ANA SƏHİFƏ / YAZARLAR

HƏQİQƏT, ANCAQ HƏQİQƏT...

10017    |   2011-10-19 11:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Aqil Abbasın yeni romanı işıq üzü görüb-"Allahı qatil edənlər". Bu roman bizim ən sevimli jurnalımız olan "Azərbaycan"da (2011, oktyabr sayı) öz oxucularını gözləyir. Cəmi 1000 nüsxə tiracla nəşr olunan (vaxtilə 7000) bu jurnalı Bakının qəzet köşklərində, metro stansiyalarında axtarın, tapın, bəri başdan deyim ki, o romanı oxumağınıza qətiyyən peşiman olmazsınız. Əvvəla; bu, çox ciddi romandır, içində HƏQİQƏT var və Aqil Abbas o yazıçılardandır ki, həqiqəti yalanla bəzəyib oxucuya sırımır, əksinə, bütün yalanların üstündən keçib əsl həqiqəti ortaya qoyur. Dahi Nizami Gəncəvi yazırdı ki: Yalanlar ardınca getsə sənətkar, Əyri pərdə kimi baş-ayaq çalar. Aqil də yalanları, özü də həqiqət donunda cilvələnən yalanları dahi ustadı Mirzə Cəlil kimi ifşa hədəfinə çevirən bir yazıçıdır. İkincisi; həqiqət o zaman səni özünə cəzb edir ki, o, bədii həqiqətə də çevrilmiş olsun. Yəni həyat həqiqəti ilə bədii həqiqət arasında heç bir ziddiyyət gözə dəyməsin. Aqilin romanında də bizə təqdim olunan gerçəkliyin özüdür. Üçüncusu; yazıçının canlandırdığı həyat lövhələri, obrazlar səni düşünməyə vadar etsin və əsəri oxuyub bitirəndən sonra o lövhələr, o insan obrazları uzun müddət sənin fikrini məşğul eləsin. Bu romanı oxuyandan sonra əlinə əlinə vurub "ah, həyat, nə gözəlmiş, nə şirinmiş" demirsən.
   
    Fikrimizcə, Aqil Abbas istər "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", istər "Dolu", istərsə də "Allahı qatil edənlər"də məhz bu üç səmti düzgün müəyyənləşdirəndən sonra oxucuya üz tutub.
   
    "Allahı qatil edənlər" romanında Aqil Abbasın bir romançı kimi də formalaşdığının şahidi olduq. Nəsrin ən çətin və ən mürəkkəb janrı olan roman XX əsrdə insanın daxili-ruhi təkamülünün ideal göstəricisi səviyyəsində bir hadisəyə çevrilmişdir. XX əsrdə bu janrın əsas missiyası dünyanın özünün bütövlükdə mahiyyət və mənasını açmaq, onun amansız həqiqətlərini insanın gözləri qarşısında canlandırmaq və bədii sözün qüdrətilə insana yaşamağın fəlsəfəsini açıqlamaqdır. Odur ki, roman kimi belə böyük bir missiyanı həyata keçirən bir janra müraciət etmək və həm də istəyinə az-çox nail olmaq cəsarət tələb edir.
   
    Aqil Abbasın romanı hansı xüsusiyyətləri ilə seçilir, diqqəti cəlb edir?
   
    Roman haqqında ilk sözü söyləmək çox çətindir, amma biz çalışacağıq ki, əsərin necə deyərlər, əsas nəbzini tutaq.
   
    Kəskin konflikti ilə seçilən bu romanda belə bir hadisə təsvir olunur: Azərbaycan ordusunda xidmət edən "Akademik" (hamı onu belə çağırır) ləqəbli əsgər bir gün üzünü yoldaşlarına tutub deyir: "Qardaşlar, biz bura Vətəni qorumağa gəlmişik, komandirlərə fəhləlik eləyib gün keçirməyə yox! Evə dönəndə sevdiyiniz qızlara, analarınıza, balaca bacı-qardaşlarınıza nə deyəcəksiz? Nə ilə lovğalanacaqsız? Sement qarışdırmağınızla, daş daşımağınızla?! Yoxsa axşamlar ucuz araqlardan içib şellənməyinizlə? Sizi bilmirəm, mən daha heç kimə nökərçilik edən deyiləm".
   
   "Akademik"in bu çıxışının öncə əsgər yoldaşlarına təsiri az olursa, sonra get-gedə hamını düşünməyə məcbur edir. Bəzilərinə ritorik təsir bağışlayan bu sözlərin əslində, böyük həqiqət olduğu romanda bütün çılpaqlığı ilə meydana çıxır. Ona görə də, içi əsl vətənpərvərliklə dopdolu olan "Akademik"in bu sözləri hərbi hissədə böyük reaksiya doğurur. Batalyon komandiri və digər yüksək rütbəli zabitlər bu "cəncəl"i dəfələrlə cəzalandırırlar, amma sındıra bilmirlər. Nəhayət, insanı məhv etməyin, alçaltmağın ən təhqiredici üsuluna əl atırlar. Təhqir olunmuş "Akademik" onun mənliyini alçaldan üç əsgər yoldaşını qətlə yetirir, sonra özünü də öldürür... Əsgərləri bu işə sövq edən Komandir də günlərin birində öldürülür. Onu kim öldürür? Bu haqda bir qədər sonra... Beləliklə, bu qətllərlə bağlı cinayət işi qaldırılır və romanda sücet əsasən bu cinayətin açılışına həsr olunub.
   
    Göründüyü kimi, yarı detektiv təsir bağışlayan bu romanda sosial məzmun başlıca xətdir. Cinayət cinayətdir, onu açmaq hüquq işçilərinin işidir, amma müəllif bu cinayət hadisəsi- Komandirin qətlə yetirilməsi səbəbləri üzərində bizi düşündürür. Əlbəttə, bəzi nikbin oxucular narazılıqla başlarını bulayıb deyə bilərlər ki, Aqil Azərbaycan ordusunu rüsvay edir. Məgər gün-gündən qüvvətlənməkdə olan ordumuzda belə rüsvayçılıqlar ola bilərmi? Təbii ki, onların fikrincə,"Akademik"in çıxışı da mövcud durumu əks etdirmir. Hələ məlum münaqişənin sülh yolu ilə həlli üçün baş sındırırlar. Amma müharibə də labüddür... Mərhum şairimiz Qabil isə məşhur şeirində yazırdı: Ümid sənədir ancaq Azərbaycan əsgəri!.
   
    Romanda müharibə haqqında heç bir söz deyilmir, məqsəd başqadır. A.Abbas işğala məruz qalmış, torpaqlarının iyirmi faizini itirmiş bir məmləkətin düşünən, ağıllı bir vətəndaşının faciəli taleyini izləyir və oxucuya belə bir fikri aşılayır ki, bu məmləkətdə heç də hamımız o "Akademik" kimi düşünmürük. Heç şübhəsiz, Aqilin təsvir elədiyi belə hərbi hissələr orduda az deyil. Ona görə də A.Abbas bir yazıçı kimi həyəcan siqnalı səsləndirir, humanizm və bəşəri duyğulardan uzaq olan bir hərbi hissəni -onun komandirini, zabitlərini insanlığa səsləyir. Özündən heç nə uydurmur, çünki romanda təsvir edilən hadisələr həqiqətdir, bu və ya buna bənzər olaylar haqqında qəzetlər az yazmayıblar.
   
    Ancaq romanın ideyasını bununla da məhdudlaşdırmaq olmaz. Burada hər şeydən əvvəl, insan taleyi izlənilir. Məgər təhqir olunan, alçaldılan insanlar elə ordudamı olur? Keçid dövrünün bəlalarından yaranan xaosdan, müsibətdən, narkomaniyadan, uşaq və qadın alverindən, kreslo və vəzifə alqı-satqısından, yerlipərəstlik kimi qorxulu mərəzdən hələ də qurtulmayan məmləkətimizdə ən böyük problem İNSAN AMİLİDİR. İnsan müstəqilliyin ona bəxş etdiyi azadlıq sevincini yaşamaq istəyir. O, öz ölkəsinin sahibidir, söz demək hüququna malikdir, torpaqlarını azad görmək istəyir. Aqil Abbas məhz belə bir insanı əsərinin qəhrəmanına çevirir. Amma bu qəhrəmanın qələbəsini yox, faciəsini bizə göstərir.Əlbəttə, bizimlə razılaşmayıb deyə bilərlər ki, bu obraz heç də qəhrəman səviyyəsinə yüksəlmədi, o necə qəhrəmandır ki, amansız təhqirlərə məruz qalır, məgər onun xilası üçün başqa yollar yox idimi? Bu adam başqa bir mübarizə yolu seçə bilməzdimi? Təbii ki, seçə bilərdi, amma A.Abbası düşündürən başqa məsələdir. O, belə bir fikri aşılayır ki, torpaqlarımızı işğal edən düşmən gec-tez öz cəzasını alacaq, ordumuzun zəfər marşı çalınacaq... amma bu son və həlledici döyüşdən öncə daxilimizi, içimizi təmizləməliyik. Bazar psixologiyasının yaratdığı alqı-satqı duyğusundan, bir-birimizi riyakarcasına aldatmaqdan, biganəlikdən, laqeydlikdən, yad və yabançı meyllərə uyub vətənsizləşməkdən, vəzifə və kreslo davasından xilas olmalıyıq. Hər bir ölkənin ordusu onun təkcə döyüş qabiliyyətini deyil, həm də mənəvi gücünü, potensialını da ortaya qoyur. Əgər bu gün hansı hərbi hissədəsə əsgərə qul kimi, fəhlə kimi, hətta hambal kimi yanaşılırsa, orada da "Akademik" kimi etirazçılar, haqq sözü çəkinmədən üzə deyənlər susdurulursa, təhqir olunursa, bax, bu barədə fikirləşməyə dəyər!
   
    Öncə söylədik ki, Aqil Abbas öz romanına detektiv ünsürləri qatıb. Amma bu romanda həmin elementlər əsərin janr strukturuna çökmür, sadəcə, fon təşkil edir. Çünki detektiv romanlarda cinayətin izləri təfərrüatı, bütün gedişiylə izlənildiyi halda, Aqilin romanında buna ciddi cəhd duyulmur (Çingiz Abdullayev olsaydı, bunu çox uğurla həll eləyərdi). Səbəb odur ki, müəllif cinayətin özündən çox, onun səbəbləri barədə düşünür. Azərbaycan əsgərini üç əsgər yoldaşını öldürməyə nə vadar etdi?-Aqili bu sual düşündürür və çalışır ki, həmin suala real həyat həqiqətindən cavablar tapsın. Sonda məlum olur ki, komandiri öldürən şəxs "Akademik"in anasıdır. "Akademik"in atası Kriminalistə deyir: "Gəl sən razı olma ki, o boyda oğul dərdi çəkən bir ana bu yaşında həbsxanaya düşsün, həbsxanada ölsün. Sənin üçün nə fərqi, əsas odur ki, qatili tapmısan! Mən etiraf edirəm. Polkovniki mən vurmuşam. İkimiz də müsəlmanıq. Bunun bircə yolu var, ya məni həbs edirsən, ya da bu namus məsələsidi, xanımımı atacam, amma həbsxanaya düşməyə qoymayacam. Söz sənindir. Sənin də anan var, bacın var. Nə fərqi, mən öldürmüşəm, yoxsa xanımım?!. Əslində, bunu mən eləməliydim, kişiliyim çatmayıb".
   
   Kriminalist "Akademik"in atası ilə razılaşır və silahı alıb kişini qabağına qatır. Oxucuya elə gəlir ki, hər şey bitdi, ammagA.Abbas sonluğu başqa cür tamamlayır. Ata kriminalistdən xahiş edir ki, maşını saxlasın, bir neçə dəqiqəliyə oğlunun qəbrinə baş çəkmək istəyir. "Durmuşdu oğlunun qəbri üstə, əllərini göyə açıb dua oxuyurdu Kriminalistsə məhəccərə söykənib siqaret çəkə-çəkə bu mənzərəni müşahidə edirdi.
   
   Axırıncı dəfə diz çöküb qəbirin torpağını sığalladı, oğlunu qucaqlayırmış kimi, məzarı qucaqladı və hıçqırdı.
   
   Kriminalist siqareti atdı, maşının qapısını açıb silahı götürdü, bir silaha baxdı, bir oğlunun qəbrini sonuncu dəfə qucaqlayan ataya baxdı... baxdı...
   
   ...Və silahı tulladı çaya, keçib oturdu sükanın arxasında, maşını sürüb getdi".
   
   Ata evə qayıdır. Arvadına deyir ki, polkovniki öldürən qatil tapıldı. Onu Allah öldürdü.
   
    Romanın belə bir sonluğu simvolikdir, rəmzi məna daşıyır və yazıçı demək istəyir ki, bu dünyada Haqq var, Ədalət var, amma Haqqın, Ədalətin gücü yoxsa, göydə Allah var.
   
    Aqil Abbas bu romanı "birnəfəsə"-iki aya yazıb. Bunun məsələyə, yaradıcılıq zamanına bir elə dəxli yoxdur. Romançı üçün məsafəni hansı vaxta qət etmək önəm kəsb eləmir. Romanla bağlı indi söyləyəcəyim iradların da buna aiddiyyəti yoxdur. Çox istərdik ki, romanı kitab kimi çapa hazırlayanda bəzi boşluqlar tamamlanaydı. Məsələn, "Akademik"in onu təhqir edən, mənliyini alçaldan əsgər yoldaşlarını öldürməsi səhnəsinə rast gəlmədik. Yaxud, Polkovniki qətlə yetirən Ana obrazı romanda sönük işıqlandırılıb, onu bu qətlə vadar edən səbəblər, keçirdiyi psixoloji hisslərlə də qarşılaşmadıq. Hərbi hissədə hökm sürən və "Akademik"i də sərt çıxışlar eləməyə vadar edən qanunsuzluqlar, zorakılıq, rüşvətxorluq və s. neqativ hallar da dərinliyilə açıla bilərdi. Təbii ki, prokurorun, müstəntiqin, kriminalistin "axtarışları" hesabına. Bununla romanın sosial məzmunu bir az da dolğunlaşardı.
   
    Bunlar bizim şəxsi qənaətimizdir.
   
    "Allahı qatil edənlər" Aqil Abbasın "Dolu" romanından sonra ikinci uğurlu əsəridir. Ürəyi dolu olan bu yazıçıya roman yaradıcılığında yeni uğurlar arzulayaq!


YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-01-23
2018-01-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK