ONDAN HAMIYA

ƏBÜLFƏT MƏDƏTOĞLU
75959 | 2012-06-15 07:56
Yolum "Təhsil" nəşriyyatına düşmüşdü. Fürsətdən istifadə edib nəşriyyatın yeni məhsulları ilə tanış oldum. Diqqətimi "Hamı" çəkdi. Doğrudu, "Hamı" barəsində mətbuatdan oxumuşdum. Onun imza törənindən də xəbərim var idi. Bilirdim ki, Vaqif Bəhmənlinin oxucuları bu tədbirdə kifayət qədər böyük coşqu ilə iştirak ediblər. Təəssüf ki, mən o imza törəninə qatıla bilmədim. Ancaq bir az obrazlı desək, böyük Səməd Vurğun demişkən, onda da, elə indi də düşünürəm ki, könüldən könülə yollar görünür. Hökm deyil ki, o yolu addımlayasan, qismən o yolda hərəkətdə olasan. Ürək yaxınlığı yəqin ki, yolları qısalda bilir. Qismət, bəxt deyilən bir şey də var, mən onlara çox inanıram...
   
   Yazımın əvvəlində bir məqamı xüsusi qeyd etmək istəyirəm. Həyatımda özəl yeri olan xeyli insanlar var. Daha doğrusu, olub və olmaqdadı. Dünyasını dəyişənlərə özümü həmişə borclu saymışam. Çünki onlar əlimdən tutub, onlar məni istiqamətləndirib. Yəni rəhmətlik Əlisəfa Məmmədov, Nəriman Zeynalov, Əlfi Qasımov, Nüsrət Kəsəmənli, Nadir Cabbarov, eləcə də Vaqif Nəsib, Çingiz Əlioğlu, Seyran Səxavət və Vaqif Bəhmənli. Sonuncu dəfə neçə illər bundan öncə mənim işıq üzü görmüş "Nişanə" kitabıma bir ön söz yazmışdı və adı da belə idi "Namuslu sözün nişanəsi".
   
   Bunları elə-belə xatırlatmıram. İstəyirəm ki, oxucu məni düzgün anlasın və bilsin ki, Azərbaycan cəmiyyətində bir çox hallarda adamlar bəzən nəyisə umacaqla, qarşılığını gözləməklə edirlər. Bax, mən də indi barəsində yazdığım "Hamı"nın müəllifinə borcumu qaytarmıram. İstəsəm də onu qaytara bilməyəcəm. Sadəcə, hamıdan biri də mən olduğum üçün "Hamı"ya münasibət bildirmək istəyirəm. İstəyirəm bir oxucu kimi "Hamı"nı necə duyuram, necə görürəm, necə "Hamı"nın içində rahatlıq tapıram və ən nəhayət "Hamı"dan nəyi öyrənirəm onu hamının diqqətinə çatdıram, o cümlədən Vaqif Bəhmənlinin.
   
   Çox nəfis şəkildə çap olunmuş "Hamı" təkcə bir kitab olaraq yüksək nəşriyyat, poliqrafiya işidi. Hətta "Hamı"nın kitaba qarşı ən laqeyd adam da görsə onun diqqətini çəkə bilər. Üstəlik, evinə bəzək axtaran, kitab rəfini sevindirmək istəyən, amma kitab oxumaqla o qədər də arası olmayan insan da tərəddüd etmədən "Hamı"nı alıb evinin bəzəyini artıra bilər. Bütün bu fikirləri kitabın nəşriyyat, poliqrafiya işinin gözəlliyində doğulub yaranır. Birmənalı olaraq deyə bilərəm ki, "Hamı"nı görən istənilən naşir milliyyətindən asılı olmayaraq, onu gözüyumulu, yüksək qiymətləndirə bilər. Gələk "Hamı"nın özünə. Naşiri Bəhruz Axundov, redaktoru Rəhilə Gülgün olan "Hamı" maraqlı bir maraqlı açılışla başlayır. Bu açılış hamıya şeir oxuyan Vaqif Bəhmənlinin özüdü.
   
   
   
   İtki ağırsa da heç batma yasa-
   
   Axı nə faydası, Tanrını çağır?
   
   Əgər haray çatan bir quyu varsa,
   
   O quyu içindi, içinə bağır!
   
   
   
   Kitabın anatasiyasından və mündəricatından görünür ki, artıq biz şairin qısaca tərcümeyi - halı ilə tanış olmağa başlayırıq. Və bu tanışlıq oxucunu - O, Mən, Sən, Biz, Siz, Onlar, Hamı, Söz, Nöqtə - ilə görüşdürür.
   
   Bunlar Vaqif Bəhmənlinin "Hamı" kitabındakı fəsillərin adıdı. Belə götürəndə həm də Azərbaycan dil qrammatikasının şəxsləridi, əvəzlikləridi. Biz də bütünlüklə bu şəxslərin təqdimatçısı, onların həm toplumu, həm də fərdləriyik. Və mən fərdlərdən biri kimi ilk təmasımı "O"na ünvanlayıram. Çünki O, əslində elə mənəm.
   
   
   
   Göy üzü nədir ki?-
   
   tərsinə quyu...
   
   anrıdı, anrıdı, anrıdan anrı.
   
   Kimdi o quyuda qurudan suyu?-
   
   Tanrıdı, Tanrıdı, Tanrıdan Tanrı!
   
   
   
   Bəli, "Quyu" şeiri "O"nun artıq bir varlıq, bir əlçatmazlıq, bir qüdrət sahibi kimi oxucunun gözü önündə canlandırır, oxucunu onun ayağına gətirir, onun kəramətini, onun mərhəmətini, onun uzaqdan-uzaq, yaxından-yaxın olduğunu pıçıldayır və son qərarı verir. Tanrını çağırsam da, sənin için də bir quyudu. O quyuya ünvanladığın səs kimsəyə çatmayacaq. Burda nə yalvarış keçir, nə də irəli atılmaq, hansısa bir cıdırı tapdalamaq, fərq etmir. Çünki möcüzə baş verməsi üçün onun qüdrətinə ehtiyac var. Yalnız "O" möcüzə yarada bilər.
   
   Mən "O"nun dərinliyində çaşıb qalmamaq üçün "Mən"ə qayıdıram. Yəni mən "Mən"lə həmsöhbət oluram. Görürəm ki:
   
   
   
   İl-müdam tufanlar qopub qanımda
   
   Necə dinc dayanım hərəkət ki, var?
   
   Saçımdan tökülən tükün sanında
   
   Qafamda çatlayan hər həkət ki, var-
   
   desəm...
   
   gülərsiniz, inanmazsınız.
   
   
   
   Əslində bütün deyilənlərə gülmək mümkündür. Çünki biz həmişə hər şeyə gülürük. Bəzən doğrudan da gülməli olduğu üçün gülürük, bəzən anlamadığımızdan gülürük, bəzən əsəbimizdən, bəzən də eləcə hamıya qoşulub gülürük. Çünki hamı gülür axı. Bax, bu yerdə "Mən" hamıdan fərqlənirəm. Ona görə ki, mən cinli adamam və mənim cinli adam olduğumu sübut etmək üçün dağa-daşa düşməyə ehtiyac yoxdur. Hərəkətlərimə, yazı-pozuma fikir vermək yəqin ki, ipucu olar.
   
   
   
   Dərvişəm, içim də, çölüm də qürbət,
   
   Yaşamaq da qürbət, ölüm də qürbət
   
   Yaxşı kişi olub İsa, Məhəmməd...
   
   Amma mən aşiqəm, ayrı dinim var.
   
   
   
   Doğrudan da aşiqlərin bir ümumi dini var - Məcnun dini. Elə o dinlə anlaşırlar, o dinlə də tanıyırlar, dəyərləndirirlər bir-birlərini. Bu yerdə mən Məcnun qarşısına çıxan "Sən"i axtarıram, "Sən"i gəzirəm və "Sən" pıçıldayırsan.
   
   
   
   bəlkə nahaqdan
   
   bizə elə gəlir ki,
   
   yaxınıq, sevgilim.
   
   
   
   Və yaxud:
   
   
   
   mən
   
   sənin ucalığına
   
   qalxa
   
   sən
   
   mənim alçaqlığıma
   
   enə bilmirsən
   
   yaxşı ki, belədi-
   
   yoxsa
   
   hər şey bitərdi.
   
   
   
   "Mən"lə "Sən"in bu qarşılaşması artıq bədii, poetik məcradan çıxır, qayıdıb gəlir içimizə. Evimizə, ailəmizə daxil olur və belə bir məqamda artıq Vaqif Bəhmənli "Mən" və "Sən"i ailəsinin üzvünə çevirir. Özü və Rəhilə xanım üz-üzə dayanır və deyir:
   
   
   
   Rəhilə, qəm yemə,
   
   Rəhilə, demə:
   
   "Bu qədər çalışırıq
   
   qazancımız
   
   ayın başına çatmır!.."
   
   it zülmü çəkir, Rəhilə
   
   milyon qazanan.
   
   Hər gün neçə min
   
   ziyana gedir
   
   neçə min də yetmir.
   
   
   
   Doğrudan da milyonu qazanmaq it zülmü olsa da, onu saxlamaq itdən də betərin zülmüdü. Ən böyük xoşbəxtlik odur ki, Vaqif Bəhmənli demişkən,
   
   
   
   Allaha şükr et, Rəhilə
   
   nə küs, nə ağla
   
   keç mətbəxə
   
   pultu tap
   
   əyləş divanda
   
   mənə də
   
   yanında yer saxla.
   
   
   
   Həyatın ən böyük xoşbəxtliyi də elə budur. Hər şeyi, hər kəsi unudub yanında oturduğunla və oturduğunun yanındakı sənin anlaşmandı. Onda milyonlar da gözə görünmür, minlər də. Bircə öz dinin, Sən və O!.. Kifayət etməzmi, sevə-sevə yaşamaq üçün. Məncə bunun qərarını "Biz" verə bilərik. Bizim "O", "Sən və "Mən"ə hər halda məsləhət vermək ixtiyarımız var. Çünki biz soyumuzu, kökümüzü tanıdığım kimi, dünyanı da tanıyırıq...insanlardan da xəbərdarıq və kimin kim olduğunu yaşımıza, başımıza, təcrübəmizə görə daha yaxşı bilirik. Ona görə də:
   
   
   
   Deyirəm, əcəbdi dünyanın işi
   
   Qırx ildi saxlayıb məni bəd tində!
   
   Anama mən boyda dərd verən kişi
   
   Nədən qəhr olmayıb ana bətnində.
   
   
   
   Bax, bunu biz hamıya deyə bilərik. Hamı da bizim içimizdə hansı sualların olduğunu anlayışla qarşılayar. Çünki biz "Siz"i sınaya-sınaya, öyrənə-öyrənə, həm də sınanıb öyrənmişik, kamilləşmişik. Və görüb öyrəndiklərimizdən çıxardığımız məntiqi nəticə budur:
   
   "Allahdan qorxan adam ən qorxmaz adamdı". "Tək qalmaq ən azı özünlə qalmaqdı. Deməli, tək qalmaq mümkün deyil". "Gənc şair qardaşım! Öyrən, hər şeyi öyrən. Bəzən əlifba sırasını və yaxud vurma cədvəlini əzbər bilməmək də yazmağa mane olur". "Siz necə yazırsınız yazın, mən ənənələrin yolunda şəhid olacağam. Ədəbiyyat qurban sevir".
   
   Bax, bunlar "Siz"dən öyrəndiklərimin bəhrəsidi. "O", "Mən", "Sən", "Biz" öyrənib "Siz"ə ərmağan edirik. Xoşunuza gəlsə də, gəlməsə də. Bu, "Onlar"a gedən yolun güllü-çiçəkli bağ-bağçasıdı. "Onlar" gələnlərin kimliyini artıq bilirlər. Elə bildikləri üçün də qapı-pəncərəni tərəddüdsüz açırlar. Gələnlər, yəni "O", "Mən", "Sən", "Biz", "Siz" "Onlar" üçün, həm də "hamıyıq". Hamımız gəlmişik ki, "Onlar"la birlikdə olaq.
   
   
   
   Söz də bir nemətdi, yeyilsin gərək,
   
   Fikrin ağ ununda boz kəpək yoxdu.
   
   Bir var halal çörək, var haram çörək
   
   Vallah, bu dünyada pis çörək yoxdu.
   
   
   
   Və yaxud:
   
   
   
   Dərd - dünyanın yaşıdı;
   
   Balalayır, dişidi.
   
   Qan namərdin işidi,
   
   Nədəndi əl yarası?
   
   
   
   Və yaxud:
   
   
   
   mən ikiüzlü güzgünün
   
   sirrini belə yozdum:
   
   böyük göstərən üzü
   
   düşmənimdi,
   
   kiçik göstərən üzü,
   
   dostum...
   
   
   
   Beləcə, "Onlar"ın yanında biz artıq "Hamı" olduq. Hamılıqla biz artıq bir məramı özümüz üçün həyat örnəyi seçirik. Bu da insan olmaqdı. Çünki hamı olmağı bacaran insan olmağı da bacarmalıdı. Özü də titulu, şöhrəti, ad-sanı, mal-mülkü ilə seçilən insan yox, böyük hərflə yazılan əxlaqı, düşüncəsi, davranışı, yaşamı ilə hamının qəbul etdiyi İnsan!
   
   nə bəy, canım
   
   canım, nə xan-
   
   adam olmalıdı
   
   insan!
   
   
   
   dodağı püstə
   
   gözləri badam-
   
   elə bir adam ki,
   
   dünyanın
   
   sökülən şalvarını
   
   tikib - gözəyir;
   
   başının üstündə
   
   əbədi bir dam!
   
   
   
   Bu insan üçün, bu adam üçün, yəni hamı üçün bir vətən var. Onun uğrunda ölüm, şərəf, onun uğrunda yaşam, şərəf, onu yaşatmaq və ucaltmaq ondan da böyük şərəf.
   
   
   
   vətənəm özümə
   
   özüm, həmvətənəm...
   
   özümdə başlayır,
   
   özümdə bitənəm...
   
   
   
   Ona görə ki, mən həqiqətin, bayrağımın keşikçisiyəm, şeytanla döyüşürəm. Bütün döyüşlərdə qalib gəlmək mənim İnsan kimi ən böyük vəzifəmdi. Çünki bu döyüşlər Vətən üçündü, bayraq üçündü, həqiqət naminədi... bu döyüş Qarabağ naminədi... uğrunda qurban getməyə hazır olduğum torpaq naminədi.
   
   Hamı təkcə yeməklə, içməklə, gəzməklə, işləməklə məşğul deyil. Hamı həm də "Söz"ün içindədi. Ümumiyyətlə, mənə elə gəlir ki, bütün dünya sözün içində yerləşir. Elə ona görə də"Hamı" söz sahibidi və "Hamı"nın yekdil sözü "Nöqtə"yə gəlib çatır. Bax, elə o "Söz" bəlkə də budu.
   
   Əslində, mən balaca bir adamam, amma çox nəhəngdi kölgəm. Çünki kürəyimi işığa söykəmişəm.
   
   Bəli, bax bu "Söz" yerində və zamanında nöqtəsini istədi. Biz də bu nöqtəni elə nöqtə ilə qoyuruq.
   
   
   
   bir nöqtədən başlayıb
   
   o biri nöqtədə bitən
   
   paralel xətləri sevirəm,
   
   bir-birindən
   
   ruhlanaraq
   
   baş alıb
   
   gedirlər birər-birər.
   
   heç vaxt kəsişib düz işi
   
   düyünə salmırlar
   
   paralel xətlər...
   
   
   
   Mən "Hamı" haqqında bəlkə də hamının deyəcəklərinin tək bir sözünü, bir nöqtəsini dedim. Çünki mən hamı olduğum kimi, həm də ayrılıqda fərd kimi mənəm. Mənim Vaqif Bəhmənlinin "Hamı"sında gördüyüm, götürdüyüm çox şeylər var. Mən onların hamısını özümlə öyrənə-öyrənə yol yoldaşlığı edəcəm. Axı biz həm də bir yolun yolçusuyuq...

TƏQVİM / ARXİV