FRANSIZCA

ƏBÜLFƏT MƏDƏTOĞLU
38701 | 2011-03-15 06:20
Nə qədər istəyirəm ki, səbirli olum, dözüm nümayiş etdirim, hər sözə, hər deyilənə əhəmiyyət verməyim, ancaq mümkün olmur. Ona görə ki, dinmədikcə, səbirli olduqca həmin özünü çoxbilmiş kimi göstərənlər bir az da həyasızlaşırlar, bir az da artıq əxlaqsızlıq nümayiş etdirirlər, özü də bütün mənalardag
   
   "Səbir", "təmkin" və digər sözlər hərdən bir məndə az qala allergiya yaradır. Çünki sovet dönəminin son illlərində Azərbaycanın o vaxtkı kommunist rəhbərliyi azğınlaşan ermənilərin qarşısında bizləri telekanallarda, radiolarda, mətbuatda səbirli, təmkinli olmağa çağırırdılar, emosiyalara uymamağa, ekstremis ünsürlərə qarşı təmkinli olmağa haraylayırdılar. Özü də bunu o qədər bər-bəzəkli cümlələrlə, fikirlərlə əsaslandırmağa çalışırdılar ki, az qala adının qarşısında "Kapital"ın səhifələri vərəqlənirdi. Kommunist rejiminin bütün ideoloji cəbhəsi, qurumları insanları təmkinli olmağa hazırlayırdı. Bizlər də təmkin nümayiş etdirə-etdirə Qarabağı kəndbəkənd, ev-ev itirirdik. İtirdikcə də daha da təmkinli olmaq çağırışlarını qulaqlarımızda sırğa eləyirdik...
   
   Bax, buna görə də təmkin, səbir sözü məni çox qıcıqlandırır. Necə deyərlər, "ilan vuran ala çatıdan qorxar". Mən də daha səbirli, təmkinli olmaqdan qorxuram, təbii ki, söhbət Qarabağdan, torpaqlarımızdan gedəndə. Bu fikirləri elə-belə yazmıram, əlimdə daşdan keçən fakt var. Elə bir fakt ki, onu artıq ölkə ictimaiyyəti də bilir, mətbuat da yazır, hətta siyasi müstəvidə də bu fikir, bu fakt şərh olunmaqdadır.
   
   Deməli, ötən həftənin son günlərində mətbuatda belə bir informasiya yer aldı - məlum oldu ki, Fransa parlamentində hökumətin hesabatı dinlənilib. Bu hesabatda hökumətin xarici işlər naziri kimi Alen Jüppe çıxış edib. Özü də onun çıxışının ən maraqlı detalı münaqişə bölgələri ilə və bu bölgələrə Fransa hakimiyyətinin münasibəti ilə bağlı olub. Ən maraqlısı da o olub ki, Fransanın ermənipərəst parlamentariləri öz mövqelərini bir daha ortaya qoyublar və bununla da onlar ermənilərin nə qədər böyük dəstək və əhəmiyyət verdiklərini birmənalı olararq sübut ediblər. Hətta iş o yerə gəlib çatıb ki, parlamentin təmsilçisi, ermənilərə böyük sevgisi ilə tanınan və Fransanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü olan Fransua Roşebluan hesabat verən xarici işlər nazirinə az qala yarım səhifəlik bir sual ünvanlayıb.
   
   Parlament təmsilçisinin sualında əsas diqqət Azərbaycan-Ermənistan məsələsinə, xüsusilə qondarma Dağlıq Qarabağ Respublikasının mövcud durumuna aid olub. Xarici işlər nazirindən soruşulub ki, Fransa parlamentinin Qarabağ üçün sülh petisiyasını imzalamış 145 millət vəkili maraqlanır ki, bu sahədə Fransa hansı təşəbbüslərlə çıxış etmək fikrindədir. Ümümiyyətlə, qondarma respublikanın özündən prezidenti Bako Sarakyanın martın 8-də həmin parlamentarilər qarşısındakı çıxışında səsləndirdiyi arzulara (əslində yalvarışlara - Ə.M) Fransa xarici işlər nazirliyi hansı yolla cavab vermək niyyətindədir?
   
   Təbii ki, fransızca düşünüb fransızca danışan Fransanın xarici işlər naziri Alen Jüppe parlamentin təmsilçisinin suallarını cavablandırarkən bir az tarixdən, bir az son on illiyin mənzərəsindən danışıb və nəhayət vurğulayıb ki, Fransa hökuməti öz nümayəndəsi ilə ATƏT-in Minsk qrupu tərkibində aparılan bütün danışıqlarda iştirakçıdı və bütün proseslərdən demək olar ki, xəbərdardı. İstər prezidentlər səviyyəsində, istərsə də xarici işlər nazirləri səviyyəsində münaqişə tərəfləri arasında aparılan danışıqların bütün detalları onlara bəllidir. Hətta Minsk qrupunun Amerika və Rusiya tərəfindən olan həmsədrlərinin, eləcə də həmin dövlətlərin problemə münasibətləri də Fransaya məlumdur.
   
   Fransanın xarici işlər nazirinin parlamentdə açıqladığı fikirlərinin ilk yarım səhifəsi ümumi mənzərədən xəbər verir. Lakin çıxışının sonunda nazir məhz fransızca düşünüb, fransızca danışdığını gizlədə bilmir. Elə fransızca da bildirir ki, "onlar üçün xalqların öz müqəddəratını təyin etmək hüququ bu münaqişənin hər hansı həlli variantında bizim üçün əsas prinsipi təşkil edir".
   
   Bəli, bu artıq fransızcadır, özü də bütün mənalarda!!! Ona görə ki, Fransanın xarici işlər naziri ermənilərin öz müqəddaratını təyin edib Ermənistan adlı dövlətlərinin olduğunu bütünlüklə unudub. Əgər unutmasaydı o, ermənilərin öz hüquqlarını təyin etmələri barədə sözün çılpaq mənasında sayıqlamazdı. Unutmazdı ki, bir dövlətin xarici işlər nazirinin, özü də Minsk qrupunda həmsədr olan dövlətin nazirinin bu cür sayıqlaması aparılan danışıqlara ağır zərbədir. Bununla qazanıldığı ümid edilən müəyyən razılaşmalar da sual altına düşür. Bu da onu göstərir ki, ermənilər məhz bu cür sayıqlamalara ümid bağladıqlarından danışıqlar prosesində həmişə müxtəlif bəhanələrlə razılaşmadan yayınırlar. Deməli. Fransızlar təkcə özləri üçün yox, həm də işğalçı ermənilər üçün də fransızca iş görürlər!.. Olsun!!!
   
   Bəli, bu günün gerçəkliyində "fransızca" daha dəbdə olan qaydadır. Axı Qarabağın daşı ağırdı və onu başqa bir formada yerdən tərpətmək və onlarla həmfikir olanların imkanı daxilində deyil.
   
   
   
   

TƏQVİM / ARXİV