ANA SƏHİFƏ / YAZARLAR

"Dolu" - bir-birinin əksinə olan detallar!

127476    |   2012-08-27 15:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Dolu" tammetrajlı bədii filminin təqdimatından sonra sosial şəbəkələrdə, sözün qısası "Facebook"da kinoşünaslar film haqqında bəzi statuslar yazdılar. Biri kaskadyor Əli Məmmədovu, digəri-bu, mən idim-operator Nadir Mehdiyevi xatırlayaraq "Dolu" filmini paylaşırdı.
   
   Həqiqətən filmdə operator, kaskadyor və pirotexnik işləri uğurla həyata keçirilib, yəni lentə köçürülüb. "Lentə köçürülüb" ona görə dedim ki, söhbəti bu hadisələri lentə köçürənin üzərinə gətirim.
   
   Elxan Cəfərovun 45 yaşı var, daha çox uşaq filmlərindəki rollarından tanıyırıq. "Mən mahnı qoşuram" uşaq filmində onun yaratdığı Nadir obrazı Sonanın (Olqa Rojdestvenskaya) musiqi məktəbinə getməsinə imkan verməyən dəyirmançı atasına (Həsənağa Turabov) etiraz olaraq özü də həmin məktəbə getməkdən imtina edir. Bu çox gözəl etiraz formasıdır. Müəllifi unutmuşam: "İnsan etiraz etmirsə, deməli yaşamır". Ümumiyyətlə, Elxan Cəfərovun uşaq obrazları uşaqların gələcəkdə vətəndaş kimi formalaşmasına bir stimuldur.
   
   Elxan Cəfərov "Dolu" ekran əsəri ilə ikinci tammetrajlı filmini tamaşaçılara (bir az dəqiqləşdirsək, əsasən kino ictimaiyyətinə) təqdim etdi (ilk tammetrajlı filminin adı "Əlavə təsir").
   
   Filmdəki hadisələri rejissor operator işi ilə daha da canlandırır. Döyüş səhnələrinin effekti tamaşaçını baş verənlərə inandıra bilir. Filmin uğuru rejissorun adı ilə bağlıdı. Əgər operator, kaskadyor və pirotexnik işləri uğurlu alınıbsa, bu da ümumi rejissor işinin bir hissəsidir. Deməli, Elxan Cəfərov operatorla, kaskadyorlarla, pirotexniklə ciddi müzakirələr aparıb, keyfiyyətli iş tələb edib və nəticəsini görüb. Bu uğurlara görə rejissor Elxan Cəfərovu yalnız alqışlamaq lazımdır. Filmdəki digər işlərin (həmin dövrün analizi, rəssam işi, geyim və s.) vəziyyətinə də rejissor cavabdehdir. Bu işlərin də müsbət və mənfi tərəfləri rejissorun adına yazılır. Yəni hər hansı bir filmdəki uğurlarla yanaşı qüsurlar da rejissorundur.
   
   Bununla yanaşı, rejissorun əsas işi hadisələrin kino həllinə nail olmasındadır. Məlum hadisələri Aqil Abbasın romanından da oxuyub bilmək olar. Həmin hadisələri isə kino versiyasında təqdim etmək: rejissorun əsas işi budur. Elxan Cəfərov bu təqdimatın öhdəsindən filmin finalında məharətlə gəlib. Güclü final sanki filmin digər hadisələrindəki çatışmazlığı nümayiş etdirir.
   
   Film Qarabağ müharibəsindən bəhs edir. Konkretləşdirsək, bu müharibədə bir şəhərin ermənilər tərəfindən necə işğal olunmasından danışır. Azərbaycan tamaşaçısı üçün isə aydındır: Biz Ağdamı (yaxud da işğal olunan hər hansı bir şəhəri) ermənilərə necə təslim etdik. Lokaldır, amma bu lokallığın bəşəri təqdimat forması var. Mütləq var!!!
   
   Bizim üçün Ağdam və ağdamlılar var. Həmin ağdamlılar ki, onlar beyinlərə bunu həkk etmişdi: "Ağdamlılar heç vaxt Ağdamı ermənilərə təslim etməzlər". Onlar Xankəndini, İrəvanı almaq istəyi ilə alışıb-yanırdılar. Lakin doğma şəhərləri (Ağdam) alışıb-yandı, işğalçıya təslim oldu. Ortaya kino üçün ziddiyyətli mövzu çıxır. Bundan gözəl mövzu?! Heç vaxt təslim etməzdilər! Amma təslim oldular! Niyə? Artıq burada bu "niyə" sualı kinodur. Ortada filmin şüarı var: "Bir mübariz və əzmkar şəhərin (rayonun) faciəsi!".
   
    "Dolu" romanındakı hadisələr film üçün gözəl motivdir. Artıq romanın müəllifi öz işini görüb, hadisələri ədəbi material şəkildə qələmə alıb. Onun romanını kino üçün bir kinematoqrafçı (sseanrist və ya rejissor) xammal etməlidir. Yoxsa, əks halda "Dolu" filmi də "Dolu" romanı kimi yalnız Azərbaycan tamaşaçılarında təəssürat yaradacaq. Və yaratdı da! Kino isə təkcə təəssürat yaratmaq üçün deyil. Onun ən güclü tərəflərindən biri də V.İ.Leninin dediyindədir. Kinematoqrafik yozum isə zəif olduqda film təbliğata çevrilmir.
   
   Beləliklə, "Dolu"da kinematoqrafiyanın bağışlamadığı hallar baş verdi: Hadisələrin ardıcılıq ritmi pozuldu! ("Dolu" filmində əvvəl peyda olan jurnalist sanki filmin qəhramanlarından biri kimi ekrana soxulur, amma gəlişi ilə də yox olur). Filmin müəllifləri mətbuata açıqlamalarında "Dolu" filminin bir "qəhrəmanlıq odası" olduğunu deyib. Deməli, filmboyu heç bir tarixin göstərilməsi lazım deyil. Umümi bir tarix var: Qarabağ müharibəsi. Bu muharibədə bir şəhərin qəhrəmanlığı. Tarix, şəhərin adı, obrazların kimliyi vacib deyil. Şəhər və burada yaşayan, döyüşən insanların taleyi. Bu xətt filmdə gah gözlənilib, gah da pozulub.
   
   Ekran əsərində bu xəttin inkişafı əsas olduğu halda, "Dolu" filminin əvvəlində il (tarix) göstərilir və hadisələr "qəhrəmanlıq odası"ndan çıxır, faktlara, tarixə dirənir. Amma sonradan hadisələr bir-birini əvəz etdikdə tarix də unudulur (göstərilmir), zaman qarışır: ta 1989-cu ildən 1993-cü ilədək. Hadisələrin baş verməsi ardıcıllığı anlaşılmaz qalır. Bunu Leninin portreti, sovet bayrağı, Azərbaycan və Ermənistan əsgərlərinin geyimləri (bu geyimlərdə əks olunan hər iki tərəfin dövlət bayraqları) ortaya qoyur. Kənd (şəhər) və kəndlilərin geyimləri müasirdir (dizləri ağ olan cins geyimləri, müasir papaqlar...). Stolun üstündə latın qarfikasında yazılan "Şirvan" siqareti peyda olur. Üç rəngli Azərbaycan bayrağının əks olunduğu hərbi geyimi əynində gəzdirən Drakon ("Dolu"nun qəhrəmanlarından biri) və digərləri niyə sovet bayrağını endirməyiblər?!. Bu məsələni o (onlar) heç vaxt ölümündən sonraya saxlamazdı. "Dolu"da bu detallar bir-birini təkzib edir.
   
   Filmdə tankın altına mina atan əsgərin "Allahu əkbər" dediyi və əsir düşmüş erməni qızına münasibətin verildiyi kadrlar kinematoqrafik cəhətdən öz həllini tapmır. Bir daha qeyd edim ki, filmin finalından başqa bütün hadisələri eyni adlı əsərin müəllifi olan Aqil Abbasın nəql etdiyi hiss olunur.
   
   Bu cavabın sualını artıq vermək olar: "Əgər maliyyə, lazım olan kinotexnika və texniki işçilər varsa, ortaya niyə dünya tamaşaçısının gözünə soxula biləcək, başdan ayağadək rejissor təqdimatında olan bir ekaran əsəri çıxmasın?!".
   
   "Dolu" filmi Qarabağ müharibəsini mövzu olaraq kino vasitəsilə dünyaya təqdim edə bilmədiyimizi bir daha nümayiş etdirdi. Amma kinoşünas Sevda Sultanova demişkən, filmdə musiqidən ifrat istifadə olunsa da, təhkiyə daha çox "ekşn" üzərində qurulsa da, ümumiyyətlə, müharibə fonunda insan taleyi xətti dərin işlənilməsə də, hər halda "Dolu"ya hər bir azərbaycanlının baxması vacibdir. Əsas odur ki, filmdən sonra təəssürat qalır.
   
   Bütün bu təəssüratlara görə rejissor Elxan Cəfərovu təbrik edirəm!


YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2017-11-23
2017-11-22


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK