ANA SƏHİFƏ / YAZARLAR

ŞAİRLƏR VƏTƏNİ QAZAX TƏRƏFLƏR

ƏDƏBİ HƏYAT

19506    |   2011-09-17 10:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

II yazı
   
   
   
   XX əsr Azərbaycan poeziyasında Qazax bölgəsindən çıxan şairlərin müstəsna yeri var. Gəlin, elə adları sadalayaq: Səməd Vurğun, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Hüseyn Arif, Nəriman Həsənzadə, Tələt Əyyubov, Vaqif Səmədoğlu, Mənsur Fəxri, Vaqif Nəsib, Davud Nəsib, Müzəffər Şükür, Aslan Kəmərli, Nüsrət Kəsəmənli, Ağamalı Sadiq, Məmməd İlqar, Barat Vüsal, Akif Səməd... Yazıda digər adlara da müraciət edəcəyəm. Çünki saymaqla qurtaran deyil.
   
   Bu adlar kifayət edir ki, biz ümumiyyətlə, "Qazax bölgəsi" ifadəsini "Azərbaycan"la əvəz edək. Bəli, XX əsr Azərbaycan poeziyasını bir neçə adsız təsəvvür etmək mümkün deyil, əlbəttə, başda Səməd Vurğun olmaqla.
   
   Səməd Vurğunu-"Azərbaycan poeziyasının südü və qaymağı, duzu və çörəyi" olan bu böyük şəxsiyyəti sağlığında dəlicəsinə sevənlər olub, onun poeziyasını insana lazım olan su, hava, torpaq, hətta Günəşlə bir tutublar. Əlli beş ildir ki, Səməd Vurğun yoxdur, amma əlli beş il nə, bizdən sonrakı əsrlərdə də Azərbaycanı Səməd Vurğunsuz təsəvvür eləmək mümkün deyil. Necə ki, Nizamisiz, Füzulisiz, Nəsimisiz, Sabirsiz...
   
   Nədir bu sirr, nədir bu möcüzə? Nəsillər dəyişir, yeni ədəbi zövqlər, baxışlar formalaşır, elmi-texniki tərəqqi, sivilizasiya, qloballaşma, inteqrasiya, daha nələr olacaq. Amma nə zamanın küləkləri, nə dünyanın çarxı Azərbaycan mənəviyyatından Səməd Vurğunu silib aparmağa gücü çatmayacaq.
   
   
   
   El bilir ki, sən mənimsən,
   
   Yurdum, yuvam, məskənimsən,
   
   Anam, doğma vətənimsən!
   
   Ayrılarmı könül candan?
   
   Azərbaycan, Azərbaycan!
   
   
   
    Məşhur "Azərbaycan" şeirini oxuyandan sonra sənə elə gəlir ki, bu şeiri Səməd Vurğun yazmayıb, müəllifi elə Xalqdır... Çünki Xalq dediyimiz kütlə deyil, millətdir, Vətəndir, dildir. Qırmızı imperiyanın yetmiş illik hakimiyyəti dövründə çox sərvətlərimiz çox ölkələrə daşındı, maddi cəhətdən talan olunduq, amma mənəviyyatımız, dilimiz yaşadı və onu yaşadan da Səməd Vurğun kimi şairlərimiz oldu.
   
   Keçən əsrin 90-cı illəri... Mətbuat səhifələrində böyük şairlərimizin ünvanına böhtanlar, föhşlər yağdırılırdı. Füzuli, Sabir, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm inkar olunurdu, Səməd Vurğun haqqında yazırdılar ki, o, sovet şairidir, partiyanı, Lenini, Stalini mədh edib. Bəli, Səməd Vurğun bir mənada sovet şairi idi, o deyilənlər düz idi ki, Leninə, Stalinə, partiyaya şeirlər həsr etmişdi. Buna inanıb yazırdı və bu inam bəy oğlu Səməd Vurğunun qanındaydı. Amma həmin şeirləri Səməd Vurğunun külliyyatından kənar etsək, Səməd Vurğun poeziyası öz zirvəsindən bircə addım aşağı enməz.
   
    Səməd Vurğun Azərbaycan poeziyasında məktəb yaratdı və bu məktəb indi də özünün yeni tələbələrini yetişdirir.
   
    Səməd Vurğuna ruhən yaxın olan iki şair var: biri Osman Sarıvəllidir, o biri Hüseyn Arif.
   
    Osman Sarıvəlli haqqında düşünəndə gözlərim qarşısında müdrik bir xalq filosofu gəlir. O da S.Vurğun kimi Moskvada təhsil aldı, o da S.Vurğun kimi Bakıda yaşadı, amma onun şeirlərini oxuyanda elə bilirsən, bu adam hələ də kənddə yaşayır, Çünki kəndin ruhu canındadır.
   
   
   
   Yaşadım çöllərdə on il, on beş il,
   
   Yağışda, yağmurda günüm olmadı.
   
   Dostlar yaxşı bilir, mənə yad deyil,
   
   Çiçəklərin adı, quşların adı.
   
   
   
   Dumanlı səhərlər, çənli axşamlar,
   
   Keçəli çadırlar, yeraltı damlar
   
   Olduqca məskənim, olduqca yuvam,
   
   Yamaqlı şalvarım, yamaqlı çuxam.
   
   Vüqarlı başımı saldı aşağı,
   
   Çıxdı gözlərimə qəlbimin dağı.
   
   
   
   Ələmdən, kədərdən qaça bilmədim,
   
   Ciyərim həsrətlə alışdı, yandı.
   
   Könlümü kimsəyə aça bilmədim,
   
   Cırıq paltarımdan eşqim utandı.
   
   
   
   Hüseyn Arif poeziyasına gəldikdə isə... ona hamı TƏBİƏT ŞAİRİ deyirdi. Bəli, H.Arif təbiəti sevirdi. Güllərin, çiçəklərin, lap quşların dilini bilirdi. Dağ kəllərinin halından xəbər tuturdu. Meşələrin qırılmağını özünə dərd eləyirdi. Və bu şeirləri oxuduqca adama elə gəlir ki, təbiət bütün varlığı ilə onun çəlimsiz vücudunda toplaşmışdı.
   
   
   
   Dərədə moruq dər, döşdə çiyələk,
   
   Gah yağış xoş gəlir, gah sərin külək.
   
   Yaş ötür, doymayır dünyadan ürək,
   
   Yaşamaq həvəsi şeir deyilmi?
   
   
   
   Mənim fikrimcə, əlli yaşlı ustad Səməd Vurğunun 68 yaşlı tələbəsi Hüseyn Arif öz dahi müəlliminin vaxt tapıb yazmadığı şeirləri yazdı, tamamladı. Səməd Vurğun Vaqifi diriltdi, heca şeirində novatorluq etdi, Hüseyn Arif də bu ənənəni bir az da zənginləşdirdi.
   
    Bir haşiyə: Xalq, sevdiyi sənətkarlar haqqında lətifələr, əhvalatlar düzəldir. Səməd Vurğunun böyüklüyü, insani keyfiyyətləri, xalqla ünsiyyəti barədə çox əhvalatlar danışırlar. Amma kəmiyyətcə Hüseyn Arifə çatmaz. Hüseyn qağa yumora, məcaza uyğun adam idi. Hətta İsmayıl Şıxlı kimi çox ciddi bir insan Hüseyn Ariflə bağlı lətifə və əhvalatları bir yerə toplayıb kitab çap elətdirdi.
   
   Bu il Xalq şairi Nəriman Həsənzadənin 80 illiyi böyük təntənə ilə qeyd olundu.
   
   
   
   Həyatın əzəli qanunu budur,
   
   Bağı dolanarlar bağ bağ olanda.
   
   Hər torpaq dünyada məmləkət olmur,
   
   Parça var, yaşayır bayraq olanda.
   
   
   
    Nəriman müəllim haqqında, onun yaradıcılığı barədə Salatın Əhmədli ilə birgə kitab yazmışıq: "Şeirimizin Nərimanı". Son altmış ilin poeziyasını Nəriman Həsənzadənin yaradıcılığı olmadan təsəvvür eləmək mümkün deyil. Onun poeziyası zərif və incə hisslər üzərində köklənib. Lirik şeir nədir? Sualına cavab axtarmaq lazımsa, heç bir nəzəri kitab oxumaq lazım deyil. Nəriman Həsənzadənin onlarla şeirini oxuyun, sevin, sevilin, uçun, qanadlanın, yeri gələndə xəyallara dalın.
   
    Əlbəttə, Azərbaycan poeziyasının bu görkəmli nümayəndələri haqqında danışmaq xoşdur, amma digərlərini də unutmayaq.
   
    Aslan Aslanov.Tanınmış estetik. Tərcüməçi. Şair. "Lalələr" şeirin müəllifi.
   
    Teymur Bünyadov. Akademik. Tanınmış tarixçi, etnoqraf. Həm də gözəl bayatıların müəllifi:
   
   
   
   Ömrə cala,
   
   Ömrümü ömrə cala.
   
   Bu həyat kimə gərək,
   
   Al canım, ömrə cala.
   
   
   
   Havalandı,
   
   Gördü yar, havalandı.
   
   Cumdu eşq dəryasına,
   
   Könlüm də şavalandı.
   
    Ələddin İncəli. Yaşı səksəni keçib, amma yazmaqdan yorulmur. S.Vurğunun "Ceyran" qoşmasından sonra o da cəsarət ediö "Ceyran" qoşmasını yazdı və elə bu şeirinə görə yaşayacaq ŞAİR kimi.
   
   Qara Qafqazlı. Qazaxda yaşadı, Qazaxda dünyadan köçdü. Əyalətdə yaşayan şairlərin birincilərindən idi.
   
    Sadiq Qara və Bilal Qocanı şəxsən tanıyıram. İkisi də gözəl şairdir.
   
    Vaqif Nəsib. Dost idik, indi də bu dostluq davam edir. Şair kimi gəlib ədəbiyyata, amma istedadlı nasir kimi də tanınır. Vaxtilə unudulmaz şairimiz Rəsul Rza onun şeirlər kitabına ön söz yazmışdı. "Vaqif Nəsib yalnız bircə şeir-"Durna günü" şeirini yazmış olsaydı, yenə də şair adlanmağa haqqı vardı.
   
   
   
    Hər payız
   
    qızıl boyunbağıtək
   
    son baharın boynundan
   
    açılardı durnalar
   
   
   
    İndi hər payız
   
    ömür təqvimimə
   
    bir durna günü gəlir.
   
    Onların başım üstən
   
    Həsrət çala-çala,
   
    lələk sala-sala
   
    keçməsi yadıma düşür.
   
    Bir də,
   
    Şəhərdən gəlmiş bir qızın
   
    kəndimizdən durna kimi
   
    köçməsi yadıma düşür.
   
   
   
    İncədərəsinin şairləri. Aslan Kəmərli, Ağamalı Sadiq, Akif Səməd, Məmməd İlqar, Məhəmməd Astanbəyli, İbrahim İlyaslı, Mahmud Vəli, Rəfail İncəyurd, Avdı Qoşqar, Məmməd Dəmirçioğlu. Üç balaca kənddən görün necə istedadlı şairlər çıxıb. Qətiyyətlə demək olar ki, müasir Azərbaycan poeziyasının ərazisində bu şairlərin məxsusi yeri var. İndi Akif Səməd də yoxdu, Ağamalı Sadiq də, Aslan Kəmərli də. Allah onların ruhunu şad eləsin! Ağamalı Sadiq və Akif Səməd getdisə də onların şeirləri kimi ruhları da müasir poeziyada yaşayır. Ağamalı Sadiqdən ikicə bənd şeir yerinə düşər:
   
   
   
   Bu dünyanın axırına inandım,
   
   Əzəlini gülə-gülə yaşadım.
   
   Yaş keçəndə daşa dəydi inadım,
   
   Korun-korun, gilə-gilə yaşadım.
   
    Sən əylənmə, aylı dağda qar azdı,
   
   Mənim yolum Həkəridi, Arazdı,
   
   Görən yazan taleyimə nə yazdı,
   
   Göz yaşımı silə -silə yaşadım.
   
   
   
   Müasir şeirimizdə irfani qanadın yeni tərzdə üzə çıxmasında Ağamalının, Akif Səmədin rolu böyük oldu. İndi bu yolu Məmməd İlqar, Məmməd Dəmirçioğlu, Məhəmməd Astanbəyli, İbrahim İlyaslı, Şaiq Vəli davam etdirirlər.
   
   Mən əziz dostum Nüsrət Kəsəmənli hüznlə yad edirəm.Poeziyamızda sevgi qolunun ustadına çevrilmişdi. Cavanlar görüşə çıxanda onun şeirlərini əzbərləyib yar yanına gedərdilər. Heyif deyirəm.
   
   Davud Nəsibin də ölümü qəfil oldu.
   
    Barat Vüsal Qazaxda-Yazıçılar Birliyinin filialına rəhbərlik edir. Ağzını açdımı, şeirlə açır, yumdumu, şeirlə yumur. Orda-Qazaxda Şahinə Könül adlı cavan, istedadlı bir şairə yaşayır. Bir yazımda onun şeirlərini təqdir etmişəm və bu qızın indisindən onun gələcəyi görünür. Mən Cığatelə, İslam Turkaya, Saqif Qaratorpağa, Fəridə Ləmana, Vəli Xramçaylıya (gözəl şairimiz, dünyasını vaxtsız tərk etmiş Eldar Nəsiblinin qardaşı) də yaradıcılıq uğurları arzulayıram.
   
   Bu yazının sonunu Osman Sarıvəllinin aşağıdakı misralarıyla bitirmək istəyirəm:
   
   
   
   Aşıq eldən alar öz nəfəsini,
   
   Gəldim eşitməyə elin səsini.
   
   Könlümün dil açan kəmənçəsini,
   
   Zərif əlləriylə çaldı bu yerlər.


YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-07-17
2018-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK