TOY...

FAİQ QİSMƏTOĞLU
29859 | 2012-06-15 07:57
Milli adət-ənənəmiz və milli dəyərlərimizlə bağlı müxtəlif səviyyələrdə müzakirələr olub, söhbətlər gedib və yenə heç nə dəyşməyib. Az qala ölkənin böyük əksəriyyəti bu məsələni uzun müddət çözmək istəyiblər, aydınlaşdırmağa çalışıblar, ancaq bir şey hasil olmayıb. Toylarımız və yaslarımızla bağlı uzun zaman müxtəlif dairələrdə söhbətlər getdi, hətta bu məsələ əksər qəzetlərin manşetinə də çıxarıldı. Məsələ o qədər böyüdü ki, Milli Məclisə qədər gedib çıxdı. Dedilər ki, toylarımızda və yaslarımızda hər şey çərçivədən çıxıb. Daha doğrusu, toyla yas arasında süfrə zənginlyi baxımından heç bir fərq qalmayıb. Bəzi baməzə adamlarsa bir fikri xüsusilə vurğulayırlar ki, yasda bircə araq çatışmır...
   
   Milli Məclisdə də bu məsələlər söz-söhbət mövzusu oldu. Yas və toy mərasimləri ilə bağlı qanun qəbul edilməsini də gündəmə gətirdilər. Sonradan bu fikirdən vaz keçdilər. Bir çox tanınmışlar və eləcə də millət vəkilləri belə fikir səsləndirdilər ki, milli adət-ənənələri heç vaxt qanunla tənzimləmək mümkün deyil. Amma Naxçıvanda yas məclisləri zor gücünə olsa da, dədə-baba qaydasında verilməyə başlandı. Başqa sözlə demiş olsaq yas məclislərində çay, limon, bir də qənd gözə dəydi. Bütün bunları kimlərsə elədi. Qanunla yox, ayrı-ayrı adamların öz istəkləri ilə. Yaxşı da elədilər. Kim bu addımı atdısa, Allah ölənlərinə rəhmət eləsin. Həqiqətən də toy və yas mərasimlərini heç vaxt qəbul edilən qanunla idarə eləmək mümkün deyil. Hər şey insanların tutduğu yoldan və iradəsindən asılıdı.
   
   Bizim kənddə imkanlı qohumlarımızdan birinin atası rəhmətə getmişdi. O da dedi ki, mən də atamın ehsanını sadə bir formada verəcəm: yəni bir cür xörək stol üstünə qoyulacaq. Stolun üstünə bir cür xörək qoyuldu və rəhmətliyin 40-na qədər bu qayda-qanun pozulmadı. Bu qayda-qanun o vaxt pozuldu ki, kənddə kasıb bir adamın anası rəhmətə getdi, o da yorğanına görə ayağını uzatmayıb iki cür yemək verdi. Düzdür, onun qapısında mal-qoyunu vardı. Bəzi şeylərə pul vermirdi, amma bu kasıb adam caamatın qoyduğu şərti pozdu və özü bildiyi kimi addım atdı. Elə o vaxtdan da bizim kənddə yas mərasimləri çərçivədən çıxıb. Bu mərasimlərdə kimi iki cür, kimi də üç növdə yemək verir. Sözümüzün canı odur ki, adət-ənənlərimizin qorunması hamısı özümüzdən asılıdır. Bunu nə qanunlar tənzimləyən deyil, nə də zor gücünə nəyisə tətbiq etmək. Hər şeyi insanların iradəsi və bir də milli dəyərlərə bağlılığı tənzimləyir.İnsan istəsə milli adət-ənənlərə də sadiq qalar və kökə də bağlı olar. Amma gərək bunu hansısa adam istəsin və bu addımı atsın.
   
   Toylarımız da çox yaman günə qoyulub. Toya gedirsən orda istirahət etmək, dincəlmək əvəzinə yorulub evə qayıdırsan, sanki adam ağır bir yük daşıyırmış. Amma toyu da toy kimi eləyən və milli dəyərlərə söykənən ziyalılar da var. Adət-ənənələr ilk növbədə özümüzdən başlanır. Biz özümüz hansısa bir nümunə göstərməliyik ki, başqalarına da yol göstərək. Bu yaxınlarda iştirak elədiyim toy məclisi demək olar ki, tamamilə başqa bir ovqat, başqa bir aura yaradırdı. O dəqiqə hiss olunurdu ki, toy sahibi milli dəyərlərə, adət-ənənlərimizə bağlı insandır. Həmin toyun dəvətnaməsi mənə göndəriləndə sevindim. Ümumiyyətlə, insanlar bir şeyi fikirləşməlidirlər ki, dəvətnaməni verdikləri adam onu alanda sevinəcək, yoxsa qanı qaralacaq. Əgər bir toy dəvətnaməsi kiminsə qanını qaraldacaqsa, onu verməsən yaxşıdı. Bu dəvətnaməni də mən alanda sözün həqiqi mənasında fərəhləndim. Fikirləşdim ki, bu toy heç də əvvəlki toylar kimi haylı-küylü, təm-təraqlı, tamadanın bayağı söhbətləri ilə əsəblərimi korlamayacaq.
   
   Tanınmış ədəbiyyatşünas, folklorşünas və Elmlər Akademiyasının Nizami adına İnstitutunun direktor müavini, professor Məhərrəm Qasımlının toy məclisinə dostum Məhəmmədəli Mustafa ilə yarım saat qabaq getmişdim. Foyedə bir neçə alim, ziyalı ilə görüşdüm. Sanki onlar da bu toya başqa bir ovqatla, başqa bir ruhla gəlmişdilər. Ən azından gəldikləri toy ziyalı toyudu, alim toyudu və işıqlı insanların toyudu. Toy başlayanda hər şey orijinal oldu: tamadasız, filansız və qulağımızı deşən, çoxlarımızı boğaza yığan "Qudalar" mahnısı səslənmədi. Nə yaxşı səslənmədi. Bu əttökən, cansıxıcı mahnını dinləməkdən çoxları bezib. Elə mən də bezmişəm. Adam nə qədər belə mahnını eşidər və dilxor olar. Ümumiyyətlə, toyda düşük, bayağı və ara mahnılarının heç biri səslənmədi. Fikirləşirdim ki, indicə müğənni mikrafonu əlinə götürüb "Can-cana"nı oxuyacaq. Ancaq toyda nə "Can-cana", nə də digər bayağı mahnılar səsləndi. Heç toyda çoxlarının xoşladığı digər ara mahnılar da oxunmadı. Çünki toyda iştirak edən müğənnilər, xanəndələr çox sanballı, çox ağayanə, çox da istedadlı sənətkarlar idi. İlkin Əhmədov gözəl muğamlar, mahnılar və təsniflər səsləndirdi. Bu gözəl muğamı, təsnifi, mahnını qoyub, düşük musiqini kim idi sifariş verən?
   
   Aşıq Əhlimanın əlində mikrafon meydana girməsi, aşıq, bəstəkar və xalq mahnılarını özünəməxsus üslubda ifa eləməsi məclisi daha da işıqlandırdı. Onsuz da Aşıq Əhlimanın gözəl söhbətlərindən, şirin səsindən və qızıl barmaqlarından doymaq olmur. Bu dəfə də aşıq öz ən-ənəsinə sadiq qaldı. Aşıqların toyda bir-birini əvəz etməsi sanki gözəl bir futbol oynuna bənzəyirdi. Bir aşıq estafeti digərinə ötürür, başqa bir aşıq qara sazı sinəsinə basıb "Yanıq Kərəm"i səsləndirirdi. Şınıx təranələrini isə o qədər gözəl və o qədər məlahətlə səsləndirirdilər ki, çoxları qol qaldırıb oynayırdı. Hətta yaşlı adamlar, ağsaqqallar belə qara sazın gözəl avazına qol qaldırıb oynamaqdan çəkinmirdi. Ona görə çəkinmirdi ki, çoxdandır insanlar bu cür ziyalı, bu cür sadə və bu cür orijinal toyda iştirak eləmirdilər.
   
   Başqa toylarda söz demək üstündə dava düşür. Birinə söz verirsən, o biri inciyir ki, niyə məni toy sahibi saymadı. Sanki toy bir iclasa, bir yığıncağa bənzəyir. Hərə mikrafonu götürüb ağzına gələni danışır. O, danışır, bir kimsə ona qulaq asmaq istəmir. Əgər bir kimsə sənə qulaq asmaq istəmirsə, ay zalım oğlu, niyə özünü yorub əldən salırsan və toydakıların qarşısında pis vəziyyətə düşürsən. Onsuz da indiki toylarda ağız deyəni qulaq eşitmir. Amma Məhərrəm müəllimin qızının toyunda ağız deyəni, qulaq eşidirdi və hamı da bir-birini diqqətlə dinləyirdi. Toyda cəmi bir adam - professor Qəzənfər Paşayev ağsaqqal sözü dedi. Bu sözdən sonra bir kimsə əlinə mikrafon götürüb söz demək istəmədi. Daha doğrusu, professor Qəzənfər Paşayevin xeyir-duasından sonra danışmaq lüzumsuz bir şeydi. Hansı ki, həmin məclisdə onlarla elmlər doktoru, professor, ziyalılar var idi. Onların hər biri çox gözəl danışa və yadda qala bilərdilər. Ancaq bu addımı heç bir ziyalı, heç bir alim atmadı. Ən azından ona görə atmadı ki, onlar bu gözəl toyun aurasını, işığını və nurunu pozmaq istəmədilər. Onlar görürdülər ki, bu toy heç də hər gün olan toylardan deyil. Bu toy çox orijinal, çox yadda qalan və çox da istirahət ediləsi toy idi.
   
   Maraqlı idi ki, əksər toylarda musiqinin yüksək tonda səslənməsindən şadlıq sarayında oturmaq mümkün deyil. Yəni səs adamın qulağını deşir. Səsdən canını qutarmaq üçün insanların çoxu foyeyə axışır. Çünki şadlıq sarayının içində ağız deyəni qulaq eşitmir, bir tərəfdən də musiqinin gurultusu adamın beynini dağıdır. Bu toyda isə hər şey incəliyinə qədər hesablanmışdı. Yəni salonda akustika olmaqla yanaşı, səsin ötürülmə tempi də normallaşdırılmışdı. Ona görə məclisdə əyləşənlər foyeyə qaçmır, rahatlıqla əyləşib aşıq, xalq və bəstəkar mahnılarına qulaq asırdılar.
   
   Üç-dörd ziyalının arasında isə foyedə şirin söhbət gedirdi. Deyirdilər ki, Məhərrəm müəllimə hər şey halaldı. Bu əməliylə göstərir ki, milli adət-ənənələrimizə, milli musiqimizə və soy kökümüzə bağlı bir ziyalıdır. Onun damarlarından muğamın, aşıq musiqisinin, bəstəkar mahnılarının elementləri axır. Ancaq xalq musiqisinə ürəkdən bağlı olan adam bu cür məclis qura bilər...
   
   Akademiyanın müxbir üzvü, Nizami Cəfərov, professor Nizaməddin Şəmsizadə... dostları ilə söhbət eləyirlər. Sanki bu toy məclisi həm də coxdandır bir-birini görməyən ziyalıların, alimlərin görüş yeri idi. Çöhrələrdə sevinc, ürəklərdə sevgi hiss olunurdu. Hiss olunurdu ki, ziyalı toyunun aurasında hamı özünü çox rahat, çox sakit və çox da normal hiss eləyir...
   
   ... Son on ildə ilk dəfə idi ki, toy məclisində axıra qədər olurdum. Adətən o biri toylarda musiqi qulağımı deşdiyinə görə, saat 9-un yarısında toydan çıxırdım. Bu dəfə isə bir ziyalı toyunda musiqiyə qulaq asmaqdan, işıqlı insanlarla söhbət eləməkdən və onlarla bu xöşbəxt anları yaşamaqan yorulmuram. Ən azından ona görə ki, bu toyda içimə və ürəyimə işıq, nur hopur. Və evə qayıdanda özümü çox rahat, çox da sakit hiss eləyirəm. Çünki bir ziyalı toyundan qayıtmışam...

TƏQVİM / ARXİV