ANA SƏHİFƏ / YAZARLAR

Geriyə baxma, cavan!

Cahangir Məmmədlinin yubileyinə təbrik açıqcası

19645    |   2012-01-28 08:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu yubiley digərlərindən fərqlənir. Sakitcə, təmtəraqsız keçirilir. Hər halda indiki mərhələdə görünən mənzərə belədi. Çalışdığı universitetin rektoru çağırıb onu təbrik etməsəydi və bu törən barədə xəbər mətbuata çıxmasaydı çoxları Cahangir Məmmədlinin 70 yaşı tamam olduğunu bilməyəcəkdi.
   
   Müşahidə edilən susqunluq tufanqabağı sakitlik də ola bilər. Söhbət heç də yer-göylə əlləşən mütəxəssislərin qarşıdakı günlər üçün hava durumu barədə verdikləri bədbin proqnozdan getmir. Məsələ yubiley təntənələrinin yaradacağı tufandadı. Cahangir Məmmədlinin 70 illik yubileyi sona qədər belə sakitcəmi keçər sizcə?
   
   Cahangir Məmmədli məmləkətdə tanınan, hörmət qazanan dəyərli şəxslərdəndi. 70 il öncə Ağdamdan yola çıxan Cahangir müəllim geridə buraxdığı illəri boşuna keçirməyib. 500-dən çox elmi-publisistik məqalə yazıb, 10-a yaxın kitab bağlayıb, filologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiridi, prezident təqaüdünə layiq görülüb. İctimai Televiziya və Radio Yayım Şurasının sədri kimi mühüm bir görəv yerinə yetirir...
   
    Cahangir müəllimin jurnalistika fakültəsində xeyir-dua verdiyi tələbələrin tən yarısı yubilyar haqqında bir məqalə yazsa bu ilin sonuna kimi qəzetlərimizin səhifələri dolub-daşar. Sevimli tələbələrindən biri, qəzetimizin baş redaktor müavini, Ali Media Mükafatı laureatı, istedadlı publisist Məzahir Əhmədoğlu xüsusi səbəb gözləmədən də ustadı haqqında xoş sözlər yazıb. Böyük rezonans doğuran "Uembli arayışı" kitabında yer alan "Yuxu"da Cahangir müəllimə böyük ehtiram hiss olunan sözlər var. Məzahir bəy də yəqin bu yubiley günlərində qələminin dincliyini pozacaq və Cahangir müəllim barəsində dostumuzun növbəti maraqlı yazısını oxuya biləcəyik.
   
   Bu yazını hazırlayarkən Məzahir Əhmədoğludan telefon zəngi gəldi. Gərdişi-dövrandan xeyli söhbət edəndən sonra Cahangir Məmmədlinin yubileyinə də toxunduq. Məzahir bəy sevimli müəllimi barəsində fikirlərini belə ifadə elədi: "Müəllimlərimi, fakültəmizi həmişə böyük hörmət və nostalji duyğularla xatırlayıram. Müəllimlərimdən söhbət düşəndə üç şəxsi xüsusi qeyd edirəm- Şirməmməd Hüseynov, Akif Rüstəmli və Cahangir Məmmədli. Şəxsən mənim üçün Cahangir Məmmədli təkcə gözəl insan, bacarıqlı müəllim yox, həm də böyük qardaş və qayğıkeş dost olub. Onunla dərdləşdiyim anlar o qədərdir ki... Dərsdən kənar vaxtlarda müəllim-tələbə münasibətlərindəki rəsmiyyətçilik arxa plana keçirdi. Çox sevinirəm ki, böyük qardaş saydığım Cahangir müəllimlə dostluğumuz, səmimi münasibətlərimiz bu gün də davam edir. Uğurlarıma ən çox sevinən insanlardan biridi. Ali Media Mükafatını alanda məni bağrına basıb təbrik etdi. Həmin an Cahangir müəllimin gözlərinin sevincdən necə dolduğunu gördüm..."
   
   Məzahir bəydən fərqli olaraq, mənim qismətimə tələbə kimi Cahangir müəllimin dərslərini dinləmək xoşbəxtliyi düşməyib. Amma Cahangir müəllim özümə ustad saydığım və böyük sayğı bəslədiyim insanlar sırasındadı. Onun təkcə mühazirələrindən və kitablarından yox, əhatəsindəki insanlarla münasibətindən çox şeylər öyrənmək olur. Cahangir müəllimlə Azərbaycanın demək olar ki, əksər bölgələrini gəzmişəm, bu istedadlı pedaqoqun həm də son dərəcə maraqlı və mütəvaze yol yoldaşı olduğunu müşahidə etmişəm. Gəncəyə, Naxçıvana, Masallıya, Mingəçevirə, Göyçaya, indi Şirvan dediyimiz Əli-Bayramlıya... digər şəhər və rayonlarımıza səfərləri unutmaq mümkün deyil. Hara gedirdiksə Cahangir müəllimin tələbələri onun başına toplaşır, ehtiramlarını nümayiş etdirirdilər. Özü də tam səmimi, bəzək-düzəksiz.
   
   Xoşbəxtlikdən iş elə gətirib ki, Quba son illər hər ikimiz üçün doğma bir məkana çevrilib. Bakının səs-küyündən, istisindən qaçıb ara-sıra Qubaya sığınmağımız var. Ustadın avtomobili yolumuzu daha da yaxınlaşdırır. Cahangir müəllimin sürücülük mədəniyyətinə söz ola bilməz. Görməyənlər üçün qısaca belə şərh edərdim-necə gözəl yazırsa, belə də maşın sürür...
   
   Cahangir Məmmədli 70 il əvvəl Ağdamdan başladığı yola davam edir. Bu illər ərzində hamı tərəfindən sevilsəydi yəqin ki, ömür çox maraqsız olardı. Cahangir müəllimi qəbul etməyənlər, onunla razılaşmayanlar, tənqid edənlər də var. Və bu təbiidi. Amma Cahangir müəllimin belə insanlar haqqında xoşagəlməyən ifadə işlətdiyini bircə dəfə də olsun eşitməmişəm.
   
   Tələbələri, dost-tanışları, doğmaları, oxucuları inanmaq istəməsələr də jurnalistin çörəkağacı- fakt faktlığında qalır. Cahangir Məmmədlinin 70 yaşı tamam olur. Şəxsən mən onu geridə qalan bu illərə boylanan qoca yox, həmişə irəliyə baxan cavan kimi görürəm.
   
   70 yaşlı cavana yubiley keçirməyin özgə bir ləzzəti var. Sükutu pozmağın tam zamanıdı...


YAZARIN ARXİVİ

2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-04-26
2018-04-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (40%)
"Real" Madrid (60%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK