hacklink Adalet.az | AZƏRBAYCAN SƏYAHƏTİMİZ - 1 Adalet.az | AZƏRBAYCAN SƏYAHƏTİMİZ - 1 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AZƏRBAYCAN SƏYAHƏTİMİZ - 1

23473    |   2011-12-10 07:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azərbaycan yürəğimdə bir şah damardır
   
   Bən Yakup gibiyim uzun yıllardır
   
   Onda Yusuf"umun kokusu vardır
   
   Və hasrəti, gönlümdə Büyük Türkistan kadardır"
   
   
   
   Yavuz Bülənd Bakilər
   
   
   
   Müstəqillikdən əvvəl, yəni Sovet Rus işğalı davam edərkən hər bir Türk gənci kimi mənim də həsrət duyduğum, ancaq əlimin çatmadığı bir gözəl diyar vardı, adı Azərbaycandı.
   
   Anamın laylaları, atamın kədərləndiyi, qüssələndiyi anlarda oxuduğu Qarabağ şikəstəsi, kəndimizdə vaxt-vaxt böyüklərimizin öz aralarında bir-birlərinə nağılladıqları Azərbaycanla bağlı xatirələri ürəyimdə əlçatmaz bir dağ boyda Azərbaycan məhəbbəti cücərtmişdi. Uşaqlıq illərindən başlayaraq kəndimizin üzbəüzündə yerləşən qərbi Azərbaycan, yəni indiki Ermənistan torpaqlarından fit çala-çala keçib gedən qatarın Azərbaycana getdiyini xəyal edir və bir gün o qatar kimi mənim də həsrətini çəkdiyim torpaqlara üz tutmağı mənə qismət eləməsi üçün Tanrıya dua edirdim.
   
   Gün gəldi, vədə çatdı və arzularım çin oldu. Həyat yoldaşımla birlikdə hələ Sovetlər Birliyi dağılmazdan iki il qabaq Qarsın Qılıçaxçax bölgəsindən əzəli və əbədi yurdumuz olan, ancaq İngilisin planı və rusların da baş rolda çıxış etməsiylə ermənilərin caynağına düşən Gümrüyə qədəm qoyduq. Ta Bakıdan bizi qarşılamağa gələn dostlarla həsrətlə qucaqlaşıb qardaş cümhuriyyətimizə sarı yola düşdük. Gecə, cəllad Stalinin əmri ilə Gürcüstana hədiyyə edilən Borçalı bölgəsində qaldıq və ertəsi sabah durub yolu nərildəyən maşınlarla tez-tələsik ovcumuza yığaraq müqəddəs Azərbaycanımıza qovuşduq. Düz otuz səkkiz gün əzəli və əbədi Türk yurdu olan oylaqlarımızı gəzib-dolandıq və həmin yoldan da geri qayıtdıq.
   
   Aradan uzun illər ötdü. Həyat yoldaşım həmişə zarıyıb deyirdi ki, məni daha niyə Azərbaycanımıza aparmırsan? İstəkli dostum və qardaşım Rəşid Hüseynovun sevimli qızı Səbinə xanımın toyuna dəvət edildik. Düzünü deyim çoxdandır yoldaşımı Azərbaycana aparmaq istəyirdim, ancaq mümkün olmurdu. Bu dəfə ona, öz maşınımızla gedək və toyda iştirak edib qayıdıb gələk, deyə təklif edincə bir az ehtiyat elədi. Fikrimi uşaqlara açınca onlar heç cürə razılıq vermədilər. "Baba, iki min kilometrlik yolu tək başına balaca bir maşınla nə cür gedəcəksən, Allah eləməmiş yorularsan başınıza bir iş gələr". deyə bu cür fikirlər irəli sürüb narazılıqlarını bildirdilər. Ancaq mən qulaq asmadım və yoldaşım da məni dəstəklədi. Oktyabr ayının iyirmisində ya Allah deyib, Ankaradan yola düşdük. Axşam Rizə şəhərində qaldıq və ertəsi gün Sarp sərhəd qapısından Gürcüstana daxil olduq.
   
   Gürcüstana 1988-ci ildən sonra, daha düzü müstəqillikdən sonra dəfələrlə getmişdim. Polislər və gömrük məmurları bizdən rüşvət almaq üçün az qala yeri-göyü bir-birinə qovuşdurmağa çalışmışdı. Bu faktı yoldaşıma deməmişdim, ancaq nigaran idim. Sərhəd qapısını keçib Gürcüstan tərəfə adladıqda polis pasportumuzla bağlı işləri görərkən, qarşımızda yolun düz yanındaca görkəmli bir kilsənin tikildiyini gördüm. Tamamı müsəlman olan Acara Türklərinin yaşadığı bu bölgədə bu cür bir kilsənin tikilməsi mənə qəribə gəldi. O kilsənin tikilməsi sadəcə olaraq siyasi və dini məqsədə xidmət edirdi. Ancaq Gürcüstanın milli bir dövlət kimi öz dəyərlərinə sahib çıxmasını alqışladım, milli dövlət öz dəyərlərini qorumalıdır.
   
   Gürcüstan ilk dəfədir Türkiyənin dostluq əlinə müsbət cavab verir, daha ağıllı siyasət yeridir. İndiyə kimi daim xristianlığı ön planda tutmuş və Türkiyə ilə münasibətdə həmişə ehtiyatlı hərəkət etmiş və bunun bəlasını da çəkmişdi. Sərhəddəki polislər və gömrük məmurları bizə qarşı, daha düzü sadəcə olaraq Türkiyə vətəndaşlarına yox, Türkiyədən ölkələrinə daxil olan hər bir şəxsə həddən artıq hörmətlə yanaşırdı. Düzünü deyim onların bu hərəkəti hiss etdiyim nigarançılığı nəinki aradan götürmüş, məni çaşbaş qoymuşdu. Onlara bu hərəkətlərinə görə "halal olsun" deməkdən savayı heç nə edə bilmədim. Bizdə "at sahibinə görə kişnəyər" sözünü atalar nahaq yerə deməyib.
   
   Batum Tiflis yolunu təqib edərək düz Tiflisə kimi getdik. Bir vaxtların rüşvətçi polisləri getmiş, sanki onların yerində Gürcüstanın yox, Avropanın həddən artıq mədəni polisləri bitmişdi. Dolama və təhlükəli olan yollarda elə yerdə dayanırdılar ki, hər bir sürücü onları görür və qaydanı poza bilmirdi. Onlar özlərini göstərərək qaydanı pozmağa imkan vermirdilər. Yolda biri maşınını saxlasa və enib bir tərəfini kontrol etsə o saat yanlarında bitir və nə cür köməklik eliyə biləcəklərini soruşurdular. Onların bu hərəkətini gördükdə özümü Avropada hiss etməyə başladım. İki mininci illərin rüşvətçi Gürcüstanı getmiş, təptəzə imicli bir Gürcüstan peyda olmuşdu. Bunda dövlət rəhbəri Saakaşvilinin liderlik xüsusiyyəti özünü büruzə verirdi. Rüşvətin, oğurluğun, qanunsuzluğun hökm sürdüyü Gürcüstan sözün əsl mənasında Avropai bir dövlət olmaq yolunda son sürətlə irəliləyir, halal olsun Saakaşviliyə.
   
   Türkiyə ilə əlaqələrini hər sahədə genişləndirməsi, dostluğu möhkəmləndirməsi, Türkiyə sərmayəsinin Gürcüstana yönəlməsinin ən böyük amilinə çevrilib.
   
   Axşam saat səkkiz radələrində Borçalı bölgəsinin Keşəli kəndində yaşayan Qədim dostum Osman Əhmədoğlunun evinə çatdıq. Bizi yolun qırağındaca gözləyirdi. Gecəni onlarda qaldıq. Hörmətli həyat yoldaşı Güldərən xanım həddən artıq qonaqpərvər və təvazökar bir Türk xanımıdır, daha düzü Osman bəyə yaraşan həyat yoldaşıdır. Osman Əhmədoğlunu Borçalı bölgəsində tanımayan adam yoxdur, çünki hamının xeyir və şər işində ən başda iştirak edir, hamıya əl tutur, dərdini bölüşür, sevincinə şərik olur, belə bir adam sevilməz ki?! Osmana, "Dərviş Osman" və "Şair Osman" da deyirlər və o Türkiyədə də özünə məxsus bir mühit yaradıb. Qədim dostum və milli şairimiz mərhum Xəlil Rza ilə olan xatirələri isə dinləməyə dəyər vəsifdə gözəldir, tarixidir, maraqlıdır.
   
   Axşam evde söhbət edərkən dostum Əli Şamil zəng çaldı və səhər ertədən gömrük qapısını keçməyimizi məsləhət elədi. Biz də onun dediyinə əməl elədik və səhər tezdən durub yola düşdük, qırmızı körpüdəki sərhəd məntəqəsinə çatdıq. Doxsanıncı illərdə balaca bir daxmaya oxşayan gömrük binasının yerində azman və Azərbaycana yaraşan bir tikili ilə qarşılaşdıq. Gömrük məmurları, polislər bizə lazımi qayğını göstərdilər, sağ olsunlar. Ancaq yola düşdükdən sonra şahid oldum ki, Gürcüstan yol polisləri üçün dediyim gözəl sözləri Azərbaycanın yol polisləri üçün deyə bilməyəcəyəm. Hörmətli Prezident İlham Əliyev və ekibi Azərbaycanı abad etməyə çalışır. Gürcüstan ilə müqayisədə Azərbaycan fəzadadır, ancaq bu inkişafın imicini zədələyən bəzi özünü bilməz yol polisləri vardır. Onlar Azərbaycana yaraşmayan hərəkətlər edirlər və həm Azərbaycanın, həm də hörmətli prezidentin imicini zədələyirlər. Polis bir dövlətin güzgüsüdür, ölkəyə gələn yadlar onlara baxıb o dövlət haqqında fikir sahibi olurlar. Azərbaycanı sevən bir qardaş ərk eləyib bunları yazıram, ayrı bir məqsədim də yoxdur.
   
   Əziz dostum Əli Şamil düz Bakıdan qalxıb Gəncəyə bizi qarşılamağa gəlmişdi. Yolda qohumu Nəsrəddin İsmayılov ilə birlikdə bizi gözləyirdi. Hal-əhval tutandan sonra Nəsrəddin Bəy bizi Gəncəyə apardı. Şah Abbas Məscidi, Cavad Xanın məzarı, Gəncə qalası və digər yerləri gəzdik. Yoldaşım Fatma xanım heyrət içində idi, çünki 1988-ci ildə gördüyü Gəncə simasını əvəz etmiş, Tanrının özənə-bəzənə yaratdığı bir gözəllik ilahəsinə oxşamışdı. Azərbaycanı bu cür zinətləndirənlərə səmim qəlbdən təşəkkürlər.
   
   O axşam Nəsrəddin bəyin yaşadığı Xanlarda qaldıq. Bir vaxtlar burada almanlar yaşayıb və evləri qalıb, özləri köçüb gediblər. Sovetlər Birliyi dövründə evlərin qabağında yiyələrinə aid olan adların üstü örtülübmüş, indi o adların üstünü açıblar və burada yaşayanların bəzilərinin nəvə-nəticələri gəlib babalarının evini ziyarət edib. Bunu Nəsrəddin Bəy və hörmətli həyat yoldaşı Gülnarə müəllimə bizə danışdı.
   
   İnsana çatmır, Almaniya hara, Azərbaycan hara. Almanlar bura niyə gəliblər və bu evləri tikiblər?! Bəli, onlar da eynilə Şəhidlər Xiyabanının alt tərəfində abidəsi ucaldılan İngilis hərbçiləri, bir vaxtlar Bakının hər tərəfində heykəlləri qoyulan işğalçı ruslar kimi Azərbaycanın, neftini, qazını və digər sərvətlərini qarət edib aparmaq üçün gəlmişdilər. O birilər kimi də rədd olub getdilər. Birinci Dünya Müharibəsini də, İkinci Dünya müharibəsini də həmin bu imperialistlər çıxarmadı, milyonlarla insan o hərblərdə qırılmadı, milyonlarla ocaq dağılmadı?!
   
   Nəsrəddin Bəyin mehriban həyat yoldaşı Gülnarə xanım tipik bir Türk gəlinidir. Qonaqları qarşılaması, rəftarı, gülər üzü, özgə heç bir millətdə olmayan şəxsiyyəti ilə "mən şərəfli bir Türk anasıyam" deyir. O müəllimədir, böyük dövlət xadimimiz Atatürk, Türkiyə Cümhuriyyətini silahdaşlarıyla birlikdə qurduqdan sonra müəllimlər üçün dilə gətirdiyi, "müəllimlər, yeni nəsil sizlərin əsəri olacaqdır" sözlərini Azərbaycanda həyata keçirən, vicdanı azad, gayəsi müqəddəs, əməyi və göz nuru ilə Azərbaycanımıza insan yetişdirən bir ziyalıdır.
   
   Nəsrəddin bəyin qardaşı Dr. Vahid bəy və həyat yoldaşı ilə birlikdə yanımıza gəlirlər və durub Göyçəkəndə gedirik. Bir vaxtlar Göyçəkənddə ermənilər yaşayırmış. Qərbi Azərbaycanda yaşayan qardaş-bacılarımız rusların dəstəyini götürüb özünü itirən ermənilər tərəfindən etnik təmizliklə Göyçə bölgəsindən çıxarıldıqdan sonra gəlib burada məskunlaşıblar. Nəsrəddin bəyin bacısıgilə gedirik və yeznəsi Tofiq bəylə bacısı bizi yolda qarşılayır, görüşüb hal-əhval tutandan sonra evdə əyləşirik və qızğın bir söhbət başlayır. Təbii ki, mövzu işğal altındakı torpaqlarımız, xalqımıza əsrlərdən bəridir tutulan divanlar, təklənməyimiz, işğalçıların etdikləri, qəflətimiz, dirçələn ayıqlığımız, qapımızda qulluqçu işləyənlərin fürsət tapar-tapmaz kürəyimizdən bizi xənçərləmələri, qardaş dövlətlərimizin arasını vurmaq üçün qurulan tələlər...
   
   Gecənin gec vaxtına çəkən söhbətimizə nəhayət verib Xanlara üz tuturuq. Səhər ertədən durub Nəsrəddin bəy və mehriban həyat yoldaşı Gülnarə xanımla sağollaşıb Gəncəyə yola düşürük, ulu babamız Nizaminin məqbərəsinə. Abidə kompleksdə qızğın iş gedir. Məqbərəni, Nizaminin adına yaraşacaq bir surətə büründürmək üçün nə lazımdırsa edilir. Gəncənin idarəçilərinə halal olsun. Məqbərənin müdirəsi Əliyeva Xanım məqbərənin həyətində bizimlə görüşür və Əli bəy bizim Türkiyədən olduğumuzu dedikdə o dərin bir köks ötürür və dilindən bunlar tökülür:
   
   Qardaş Türkiyənin başına bu terror bəlasını urcah eliyənlərin Allah tifağını dağıtsın. Orda bir əsgər şəhid olanda hamımızın ürəyinə qor dolur. Əlimizdən ancaq qardaq dövlətimiz üçün dua etmək gəlir. Əgər gedib orda vuruşacaq gücüm və qüdrətim olsaydı bir dəqiqə belə dayanmazdım. Biz tarix boyu bir olmuşuq, indi birik və gələcəkdə də bir olacayıq, düşmənlərimizə qarşı inşallah qalib gələcəyik.
   
   Müdirə xanımın sözləri yadıma mərhum dövlət xadimimiz Nəriman Nərimanovun, Türkiyənin təzə qurulduğu illərdə Atatürkün Azərbaycandan borc istəməsi səbəbiylə dediyi, "Qardaş qardaşa borcmu verər" sözləri qulaqlarımda cingildəyir. Məqbərənin balkonundan qəbrə tamaşa edir, "Fatihə" surəsini oxuyuruq. 1988-ci ildə gəldiyimiz vaxt məqbərənin müdiri qapını açmış və bizi içəri buraxmışdı. Yoldaşım Fatma xanım həyətdən bayrağımızın rəngində biri qırmızı, biri də ağ iki gül dərib qəbrin üstünə qoymuş, birimiz qəbrin sağında, birimiz solunda dayanıb ulu babamıza yenə fatihə oxumuşduq. O anda gözümün qabağından Nəriman Nərimanovun, Atatürkün simaları gəlib keçdi.
   
   Azərbaycan Cümhuriyyətinin yaranmasına səbəb olan Qafqaz İslam Ordusunu, Azərbaycan torpaqlarında, Anadolunun dörd bir küncündən gəlib Azərbaycanlı qardaşları ilə çiyin-çiyinə döyüşüb şəhid olan məmmədçikləri, Çanaqqala döyüşlərində Azərbaycandan pay-piyada yola düşüb Çanaqqalaya gedərək Türkiyəli qardaşları ilə birlikdə işğalçılara qarşı döyüşən Azərbaycanlı məmmədçikləri, Azərbaycan dövlətini yaradan Məmməd əmin Rəsulzadəni, silahdaşları Əlimərdan Topçubaşını, Nəsib Bəy Yusifbəylini, şəxsən tanış olmaq, süfrələrində əyləşib duz-çörək kəsmək bəxtiyarlığına nail olduğum mərhum fenomen dövlət adamlarımız Əbülfəz Elçibəyi, tarixi şəxsiyyətimiz Heydər Əliyevi xatırladım. Tanrı məkanınızı cənnət eləsin, ey Azərbaycanın yetirib Türk tarixinə bəxş etdiyi ölməz dəyərlərimiz...
   
   Ulu babamız Nizaminin məqbərəsi ilə onun ruhuna təkrar fatihə oxuyaraq vidalaşır Gəncə-Ağdaş-Qəbələ-İsmayıllı-Şamaxı yolunu əlimizə alıb Bakıya sarı yola düşürük.


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK