ANA SƏHİFƏ / YAZARLAR

BİR ƏBƏDİ YOLDA

ƏDƏBİ HƏYAT

12706    |   2012-04-14 08:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Natiq Qubadoğlunun şeirləri haqqında)

Şeirimizin bugünkü mənzərəsində xalq ruhu, folklorla nəfəs alan bir yol var. O yolda cavanlı, qocalı neçə şairimiz Qurbaninin, Sarı Aşığın, Tufarqanlının, Xəstə Qasımın, Dədə Ələsgərin, Hüseyn Bozalqanlının, Aşıq Şəmşirin yadigar qoyduğu irsə sədaqətlidilər-yazdığı şeirlərində əsrlərdən gələn, indi də təravətini itirməyən ənənələri yaşadırlar. O ənənələrin kökündə ocağa, elə-obaya, sazlı-sözlü dünyaya bağlılıq, yurdsevərlik, ərifliyin, gözəlliyin,əbədi məhəbbətin tərənnümü,böyük dünyamıza aqilanə bir baxış durur. Natiq Qubadoğlu da o söz yolunun yolçusudur.
   
   Gözəl şairimiz Musa Yaqub Natiq Qubadoğlunun şeirləri haqqında yazır: "Natiq toplu halında çap etdirmək istədiyi şeirlərini mənə də verdi, oxudum və bu şeirlər barədə təəssüratımı yazmaqda özümü borclu bildim. Natiqin şeirləri peşəkarlıq, yığcamlıq, axıcılıq tərəfdən oxucunun ürəyində bir rəvanlıq və şirin ünsiyyət yaradır, ürəkdə xoş əhval-ruhiyyə təməlini qoyur".
   
   Natiq Qubadoğlunun şeirlərində öncə qeyd etdiyim kimi, xalq şeirindən, aşıq poeziyasından gələn bir nəfəs var. Hiss olunur ki, o, ustadların yaradıcılığını yaxşı mənimsəyib. Onun bir neçə qoşması ustadnamələri xatırladır. Məlumdur ki, ustadnamələr dastanların əvvəlində söylənən lirik şeirlərdir və bu şeirlər əsasən fəlsəfi-nəsitamiz məzmunda olur. El sənətkarlarından Xəstə Qasımın, Tufarqanlının, Aşıq Ələsgərin, onun ustadı Aşıq Alının ustadnamələri dillər əzbəri olmuşdur. Natiq Qubadoğlu da "Qaldı" rədifli qoşmasında ustadların yolunu davam etdirir:
   
   
   
   Əkən əkib getdi, biçənlər biçdi,
   
   Zəminin məhsulu yeyənə qaldı.
   
   Yaşayan yaşadı, köçənlər köçdü,
   
   Dünya yumruğunu düyənə qaldı.
   
   
   
   Yenə də xəyalım uzağa gedir,
   
   Payızdan qopanlar sazağa gedir,
   
   Gah köhlən əsriyir, gah bağa gedir,
   
   Daha dayanmağı yüyənə qaldı.
   
   
   
   Biri yerdə getdi, o biri göydə,
   
   Bu yurdun taqəti, səbiri göydə,
   
   Ələyi ələndi, xəlbiri göydə,
   
   Yerdə nəyi vardı, düyünə qaldı..
   
   Aşıq Alının məşhur ustadnaməsinin təsiriylə yazılsa da, bu qoşmada müasir bədii təfəkkürün cizgiləri sezilir. Ümumiyyətlə, müasir dövrdə yazılan qoşmada, gəraylıda təzə söz demək, yeni fikir söyləmək hünər istəyir. Necə deyərlər, bu, "köhnə hava"da təzə xallar vurmağa bərabərdir. Natiqin "köhnə hava"da təzə xallar vurduğu bir şeirə diqqət yetirək:
   
   
   
    Kim çəkib bu tərsə yolu?-
   
    Gedirsən get kəsə yolu.
   
    Dünyanın ən qısa yolu-
   
    Ömürdən ölümə kimi.
   
   
   
    Daşıdım yollardan daşı,
   
    Nə bilir yol, nədir naşı,
   
    Üzümdə gözümün yaşı
   
    Yol çəkir dilimə kimi.
   
   
   
    Gözlərim elə yol çəkir,
   
    Günlərim ilə yol çəkir,
   
    Bu tüstü hələ yol çəkir,
   
    Odumdan külümə kimi.
   
   
   
   Musa Yaqub Natiqin şeirləri barədə bir də onu deyir ki: "Şeir yazmaqda az-çox təcrübə qazanmış, söz deməkdə qələmi vərdiş tapmış qələm sahiblərinə dərs demək fikrində deyiləm. Mən belə şeirlərdə təzə fikirdən daha çox usta deyim tərzi axtarıram. Sevgi şeirləri də elədir ki, daha doğrusu, sevgidən yazmaq elədir ki, gərək onu təkrarçılıqdan, min dəfə deyilmiş ifadələrdən çıxara biləsən, adı sevgi olan bir sehri özəlləşdirə biləsən, özününkü edəsən, həmin o sehrə özün düşəsən, sonra yazasan ki, o şeir, o yanğı sənin olsun". Tamamilə doğrudur, Bircə əlavəm var ki, istər sevgi şeiri olsun, istərsə də başqa mövzuda bir şeir, o hissləri gərək özün yaşayasan. Bunun üçün həyati müşahidən, hadisələrə real, gerçək yönümdən yanaşa bilmək məharətin olsun. Natiqin yaşadığı Sumqayıtda avtovağzal ərazisindəki zeytun ağaclarını qırıb yerində hündür mərtəbəli ev tikiblər. Bu da şeir mövzusu ola bilər, hərçənd ki, istər Bakıda, istər Sumqayıtda belə hadisələr hər gün baş verir. Artıq adət etmişik və belə "yenidənqurmalar" əksər hallarda ekologiyanın, təbiətin zərərinədir. Natiq də bu hadisəyə iki şeir həsr edib. Olsun ki, o öz qəzəbini və narahatlığını satirayla da ifadə edə bilərdi. Amma xalq şeirinin gəraylı formasında, həm də ustalıqla bu "mənzərəni" rəsm edib:
   
    Havanızı çalan çalıb,
   
    Bu oyuna az qalıbdı.
   
    Yalan çalıb, palan çalıb,
   
    Mizrab itib, saz qalıbdı.
   
   
   
    Daha düşməz izim bağa,
   
    Daha dönməz üzüm bağa,
   
    İnnən belə bizim bağa
   
    Nə bahar, nə yaz qalıbdı.
   
   
   
    Əmr getdi, buyruq getdi,
   
    Kabab getdi, quyruq getdi,
   
    Ağacları qırıb getdi,
   
    İndi torpaq daz qalıbdı.
   
   
   
   Natiqin şeirlərində yaxşı adamlar tərənnüm olunur, pislər, naxələflər, namərdlər təkfir olunur. Xeyirlə Şər üz-üzə gəlir, həyatın təzadları içində Xeyrin də, Şərin də yeri bilinir. Deyərdim ki, dövrün, zamanın təzadları onun şeirlərində iki əks qütbün əbədi mübarizəsi kimi diqqəti cəlb edir. "Yaradanın işinə bax- Təpə bir cür, dərə bir cür"- bu məlum model natiqin şeirlərində də yeni çalarlarıyla üzə çıxır: "Tanrı bilir hördüyün, Dünya kəndir, yer düyün. Sənin mənə verdiyin Əzab, zülüm deyilmi?" Yaxud: "Bu dünya belə dünya, Şah dünya, kölə dünya". Yaxud: "Hər yetən indi saz çalır, bəs ustad ozan neynəsin?".
   
   Natiq Qubadoğlunun şeirlərinin əksəriyyəti sevgidəndir və deyə bilərəm ki, onun bir şair kimi istedadı da bu şeirlərdə üzə çıxır. Bu şeirlərin başlıca məziyyəti ondadır ki, müəllif, hiss və duyğularını çox təbii ifadə edir. Sevgidə təbii olmaq, sevdiyin insanla əbədi ünsiyyətə can atmaq ya da xoş bir əzab içində ömrü başa vurmaq və sevgini insana bəxş olunan ən müqəddəs, ali hiss kimi yaşamaq nə gözəlmiş..
   
   
   
    Qismətim bu, qazancım bu,
   
    Yandır məni, belə yandır.
   
    Yaşamağın ləzzəti yox,
   
    İndi ölə-ölə yandır.
   
    Yağış oldum, dolu oldum,
   
    Öldüm, üzü sulu oldum,
   
    Bu sevdanın qulu oldum,
   
    Çətin könlüm gülə, yandır.
   
   
   
   Sevən adam üçün hər bir səbəb var: qar da, yağış da, payızın solğun çiçəyi də, yazıb göndərmədiyi məktub da, qərib durnaların nizamı da, od da-alov da, çınqı dagNatiqin lirik qəhrəmanı yağışa boylanır, elə bir anda ki, həsrət içindədir. "Süzülüb içimdən gəlib, Düzülüb seçimnən gəlib, Üzülüb əlçimnən gəlib, Bu yağış, həsrət yağışı". Burada Yağış və Həsrət obrazları qoşalaşır və bir obraz şəklində diqqəti cəlb edir. Başqa bir şeirində isə bu obraz "həsrətimin yağışı" biçimində təcəssüm edir: "Dənizimə, gölümə yağ,Çiçəyimə, gülümə yağ, Sən içimə, çölümə yağ, Həsrətimin yağışı, yağ". Natiq Qubadoğlunun ən yaxşı sevgi şeiri hansıdır?-deyə bircə-bircə nəzərdən keçirdim. Ən axırda bir hicran şeirinin üzərində dayandım və bu şeirin Füzulidən üzü bəri şeirimizin məhəbbət qoluna bir kiçicik, lap kiçicik bir pöhrə-yarpaq artırmağa şansı var dedim.
   
   
   
    Könül verdim, yaralandım,
   
    İnnən belə yaram yoxdur.
   
    Bütöv idim, paralandım,
   
    Yarım burda, yarım yoxdur.
   
   
   
    Bu yolda düz seçim gərək,
   
    Öz içimdən keçim gərək,
   
    Bu dünyadan köçüm gərək,
   
    Daha mənim yarım yoxdur.
   
   
   
    Əzab vardı, zülüm vardı,
   
    Haqdan gələn ölüm vardı,
   
    Öz çiçəyim, gülüm vardı,
   
    Ləçəyində arım yoxdur.
   
   
   
    Bu nə sevgi, dəmi gəlmir,
   
    Bu nə sahil, gəmi gəlmir,
   
    Qışım da qış kimi gəlmir,
   
    Nə buzum, nə qarım yoxdur.
   
   
   
   Natiq Qubadoğlunun bircə kitabındakı şeirlər haqqında ümumi təəssüratım budur. Ancaq təəssüflə qeyd etməliyəm ki, kitab çox pis redaktə olunub. Bəzi misralar daxil olduğu şeirin içində oturmur, yad-yabançı təsiri bağışlayır. Görünür, Natiq də şeirlərini çapa hazırlayanda bəzilərinin daha cilalı olmasına diqqət yetirməyib. "Ürəyimdən başqa isti yerin yox"-kimi gözəl bir misranın (bunların sayını artırmaq da olar) kimi gözəl bir misranın müəllifi gərək "İçimdə qoy sakit olum darıxıb", "İstimə tər-tər axıbdı" və s. belə nahamvar misraları şeirinə yaraşdırmayaydı. Və bir də arzu edərdim ki, Natiq Qubadoğlu mövzu məhdudluğundan xilas olsun, onun şair nəzərləri bir-iki nöqtəyə yox, çox-çox bucaqlara dikilsin.
   
   Uğurlar arzulayıram!


YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-07-17
2018-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK