ANA SƏHİFƏ / GÜNDƏM

ODLAR YURDUNDA YANAN ARZULAR

31285    |   2015-05-23 09:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Onlar da bizim kimi sabah erkən günorta üçün, axşam üçün planlar qurmuşdular. Bir neçə saat sonra görüşü olan, axşama bir yaxınına qonaq gedəcək, işə tələsən, toya hazırlaşan, imtahan həyəcanı yaşayan, yenicə sevməyə başlayan... və sair, və sair... yandı o arzular! Bir səhlənkarın, bir pul hərisinin, bir işbilməz vicdansızın qaladığı atəşlə yandı. Ana balasının gözlərinə baxaraq əlacsızlıqdan haray, nalə çəkdi - heç olmasa balamı xilas edin! Körpə ondan əvvəl bayılmış valideynindən əlini üzüb otağın içində dəlirmiş halda ora-bura qaçmağa başladı. Bu vəhşətin yuxumu, həqiqətmi olduğunu anlamağa macal tapmamış bədənindəki göynərtini hiss etdi... Əvvəl arzuları yandı onların, ümidləri qaldı, sonra qara tüstü hər yeri bürüyüncə, alovun dilləri üz-gözünü qarsınca, qapısı da, pəncərəsi də alışan otağında cəhənnəm zəbanəsin diri-diri görəndə isə ümidi özündən əvvəl öldü...
"Bu gün o gün... Əgər bir gün çarəsiz qalarsanız, bir xilasedici gözləməyin. Xilasedici özünüz olun". Son Başbuğ Mustafa Kamal Atatürk demişdi bunu.
Bəli, bu gün o gündü - 2015-ci il 19 may günü. Şahid olan heç kim başqasını gözləmədi, özü atıldı odun içinə başqasını xilas etmək üçün. Polis də, yanğınsöndürən də, oradan təsadüfən keçənlər də...
Qəhrəmanlıq dərsi keçilmir, kimlər tərəfindənsə öyrədilmir, o içdə gizlənmiş insani hisslərin, vicdanın ani təzahürü olaraq ən kritik durumda üzə çıxır və bəzən illərlə bir insanda tanımadığın, görmədiyin xarakter haqqında fikirlərin dəyişir. Bizim millətin mayasında həmişə qəhrəmanlıq olub. Amma özümüzün dəyərini, qiymətini bilməmişik heç vaxt. Həmişə özümüzü pisləyib, başqalarını nümunə göstərmişik. Belə hadisələr bir daha göstərir ki, özümüzə qayıtmalıyıq, özümüzü dəyərləndirməliyik. Çünki özünü tanımayan Allahını da tanımaz.
Çox dəhşətli hadisə oldu, insan faciəsinin yazıya sığmayacaq qorxunc hekayəsi baş verdi. Kimlərinsə məsuliyyəti üzündən dinc sakinlər həlak oldu, yazması belə ürək göynədən olan, körpələrin yanaraq ölməsinin şahidi olduq. Yanan da bizdik, yandıran da. Birilərinin keyfiyyətsiz işlərinin qazancı digərlərinin həyatını itirməsinə səbəb oldu.
Bir sürü vicdanını itirmiş, rifahı başqalarının göz yaşı, bədbəxtliyi, əzabı üzərindən olan, pulu Allahı bilən hər bir kişi və ya qadın heç olmasa evinə - uşağına yedizdirdiyi pula baxıb onu hansı yolla qazanıldığını düşünməlidir. Ən azı Allah cəzasının qaçılmaz olacağını heç vaxt unutmamalıdırlar.
Bu faciənin məsuliyyətsizlik üzündən olduğunu deyilrər. Ən böyük faciələr elə ən kiçik məsuliyyətsizliklərdən başlayır. Binalar təmir edilir, istifadə olunan materiala sertifikat verilir. Maddənin oda davamlılığı, materialın yüksək səviyyəli olması üçün hansısa maddələr əlavə edilməlidir, lakin səhlənkarlıq, yaxud daha asan başa gəlsin deyə istehsalat zamanı o qatqı əlavə edilmir, beləliklə, normal keyfiyyət itir. Ona görə də hər bir mərhələdə istifadə edilən bütün tikinti materiallarına ciddi nəzarət olmalıdır. Müqaviləsiz iş görülür, ekspertizasız binalar tikilir. Əgər ekspertiza varsa, ekspertiza normalara uyğun deyilsə, o zaman o rəyi verənlər də məsuliyyətə cəlb edilməlidir. Bildirildiyi kimi, sənəddə yazilib ki "Global Stane" MMC-nin istehsal məhsulu olan kaparol boyasi ilə işlənmis poliuretan üzlüyün çətin yanan materiallardan olmasi bildirilmisdi.
Azərbaycanda bu qədər abadlıq, quruculuq, təmir-bərpa işləri görülür. Bütün işlər yüksək keyfiyyətlə görülməlidir ki, çəkilən xərcə, zəhmətə dəysin.
Hündür mərtəbəli binalarda ehtiyat çıxış, hər mərtəbədə təxliyə planı, yanğınsöndürən cihaz, yanğın həyəcan siqnalı, yanğın baş verdikdə sakinlərin hərəkət planı və s. olmalı idi. Olmalı idi, amma yoxdu...
Bütün bu məsuliyyətsizliklərin, səhlənkarlığın, işbilməzliyin, şəxsi mənafeyini hər şeydən üstün tutmanın nəticəsi idi ki, o dəhşətli hadisə 16 ölü və 5 yaralı ilə sonuclandı.
"Mənim evim mənim qalamdır", deyilir. O bina isə çoxlarına qala yox, məzar, kabus oldu. Şən, azad körpələr evndə oynadığı yerdə o dəhşətli yanğının qurbanı oldular. Min bir arzusu gözündə qalan gənc ani alovdan başını itirərək özünü on altıncı mərtəbədən yerə atıb həyatını itirdi. Ailə başçısını itirmiş, xoşbəxtliyini oğlunda, qızında tapmağa çalışan ana ən böyük bədbəxtliyini yaşadı - üçü də birlikdə tərk etdi bu dünyanı. Nə qədər qəddar səslənsə də, bəlkə də beləsi daha yaxşıydı... Bala dərdini çəkib, bütün ömrü boyu ciyəri yanmaqdansa onlarla birgə yanmaq "xoşbəxtliyi". Əgər geridə, sənin gedişinlə bədbəxt olanlar yoxsa...
Prezident hadisənin baş verməsində təqsirli bilinən şəxslərin ciddi şəkildə cəzalandırılacağını deyib: "İndi Avropa Oyunları, başqa tədbirlər bu faciə qarşısında heçə bərabərdir. Ona görə, ilk növbədə, bir daha demək istəyirəm ki, bütün buna oxşar materiallarla üzlənmiş binalardan dərhal nümunə götürülməlidir. Bu materiallar təhlil edilməlidir. Əgər orada təhlükə varsa, odadavamlı deyilsə, dərhal bütün binalarda üzlüklər sökülməlidir.
Əgər bütün işlər düzgün qurulsaydı, bu hadisə baş verməzdi. Azərbaycan vətəndaşları bilməlidir ki, günahkar və günahkarlar kimdir? Bu hadisəyə görə kim məsuliyyət daşıyacaq? Hər kəs nəticə çıxarmalıdır, hər bir məmur öz məsuliyyətini dərk etməlidir. Bir də qeyd edirəm ki, heç kim cəzasız qalmayacaq. Günahkarlar dövlət tərəfindən cəzalandırılacaq və ədalət bərpa ediləcək".
Moskvadakı "Dukat Palace", Qroznıydakı "Olimp" qülləsi kimi, poliuretan ucbatından yanan məşhur binalar haqqında "Bizim Yol" qəzeti yazmış, bu materialın təhlükəsi barədə xarici ekspert rəyləri, ciddi tədqiqatlara əsaslanan xəbərdaredici silsilə məqalələr dərc etmişdi. Mütəxəssislərə görə bu üzlüklər yalnız yanğın təhlükəsi törətmir, yanan zaman zəhərli qaz da buraxır. Qabaqcıl ölkələr poliuretandan çoxdan imtina ediblər. Ölkəmizdə poliuretan istehsalı ilə "Global Stone" şirkəti məşğul olur, partnyorları "Global Construction" (yanan binanı bu şirkət üzləyib), "Global Light", "Poliplast" və "M-Line"dır. "Polyspray" şirkəti də adıçəkilən materialdan istifadə edir. "Global Construction" və "TNH" fasadlara poliuretan üzlük çəkən əsas şirkətlərdir. Son məlumata görə həmin binada işləmiş "Global Construction"nın rəhbəri Miryusif Mahmudov şübhəli şəxs qismində saxlanılıb.
İlk dəfə ölkəmizdə keçiriləcək l Avropa Oyunlarına az qaldı. Hər vəchlə ölkəmizin müstəqilliyinə çamur atmağa, keçiriləcək oyunlara mane olmağa çalışan çox qüvvələr var. Ölkəmizdə yalnız öz maddi rifahını düşünən kütlə var ki, həmin qüvvələrin çırağına neft tökmüş olurlar. Hər bir ölkədə, cəmiyyətdə, hətta ailədə çatışmazlıqların, neqativ halların olması mümkündür. Bunun üçün heç kim ailə başçısının üzünə ağ olmur. Həm də elimizin gözəl adətlərindən biri də odur ki, qonaq gələndə ev sahiblərinin arasındakı küsülülüyü hiss etmir. Biz də dövlətimizin daha yaxından tanınması üçün bu möhtəşəm fürsəti layiqincə dəyərləndirməliyik.
İçimizdə həmişə hər şeydən narazı, yaxşı olanı doğru qiymətləndirməyi bacarmayan insanlar var ki, onlar heç də düşmənlərimizdən fərqlənmirlər. Bəzi məkirli media qurumları və internet portallarının əməkdaşları işlədilən ifadələri bilərəkdən konteksdən çıxararaq, öz mənafelərinə uyğun formada təqdim edirlər. Bu yolverilməzdir. "Dördüncü hakimiyyət" nümayəndələri indiki anda dövlətimizin ən möhkəm sütunlarından biri olmalıdırlar. İndi Vətənə sevgi, təəssübkeşlik kimi gözəl insani hisslərin məqamıdır. İnsan olmaqsa dinindən, dilindən, milliyətindən asılı olmayan bir məvhumdur.
"Siz beyin inkişafına görə Hitlerdən geri qalırsız, o heç olmasa ağıllı idi. Çoxlarınız isə Hitlerdən pis və təhlükəli ola bilərdiniz. Vətənpərvərliyinizi ifadə etmək üçün başqa yer axtarın", - bu sözləri Facebook sosial şəbəkəsindəki səhifəsində "Nasledie" partiyasının mətbuat katibi David Sanasaryan Bakıdakı yanğından sonra sosial şəbəkələrdə sevinən erməni ictimaiyyətinin nümayəndələrini qınayaraq yazıb.
Ölümü tez-tez yad edin. Ozaman çox şeyə paxıllıq etməyəcək, çox şeyə sevinməyəcəksiniz. Başqasının faciəsinə sevinmək nə qədər insanlıqdan kənar hiss olsa da, təəssüf ki, bu reallıq bugünümüzdə də var. Heç kim faciələrdən sığortalanmayıb.
Dünyanı heyrətə gətirərək maraqlara səbəb olan - cəsarətli addım sayılan l Avropa Oyunlarının məşəlləri alovlansın yurdumuzda, bir daha arzular yanmasın!




SON XƏBƏRLƏR
2018-01-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK