ANA SƏHİFƏ / YAZARLAR

GƏLİN, ŞEİRDƏN DANIŞAQ

ƏDƏBİ HƏYAT

13988    |   2011-10-22 07:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deyə bilərəm ki, son on ilin poeziyasında zərifliyi, incəliyi ilə seçilən lirik şeirlər sayına və sanbalına görə ötən onilliklərdəkindən heç də geri qalmır. Lirik "mən"in etirafları; həyat sevgisi, gözəllik duyğusu şeirin yaraşığı olan bədii təsvir və ifadə vasitələri ilə poetik məna kəsb edir. Dünya sanki bu lirik "mən"in içinə sığışır, həyatın keşməkeşləri, min bir sevinci və qəmi, təbiətin gözəllikləri və hüznü, bütün ayrılıqlar, sevgi duyğuları, səadətin, məhəbbətin rəngləri, naxışları, Göyüzü, Yerüzü... Budur, müasir Azərbaycan şeirinin duyğular, hisslər mənzərəsindən bəzi görüntülər:
   
   Niyə yubanırsan bulaq başında, gözlərim tez dolan kuzədi, götür. Ömrümü mən sənə bağışlayıram, beş gün sürməmişəm, təzədi, götür (Salam Sarvan), Lap yaxşı elədim sevilməməknən Sən məni sevsəydin lap ağ olardı. Mən yovşan ömrümü sənin qızılgül taleyinə qatsam, calaq olardı (Qulu Ağsəs). Gözlərim ürəyimin sahili, Ürəyim döyünür...dəniz döyünür... Ürəyimin ləpəsidir göz yaşım (Qəşəm Nəcəfzadə). Heç də ağıllanmaz sərsəri yağış, Elə bu könlüm də onun tayıdı. Gözümdən axsa da sevgi yaşları, Hamı elə bilir yağış suyudu (Əcdər Ol). Kor işığa boylanantək bu sevgi sənə boylanır (Tərlan). Ayıra bilməzsən məni kədərdən, içimin, çölümün işığı dərddi. Görüb-görmədiyin vaxt yaddaşında Nə varsa Allahdan aşağı-dərddi (Nisəbəyim). Getməyə yerim, Qayıtmağa göyüm yox. Hamı sevgidən danışır, Sevməyə ürəyim yox. Ölüm gözəldir, deyirlər, Ölməyə heyim yox. Nə xoşbəxtəm, ilahi, Nə xoşbəxtəm, İyirmi üç yaşında İtirməyə heç nəyim yox (Səhər), İndi mən nə yazım bu ağ varağa? Gözlə gördüyümü güclə yazıram. Mürəkkəb tükənib, qəmi yazmağa, Anadan əmdiyim südlə yazıram (Böyükxan Pərviz). Deyirlər Allahdan gözəli yoxdu, Onun da boyunu görə bilmədim. Yüz sevgi böyütdüi içimdə, ancaq Birinin toyunu görə bilmədim (Əlizadə Nuri). Durub tənhalığın yol ayrıcında, Xəzan çiçəyini qoxlayan quşam. Könlüm təslim olan bu gözəlliyə, Sınmış qanadımı bayraq tutmuşam (Əlirza Həsrət). Əllərin nə gözəldi, Kipriklərin də, gözlərin də. Sən gedəndə əvvəl kipriklərin qapanır, Gözlərin çəkilir gözlərimdən, Sonra əllərin uçur əllərimdən. Sonra ayaqların uzaqlaşır yanımdan. Mən səni bütöv sevirəm, niyə hissə-hissə qopursan məndən! (Fərid Hüseyn). Sən məni tərk etdiyin gün Tərsinə işləyəcək saatlar. Çiçəklər məşhərə çəkiləcək, qarışqalar divana. Ölüm qırmızı geyinəcək, ayrılıqlar boyanacaq al qana (G.Cəmaləddin). Ömür bir qara sevdadı köksündə fələk oynayır (Rəfail Tağızıdə). Sənin saçlarından xəbər gəlmədi Mənim barmaqlarım quruyan günü (Anar Həbiboğlu). Ana, məni buralarda qoyub getmə, mən səndən başqa yer tanımıram (Aysel Əlizadə).
   
    Müasir Azərbaycan şeiri bu gətirdiyim şeir parçalarından da bəlkə daha mükəmməl, daha orijinal nümunələrlə zəngindir.
   
   Bəli, son on ildə doğrudan da, ŞEİRDƏN ŞEİR KİMİ danışmaq mümkündür. Onlarla, yüzlərlə mənasız şeir kitabları və kütləviləşmənin yaratdığı xaos içərisində özünü itirməyən ŞEİRLƏR yaşayır, nəfəs alır və ümidlə sabaha boylanır.
   
   Boylanıram 30 il arxaya və mərhum tənqidçi Aydın Məmmədovun tənqid hədəfinə çevirdiyi həmin "kustar" şeirlərin "xasiyyətnaməsi" ilə tanış oluram: "...hansı şeirin, hansı mətnin? Müasirlərini əhatə edən sosial və mənəvi burulğanlardan yan keçən, ətrafını soyuq hesabdar məntiqi ilə çeşidləyən, baş verən narahatlıqları, ziddiyyətləri "görməyib" işıqlı, xoşbəxt sonluq, yarımfəlsəfi, yarımnəsihət tövsiyələrlə dolu olan son sətir xatirinə konveyer üsulu ilə "istehsal olunmuş" bərbəzəkli, ölçü-biçili, nizamlı "şeir" adlanan formullarınmı? Əlbəttə yox. Hürküdülmüş toyuq-cücə kimi səpələnmiş söz və söz birləşmələrinin yersiz minnət kimi boynuna qoyulmuş "intellektual" və ya "fəlsəfi" adlarını daşıyan, beyindən də, ürəkdən də əli üzülmüş absurd mətnlərinmi? Əlbəttə yox. Səkkiz saatlıq iş günü, üç dəfə yemək, pəhriz, axşam gəzintisi, ad günlərini təbrik etmək və s. kimi səliqə-səhmanla, vaxtlı-vaxtında icra edilən, dəbdə olan mövzulara, intimlikdən çıxıb "kütləviləşmiş" hisslərə həsr olunan, tanış ibarələrlə, yorulmuş bənzətmələrlə, çapılıb əhdi kəsilmiş məcazlarla haşiyələnib qafiyələrlə "mıxlanmış" sətir və bənd qutularınınmı? Qətiyyən yox. Poeziyamızda belə şeirlər çoxdur, onlar dövri mətbuatda da çap olunur, külliyyatlara da daxil edilir, seçilmiş əsərlərə də düşür".
   
   Biz otuz il arxaya boylandıq və doğrudan da Aydın Məmmədovun uzaqgörənliyinə şübhə eləmirik. Təsdiq edirik ki, bir çox hallarda şeirimiz keçən əsrin 60-80-ci illəri ilə müqayisədə hələ də kütləvilikdən və "kustarçılıqdan" xilas ola bilmir.
   
   
   
   I V
   
   
   
   Doxsanıncı illər də daxil olmaqla son iyirmi ilin Azərbaycan poeziyasını ümumi şəkildə belə səciyyələndirə bilərik: NARAHAT POEZİYA. Narahatlıq: zamanından, epoxasından asılı olmayaraq poeziyanın daxili təbiətini ifadə edir. Bütün dövrlərdə zamanın keşməkeşlərindən, açıqda və gizlində gedən sosial və mənəvi burulğanlarından irəli gələn situasiyalar, hadisələr və olaylar poeziyanın ruhuna da çöküb. Amma heç bir dövrdə ədəbiyyatımız, xüsusilə poeziyamız özünün NARAHAT dövrünü bir belə çətinliklə yaşamamışdı. Nədən doğub bu narahatlıq? Bəlkə sistemin, quruluşun dəyişməsindən, əvvəlki həyat ritminin pozulmasından, yeni ictimai, siyasi və mənəvi münasibətlərin hələ də şüurlara hakim kəsilməməsindən, məmləkətdə baş verən qarışıq olaylardan doğur bu narahatlıq? Əlbəttə, bunların hər biri səbəb ola bilər.
   
   Bir müddət qürbətdə yaşayıb Vətən torpağına dönən Tofiq Abdinin 2009-cu ildə yazdığı əsəbi və bir az da ironik bir şeirini xatırlayıram:
   
   
   
   hara gedir bu məmləkət görəsən
   
   gedir şellənə-şellənə
   
   qarşıdan bir bəla gəlir
   
   aman yellənə-yellənə
   
   adamları adamlıqdan çıxıbdı
   
   boyunbağı körpüləri taxıbdı
   
   öz əliylə öz evini yıxıbdı
   
   yollarını daş-kəsək yox
   
   sular tutub
   
   sular sellənə-sellənə
   
   
   
   sözlərinə heç bir məhəl qoyan yox
   
   təklənibdi bir kimsədən həyan yox
   
   danışmağa dili də var
   
   eşitmirlər
   
   qalıb dillənə-dillənə
   
   
   
   yaman uzun sürdü bu alış-veriş
   
   zamana sığmayır bu vaxtsəz gərdiş
   
   xeyrə yozulmayır bu gediş-gəliş
   
   bizsə qalmışıq ortada
   
   hələ küllənə-küllənə
   
   
   
   Tofiq Abdinin bu "Şikayətnamə"si (şeirin adı olmadığı üçün belə deyirik-V.Y.) olsun ki, məmləkətimizin bir çox camaatında narazılıq doğursun. Desinlər ki, ay Tofiq müəllim, niyə belə şikayətlənirsiniz? Biz ki, müstəqillik əldə etmişik, respublikamızın əhalisi şad-xürrəm yaşayır, neftimiz bol, sərvətlərimiz tükənməz, pensiyalarımız artır, çətinliklər tədricən arxada qalır, iqtisadiyyatımız gün-gündən çiçəklənir və s. və i. a. Əlbəttə, o deyilənlərə də haqq qazandırmaq olar. Amma bunu təkcə Tofiq Abdinmi deyir? Yox! Buyurun, daha bir-iki nümunə:
   
   
   
   Yol boyunca düzülən bu
   
   Uca imarətlər kimindir?
   
   Sizindir, qardaş, sizin!
   
   Bəs bu giley-güzarlar,
   
   Bu dərdlər kimindir?
   
   Bizimdir, qardaş, bizim!
   
   
   
   Biz elə bilirdik ki,
   
   Göydəki Allah bizimdir!
   
   Allah da sizinmiş, qardaş, sizin!
   
   Yerdə-yerdən göyə qalxan,
   
   Yanıqlı bir "ah" çəkilsə,
   
   O "ah" bizimdir, qardaş, bizim!
   
   
   
   Siz -azsınız, biz-çoxuq,
   
   Siz-varsınız, biz-yoxuq...
   
   
   
   Bu şeir parçasının müəllifi qocaman şairimiz Fikrət Sadıqdır. Daha bir misal:
   
   
   
   Bu nə gündü, ay Allah,
   
   Bu nə zamandı belə?
   
   Bütün millət az qalıb,
   
   Çevrilə dilənçiyə.
   
   Yollar boyu düzülüb,
   
   Qoca, uşaq dilənir.
   
   Qanda kişi qeyrəti,
   
   Başda papaq dilənir.
   
   
   
   Bu misralar isə Qaçay Köçərliyə məxsusdur.
   
   Deyə bilərsiniz ki, gətirdiyim bu misallar son illərə aid deyil, 2003 və 2005-ci illərdə qələmə alınıb. Ancaq belə şeirlər indi də yazılır və təbii ki, bundan sonra da yazılacaq. Poeziyanın bir missiyası da məhz elə budur-işıqlıqlar içində kölgələri, qaranlıqları tapmaq, gözəlliyin, ədalətin naminə antigözəlliyi, haqsızlığı tənqid hədəfinə çevirmək.
   
    Burada kiçik bir haşiyəyə ehtiyac duyulur. Sovet dövründə Mirzə Cəlil, Sabir ənənələri şeirimizdə heç də sönməmişdi. Lakin satirik poeziyanın hədəfləri kiçilmişdi, balacalaşmışdı. Tənqid olunan tiplər əsasən kimlər idi? Kiçik məmurlar, balaca rüşvətxorlar, yarıtmaz kolxoz sədrləri, içki aludəçiləri, alverçilər, anbar müdirləri, tərəzidə alıcıları aldadan ticarət işçiləri, bazarkomlar və s. İri "hədəflər" satirik poeziyaya tuş gəlmirdi. Amma müstəqillikdən sonra Sabir ənənələri yenə dirçəlməyə başladı və bunun ən bariz nümunəsi kimi Baba Pünhan satirası doğuldu. Onun doğrudan da çoxlarına bir az kələkötür, nahamvar görünən satirik qəzəllərində Mirzə Ələkbər Sabir ruhu yenidən dirçəldi. Baxın:
   
   
   
   Oyna, bu elin dərdinə,
   
   oyna, gülüm oyna,
   
   Sən oyna, mənim millətə
   
   qalxmır əlim oyna.
   
   
   
   Londonda, Paricdə kürümü
   
   erməni tıxsın,
   
   Öz neftçisinə kilkə yedirdən
   
   gölüm oyna.
   
   
   
   Susmuş Qarabağ bülbülü,
   
   qalmış qara bağlar,
   
   Getmir ürəyimdən kədərim,
   
   nisgilim, oyna.
   
   
   
   Atəşkəsə getdik ki,
   
   yatanlar yata bilsin,
   
   Məclisdə gözü bağlı qalan
   
   mürgülüm oyna.
   
   
   
   Bir gün Xəzərim coşsa,
   
   sular altda qalarsan,
   
   Hər yerdə sənindir hələlik
   
   sahilim oyna.
   
   
   
   Pünhan, Vətənin yadlar
   
   əlində gəlin oldu,
   
   Bir "Vağzalı" çal,
   
   mən də onunçün ölüm oyna.
   
   
   
   Poeziyanın narahatlığını bir mənada ölkənin, məmləkətin narahatlığı ilə izah etmək olarsa, digər tərəfdən, başqa səbəblər də var. Və bu səbəbləri ölkədə, insanların münasibətlərində deyil, bəlkə elə ədəbiyyatın, poeziyanın özündə axtarmaq lazımdır.
   
    Bizim fikrimizcə, poeziya öz qəhrəmanını axtarır. Elə bir qəhrəman ki, yaşadığımız dövrün əhval-ruhiyyəsini öz varlığında əks etdirsin, dünyanın bu xaos və hərc-mərcliyində bizi ruhən sakitləşdirsin, işığını bol eləsin, ürəklərdən ürəklərə bir körpü olsun, hamımızı bir bayraq altında birləşdirsin, lazım gələrsə, bizə yol göstərsin, həyatın, gerçəkliyin mürəkkəb situasiyalarından baş çıxarmaqda mənəvi dəstəyimiz olsun. Əlbəttə, yaxşı bilirik:ədəbiyyat maddi-fiziki gücə malik deyil ki, həyatı dəyişdirsin, Qarabağı işğaldan azad etsin, xaos və harmoniyanı aradan qaldırsın, amma ədəbiyyat elə bir mənəvi gücə də malikdir ki, onu heç nə ilə əvəz etmək olmaz. Bu da Sözdür... Çiçək kimi zərif olduğu qədər qılınc kimi iti, kəsərli.


YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-10-24
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK