ANA SƏHİFƏ / YAZARLAR

ORDUBADİ HAQQINDA SÖZ

ƏDƏBİ HƏYAT

28562    |   2012-04-28 06:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın tanınmış yazıçısı, ədəbiyyatımızda tarixi roman janrının banisi Məmməd Səid Ordubadi haqqında bu yazını qələmə alarkən bir daha onun həyat və yaradıcılığı, keçdiyi ömür və sənət yolu barədə yazılan monoqrafiya və məqalələrlə tanış oldum. Bizim Milli Kitabxanamızda ədibin əsərlərinin səkkiz cildliyini yenidən nəzərdən keçirdim. Yazıçının anadan olmasının 140 illiyilə əlaqədar yazacağım məqalə üçün bir sıra qeydlər götürdüm. Fikirləşdim ki, böyük yazıçımızın yaradıcılığı barədə sovet dövrü ədəbiyyatşünaslığında olduğu kimi "kommunist yazıçı" təyinindən yaxa qurtarmaq lazımdır. Amma bu deyilənlərdə yüzə yüz həqiqət olduğunu gördüm. Çünki M.S.Ordubadi təkcə yazıçı deyil, həm də sosial-demokrat, inqilabçı və kommunist olmuşdur, özü də ömrünün axırınacan tutduğu mövqedən və kommunist əqidəsindən bir addım da geri çəkilməmişdir, yazdığı əsərlərin bir çoxunda da sadiq qaldığı idealların tərənnümçüsü olmuşdur. Lakin bütün bunlara baxmayaraq,o, Azərbaycan ədəbiyyatının klassiklərindən biridir.
   
   Yazıçıları illər keçəndən sonra təkcə ictimai və siyasi fəaliyyətinə görə deyil, ədəbi mövqeyinə, yazdığı əsərlərdə yaşadığı dövrü və yaxud tarixi həqiqətləri necə əks etdirdiyinə görə qiymətləndirmək lazımdır. Böyük türk şairi Nazim Hikmət də kommunist idi, amma onun əsərləri təkcə siyasi əqidəsininmi ifadəsiydi? Ordubadi haqqında da eyni fikri söyləmək olar.
   
   O, mollanəsrəddinçi şair kimi Sabir və Mirzə Cəlil realist ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri olmuşdur.
   
   O, "Qanlı sənələr" publisistik əsəri ilə ermənilərin əsrin əvvəllərində Azərbaycan türklərinin başına gətirdikləri faciələri ürək yanğısı ilə təsvir etmişdir.
   
   O, ədəbiyyatımızda ilk tarixi romanın təməlini qoymuş və bu təməl üzərində sonralar böyük bir binanın əsası hörülmüşdür.
   
   O, Azərbaycan ədəbiyyatında Cənub mövzusunun ən parlaq nümunələrini ərsəyə gətirmişdir.
   
   O, Azərbaycan mətbuatının qurucularından biridir və keçən əsrin iyirminci illərində bu sahədə mühüm xidmətləri olmuşdur.
   
   Deməli, "kommunist yazıçı" Ordubadiyə istər tarixə qovuşmuş və heç də birmənalı qarşılanmayan sosializm realizmi "epoxası", istərsə də müstəqillik dövrünün prizmasından yanaşılsın, o, yenə möhtəşəmliyini və klassikliyini itirmir. Lakin onu hansı meyarlarla qiymətləndirməyin də öz mənası var.
   
   Bu böyük yazıçının həyatı da, yaradıcılığı da çox zəngindir, eyni zamanda, təzadlı hadisələrlə doludur.
   
   HƏYATI, ƏDƏBİ MÜHİTİ.
   
   Məmməd Səid Ordubadi Naxçıvanda doğulub (1872). Onun atası Hacıağa Fəqir (1838-1885) bütün ömrü boyu kasıb yaşamışdır. O,Təbriz və Şirazın tanınmış alimlərinin yanında dərs almış, Ordubada qayıtdıqdan sonra müəllimlik etmiş, şeir yazmağa da elə o illərdə başlamışdır. Görkəmli tənqidçi M.Arif yazırdı ki: "Ordubadinin atası Hacıağa "Fəqir" təxəllüsü ilə məşhur idi. Bu şair "Fəqir" ləqəbini nahaq yerə seçməmişdi, o, doğrudan da fəqir idi. Onun şeirləri zəmanədən və zülmdən şikayətlə dolu olduğu üçün Ordubad varlılarının xoşuna gəlmirdi". Aşağıdakı şeir parçası Fəqirin "Şikayətnamə" mənzuməsindəndir:
   
   
   
   Əzəl şikayətim mənim ol çərxi-bivəfadəndir,
   
   İkincisi-ikiüz yarü aşinadəndir.
   
   
   
   Verilə varlıya, həm qeyri-müstəhəqqə təam,
   
   Fəqirlər qalır ac, yəni bu səxadəndir?
   
   
   
   Sözündə yoxdu əsər vaizin, deyil amil,
   
   Axundların bu hamı etdiyi həvadəndir.
   
   
   
    Ömrünün son illərində onun gözləri də tutulmuşdu, şeirlərini yaxın dostu Məmmədtağı Sidqiyə diqtə edib yazdırırdı. 1885-ci ildə, 49 yaşında vəfat edən Hacağa Fəqir bununla da oğlu Məmməd Səidi taleyin ixtiyarına buraxır. Atası kimi fəqir və kasıb həyat tərzi keçirən Ordubadi 14 yaşından başlayaraq Ordubad ipək fabrikində fəhləlik edir.Amma o, fəhlə olsa da, təhsilini davam etdirir, Naxçıvan ziyalılarının arasında öz sərbəst düşüncə tərzi ilə seçilir. Təbii ki, ağır zəhmət, gün-güzəran çətinliyi onda zəmanəyə, zülm və istismar dünyasına qarşı dərin bir etiraz oyatmışdı. Atasının şair olmasının ona da təsiri keçmişdi və Məmməd Səidin ədəbi aləmə gəlməsində atasından başqa bir adamın da böyük rolu oldu. Bu, o dövrün tanınmış ziyalılarından biri-"Şərqi -Rus" qəzetinin redaktoru Məhəmməd Ağa Şahtaxtinski idi. Xatırladım ki, böyük Mirzə Cəlilin ədəbiyyata gəlməsində Şahtaxtinskinin təsiri və təşviqi mühüm rol oynamışdır.
   
   Ordubadinin Şura inqilabına qədərki həyatı, yaradıcılığı maarifçi bir yazıçının tədricən bolşevik ideyalarına yiyələnməsinə qədər olan bir dövrdür. Keçən əsrin əvvəllərində o, Cəlil Məmmədquluzadənin "Qeyrət" mətbəəsində iki şeir məcmuəsini çap etdirir ("Qəflət", "Vətən və hürriyyət"). Bu kitabda toplanan şeirlərində Ordubadi maarifçilik mövqeyindən çıxış edir, cəhaləti, nadanlığı, xurafatı tənqid atəşinə tutur, eyni zamanda, üzünü Vətən övladlarına tutaraq onları mübarizəyə səsləyir. Təkcə şeirlərində deyil, əməllərində də o, mübariz idi, tədqiqatçıların yazdığına görə yaşadığı Ordubadda gizli bir cəmiyyət təşkil etmişdi. Siyasi intibahnamələr yaydığına görə Ordubadi qısa müddət ərzində həbs edilir. Ordubadda yaşamağın namümkünlüyünü görən Məmməd Səid Culfaya köçür. Culfa İrana qonşu idi və bu da Ordubadinin ürəyincə olur, o, tez-tez Təbrizə gedir, demək olar ki, Cənubda baş verən inqilabi hərəkatın iştirakçılarından birinə çevrilir.
   
   1920-ci ilə qədər Ordubadi həm ədəbi yaradıcılıqla məşğul olur, həm də inqilabi fəaliyyətini davam etdirir. Ədəbi yaradıcılığı barədə söhbətimizi bir az sonraya saxlayaq, inqilabçı-demokrat Ordubadi isə tez-tez təqib olunurdu. 1913-cü ildə gizli təşkilatda fəaliyyətinə görə onu həbs edirlər (Naxçıvan, Tiflis, Novoçerkask, Saritsın həbsxanalarında yatır), sürgündə də yaradıcılığını davam etdirir. Həbs müddəti başa çatdıqdan sonra Həştərxana gəlir, "Hümmət" qəzetində çalışır. O zaman Nəriman Nərimanov da bu şəhərdə idi və onların dostluğu da elə buradan başlanır, hətta ağır xəstələndiyi zaman Nərimanov onu müalicə edir.
   
   Nəhayət, Ordubadinin də arzuladığı Şura inqilabı baş verir və o, XI Ordunun hissələri ilə birgə Bakıya dönür.
   
   1920-ci ildən ömürünün axırına qədər Ordubadi Bakıda yaşayır, uzun müddət bir sıra qəzet və jurnallarda məsul redaktor, Azərbaycan Radio Verilişləri komitəsində ədəbi-bədii verilişlər üzrə redaktor vəzifələrində çalışır, "Koroğlu", "Nərgiz" və s. operaların librettosunu qələmə alır, elmi, publisistik və əlbəttə, bədii yaradıcılıqla məşğul olur, tarixi romanlarını yazır. Və bu ədəbi, ictimai fəaliyyəti də Sovet höküməti tərəfindən yüksək qiymətləndirilir, üç dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, bir dəfə isə (1938) Ali Sovetin sədri seçilir. Orden və medalları da öz yerində- Lenin, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" və s.
   
   1950-ci il mayın 1-də, 78 yaşında vəfat edir.
   
   ŞAİR ORDUBADİ.
   
   M.S.Ordubadinin ədəbi yaradıcılığa şeirlə başladığını qeyd etdik. O, "Molla Nəsrəddin" məfkurəsinin və ədəbi mövqeyinin qızğın tərəfdarı idi. Söhbət ondan getmir ki, Ordubadi "Molla Nəsrəddin" jurnalında öz ictimai ruhlu satirik şeirlərini çap etdirirdi, Mirzə Cəlillə, Sabirlə, Qəmküsarla, Haqverdiyevlə, Əli Nəzmi ilə, Ömər Faiqlə dost idi. Söhbət ondan gedir ki, Ordubadi mollanəsrəddinçilərin platformasını ürəkdən müdafiə edirdi. Xalqı maarifləndirmək, onun gözünü açmaq, nadanlığa, xurafata, ictimai bərabərsizliyə qarşı mübarizə aparmaq, Azərbaycan dilinin saflığını, təmizliyini qorumaq, millətin sabahını düşünmək, İranda, Türkiyədə, ümumən Şərq dünyasında baş verən hadisələri inqilabi mövqeydən işıqlandırmaqgOrdubadi də öz şeirlərində məhz mollanəsrəddinçilərin bu yolunu davam etdirirdi. Doğrudur, onun "Molla Nəsrəddin"dəki ilk şeirləri öz bədii səviyyəsinə görə Sabirin satiraları ilə müqayisə edilə bilməz. Ancaq o dövrdə bütün mollanəsrəddinçi şairlər Sabirin təsiri altında idilər. Əgər belə demək mümkünsə, Sabir-müəllim, digər mollanəsrəddinçi şairlər şagird idilər və onlar Sabirdən öyrənirdilər.
   
   Ordubadinin şeirləri "Hərdəxəyal" imzası ilə çap olunurdu. Başqa imzaları da vardı: "Felyetonçu", "Tat", "Bəhayi", "Musi", "Məhəmməd Səid". Ədəbiyyatşünas İslam Ağayev yazır ki "1906-cı ildə M.S.Ordubadinin "Molla Nəsrəddin" jurnalında yeddi satirası çap olunub. Ordubadi yaradıcılığında Sabirlə yanaşı, C.Məmmədquluzadənin də təsiri böyük idi. Amma getdikcə Ordubadinin şeirləri büllurlaşır və onun satirik istedadı parlayırdı".
   
   Ordubadinin "Molla Nəsrəddin" jurnalında çap olunan bir çox şeirlərinə diqqət yetirdim və doğrudan da, onun get-gedə bmir satirik şair kimi parladığının şahidi oldum. Təfərrüata varmayıb, onun 1911-ci ildə "Molla Nəsrəddin"də dərc olunmuş ("Hərdəmxəyal" imzası ilə) bir şeirini misal gətirmək istəyirəm:
   
   
   
   Ya Rəbb, sənə min şükr ki, insan yaradıbsan,
   
   İnsanları rəbba, əcəb əlvan yaradıbsan,
   
   Məxluqunu hər qabili-ürfan yaradıbsan,
   
   Heyfa ki, müsəlmanı yalandan yaradıbsan,
   
   Qırxıqbaşı xilqətdə pərişan yaradıbsan.
   
   
   
   İnsan kimi hər millət edir kəsbi-məişət,
   
   Əğyarə tamaşaçı yaranmışla bu millət,
   
   Səhrayi-zəlalətdə çəkən bari-məlalət,
   
   Həqqa ki, bizi quli-biyaban yaradıbsan,
   
   Surətdə bəşər, mənidə heyvan yaradıbsan.
   
   
   
   İLK AZƏRBAYCAN ROMANLARINDAN
   
   BİRİ - "BƏDBƏXT MİLYONÇU"
   
   
   
   Bizim ədəbiyyatşünaslar haqlı olaraq qeyd edirlər ki, roman Azərbaycan ədəbiyyatında ən gənc janrlardandır. Onun yaranması XIX əsrin sonu, XX əsrin əvvəllərinə təsadüf edir. Daha doğrusu, 1887-ci ildə yazıçı-publisist Marağalı Zeynalabdin "İbrahimbəyin səyahətnaməsi" adlı roman yazır. Avtobioqrafik səciyyəli bu əsərlə realist Azərbaycan romanının əsası qoyulur.Bu əsərdən sonra 1930-cu ilə , yəni ilk sovet romanları yaranana qədər iyirmidən artıq roman yazılır və bunların əksəriyyətini indiki meyarlarla roman adlandırmaq mümkün deyilsə də, hər halda, ədəbiyyatımızda bu sahədə bir canlanma hiss edilir. Azərbaycan oxucuları dərk edirlər ki, roman adlı bir canr da varmış (hələ XIX əsrdə M.F.Axundov romanın millətə faydalı bir canr olduğunu qeyd etsə də-V.Y.). Təbii ki, ilk Azərbaycvan romanlarının əksəriyyəti hələ bu janrın tələblərinə cavab vermirdi. O romanların içində xalq dastanlarının süjeti əsasında yaradılan nümunələr də vardı, türk və Avropa romanlarından təbdil olunanları da diqqəti cəlb edirdi, amma bu "kiçik" romanların əhəmiyyəti onda idi ki, oxucular tədricən belə bir janrın varlığına alışırdılar."Bahadır və Sona" (N.Nərimanov), "Şeyda bəy Şirvaninin məktubları" (S.M.Qənizadə), "Məsalikül-məhsinin", "Kitab yüklü eşşək", "Əhmədin kitabı" (Ə.Talıbov), "Əsrimizin qəhrəmanları" (A.Şaiq), "Solğun çiçək" (Əli Səbri), "Can yanğısı" (A.Divanbəyoğlu), "Yusif və Züleyxa" H.Ə.Müznib), "Bir yetimin naləsi" və yaxud qardaş qardaşa etdiyi xəyanət" (B.Cabbarzadə),, "Gözəllərin vəfası", "Xoşbəxtlər", "Neft və milyonlar səltənətində" (İ.Musabəyov), "İki nakam" (N.Bəsir) və s. romanlar keçən əsrin əvvəllərində, bu mənada çox faydalı bir missiyanı yerinə yetirdilər. Bu sırada M.S.Ordubadinin "Bədbəxt milyonçu" romanını da qeyd edirik. Deməli, Ordubadinin bir xidməti də ilk Azərbaycan romanlarından birini qələmə alması idi. O dövrün məşhur tənqidçisi Seyid Hüseyn yazırdı ki: "Romançılıq ədəbiyyat aləmində bir sənətdir... Bizim ədəbiyyatımız sair müsəlman olan millətlər ilə bərabər şeir babində çox irəliləmişdir. Nəsr babində qeyrilərə nisbət geridə qaldığından romançılıq sənəti bizdə bir halətdədir. Halbuki, romanın təhzizi-əxlaq üçün əhəmiyyəti çoxdur. Bu gün fikri söyləmək üçün romandan gözəl bir alət olmaz. Roman vasitəsilə bir millətin həqiqət kimi qəbul etdiyi nöqsanlarını elə tənqid etmək olar ki, oxucu onu şirin oxumaqla, öz nöqsanlarını düşünə bilər".
   
   "Bədbəxt milyonçu" da məhz bu həqiqətin dərkindən yaranmışdı.Öncə qeyd etdik ki, bir yazıçı kimi Ordubadi M.F.Axundov və Z.Marağalıdan sonra ədəbiyyatımızda Cənub mövzusunun ən parlaq nümunələrini yaratmışdır və "Bədbəxt milyonçu" romanının mövzusu da İran həyatından götürülmüşdür. Əsərin süjet xətti çox da mürəkkəb deyil. Fransada təhsil alıb Təbrizə qayıdan Rzaqulu xan böyük arzularla yaşayır. O, Təbrizdən Tehrana dəmir yolu çəkdirmək, mütərəqqi ruhlu qəzet nəşr etdirmək, məktəblər və müalicəxanalar açmaq, xalqın rifah halını yaxşılaşdırmaq istəyir. Onun övladları da atası kimi maarifçidirlər, onlar da Avropa təhsili görmüşlər. Lakin nə Rzaqulu xanı, nə də onun maarifçi övladlarını bir kimsə başa düşmür və bundan sonra bu xoşbəxt ailə nadanlığın, xurafatın qurbanı olur. Faciənin əsas səbəbkarlarından biri də Rzaqulu xanın arvadı Böyükxanım olur. O, zorla təhsilli qızı Münəvvəri gözünü nadanlıq pərdəsi örtmüş, varlı-dövlətli, həm də xeyli yaşlı Qulam xana ərə verdirmək istəyir. Nəticədə Qulam xan Rzaqulu xanın iki oğlunu və onun özünü öldürür. Beləliklə, "zülmət səltənətində parlayan nurlar" tez də sönüb külə dönürlər.
   
   Əlbəttə, bu, Ordubadinin roman sahəsində ilk addımı idi . Onun təsvir etdiyi qəhrəmanlar işıqlı insanlar idi, lakin qətiyyən mübariz deyildilər. Mütərəqqi arzularını həyata keçirmək yolunda elə ilk təzyiqdən və təcavüzdən sarsıldılar, günlərini ah-ufla keçirdilər. Amansız İran despotizmi onların həyatına son qoydu.
   
   TARİXİ ROMANIN İLK NÜMÜNƏLƏRİ-"DUMANLI TƏBRİZ", "GİZLİ BAKI", "DÖYÜŞƏN ŞƏHƏR".
   
   M.S.Ordubadi milli ədəbiyyatımızda tarixi roman canrının banisi sayılır. Onu tarixi roman yazmağa səfərbər edən bir neçə amili açıqlaya bilərik. 1. Ordubadi Azərbaycan və həmçinin Şərq tarixini çox gözəl bilirdi. Ərəb və fars dillərini bilməsi Ordubadinin tarixi mənbələrə çəkib aparırdı. Lakin tarixi bilmək azdır, hətta qədim mənbələrlə tanışlıq da elə bir önəm kəsb eləmir, əsası o idi ki, Ordubadi bu tarixi bədii şəkildə oxuculara çatdırmaq istəyirdi. 2.Ordubadi 1905-ci ildən 1920-ci ilədək həi İranda, həm də Azərbaycanda baş verən bir çox tarixi hadisələrin canlı şahidi və iştirakçısı olmuşdu və bu hadisələri illər keçəndən sonra bədii əsərlərində əks etdirməyi qərara almışdı.Ümumiyyətlə, onun tarixə marağı güclü idi və bir sıra dramlarını da tarixi mövzuda qələmə almışdı.
   
   "Dümanlı Təbriz", "Gizli Bakı", "Döyüşən şəhər" və ömrünün son illərində qələmə aldığı "Qılınc və qələm" romanları da məhz bu zərurətdən yaranmışdı.
   
   Adlarını çəkdiyim bu romanlar uzun illər Azərbaycan oxucularının sevdiyi, dönə-dönə mütaliə etdiyi əsərlər olmuşdur. Və həmin əsərlər haqqında ədibin sağlığında da, ölümündən sonra da xeyli məqalələr qələmə alınmışdır. Təbii ki, sovet dövrü ədəbiyyatşünaslığında "Gizli Bakı" və "Döyüşən şəhər" romanları daha yüksək qiymətlənləndirilmişdir. Çünki bu əsərlərdə ğolşevik partiyasının 1897-1919-cu illərdə Bakıdakı fəaliyyəti əks olunmuşdur. Bu romanlarda vaxtilə qızğın təbliğ edilən bir sıra bolşeviklərin- L.Ketsxovelinin, P.Montinin, S.Şaumyanın və digərlərinin obrazları yaradılmışdır. Əvəzində isə Hacı Zeynalabdin Tağıyev mənfi boyalarla rəsm edilmişdir. Sadəcə olaraq bolşevik ideologiyasının təsiri ilə yazılan "Gizli Bakı" və "Döyüşən şəhər"də o dövrün həqiqi mənzərəsi bir növ, gizli qalmışdır. Tarixi roman tədqiqatçısı professor Yavuz Axundlu çox doğru olaraq qeyd edir ki: "Romanda ("Döyüşən şəhər"də) Bakı komissarlarının fəaliyyəti geniş təsvir olunmamışdır. Bunun bir səbəbi bəlkə də, müəllifin özünün yaradıcılıq sirridir. Çox güman ki, Bakı komissarlarının əsl simasına yaxından bələd olan ədib o zaman onlar haqqında susmağı daha münasib bilmişdir".
   
   "Dumanlı Təbriz" romanına gəldikdə isə, deyə bilərik ki, bu əsərdə İranda, Cənubi Azərbaycanda baş verən hadisələr obyektivliklə, tarixi həqiqətlərə heç bir müdaxilə etmədən, yamaq vurulmadan canlandırılmışdır. Doğrudur, dörd hissəlik bu romanda personacların sayı həddindən artıqdır, amma müəllif onların heç birinin taleyinə biganə qalmamışdır, hətta epizodik səciyyə daşıyan obrazların da taleyi məlumdur.
   
   Mövzu Ordubadiyə çox tanış idi. O, İranı,Cənubi Azərbaycanı qarış-qarış gəzmişdi, İran inqilabçıları yaxından tanışlığı vardı. Səttarxanı, Bağırxanı görmüşdü, onların hansı amallar uğrunda mübarizə apardığını yaxşı bilirdi. O zaman (1905-1910) İran, Cənubi Azərbaycan bütün Avropa və Asiyanı lərzəyə gətirmişdi, hətta V.İ.Lenin də Səttarxan hərəkatına münasibətini gizlətməmiş, onu Puqaçovla müqayisə etmişdi.
   
   Romanda çox məsələlərdən danışılır: Amerika, Almaniya, İngilğərə, Fransa, Rusiya dövlətlərinin İranda apardığı açışq və gizli siyasət, İran monorxiyasının zəifliyi və çürüklüyü, dini mövhumatın baş alıb getməsi, əhalinin ağır vəziyyəti, inqilabi mübarizənin təsviri..bütün bunlar tarixi dəqiqliklə əks etdirilmişdir. Romanın qəhrəmanı Əbülhəsən bəy (sonradan məlum olur ki, o, Bakıdan göndərilən bolşevikdir) bütün bu hadisələrin içindədir və müəllif ideyasının daşıyıcısıdır.
   
   İranda baş verən birinci inqilab məğlub oldu. Müəllif inqilabın xarakterindən, mahiyyətindən çıxış edib bu məğlubiyyətin səbəblərini də açıqlayır.
   
   Ordubalinin bu üç romanında, eləcə də "Qılınc və qələm"də macəra səpgili hadisələr də az deyil. Bunu sonralar Ordubadiyə irad tutan tənqidçilər də olmuşdur. Qeyd edək ki, bu, Ordubadinin özünəməxsus bədii fəndi idi. Dünya ədəbiyyatında da bu səpgili tarixi romanlar az deyil. Oxucunu bir anlıq real hadisələr axarından ayırıb sevgi-məhəbbət macəralarına, sentimental səhnələrə çəkib aparmaqgməsələ bunda idi.
   
   Nəhayət, "QILINU VƏ QƏLƏM" romanı haqqında. Deyə bilərik ki, bu roman Azərbaycanın dahi şairi Nizamiyə ədəbiyyatda qoyulan ən böyük abidədir və hələlik, bizim fikrimizcə, bunun alternativi yoxdur.
   
   Müasir Azərbaycan yazıçısı üçün Ordubadi kimdir? İlk növbədə, böyük romançı..bu canrın təməlini qoyanlardan birig tarix və müasirlik problemini böyük sənətkarlıqla əks etdirən, əsərlərində parlaq, dolğun və mükəmməl xarakterlər yaradan sənətkar. Azərbaycan ədəbi dilinin gözəlliklərini, incəliyi, duruluğunu, saflığını əsərlərində əyani şəkildə nümayiş etdirən yazıçı. Ordubadi bu mənada, bir məktəbdir və biz illər keçdikcə, bu məktəbdən öyrənməliyik.


YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-01-23
2018-01-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK