarsıdacaq səviyyədə deyildir. Adi bir məmur, ailəsini aldığı maaşla heç kəsə möhtac olmadan dolandıra bilir. Bir sözlə, Gürcüstan Avropalaşır, üzünü artıq Türkiyə vasitəsilə qərbə döndərib, qərb də Gürcüstanın bu seçimini görüb nəsə etməlidir. Türkiyə də bu mesajı yaxşı başa düşməlidir, çünki Gürcüstan tarix boyu Türkiyə Türklüyünə bu qədər yaxın olmayıb, yaxınlaşmayıb.
   
   18 nisan günü, yəni simpoziumun başladığı günün ikinci yarısında "Azərbaycan deyimlərində Altay inamlarının izləri" adlı məruzəmi etdim. Orda Saakaşvilinin anası da iştirak edirmiş, onu günortadan sonra təşkil olunan mükafat təqdimetmə mərasimində səhnəyə dəvət edilərkən bildim (Ana Saakaşvili çıxışını Türkcə etdi, bu da maraqlı idi). İstəyən şəxs ona yaxınlaşır və söhbət edirdi. Gülərüz, səmimi və mehriban bir insan olduğu hər hərəkətindən aydın olurdu və düzünü deyim mənim də marağımı cəlb etmişdi. Yanında-yörəsində bir dənə cangüdəni yoxdu, yaxınlaşanlara, söhbət edənlərə maneəçilik törədən heç nə görmədim. Düzünü deyim bu vəziyyət məni xeyli fikrə apardı, nə müqayisələr gəlib ürəyimdən keçmədi ki!.. Mərasimdən sonra dostum Osman Əhmədoğlundan xahiş etdim ki, məni sərhədə kimi ötürəcək bir taksi tapsın. O da sağ olsun bir taksi ilə razılaşdı və özü də təkidlə istəməsəm də mənə fikir vermədi və sərhədə kimi gələrək Qırmızı Körpüdə məni buraxıb geri qayıtdı. İnsan belə dostlar üçün canını da versə azdır.
   
   Gömrüyə çatanda Azərbaycan tərəfini bu dəfə də fərqlənmiş, gözəlləşmiş, təkmilləşmiş gördüm. Qırmızı Körpünü 1988-ci ildə də keçmiş, hətta əhd etdiyimə görə düz Kürün sahilinə kimi yüyürmüş və çatan kimi də ovuclayıb suyundan içmişdim. Atam Kürdən keçdiyinə görə, kənddə kimin uşağının boğazı ağrısa atama gətirirdilər, o, da dua oxuyub uşağın boğazını sığallayırdı. Qəribədir o uşaq uzaqbaşı iki günə sağalırdı. Kəndimizdə Kürdən keçənlərə ayrı cür hörmətlə yanaşırdılar. 1988-ci ildə Qırmızı Körpünün ətrafı o vaxt çöllük-biyabanlıq idi, artıq burada iki ayrı və fərqli dövlətlərin varlığı, nəfəsi, qüdrəti duyulur.
   
   Gömrüyü keçən kimi ordakı taksilərdən biri ilə razılaşdım və o axşam gözəllər gözəli Bakıya çatdım. Keçdiyimiz hər şəhər və kəndin simasının sürətlə dəyişildiyi gözdən yayınmırdı. Ertəsi gün müdafiəmlə bağlı işlərə başladım və nəhayət ayın 25-ində görkəmli alimimiz Qəzənfər Paşayevin rəhbərliyindəki müdafiə şurasının qarşısında dissertasiyamı uğurla savundum. Müdafiəmdə iştirak edən və zəhmət çəkib ora kimi gələn müdafiə şurasının görkəmli alimlərinə, opponentlərim Mahmud Allahmanlıya, Xatirə Xanım Bəşirovaya, əziz və istəkli dostlarıma, başda Firidun Ağasıoğlu, Məhərrəm Qasımlı, Teymur Kərimli, Muxtar İmanov, Rəşid Hüseynov, Fərəc Ulusoy, Ramiz Əsgər, Elman Qədirli, Rauf Zeyni, Əli Şamil, Nəzakət Hüseynova, Əzizə Şamil, Əhməd Oğuz, İsmixan Osmanlı, Əlipənah Bayramov, Mirələkbər bəy, tələbələrimiz Zəminə Ziya, Elmira Fikrət qızı, Qətibə Vaqif qızı, Aida Ağakərim qızı, Səkinə Qeybalıyeva, Habil Aydınoğlu və digər dostlara, tanışlara səmimi qəlbdən təşəkkürümü, minnətdarlığımı bildirirəm.
   
   Müdafiə prosesi hələ başlamamışdan və başlayandan sonra mənim üçün çox zəhmətlər çəkən dostlarım Fərəc Ulusoya, Aqil Abbasa, Məhərrəm Qasımlıya, Calal Bəydiliyə, Əli Şamilə, müdafiə şurasının katibi İmamverdi Həmidova, Ramiz Əsgərə, Vüqar Səfərliyə, Əhməd Oğuza, Folklor İnstitutuna, Bakı Dövlət Universitetinin şifahi xalq ədəbiyyatı bölməsinə ayrıca təşəkkürlərimi və minnətdarlığımı bildirirəm.
   
   Müdafiəmə azı mənim qədər sevinən, ancaq Qarabağa getmək məcburiyyətində qalıb müdafiəmdə iştirak edə bilməyən əziz dostum və qardaşım Aqil Abbasa səmimi qəlbdən təşəkkürlərimi bildirirəm.
   
   Müdafiədən sonra həm sənədlərin hazırlanması işini aparır və həm də vaxt tapdıqda füsunkar Bakının küçələrində qürurlana-qürurlana dolanır, dostlarımla görüşürdüm. Bakı artıq ötən ilki Bakı deyildi. Azərbaycan hakimiyyəti Bakıya elə bir zinət vurub ki, artıq o nəinki Qafqazın, bütövlükdə Asiya qitəsinin nazənin bir gəlin qızına oxşayır. Şəhərdəki deyilə bilər ki, bütün binaların üzləri Bakıya məxsus travertən daşlarla bəzədilib. Mənim o daşları işləyən ustalara heyranlığım onlara baxdıqca min qat artdı. Çünki ustalar daşı deyil, sanki həddən artıq yumuşaq və əyilib-bükülən bir materiala bəzək vurmuşdular. Tanrı onları bəd nəzərlərdən saxlasın. Mən əminəm ki, Parisə həsəd aparan avropalılar və ya digər yerlərin adamları iki ildən sonra Bakını gördükdə heyrətdən Türkiyə Türkcəsindəki bir ifadəylə desək "kiçik dillərini" (malaza) udacaqlar. Ancaq Bakıda xoşuma gəlməyən yox, tənqid edəcəyim bir yön vardır ki, o mənim kimi bir çox insanın ürəyini ağrıdır. Kaş İçəri Şəhərə modern Bakının kölgəsi düşməyəydi. Bir də o yüksəklikdə hündür binalar tikiləcəyinə beş mərtəbədən artığına icazə verilməyəydi və şəhər ətrafa doğru böyüdüləydi. Və şəhərdən başlayıb Buzovnadan da oyana o gözəllikdəki yolun sağına və soluna üç metr hündürlüyündə divar çəkilməyəydi, çünki o divarlar "qarğa məndə qoz var" deyimini yada salır.
   
   Bakının sahildəki bulvarı deyə bilərəm ki, Avropanın bir çox adlı-sanlı şəhərində yoxdur və ola da bilməz. Hələ söhbət gedir ki, bulvar Bayıldan Əhmədliyə kimi davam etdiriləcəkdir. Elə olarsa, yəni bu söhbət reallaşarsa Bakı dünyanın nadidə incilərindən birinə çevriləcəkdir. O vaxt Parisin Şanzəlizə (Avənuə dəs Champs-əlysəəs) küçəsi, Bakının bulvarına muştuluq olacaqdır. Mahnımızda vurğulanan əyri köndələn Bakı, indi olub daşqaşlı, mirvarili nazənin Bakı. Ey gözəl şəhərimiz, Tanrı səni və üç rəngli bayrağımızı, müqəddəs dövlətimizi bədnəzərlərdən, bədəməllərdən, mərdimazarların şərindən qorusun.
   
   Yüz illər boyu Azərbaycanı başda nefti və qazı olmaqla soyub soğana döndərənlər Moskvaya vurduqları bəzəyin, ona xərclədikləri pulun heç olmasa bir faizini də Bakıya vursaydı qiyamət qopardı?! İşğalçı xalq və onun yaratdığı bədniyyətli dövlətdən nə gözlənə bilərki?! Tanrı bir də onların murdar çəkməsini müqəddəs torpaqlarımıza yönəltməsin... Bunun üçün də başda Azərbaycan türkləri olmaqla hər bir Türkün boynuna tarixi, siyasi və müqəddəs öhdəliklər düşür.
   
   Sözün burasında bir-iki sözü də Azərbaycana doğma qardaş olanlara ünvanlamaq istəyirəm. Osmanlı Dövləti canını tapşırarkən belə ayağına geydirməyə çarıq tapa bilmədiyi əsgərlərini yolladı, şəhidlər verdi, ancaq Azərbaycanı Bolşevik və erməni canilərinin əlindən xilas elədi. Ora kimi gedən bir digər işğalçılar, quldurlar ordusu olan İngilis hərbçilərini də, onları ora yollayan siyasilərini də məyus edərək geri qaytardı.
   
   Ruslar tarix boyu, xüsusilə də Dəli Pyotrun vaxtından bəri gəmi azı dişinə salaraq işğalçılıq siyasətini yeridir. əsrimizdə qəddar Dəli Pyotrun, Dəhşətli İvanın, Bolşevik Leninin, Qaniçən Stalinin özgə bir simasını əks etdirən makyavelist bir Putin Rusiyada cilovu təkrar əlinə alıb. O, Sovetlər Birliyinin son dövrlərində Avrasiyaçılıq nəzəriyyəsini araya gətirən Aleksandr Duginin strategiyasını reallaşdırmaq əzmindədir. Putin, Avrasiya Birliyini yaratmaq üçün nə lazımdırsa etmək fikrindədir. O, 27 Nisan 1920-ci il tarixində 11-ci Qırmızı Ordunun etdiyini həyata keçirmək və Azərbaycanı və digər müstəqil cümhuriyyətləri yenidən özgə cür işğal edərək özlərinə tabe etmək fikrindədir. 20 Yanvar Qırğınını onlar reallaşdırdı, Xocalı Soyqırımını, Azərbaycan torpaqlarının işğalı hadisələrini yaradıb ermənilərə onlar təhvil vermədi?! Görünən odur ki, bəzi cümhuriyyətlər qorxularından Putinin tələblərinə bəli deyib, ancaq bircə Azərbaycan müqavimət edir. Qərb dünyası Sovetlər Birliyindən lazımi dərsi götürmüşdür, onu yadından çıxarmamalıdır. Türkiyə də qardaş Azərbaycanı tək qoymamalıdır. Azərbaycan, Allah eləməsin təklənərsə onu tək qoyanları nə Tanrı, nə tarix, nə də ulu xalqımız bağışlayar.


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK