ANA SƏHİFƏ / YAZARLAR

"İrəvana getmək istəyirdim..."

"Dolu" filmində Levon obrazını yaradan Əjdər Zeynalov elə premyeradaca söyülüb

19286    |   2012-08-11 08:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İrəvan Dövlət Azərbaycan Dram Teatrındakı fəaliyyətini uzun illərdən bəri yaxından izlədiyim aktyor Əjdər Zeynalov yeni bir filmə dəvət aldığını deyəndə təəccüblənmədim. Bu günlərdə ictimaiyyətə təqdim olunan və böyük maraqla qarşılanan "Dolu" bədii filmindəki erməni Levon rolundan sonra istedadına güvəndiyim dostumun kinorejissorların diqqətini cəlb edəcəyinə inanırdım.
   
   Kinodakı son işləri Əjdərlə növbəti müsahibə hazırlamağa yaxşı bəhanə oldu. Aktyorla söhbətə İrəvan Dövlət Azərbaycan Dram Teatrındakı yaradıcılıq işlərindən başladıq.
   
   
   
   - Teatrın aparıcı aktyorlarından sayılırsan. Kollektiv Bakıda məskunlaşmağa məcbur olduğu gündən bu vaxta qədər müxtəlif rollar oynamısan. Rol dəftərlərini saxlayırsan?
   
   - Təəssüf ki, bu məsələdə o qədər də səliqəli deyiləm. Düzdü, son illərdə oynadığım rolların dəftərləri qalıb, amma teatrda təzə gələndə yazdığım dəftərləri saxlamamışam.
   
   - Bu sualı təsadüfən vermədim. Bilmək istəyirdim ki, görüm ən qalın rol dəftərin hansıdı...
   
   - Özün yaxşı bildiyin məsələni məndən niyə soruşursan? Yadındadı, 1995, ya da 96-cı il idi, teatrda oynadığım Abbasqulu bəy Şadlinski obrazı haqqında böyük bir yazı yazmışdın. Mətbuatda barəmdə dərc olunan ilk yazı idi. Rol dəftərlərimi saxlamasam da haqqımda yazdığın məqalənin dərc olunduğu həmin qəzeti saxlamışam. Həmin rolun sözlərini yazmaq üçün 24 səhifəlik dəftəri doldurmuşdum.
   
   Bu yaxınlarda daha bir qalın dəftəri doldurmalı oldum. Yazıçı-dramaturq Hidayətin "Burdan min atlı keçdi" pyesinə teatrımızın baş rejissoru Oruc Qurbanov quruluş verib. Mən həmin tamaşada Katib rolunu oynayıram. Əsas obrazlardan biridi, demək olar ki, bütün tamaşa boyu səhnədə oluram.
   
   - Belə ciddi obrazlar yaradan Əjdəri tamaşaçılar arada komik rollarda da görürlər. Jan Batist Molyerin "Zorən təbib" komediyası əsasında teatrınızda tamaşaya qoyulan "Məcburən doktor"da Luka rolu sənin ifanda baxımlı alınmışdı...
   
   - Şəxsən mən buna qeyri-adi məsələ kimi baxmıram. Aktyor səhnədə və ya kinoda həm dramatik, həm də komik rolları oynamağı bacarmalıdı. Bu, aktyorun hər tərəfli inkişafına yardım edən amillərdən biridi. Ona görə də bu məsələdə heç bir kompleksim yoxdu, rejissorların verdiyi istənilən rolu oynamağa hazıram. Təki çalışmaq üçün yaxşı şərait, yaradıcılıq mühiti olsun. Bir də ki, heç vaxt "xaltura" edə bilmirəm. Ən epizodik rola da ciddi yanaşıram. Elə olub ki. tədbirlərdə Dədə Qorqud da oynamışam, Şaxta Baba da. Amma mənə tapşırılan işə heç vaxt başdansovdu yanaşmamışam.
   
   - Rahat iş şəraiti deyəndə nəyə işarə vurduğunu bilirəm. İrəvan Dövlət Azərbaycan Dram Teatrı Ermənistanı tərk etməyə məcbur olandan sonra Bakıda müxtəlif ünvanlarda məskunlaşıb, çox çətinliklərlə üzləşib. Yaradıcı adam üçün belə şəraitdə çalışmaq heç də asan deyil. Belə vəziyyətdə insan daha rahat iş şəraitinə malik kollektivlərdən gələn təklifləri dəyərləndirməli olur...
   
   - Yaxşı bilirsən ki, mən də zaman-zaman belə təkliflər almışam. Amma heç vaxt İrəvan Dövlət Azərbaycan Dram Teatrını tərk etmək barədə düşünməmişəm. Çünki elə mənəvi bağlılıqlar var ki, onlardan imtina etmək mümkün deyil. Mən bu kollektivin yetirməsiyəm, İstedadlı yazıçımız, gözəl ziyalımız Hidayət müəllim hələ teatrın direktoru vəzifəsində çalışanda mən də daxil olmaqla 6 gənci ali təhsil almaq üçün İrəvandan Bakıya göndərdi. Nəsir Sadıqzadə, Böyükağa Kazımov kimi görkəmli pedaqoqlardan dərs aldım. O zamankı İncəsənət İnstitutunu bitirib doğma kollektivə qayıtmaq üçün İrəvana getmək istəyirdim. Lakin 1988-ci ildə baş verən məlum hadisələr bu arzumu ürəyimdə qoydu. Təyinat məsələsi ortaya çıxanda Ermənistanda yaşayan azərbaycanlılar artıq Ermənistandan çıxarılmağa başlamışdı. Ona görə də təyinatımı vermədilər. Mədəniyyət naziri Zakir Bağırovun qəbuluna getdim. Rəhmətlik çox gözəl insan idi. Mənə dedi ki, oğlum, bu vəziyyətdə təyinatını verib səni Ermənistana göndərə bilmərəm, mümkünsə bir az gözlə. Görək bu işlərin axırı necə olur. Zakir müəllim nazir kimi təbii ki, məlumatlı idi, proseslərin necə bitəcəyini bilirdi. Mən isə gənc və təcrübəsiz olduğumdan baş verənlərdən xəbərsiz idim. Anlamırdım ki, nazir niyə İrəvana qayıtmaqdansa bir az gözləməyi məsləhət görür.
   
   - Həyat elə gətirdi ki, sən İrəvana qayıda bilmədin. Amma İrəvandakı teatr Bakıya köçməli oldu...
   
   - Teatr Bakıya köçməyə məcbur olandan sonra direktor, istedadlı aktyor Vidadi Əliyev məni işə dəvət etdi. Çox ağır günlər keçirdik, dözülməz şəraitdə çalışan kollektivin fədakarlığı sayəsində teatr fəaliyyətini davam etdirdi. Bayaq qeyd etdiyim mənəvi bağlılıqlar üzündən truppadan ayrılmaq, daha rahat şəraiti olan teatrlara getmək istəmədim.
   
   - Hər halda bir ara səsin-sorağın Rusiyadan gəldi...
   
   - Rusiyaya məcburiyyətdən getdim. Yaşıdlarım kimi ailə qurmaq, ev-eşik sahibi olmaq istəyirdim. Amma teatrdakı maaşla bunları həll etmək mümkün deyildi. Bilirsən ki, bir müddət Moskvada işləyib necə deyərlər, özümə gün ağladım. Bir ara Bakıya qayıdıb ev aldım, ailə qurdum. Sonra yenə Moskvaya döndüm. 2007-ci ildən isə həmişəlik Azərbaycana gəldim və təbii ki, doğma kollektivdə işimi davam etdirdim.
   
   - Sən dəyişib gəldin, bəs teatrda necə, dəyişiklik var idi?
   
   - İftixar Piriyev teatra direktor təyin olunmuşdu. Sağ olsun, İftixar müəllim məni mehriban qarşıladı, yaradıcılıq prosesinə qoşulmağım üçün hər cür şərait yaratdı. Bu gün teatrın repertuarındakı əsərlərin demək olar ki, hamısında məşğulam. Direktor İftixar Piriyev, baş rejissor Oruc Qurbanov kollektivdə yaxşı yaradıcılıq mühiti yaradıblar. Maraqlı tamaşalar hazırlayır, uğurlu qastrol səfərlərinə gedirik. Artıq bir neçə ildir ki, teatrımıza Rəsulzadə qəsəbəsində böyük bir bina veriblər. Yəqin ki, binanın təmiri və iş şəraitinin daha da yaxşılaşdırılması üçün müəyyən işlər görüləcək. Çünki həm Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, həm də teatrın direktoru bunun üçün çox səy göstərirlər.
   
   - "Dolu" filmindəki Levon obrazı ilə aktyor istedadını bir daha ortaya qoydun. Filmin uğurla keçən premyerasından sonra görkəmli sənət adamlarının təbriklərindən, ünvanına səslənən xoş sözlərdən belə aydınlaşdı ki, rolun öhdəsindən gələ bilmisən...
   
   - Aktyor sənəti elədir ki, hamı müsbət qəhrəmanları oynamaq, teatrda, kinoda belə obrazlarla tanınmaq istəyir. Çünki mənfi qəhrəmanı yaratmağın öz çətinlikləri var. Erməni roluna gəlincə... Son 20 ildə siyasi proseslər elə cərəyan etdi ki, bu məsələyə baxış bir qədər də sərtləşdi. İndi tamaşaçı səhnədə və ekranda erməni obrazı görən kimi söyməyə başlayır. "Dolu"nun quruluşçu rejissoru Elxan Cəfərovun təklifini qəbul edəndə bütün bunları nəzərə almışdım. Elə ilk söhbətdəcə Elxan bəyin Levonla bağlı fikirləri ürəyimdən oldu. Anladım ki, istedadlı rejissor qəddar ermənini karikatura kimi göstərmək istəmir. Levon da insandı, amma qəddar, azərbaycanlılara qarşı amansız olan bir ermənidir. O, müharibədə heç kimə, hətta öz əsgərinə də rəhm etmir.
   
   Mən də rejissorun bu yanaşmasından çıxış etməyə çalışdım.
   
   - Və alqışla yanaşı tamaşaçı söyüşü də qazandın...
   
   - Premyera zamanı mən də "Nizami" Kino Mərkəzində idim. Filmdə belə bir kadr var. Levon azərbaycanlı uşaqlara rəhm etmək barədə düşünən əsgərini yerindəcə güllələyir. Həmin epizodda məndən arxada oturan tamaşaçının necə söyüş söydüyünü eşitdim. Dərhal quruluşçu rejissora dedim ki, Elxan bəy, başladı, Allah sonrasından saxlasın.
   
   Səmimi deyirəm ki, "Dolu" son illər Azərbaycan kinosunun ən uğurlu işlərindən biridi. Levon roluna başqa bir həmkarım da çəkilsəydi və oyunu uğurlu olsaydı gedib onu təbrik edərdim.
   
   - Deyəsən "Dolu"nun ayağı düşərli olub. Son günlər nə zaman zəng edirəm, kinostudiyada olduğunu deyirsən. Xeyir ola, təzə təkliflər var?
   
   - Görkəmli rejissor Ramiz Fətəliyev məni Ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən filmə dəvət edib. Filmdə mən NKVD zabiti roluna çəkilirəm. Heydər Əliyevin həmin zabitlə görüşü epizodunu artıq çəkmişik. Ümummilli liderin obrazını həmin hissədə Rusiyadan dəvət olunan aktyor Aleksandr Nikitin oynayır.
   
   


YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-16
2018-01-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Maarif Soltanın İsmayıllıdakı kənddəki evinə bir sarsaq pişik dadanıbmış, şairi yığıbmış boğaza. Aparıb pişiyi meşədə azdırır, gəlir görür ki, pişik evdədi. Aparıb bir az uzaqda azdırır, gəlir görür ki, yenə ondan qabaq gəlib, evdədi. Aparıb "Qız qalası" tərəfdə meşədə azdırır, yenə qayıdıb görür ki, ondan qabaq gəlib.
Axırda hirslənib aparır Babadağının ən ucqar bir yerində azdırır. Bir neçə saatdan sonra xanımına zəng edir:
- Pişik gəlib çıxıb?
- Hə.
- Ver telefonu pişik oğlu pişiyə.
- Neynirsən?
- Neçə saatdı azmışam, qoy yolu soruşum.




digər lətifələr
ARXİV
FACEBOOK