ANA SƏHİFƏ / YAZARLAR

ƏDƏBİ HƏYAT

SEÇİLƏN HEKAYƏLƏR

13254    |   2011-08-13 01:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hafiz İmamnəzərlinin "Başsağlığı və doğum haqqında şəhadətnamə" kitabı mətbuatda nadir hallarda görünən, amma istedadlı bir müəllifin povest, hekayə və ssenarilərini bir araya gətirir.
   
   Bəri başdan deyim ki, bu müəllifin yazıları həmişə oxuduğum, az qala üslubuna, yazı tərzinə "alışdığım" müəlliflərin yazılarından fərqlənir. Bu fərqlənmək kimlərdənsə məxsusi tərzdə seçilməyə cəhd kimi diqqəti cəlb eləmir. Mən Hafizin hekayələri ilə çox-çox əvvəllər, təxminən on-on beş il öncə tanış olmuşdum. Onda hiss eləmişdim ki, onun hekayələri özünəməxsus yazı sintaksisinə malikdir. Bu, öz yerində. Amma maraqlı o idi ki, o hekayələr təhkiyə tərzinin qəribəliyilə də seçilirdi.
   
   Budur, Hafizin bu illər ərzində yazdıqları bir kitabda cəm olub. Və mən istəyirəm ki, oxuculara nisbətən az tanış olan maraqlı bir nasirin yazıları barədə söz açım.
   
   Əvvəlcə "Uduzmaq oyunu" povestindən başlayım.
   
   Povestdə bir dəlixana təsvir olunur. Dərhal beynimdə dünya və Azərbaycan ədəbiyyatında dəliliklə bağlı əsərlər canlanır. Həmin əsərlərin əksəriyyətində dəlilik patoloji məna daşımır, ağıllı insanların cəmiyyətdən qovulub dəlilik həddinə çatdırılmasının nəticəsi kimi diqqəti cəlb edir. Yəni ağıllı dəlilər, dəli ağıllılar... Onlar artıq yaşadıqları mühitin alçaldıcı təzyiqindən xilas olmuş, dəlixanada isə sərbəstlik, azadfikirlilik "statusu" qazanmışlar. Onların dəlixanadakı "intellektual" oyunları, yaxud fiziki, "döyüş" təmrinləri cəmiyyət həyatının bir parçasını xatırladır. Sanki bir vaxtlar yaşadıqları o həyat, oranın qanunları azca deformasiya şəklində dəlixanaya köçürülmüşdür.
   
   Müəllif bu dəlilərdən ikisinin ötən həyatını, başlarına gələn hadisələri xatırladır. Filoloq Fassbinder adıyla dəlixanada tanınan Niyazi kimdir? Ağıllı bir insan. Alimdir, sərbəst düşüncə sahibidir, təmizdir, lakin keçid dövrünün "ustanovkasına" heç cür uyğunlaşa bilmir. O, həmişə kitab cümlələri ilə danışır, həyata, cəmiyyətə də elə kitabların içindən boylanır. Həyat isə onun oxuduqlarının və təmiz vicdanının əksinə olaraq dövran edir. İnstitutda müəllim işləyərkən "çox böyük bir şəxsin belindən gələn" bir tələbəyə qiymət yazmır. "Bir gün dərsdən çıxıb evə gedəndə tanımadığı adamlar Niyazi müəllimi zorla maşına oturtdular. Şər qarışan vaxt dəniz qırağında imtahan listini də qoydular qabağına. -Müəllim, yalnız və yalnız "əla" yazmalısan. Əgər yazmaq istəmirsənsə, çəkinmə, de, gedək arvad-uşağını gətirək, vidalaş.
   
   İri hərflərlə "əla" yazdı və səhərisi institutu dəyişdi".
   
   Amma zamanın istehzasına bax ki... indi dost-tanışın köməkliyilə yay mövsümündə beş köpük qazanmaq ümidilə həmin bu Niyazi müəllim bir firmaya işə düzəlmişdi və həmin firmanın prezidenti kim ola? Həmin ərköyün zırrama tələbə. Nə qədər həyati bir hadisə. Görün o zırrama tələbə keçmiş müəlliminə nə söyləyir: "Müəllim, birdən narazı olarsan ha, pula görə. Bir az qulağını kəsmişəm. İş vaxtı qəzet-jurnal oxumusan, arada guya firmada sosial ədavətin pozulması haqqında söz-söhbət qaçırmısan ağzından, bir də burnuvu politikaya soxmusan. Bilirsən, müəllim, çoxdandı sənin bu gününü gözləyirdim".
   
   Zırrama tələbəsinin verdiyi pulu cibinə qoyub, suyu süzülə-süzülə otaqdan çıxan Niyazi müəllim sevinmir. Amma arvad-uşaq sevinir.
   
   Görəsən, indiki dövrdə, həyatda belələri varmı? Olsun ki, var. Söhbət belə adamların olub-olmamağından yox, prinsipdən gedir. O prinsip ki, əsrlər boyu bəşəriyyətin bütün ağıllı insanlarını düşündürüb. Niyazi müəllim onu loru şəkildə belə izhar edir: "Səbinə, təsəvvür edirsən, ideal utopik cəmiyyətdə yaşayırıq, pul adlı iblis mövcud deyil, istədiyin dükana girirsən, bir qiymətli kəlam, ya klassik ədəbiyyatdan iki beyt deyirsən, vəssalam, çek vururlar, nə istəyirsən götür. Deyirəm. Bizə faiz verən yezid Mürsəl var ey, gündə gələr qapımıza. Təsəvvür elə: gəlib durur qapının ağzında və ilan dili çıxarır: "Niyazi müəllim, uşaqlar acından qırılır, borca bir beyt qəzəl de, gedim çörək alım". Ay səni, Səbiş, nə maraqlı cəmiyyət olardı?!"
   
   Təbii ki, bu cür xam xəyallarla yaşayanlar da tapılar. Amma indi başqa zamandır.
   
   Niyazi müəllim bu zamanın adamı deyil. O, hətta halal dissertasiyasını da müdafiə edə bilmir və elmi işini bir qəpiklik eləyib qoyurlar ortalığa. Beləliklə, sağlam olmayan cəmiyyətdə ona yer yoxdur. O, heç cür özünü təsdiq edə bilmir və yolgdəlixanayadır.
   
   Dəlixanada "Fizik Ferdinant" kimi tanınan Aqil də eyni haqsızlıqların qurbanı olur. Onun da məğlubiyyəti passivliyindədir. Bir vaxt tələbə yoldaşı olmuş Sakit gözü görə-görə elmi işini çırpışdırır, öz hüququnu müdafiə edəndə isə şər atmaqda günahlandırırlar. O da institutdan baş götürüb elmi tədqiqat institutuna yollanır, amma burada da əzəli rəqibi onun qarşısına çıxır. Və beləliklə, həyatında stress vəziyyəti başlayır, içgiyə qurşanır və yenə dəlixana. Mənim fikrimcə, "Uduzmaq oyunu" povesti gələcək bir romanın hazırlıq məşqidir, dəlixanadakı mistik oyunları təsvir etməkdənsə, müəllif ora düşən hər bir "dəli"nin həyat tarixçəsini, buraya düşmək səbəblərini təsvir etsəydi, uduzmazdı.
   
   Əlbəttə, indiki dövrdə belə halların olması təbiidir. Lakin müəlliflə bir məqamda polemikaya imkan var.
   
   "Hörmətli Hafiz İmamnəzərli! Siz bu tipli obrazları, daha doğrusu, istedadlı əfəlləri bizə tanıtdırırsınız. Biz onları tanıyırıq, sovet dövrü ədəbiyyatında da belə obrazlara az rast gəlməmişik. Ancaq onlar heç də dəlixanaya yollanmırdılar, özlərində güc və cəsarət tapıb heç olmasa, ən aşağısı, passiv şəkildə də olsa, mübarizə aparırdılar. Doğrudur, indi Şər daha güclüdür, sanki mübarizə imkanları tükənib və sizin qəhrəmanlarınız kimi gülünc vəziyyətlər haqlayır onları. Amma düşünmək lazımdır ki, ədəbiyyat, söz sənəti yalnız real həyatda olan Niyazi müəllim, ya Aqil kimi obrazları deyil, ARZU OLUNAN qəhrəmanları da yarada bilər. Elə bir qəhrəman ki, bu günün sərt reallıqları içərisində həqiqəti ucadan söyləyə bilsin. Lap məğlub olsun, amma dəlixanaya düşməsi lazım deyil. İkinci bir məsələ: dövr, zaman dəyişib. Əgər siz ARZU OLUNAN qəhrəman yaratmaq niyyətindən çəkinirsinizsə, başqa yol seçin. Elə qəhrəman yaradın ki, qoy lap biznesmen olsun, iş adamı olsun, varlı olsun, amma dövrlə müxalifətdə olsun. Yəni demək istəyirəm ki, qəhrəman tiplərinin çeşidləri çoxdur. Arayın, axtarın!"
   
   Hafiz İmamnəzərlinin doqquz hekayəsini də oxudum və bu hekayələri bir araya gətirəndə, yəni onların ümumi, oxşar cəhətlərini müəyyənləşdirəndə üç məqam üzərində dayandım. Birincisi; müəllifin müşahidə bucağı həyatın və insanların ayrı-ayrı hadisə və xüsusiyyətlərini bir nöqtədən deyil, müxtəlif rakurslardan işıqlandıra bilir. İkincisi; hekayələrin hər birində təsvir olunan tiplərin, əşya və hadisələrin, insanlararası münasibətlərin fərdiliyi diqqəti cəlb edir. Üçüncüsü; müəllifin hekayələrində sürrealizmin müəyyən təsirini hiss edirik. Kölgələr, qaranlıq görüntülər, ayrı-ayrı dağınıq, bir-birindən təcrid olunmuş hissəciklər nəzərdən yayınmır.
   
   "Pəncərədə pişik" adlı hekayəni götürək. Bu hekayədə bir həyət evi və bir məhəllənin kiçik bir bucağı müşahidə olunur. Sanki foto kamera ilə. Görüntülər müxtəlifdir. "Vaxt o vaxt idi ki, artıq Ağabala kişi acqarına üçüncü "Astra"nı yandırıb qoymuşdu damağına. Onunla üzbəüz həyət evində Sarıgül arvadın nəvəsi-mamaçanın əlindən təzəcə canını qurtarmış çağa cavan anasının döşlərini axtarırdı... yazıq pişik özünü atdı məhlədə "Kar sənətkar" ayamasıynan tanınan qıyıqgöz rəssamın pəncərəsinə. Dükandakı ətsatan kişi bığlarını eşib durmuşdu. Bir dənə də ceyran onunla qabaq-qənşər nazlanırdı".
   
   Bütün bu detallar sanki ümumi görünüşdən, lövhədən ayrılmış və bir-birindən təcrid olunmuş hissəcikləri xatırladır. Ayrı-ayrılıqda hər bir detal fərdidir, lakin bunlar "Pəncərədə pişik" tablosu ilə bir həyətdə, məhəllənin kiçık bir bucağında baş verən hadisələr, oradakı insanların münasibətləri arasında bir uyğunluq yaradır.
   
   "Borc" adlı başqa bir hekayəyə üz tuturam. Bu hekayədə süjetin inkişafı baxımından ardıcıllıq müşahidə olunur. Hekayənin süjeti borc anlayışına münasibət üstündə qurulur. Borc almaq istəyən bir insan iki adama üz tutur, lakin heç birindən pul ala bilmir. Amma söhbət onların borc pul verib-verməməyindən getmir, əsl məsələ bu adamların daxili aləmini açıqlamaqdır. Təsvir olunan obrazlar həyatın, gerçəkliyin heç üzdə görünməyən adiləridir, bir elə qeyri-adilikləri də nəzərə çarpmır, amma özlərinə görə düşüncə tərzi ilə seçilirlər.
   
   Hafiz İmamnəzərlinin təsvir etdiyi obrazların hamısı bizə tanışdır. Amma müəllif onları elə inandırıcı təsvir edir ki, biz sanki min dəfə gördüyümüzü sanki birinci dəfə görmüş oluruq. "Vəzifə başında patoloji hadisə"də qoca akademik-Mürsəl Qeysəroğlu yeni dönəmdə, cəmiyyətin, həyatın axarı dəyişməyə başlayanda gərəksiz bir varlığa çevrilir. Onun yeri artıq qəbiristanlıqdır-elə ki, öz ölümünə fərman verir, onu alqışlayan kütlənin də qərarı dəyişir. "Realizmin fövqündə-ifrat realizm" kimi səciyyələndirilən sürrealizm elementləri bu hekayədə bütün nüansları ilə üzə çıxır. Tabuta qoyulmuş akademiklə "üç gündür acam, a qızım, ay Allah bəndəsi" deyən akademik, yaxud özünü qarın içinə atan Mürsəl Qeysəroğlu ilə qəbirdən öz rüsvayçılığını seyr edən akademik gbunlar çox qarışıq, xaotik bir mənzərə yaratsa da, eyni nöqtəyə doğru baş alır. Həyat artıq ölülüklə diriliyin sərhəddi bilinməyən patoloji hadisələr yığnağına çevrilib.
   
   Bizə bu keçid dövründə tanış olan bir insan qrupu da var. Onları şərti olaraq "vurnuxan insanlar" da adlandırmaq olar. Əslində, Hafiz İmamnəzərlinin təsvir etdiyi obrazların əksəriyyəti də vurnuxur, çapalayır, bir yerdə qərar tutmur. Nəyisə əldə etməyə çalışırlar. Biri borc ardınca qaçır, biri düz söz danışdığına görə işdən çıxarılır, başqa işə keçir, orada da çox tab gətirmir və s. Bir sözlə, vurnuxurlar, çox narahətdırlar. Bu narahatlığın sonu olacaqmı? Çətindir bu suala cavab vermək. Çünki biz vurnuzan insanlar narahat, əsəbi dövrümüzə oxşayırıq.
   
   Bir neçə kəlmə də Hafiz İmamnəzərlinin hekayələrinin dili haqqında. Bu dil çoxçeşidliliyi ilə diqqəti cəlb edir. Onun təhkiyəsində və eləcə də təqdim etdiyi obrazların dilində ara-sıra əcnəbi sözləri və söz birləşmələri, həmçinin elmi leksikaya aid olan ifadələr var. Bunların bir qismi mətndə yerinə düşür, bir parası isə havadan asılı qalır. Düşünürsən ki, bunları nisbətən sadə, dilimizin öz sözləriylə də əvəz etmək olardı. Hekayənin başlıca məziyyətlərindən biri də dil sadəliyidir, qəlizlik yox..
   
   Hafiz İmamnəzərlinin kitabı haqda söhbətə burada nöqtə qoymaq olar. Oxuduq və sevindik.


YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-10-24
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK