ANA SƏHİFƏ / YAZARLAR

UĞURLU BİR SƏHƏR ARZUSUYLA YAŞADI

ƏDƏBİ HƏYAT

11088    |   2011-08-27 11:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Mərhum şair Sabir Adil haqqında)

O, dünyada yox imiş.
   
   Gördüyüm kəs yuxuymuş.
   
   Nə siqaret çəkərmiş,
   
   Hey sümürə-sümürə.
   
   Nə də
   
   baş qaldırarmış
   
   xırda bir səs-səmirə.
   
   Ağlama, könlüm,
   
   kiri...
   
   Bu adda,
   
   bu nişanda,
   
   O gözəl gənc
   
   Cahanda
   
   Olmayıb,
   
   olmayıb,
   
   olmayıb.
   
   
   
   Bu misralar böyük şairimiz Əli Kərimin "...Xatirəsinə" şeirindəndir. Ölümünü qabaqca hiss eləyən Ə.Kərim sanki ölümündən sonrakı taleyini düşünübmüş. Amma belə olmadı, Ə.Kərim məhz ölümündən sonra bir daha doğuldu.
   
   O da Əli Kərimi çox sevirdi. Təkcə ona görə yox ki, ikisi də çinarlar diyarı Göyçayda doğulmuşdular. Həm də ona görə ki, Əli Kərim və böyük şairimiz Rəsul Rza onun bir şair kimi formalaşmasında mənəvi ustad rolunu oynadılar.
   
   Onu necə tanıdım? Necə dost olduq?
   
   1987-ci ildə "Yazıçı" nəşriyyatı Sabir Adilin "Üz tutduğum adamlar" adlı ilk şeirlər kitabını oxuculara təqdim etdi. Bu zaman Sabirin artıq 37 yaşı vardı, şeirləri ədəbi jurnallarda çap olunsa da, bir şair kimi tanınsa da, yalnız Puşkin yaşına gəlib çatanda ilk kitabının çapına icazə verdilər. Kitab "Uğurlu bir səhər arzusu" şeiriylə açılırdı:
   
   
   
    Uşaqlar ayağa durunca,
   
    Bir şeir yazsam,
   
    bir kitab oxusam,
   
    nə uğurlu olar bu səhərim.
   
    Uşaqlar ayağa durunca,
   
    Bir quş olaydım,
   
    Yeməklərin, içməklərim tapaydım.
   
    Milyonlarla, milyardlarca evlər tikilsə,
   
    evsizlər olmasa dünyada
   
    Nə uğurlu olar səhərim.
   
   
   
   Uavan bir atanın ürəyinin arzusunu ifadə edən bu şeirdə bir təmizlik, bir saflıq yaşayırdı. Həmin şeir kitabında Sabirin ən duru şeirləri toplanmışdı. Hiss olunurdu ki, poeziyaya öz səsi, nəfəsi, fərdi dəst-xətti olan bir istedad gəlir.
   
   Sabir Adil Göyçayın Bəydövül kəndində dünyaya göz açıb. Mən Şirvan aşıq sənətindən "Yolun düşsə Şirvana" adlı kitab yazırdım və öyrəndim ki, ustad aşıq Şakir Hacıyevin sənət öyrədicisi, ona aşıqlığın sirlərini mənimsədən aşıq Mürsəl Xudiyev Bəydövül kəndindəndir. Onu da öyrəndim ki, aşığın doğulduğu kənddə qızı yaşayır- İbadova Fənarə Mürsəl qızı. Məhz Sabirlə o kəndə getdim və aşıq Mürsəllə bağlı nə lazım idisə qızından öyrəndim. Bəydövül kəndi çox böyük kənd olmasa da, öz yaşıllığı, bərəkətli torpağı və hər şeydən əvvəl, sadə, qonaqpərvər insanları ilə yaddaşıma əbədi həkk olundu. O kənd bir də Sabir Adilin bu misraları ilə yaddaşıma köçdü:
   
   
   
    Hara getsəm,
   
    harda olsam,
   
    qayıdıb yanına gəldim sənin.
   
    Qayıdıb yanına gəldim,
   
    "əl-ayağı" mənimkindən çox-çox böyük,
   
    ömrü mənimkindən çox-çox uzun,
   
    balaca həyətimiz, evimiz.
   
    Balaca evimiz, həyətimiz, sağ ol,
   
    məni bəyənməsən də,
   
    bir də gördüm qol-boyunuq.
   
   
   
   Sabir Adil həyatında çox çətinliklər görüb, gah Göyçayda yaşayıb, gah Bakıda, gah da Sumqayıtda. BDU-nun tarix fakültəsini bitirdikdən sonra Göyçayda müəllim işləyib, sonra Bakıda-kinostudiyada işləyib (o, İsi Məlikzadə ilə birgə "Papaq" filminin ssenarisini yazıb), sonra Sumqayıtda Dram teatrının bədii rəhbəri vəzifəsində çalışıb, nəhayət son iş yeri-Yazıçılar Birliyində ədəbi məsləhətçi. Bu çətinliklər təbii idi və kənddən şəhərə gələn hər birimizin tərcümeyi-halında bu "yerdəyişmələr" yazılmamış deyil. Sabir sanki bizim hamımızın şəhərdə qalıb işləmək, ev almaq, öz istedadımız, qabiliyyətimiz müqabilində nəyəsə nail olmaq arzusunu ifadə edib yazmışdı:
   
   
   
    İyirmi ilə yaxındı
   
    sənə sarı can atıram.
   
    iyirmi ilə yaxındı
   
   məndən niyə qaçırsan Bakı şəhəri.
   
   
   
    Bir səndən doymadım,
   
    doyanlara yuva qurdun.
   
    Günahım nəymiş
   
    balaca komanı da qıymadın mənə.
   
   
   
    İyirmi ilə yaxındı
   
    sənə sarı can atıram.
   
    Bezib durdum Sumqayıtda
   
    Sən necə,
   
    Dayanmısan, yoxsa qaçıfrsan.
   
   
   
   Sabirin bütün şeirləri sərbəstdədir. O, özünü bu vəzndə sərbəst hiss edirdi. Məlumdur ki, sərbəst şeirdə də ritm, ahəng, musiqi olmalıdır. Amma hər şeydən əvvəl iki vacib element sərbəst şeirdə də hiss olunmalıdır. Bunlardan birincisi, fikirdir-şeirin lokomotivi. Fikir olmazsa, şeir yavan-yalxı bir nəzm parçasına çevrilər. İkincisi isə, bu fikrin obrazlı şəkildə ifadəsidir. Şeirdə istəyirsən necə ağıllı bir fikir söyləyirsən söylə, orada bədii təsvir vasitələri, poetik gözəlliklər nəzərə çarpmazsa, bu da şeir olmaz. Sabir Adilin sərbəst şeirləri bu tələblərə cavab verirdi. Balaca bir misal:
   
   
   
    Bu dəniz günəşdən doğulub
   
    yastıq üzü qədər hamardı
   
    bu dəniz.
   
    dalğalar yun döşək qədər rahatdı.
   
    rahat olaram mən də.
   
    hər şeyi unudub bu anda
   
    Göy üzünü də
   
    yorğan kimi örtsəm üstümə.
   
   
   
   Vaxtilə ədəbi tənqiddə "assosiativ şeir", "intellektual şeir" söhbəti gedirdi. Bu söhbətlər əbəs deyildi, poetik inkişafın öz tələbindən doğmuşdu ki, müəyyən şeirləri belə terminlərlə qruplaşdıraq.
   
   
   
    Axar suyun başında,
   
    qovaq kimi duruşumla,
   
    qoltuğumda isti bir gecə.
   
    Uzaqların gündüzünə baxa-baxa,
   
    uzaqların səsindən üşənirəm;
   
    "Canın çıxsın"-deyir
   
   hardasa kişnəyən at,
   
   "canın çıxsın"-deyir
   
   ölüb getmiş yurdlar.
   
   Ölüb getmiş yurdların kişiləri,
   
   Ölüb getmiş kişilərin qılıncları,
   
   qılıncların
   
   ölüb getmiş kədəri "canın çıxsın"-deyir.
   
   
   
   Bu, assosiativ şeirdir. Şeirdə çox ustalıqla semantik cəhətdən bir-birindən uzaq kəlmələr seçilmişdir, onlar bədii təfəkkürdə poetik simvolikanın (at, yurd, igid, qılınc, kədər) vasitəsilə bağlanmışlar. Şeir parçasındakı metaforalar da orijinaldır. "Qoltuğumda isti bir gecə", "canın çıxsın"-deyir hardasa kişnəyən at", "canın çıxsın"-deyir ölüb getmiş yurdlar". Onu da qeyd edim ki, yaşıdlarından fərqli olaraq Sabir Adil o zaman assosiativ şeirdə ucuzluğa getmir, yəni assosiasiyalardan ani təəssürat doğurmaq məqsədilə istifadə etmirdi.
   
    Sabirin şeirlərində zəngin təşbehlər və metaforalarla qarşılaşırıq ki, bunlar da onun daim poetik axtarışlara meylli olduğundan xəbər verirdi. Sabir deyirdi: "sevdiyim şeirin budaqlarından özümü asan ruh kimi bir şeyəm". "Ağaclar bağçalarda uşaq olub", "Bu ay işığında, söz işığında qoşulub mələrtisinə gecənin tükünü yola-yola tökülürdü göydən ölü buludlar" və s.
   
   1990-cı ilin qanlı yanvar günlərini xatırlayıram. O zaman Sabir Adil də hamımız kimi kədərli, üzüntülü idi. Və onun həmin faciədən sarsılaraq bir müddət saqqal saxlaması da yadımdadır. O zaman bir şeir də yazdı Sabir:
   
   
   
    Aldanmadı deyən
   
    dostu düşməndən
   
    seçdi millətim.
   
   
   
    Qocaldı bir gecədə
   
    uşaqlarımızın üzü
   
    aldanmadılar deyə.
   
   
   
    Aldanmadı deyə
   
    hər yerə qara bayraqlar sancsalar da
   
    çıxarammadılar ürəyimizdəki bayraqları.
   
   
   
   Sabir Adil çox yaşamadı. Səhv eləmirəmsə, ürəyi xəstə idi. Cəmi əlli dörd il yaşadı. Ölümü də qəfil oldu. Amma ölən insana, ya xəstə olana qətiyyən oxşamırdı.
   
   Onunla Sumqayıtda, hansısa mikrorayondakı evində qonaq olmuşam. Onda uşaqları hələ məktəbliydilər, Sabir onları çox sevirdi. Bu sevgi indi də yaşayır.
   
   O, nikbin idi. Şeirlərinin birində yazmışdı:
   
   
   
    boy atırsa uşaqlarımız,
   
    qızlarımız bulağa gedirsə,
   
    xırmana buğda daşınırsa,
   
    hələ sevənlər yanılmırsa,
   
    dədələrimiz hələ bizi aldatmırsa,
   
    yaşamağa dəyər!


YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-01-23
2018-01-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK