hacklink Adalet.az | TƏLƏSİRİK... Adalet.az | TƏLƏSİRİK... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

TƏLƏSİRİK...

14729    |   2011-12-31 07:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yuli Sezarın qulu kimi bir canıyananımız da yoxdu ki, ilin sonunda əllərini göyə açıb bir orijinal duaynan təəccübləndirsin bizi. Öz qulaqlarıynan eşitmişdi imperator kölənin pıçıltılarını; "Ay Allah, elə et ki, mənim ağam bu il əvvəlki illərdən daha çox yaşasın!" Duanın qeyri-adiliyi valeh eləmişdi Sezarı. Bilirdi ki, ömür günlərin, ayların, illərin çərçivəsindədi və kölənin dediyi heç vaxt mümkün olmayacaq. Onu da bilirdi ki, əvvəlki illərdən çox yaşaya bilməsə də, az yaşaya bilər. Günlərin, ayların zənciri il başa yetməmiş də qırılır bəzən...
   
   Və öz quluna bir ömür Azadlıq bağışladı...
   
   Əsl uzun illəri bundan belə qul yaşayacaqdı...
   
   
   
   ***
   
   Hamı zamanın sürətli axınından şikayətçidi. Dəqiqələr saatları, saatlar günləri, günlər həftələri, həftələr ayları, aylar da illəri təqib edir, haqlayıb nəfəsini kəsir. Biz də bu qaçhaqaçın, qovhaqovun yorulmaz, usanmaz yolçusu, ixtiyarsız şahidləriyik. Ona görə "ixtiyarsız" deyirəm ki, nəyisə dəyişdirməyə, istəyimizə tabe etdirməyə qabil deyilik. Elə bu yerdə ağlıma gəlir ki, nə yaxşı Tanrı bizlərə bu qabiliyyəti verməyib. Yoxsa... ixtiyarımızda olsaydı, qoymazdıq kiminsə sabahları xeyirliyə açılsın, kiminsə evinə gün işığı düşsün, bağına-bostanına yağış yağsın, zəmisinə qar qonsun. Nə qədər götür-qoy eləsən də, son nəticədə razılaşırsan ki, bu dünyanı yaradan çox nizamlı-intizamlı, hər şeyi yerli-yerində, ölçülü-biçili yaradıb və insan övladına onu dəyişmək yox, ancaq ağıllı əlavələr eləmək qalır...
   
   Qələm də sözə baxmır ki,... Təngənəfəs ömür sürməyimizdən, hamının vaxtın tez keçməsindən, göz açıb-yumunca karvanın mənzil başına yetməsindən şikayətçi olduğundan danışırdım guya. Deyirəm, bəlkə bir ölkədə ictimai quruluş yerini digərinə verəndə onun təbiətində də nələrsə dəyişir. Məsələn, vaxt, zaman ölçüləri kimi... Belə deyilsə, onda nə baş verir?! Deyəsən, axı, təbiətdə heç nə dəyişməyib. Günəşi də, Ayı da, ulduzları da öz yerindədi. Dəyişən bizlərik. Daxili müvazinətimiz pozulub. Öyrəşdiyimiz, alışdığımız çox şeylər şəklini, mənasını dəyişib. Elə hey nəyəsə can atırıq. Həm də vaxtından tez əldə etməyə çalışırıq o can atdığımız şeyləri. Bu günlə yaşamaq vərdişimiz yoxdu hələ ki,...
   
   
   
   ***
   
   Yaxşı ki, insan alışqandı. Köhnədən soyuya, təzəyə öyrəşə bilir. Çox zaman çarəsizlikdən baş verir bu dediklərim. Alışmaqdan, sakitləşib oturmaqdan başqa əlindən nə gəlir ki adamın?! Barışmaqsa çətindi...
   
   
   
   Təbiət demir ki, ömür gödəlir,
   
   Yatır şirin-şirin, bir baxın ona;
   
   Onunçun arxayın uyuyur, bilir
   
   Bir də qovuşacaq cavanlığına.
   
   
   
   Allah ömrünü uzatsın, Musa Yaqub!
   
   İllərə nə var ki,... Nə gedir bağdan gedir, bağbandan nə gedir?! Təbiət acımasız bağbanıdı biz biçarə bağ-bağçaların. Göylə yer birləşib canlı-cansız nə varsa, bir ucdan yaradır, o biri ucdan məhv edir. Payızın romantikası canımızdan getməmiş qış başımızın üstünü aldı, dalınca da Təzə ili çəkib gətirdi. Gözümüzdə, könlümüzdə olanlar bir il də bizdən uzaqlaşdılar. Düz bir il əvvəl Yeni il deyib qoynuna sığındığımız qoşuldu köhnə illərə, döndü əsrlərin, min illərin bir zərrəsinə...
   
   
   
   Aldı verdiyini geriyə torpaq,
   
   Qazancı nə oldu bağın-bağçanın?!
   
   Bir yarpaq boy atdı körpə bir uşaq.
   
   Ömründən bir yarpaq düşdü qocanın.
   
   
   
   Torpaq altındakı əzizlərimiz
   
   Yenə də bir yarpaq gen düşdü bizdən...
   
   
   
   Tanrı sənə bir şair ömrü də bağışlasın, şair! İndiyəcən macal tapıb deyə bilmədiklərini də deyəsən...
   
   ***
   
   Arxada qoyduqlarımız körpə uşaq kimi ətəklərimizə sarmaşıb ağlayır: "Bizi də özünlə apar..." İstərdik. Mümkünsüzdü amma. Ətəklərimizi dartıb qaçırıq. Arxaya da baxmadan. Lap nağıllardakı kimi: "Bu yolla gedərsən, ancaq arxana baxma!" Niyə baxmayaq?! Nəsə tutacaq, saxlayacaq bizi?! Baxışlarımızdan tutacaq, ancaq saxlaya bilməyəcək. Ürəyimizdən tuta biləcək, cismimizdən yox. Ayaqlarımız irəli aparır, ürəyimiz arxada qalsa da, qabağa tələsir. Sayılı dəqiqələrin, saatların, günlərin, ayların, illərin- daha nə bilim, nələrin qoynuna. Bunlardan başqa da zaman ölçüsü varmı?! Bəlkə var, biz bilmirik. O qədər şeyləri bilmirik ki,...Elə hey danışırıq. Guya nəsə bilirik, nəsə anlayırıq. Bir az sussaq, bir az düşünsək, bəlkə onda anlarıq nələri bilmədiyimizi. Gərəklilərdən üz çevirib, gərəksizlərin ardınca qaçmağımızı...
   
   Bu gün işdə "inşa" dəftərimə qeydlər edəndə fikirləşirdim ki, qəzetimizin şənbə nömrəsi ilin son gününə çıxacaq. Bu gündə oxuculara nə arzulayım ki, indiyədək eşitdiklərinə bənzəməsin. Yəni, Sezarın qulu sayaq orijinal olmasa da, ən azından təzə olsun, ürəklərdən xəbər versin. Ağlıma bir şey gəlmədi. Düşüncəmin bəsitliyindən məyus olub təzə qəzetləri oxumağa başladım. "525-ci qəzet"də Anar Yusifoğlunun "Gözəl, əziz, Müqəddəs" adlı yazısında müəllifin orijinal fikirləri diqqətimi çəkdi: "... Xəstəxana işıqlarının adi işıqlardan fərqləndiyini də o zaman anladım. Evlərin pəncərəsindən gecənin qaranlığına işıq süzülürsə, həmin mənzildə həyat davam edir demək-kimsə yaradır, kimsə düşünür, kimsə çıxış yolu axtarır və... yaşayır. Ancaq xəstəxana palatalarının pəncərəsindən gecə yarısı işıq gəlirsə, orda can çəkişməsi, həyatla ölüm arasında çarpışma, yaşam uğrunda mübarizə, bəlkə də artıq itki haqqında düşünmək lazım gəlir.
   
   Evlərin pəncərəsindən işıq gəlməyəndə, palatalardan isə işıq gələndə narahatlıq yaranır."
   
   Pəncərədən süzülən işıq könlümüzü rahatlandıran, duyğularımızı oxşayan bir ovqat yaradır həmişə. Müəllifin bir neçə ay öncə yaşadıqlarından yana gəldiyi nəticə artıq bu işıqların da fərqli olduqlarını anladır. Və... bəzən gecə yarısınadək, bəzənsə dan sökülənədək mənzillərin iş, qonaq otaqlarından, mətbəxlərindən qaranlığa tuşlanan işıq zolaqlarının da qiymətini, dəyərini artırır gözümüzdə. İnsan ömrünün xoş, mənalı anlarının göstərisi olduğuna diqqətimizi çəkir, bu yaşantıların mövcud olduğu sürəcə qədrini bilməyə çağırır bizləri... Mənə də imkan verir ki, tanıdığım və tanımadığım hər kəsə gecələrin qaranlıq pərdəsini yırtıb işıqlı sabahlara, günəşə açılan pəncərələr arzulayım!
   
   Yola saldığımız ildə mən də Anarın yaşadıqlarını yaşadım. Bir qədər fərqli amma. Mən palataların sönməyən işıqlarına xəstəxana həyətindən baxmırdım. Mən o işığın-yorucu, bezdirici, bir qətrəsi də ürəyə düşməyən sarı boğanağın içindəydim və sabahları dirigözlü açırdım...
   
   Tanrıya şükürlər olsun ki, indi məni o günlərdən aylar ayırır... Və hər şey yaxşı qurtardı...
   
   Ağıllı adamlardan biri deyib: "Mən varamsa, dünya da var..."
   
   Gəlin, bu il hamımız var olaq! Və əvvəlki illərdən çox yaşayaq!
   
   Biz var olduqca, dünya da var olacaq...
   
   Dünya var olacaqsa, deməli, yeni-yeni illər də olacaq...
   
   Yaşamalı illər, yaşadan illər...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK