ANA SƏHİFƏ / YAZARLAR

Dəli

32130    |   2011-02-03 05:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bizim rayonda dəlixana var idi. O zamanlar əlillər evi, qocalar evi anlayışı yox idi. Bəlkə də, başqa yerlərdə var idi, amma mən doğulduğum bölgədə bu sözləri eşitməmişdim.
   
   
   
   * * *
   
   Dəlixanada rayonumuzdan və kənar rayonlardan bir dənə də olsun dəli yox idi. Dəlilərin çoxu qeyri millətlər idi. Çünki bizlərdə kim qocasını, əlilini, dəlisini aparıb qoyardı ki, dəlixanaya?! Evin, məhəllənin, kəndin, rayonun ən əziz, hörmətli insanları qocalar, əlillər, dəlilər idi. Amma yadımdadır, analar həmişə qocalarından, əlillərindən çox dəlilərindən gileylənərdilər. Kimisinin evində kişisi, kimisinin evində oğlu, kimisinin evində qızı, kimisinin də evində arvadı dəli idi. Yəni hər evdə bir dəli var idi, yəni hər evin bir dəlisi var idi.
   
   Biz orta məktəbdə oxuyanda sinif yoldaşlarımızla dəlilərə baxmağa gedərdik. Dəlixana məktəbə yaxın idi, arası 500 metr olardı ya olmazdı. Dəlilərə baxmağa gedəndə kojik, limonad alardıq, yoxsa dəlilər qoymazdılar onlara baxaq. Dəlixananı daş hasara almışdılar, qalxıb hasarın üstündə oturardıq. Hərəmizin öz dəlisi var idi, bizləri görən kimi yaxınlaşardılar hasara, hər kəs aldığını verərdi öz dəlisinə.
   
   Mənim dəlim rus idi, xaxol idi bilmirəm, amma nə danışırdısa başa düşmürdüm. Nə deyərdi, görərdi gözlərimi döyürəm, kojikini yeyib, limonadını içib, bir barmağını da gicgahına dayayıb fırladardı, sonra da əllərini yelləyə-yelləyə uzaqlaşardı. Onu başa düşmədiyimə görə, onun üçün dəli mən idim. Sonrakı görüşlərimizdə o, başladı mənimlə əlləriylə danışmağa, yəni lal diliylə. Əvvəlcə, çətin oldu bir-birimizi anlamaq, amma sonra bir-birimizi həmin dəqiqə anlayardıq. Amma əl işarələrimizlə biz bir-birimizi gözəl anlasaq da, kənardan baxanlar bizim əl işarələrimizdən heç nə anlamazdılar, bizim dilimizi başa düşməzdilər.
   
   Bir-birimizi anladığımıza görə görüşlərimiz tez-tez olurdu. Mən dərsdən qaçıb, evdən mənə verilən pulla bufetdən kojik, limonad, çox təsadüfi hallarda isə kolbasa-çörək alıb gedərdim onu görməyə. Çünki bufetdə kolbasa çox az hallarda olardı. Mən hasarın üstündə oturardım, hasarın təxminən iki metr ucalığı olardı, o da oturardı hasarın dibində, mən üstdən aşağı ona baxardım, o da altdan yuxarı mənə. Ona görə məndən uca heç kim yox idi. Apardiqlarımı yavaş-yavaş yeyərdi, istəyərdi ki, söhbətimiz uzansın.
   
   Başqa dəliləri qoymazdım ona yaxınlaşalar, dəlilərin də dəlisinə tapşırmışdım, yəni görüm-baxım etmişdim ki, ona toxunmasınlar. Dəlilərə görə mənim dəlimin dəlisi, bütün dəlilərin dəlisinin ən dəlisi idi. Axı dəlilər bizə dəli kimi baxırdılar. Sinif yoldaşlarım ayda ya bir, ya da iki dəfə gedərdilər dəlilərinin görüşünə. O da boş dərsimiz olanda, amma mən dərsdən tez-tez qaçardım onu görmək üçün. Bir gün yenə dərsdən qaçıb, gedib onu görüb, qayıtmışdım evə. Mamam məni görəndə döndü dəliyə, süpürgəni aldı əlinə, vur ki, vurasan.
   
   - Nə olub ay mama yenə? Nə etmişəm mən? - ağlaya-ağlaya, yalvara-yalvara soruşuram.
   
   - Canına azar etmisən. Sənin dəlixanada nə işin var?
   
   - Yalandı, mən dərsdə idim.
   
   - Sinif rəhbərin zəng vurmuşdu, dedi ki, hər gün dərsdən qaçıb gedirsən onun görüşünə.
   
   - O kimdi?
   
   Süpürgəni bu dəfə düz başımın ortasında hiss etdim, qalan heç nə yadımda deyil. Gözlərimi açanda məhəllə arvadlarını başımın üstündə gördüm.
   
   
   
   * * *
   
   Hər evin dəlisi bir cürə dəli idi. Birininki içirdi, birininki dalaşırdı, birininki dərsini oxumurdu, birininki oğurluq edirdi. Bu fərqliliyi dəlixanadakı dəlilərdə də hiss etmişdim. Dəlilərin dəliliyi fərqli idi. Fərqli baxanda heç bunlara dəli deməzdin.
   
   
   
   * * *
   
   Mamam bir gün yenə məni döyməyə başladı. Bu dəfə mamamın əlindən canımı qurtarıb qaçmağa başladım. Çaylaq ilə qaçıram, mama da əlinə keçən daşları qaça-qaça atır mənim arxamca, amma hələ dəyəni olmayıb, dəysə elə yerimdəcə canımı tapşıracam.
   
   Məhəllə arvadları da tamaşa edirlər, heç biri məni mamamın əlindən almaq istəmir, çünki hamısının məndə acığı var, birinin uşağını döymüşəm, birini söymüşəm, birinin həyətindən meyvəsini oğurlamışam. Mamamın qorxusundan kimin hünəri nə idi mənə bir söz deyə. Dillərində deməsələr də, ürəklərində deyirdilər, "kaş bu daşlarda biri dəyərdi bu köpək oğlunun başına".
   
   Körpünün üstünə çataçatda qabaqdan bir kişi çıxdı, mamam ondan uca səslə məni tutmağı xahiş etdi. Kişiylə üz-üzə gəlmişik, o məni tutmaq istəyir, mən sağa-sola hərəkət edirəm, kişi də mənimlə bərabər sağa-sola qaçır, kişini keçə bilmirəm. Birdən arxaya döndüm, mamam əlində böyük daş az qalır çata mənə, daş gözümdə necə böyüdüsə, kişini solda qoyub, sağdan keçdim. Bu vaxt daş artıq göydə idi, sol tərəfə atılmışdı, daş kişinin düz alnının ortasından dəydi. İndi ölmüsən, birazdan ölmüsən, kişi qaldı yerdə. Mamam da əli yanağında dayanıb kənarda, baxır yerdə çapalayan kişiyə, qorxudan bilmir neyləyə, yaxınlaşa da bilmir, axı kənddə başqasının ölü kişisinə də yaxınlaşmağa pis baxırlar. Mama bir hay təpdi ki, bütün məhəllə arvadları tökülüşüb gəldilər. Gələnlər yerdə çapalayan kişini tanıdı. Hamı üzünü kişiyə tutub - Ə, bə sən bu adam tutmağı hələ tərgitməmisən?
   
   Bu kişi son zamanlara qədər rayonumuzda Cinayət Axtarış Şöbəsinin rəisi işləmişdi. Çox adamı haqsız olaraq tutmuşdu, ona görə də heç kim kişini yerdən qaldırmaq istəmirdi. Kişi özünə gəlib, ufuldaya-ufuldaya ayağa qalxdı. Bir əli alnında, bir əli də keçmiş tapançasının yerində, üzümə tərs-tərs baxa-baxa yanımdan keçəndə dodaqlarının altında mızıldana-mızıldana - neyləyim eee mən də adam tutmağın dəlisiyəm.
   
   Məhəllə arvadları üzlərini mamama tutub başladılar mamamı danlamağa:
   
   - Sən bu uşaqdan niyə əl çəkmirsən? Bu uşağın günahı nədi axı?
   
   - Əşşi, heç nə, qalmışam bu dəlinin əlində.
   
   Elə bil arvadlar bu sözə bənd idilər. Dərdləri açıldı. Hərə başladı öz evinin dəlisindən danışmağa. Mən də kənarda durub əsim-əsim əsirdim. Elə bil arvadların söhbəti mamamı ayıltdı.
   
   Mama dizlərinə döyə-döyə, saçlarını yola- ola yaxınlaşdı mənə. O, məni hamıdan çox istəyirdi, axı məni üç qızdan sonra tapmışdı. Üzümdən öpə-öpə, saçımı tumarlaya-tumarlaya, şükr edə-edə:
   
   - Sən ki, hamıdan ağıllı imişsən, ay mənim balam. Əlimdən tutub evə gətirdi.
   
   
   
   * * *
   
   Bir gün yenə onu görməyə getmişdim, özümü saxlaya bilməyib soruşdum:
   
   - Sən niyə burda qalırsan?
   
   - Mən birini dəlicəsinə sevirdim, deyirdim bəlkə o da məni dəlicəsinə sevir, bir gün anladım ki, o, məni dəlicəsinə sevmir, dəli oldum.
   
   Danışa-danışa elə ağlayırdı ki, gözlərinin böyüklüyü, gücü çatmırdı ürəyinin suyunu çəkə, boşalda. Ağladıqca gözləri suyun dibinə çökürdü. Gözlərinin suyu o qədər təmiz idi ki, gözlərinin kökü də görünürdü. Damlalar göy-göy düşürdü. İçin-için ağlayırdı, nəfəs aldıqca nəfəsinin ağırlığı qədər suya batırdı, boğulan insanlar kimi öskürürdü, içini çəkirdi, gözləri daha da böyüyürdü.
   
   
   
   * * *
   
   Mənim dəlimin boyu uca, gözləri böyük, gözlərinin rəngi dəyişgən, amma hamıya bir gözlə baxan idi. Onun ürəyi təmiz idi, ürəyinin təmizliyi gözünün ağına çıxmışdı, gözləri ağappaq idi. Onun içində işıq yanırdı, içində yanan işığın qarası çıxmışdı gözlərinin qarasına, gözlərinin qarası qapqara idi.
   
   
   
   * * *
   
   Son zamanlar görüşə gedəndə o mənim yanağımdan öpərdi, hamının gözünün qabağında, heç kimdən çəkinməzdi. Bir azdan bunu bütün rayon danışmağa başladı, hərə öz ağlına, öz düşüncəsinə, öz ağzına görə. Kim məni görürdü deyirdi - Bu o dəlini sevən uşaqdı.
   
   
   
   * * *
   
   Onu da dəlixananın rəhbərliyi cəzalandırmışdı. Getdim görüş yerimizdə tapmadım onu, yeri boş qalmışdı. Dəlilərin dəlisindən soruşdum, dedi ki, cəzalandırıblar onu, saçlarını dibdən qırxıblar, ona görə də daha səninlə görüşə gəlməyəcək. Deyib, sənə deyim ki, ona karandaşla ağ vərəqlər gətirəsən və bir daha onu görməyə gəlməyəsən. Son dəfə ağ vərəqlərlə karandaşları ona apardım. Sonra Sovet höküməti dağıldı və dəliləri bizim rayondan köçürtdülər.
   
   
   
   * * *
   
   Sovet dövlətinin hörmət etmədiyi, qayğısına qalmadığı yeganə tayfa, zümrə dəlilər idi. Çünki quruluş dəli etmişdi bu insanları. O dövrün insanlarına məlumdur ki, Sovet quruluşu kimlərə dəli kimi baxırdı, kimləri dəli edirdi. Deyəcəklərimin əsasını bu təşkil etmir, yəni Sovet dəliyə necə baxırdı, necə dəli edirdi.
   
   Əsas məqsədim dəli kimdir sualına cavab tapmaqdır. İnsan niyə dəli olur? Hansı insana insanlar dəli kimi baxır? Dəlilərin fərqi nədir? Keçmişdəki dəlilər.
   
   Dəli insan görəndə niyə qaçır? İnsanlar dəlini görəndə niyə daşlayırlar?! Məni düşündürən, dəli edən əsas məsələ budur. İnsanlar dəlini ona görə daşlayırlar ki, dəli insanlara dəli kimi baxır. Dəli - insanların kimliyinin, necəliyinin dəlilidir! Bu dəlilləri qəbul etmədiklərindən insanlar dəlini daşlayırlar.
   
   Başqalarına yüz daş atırsan dəymir. Dəliyə yüz daş atırsan biri boşa çıxmır. Niyə atılan daşların hamısı dəliyə dəyir?! Bilirsiniz, niyə? Dəli daşdan qaçmır, yayınmır. Onu atılan daşlar dəli edib. Dəli elə daşın dəlisidi də! Dəliyə hər daş atan günah qazanır, hər dəyən daş dəlinin günahını azaldır.
   
   Dəli göyə baxa-baxa qaçır, daş atanlar yerə baxa-baxa! Dəli göydə Allahı axtarır, daş atanlar yerdə daş! Dəli Allaha inanır, daş atanlar daşa! Dəliyə atılan daşlar göydən nə vaxt yağacaq?!
   
   
   
   * * *
   
   Başqa insanlarda olduğu kimi dəlinin də yiyəlisi, yiyəsizi var, yəni daydayı olan, daydayı olmayan. Daydayı olan dəli dəlixanada tək otaqda qalır, daydayı olmayan cəm otaqda. Daydayı olan dəli küçədə kimi istəsə güllələyir, heç izi də qalmır. Deyirlər ki, güllələnən silahla ehtiyatsız davranıb. Vay daydayın olmaya dəli olasan, silahla ehtiyatsız davranasan, əlində güllə açıla, səni elə günə qoyarlar ki, bütün atılan güllələri qoyarlar sənin silahının üstünə.
   
   
   
   * * *
   
   Bir də var vurub-tutan dəlilər. Bunlara Koroğlunun dəliləri də deyərlər. İndi Koroğlu yoxdu deyə, belə dəlilərin sayını da bilmək mümkün deyil. Yəni dəliləri bir yerə yığan yoxdu. Bəlkə də yığmaq istəyən var, amma Çənlibel məsələsi bu saat çox çətin məsələdir. Gərək milyonların ola, neçə xanı (naziri) soyub-talayasan ki, Çənlibelin yarısı qədər torpaq ala biləsən. Amma bir yazıda oxudum ki, baş redaktor gileylənir ki, harada dəli var gəlir məni tapır, dəlilərimin yeri boş qalmır. Bir dostu da deyib ki, harada özün kimi dəli var yığırsan başına. Mən o baş redaktoru tanıyıram, o qədər pulu yoxdu Çənlibel ala, amma oturduğu otaqda dəli də bir gün oturmaz.
   
   
   
   * * *
   
   Bir dostum var, gəncliyində vurub - tutan oğlanlardan idi. Bir dəfə çoxluq çaqqalcasına dostumu vurub-tutmuşdu. Getdikcə dostum özünə qapandı və sonra tibbə aid olan dəlilik xəstəliyinə tutuldu. Bütün döyüşləri udan insanın bir döyüşdə özündən 5-6 dəfə çox güclü rəqiblərə, amma ayrı-ayrılıqda özündən 5-6 dəfə zəif olan rəqiblərə uduzması onu dəli etmişdi, yəni döyülməsi, arxadan vurulması. Belə desək ona torba tikmişdilər. Axı bu ənənə tarixən bizdə olub, necə ki, Beyrəyə torba tikdilər. Çağırışın, söhbətin adını başqa qoyub, istədikləri məkana igidi gətirirlər, sonra da igidə şərt qoyurlar... bax bu çox amansız şəraitdi... bu şəraitdən kişi kimi çıxmaq hər igidə qismət olmur... dostumuz da bu şərtləri qəbul etməmişdi... söhbətə kişi kimi getmişdi, heç bir dostuna demədən, heç kimi köməyə aparmadan.
   
   Dəlilərin devizi - Bir qurda yüz çaqqal heçnə edə bilməz. Bu da dəli düşüncəsi.
   
   Dostum həkimin yazdığı dərman və iynələri qəbul etmirdi. Bu olayın üstündən bir müddət keçəndən sonra, onu xəstəxanaya yerləşdirdim. Bir gün dostlarım mənə dedilər ki, dostum deyir ki, məni bu xəstəxanaya necə qoyubsa gəlib elə də çıxarsın. Həkimi mənə demişdi ki, o hələ bir az da xəstəxanada yatmalıdı, yenə ürəyim durmadı, dostlar bazarlıq etdilər, getdik yanına. Otaqda dostumuzdan başqa ayrı xəstələr də var idi. Apardıqlarımızdan dostumuz hamıya payladı, xəstələrdən biri almanı yeyə-yeyə otaqdan çıxdı. Dostum da başladı gileylənməyə:
   
   - Mənə nə olub axı gətirib qoymusunuz bura?
   
   Mən də zarafata salıb dostumdan soruşdum:
   
   - Vəziyyət necədi? Burda da lotu var? Burda da lotuluq edirsən?
   
   Birdən qapı açıldı, içəri əli, ayağı döyməli, sir-sifəti çapıq, çox zəhmli, amma fiziki çəhətdən çox zəif bir dəli girdi.
   
   - Ə, mənə də alma ver.
   
   Dostumuz ona da alma verdi və dönüb çox nifrətlə bizləri süzdü.
   
   - Ə bunların içində lotuluq etmək olar, ə bura lotuluq yeridi?
   
   Hamımız sarsıldıq. Başımı aşağı saldım, sualımdan sıxıldım.
   
   - Gələndə çöldəki şəriti gördün?
   
   - Hə.
   
   Şərit düz xəstəxananın girəcəyində idi. Xəstəxanaya girəndə ürəyimdə "niyə şəriti bir az aralıdan asmayıblar", - deyə düşünmüşdüm.
   
   - Şəritdən asılmış şalvarları gördün?
   
   - Hə.
   
   - Keçən axşam biri lotuluq etmək istəyirdi, bir iynə vurdular, bir gündə beş şalvar dəyişib. Bax, o şəritdən asılan şalvarlar onundu.
   
   Həkimlə yenidən danışdım dostumu xəstəxanadan çıxartdıq. Dostum xəstəxanadan çıxan kimi başladı oxumağa.
   
   - Ay aman bu nə işdi, əhvalımız yaman dəyişdi.
   
   Gözlərimiz dola-dola taa Sumqayıtdan aeroporta qədər bu mahnını dostumuzla bir yerdə oxuduq - "Ay aman bu nə işdi, əhvalımız yaman dəyişdi".
   
    Dostumuzu yola saldıq "kiçik torpağa". O gündən dostum vaxtında dərmanlarını atır və aylıq iynəsini vurdurur, təki xəstəxanaya bir də düşməsin, çünki şalvar məsələsi onu möhkəm qorxudub.
   
   
   
   * * *
   
   Bir də var minalanmış sahə. Bilə-bilə bu sahə minalanıb, nə vaxtsa minalardan birini ayaqlaya bilərsən, amma yenə sənə minalanmış sahədə gəzmək zövq verir, nəfəsin zövq alır.
   
   Bir gün hiss edirsən ki, ayağını qoydun minalardan birinin üstünə, indi nə ayagını minanın üstündən çəkə bilirsən, nə də ayağını minanın üstünə basa bilirsən. Kimisi ayağını minanın üstünə daha möhkəm basır, kimisi səhvini düzəltmək istəyir, ayağını minanın üstündən çəkir - Partlayış! Hər iki halda mina partlayır. Kimisi ölümün üstünə gedəndə ölür, kimisi ölümdən qaçanda ölür!
   
   
   
   * * *
   
   Proseslər yavaş-yavaş gedəndə insanda baş verəcək hadisəyə qarşı adaptasiya yaranır, hər şeyi adi qarşılayırsan. Gözləmədiyin hadisə ani baş verirsə, olana hazır deyilsənsə, olanı qəbul edə bilmirsənsə, ruhun sıxılır, çıxış nöqtəsi yenə baş-yenə baş partlayır - DƏLİ!
   
   
   
   * * *
   
   Sözü üzə deyirsən, həmişə haqqın yanında olursan, haqlı danışırsan, həqiqət axtarırsan. Amma bəzən haqqını müdafiə etdiyin adam əlinə imkan düşən kimi elə haqsızlıq edir ki, dəli olduğunu bir daha anlayırsan.
   
   
   
   * * *
   
   Söz var ki, demək istəyirsən, deyə bilmirsən, sözlər ürəyində ölür, can verə bilmirsən sözlərə, ürəyini çevirirsən söz qəbiristanlığına, sonra bir dənə də olsun diri söz tapa bilmirsən. Nə danışırsan heç kim səni eşitmir, dinləmir, heç demə öldürdüyün sözlərlə bərabər ürəyin də ölüb, sən də ölmüsən. Bütün baş daşlarının üstündə yazılan son kəlmə - Ölü sözdü.
   
   
   
   * * *
   
   Bir də var bal arıları. Bu bal arılarının içində eləsi var ki, hər gün yeddi kilometr şimala, cənuba, şərqə, qərbə uçur, güllərin içində gül axtarır, hər gülə qonmur, evə şirəsiz qayıdır, qalır qapının ağzında, çünki əliboş qayıdan arıları evin qapısının ağzında dayanan mühafizəçi arılar içəri buraxmırlar. Kol-kosdan, iyi olan, olmayan çiçəkdən şirə toplayan arılar hamısı keçib içəridə yerini tutur. Hamıdan çox bu arı uçub, hamıdan uzağa bu arı uçub, ən gözəl gülü, ən gözəl ətri olan gülü bu arı axtarıb, amma yenə tapmayıb, qalıb çöldə. Tanış arılar evə döndükcə, bu arını da qapının ağzında gördükcə, başlarını bulayırlar, qanadlarını yelləyirlər, yəni səndən arı (adam) çıxmayacaq. Bu arı dəlicəsinə sevir, gülünü axtarır, dünyanın ən ətirli gülü olan, şirəsi ən şirin olan gülünü axtarır. Dəlicəsinə uçur, yeddinci sahəni keçir, tutur gülünün əlindən, qalxır dağlara, ucalığa, dünyanın ən dadlı, ən şirin, ən ətirli balını yetişdirirlər. Hamı bu arıların balını axtarır, vəhşiləşmiş arıların. Bu arıların bir adı da var - Dəli.
   
   
   
   * * *
   
   Bir dostum onun-bunun haqqını müdafiə edərdi. Həyatının yarısı içəridə keçmişdi. Bir dəfə də olsun öz üstündə dalaşmamışdı, amma heç küçədə baş verənlərə dözümü yox idi. Bir gün yenə, bir xanıma sataşan "oğlanı" çiləmişdi. Oğlan da "böyük adamın" oğlu çıxmışdı. Dostuma cinayət işi qaldırmışdılar. Lazım olan vasitələrdən istifadə edib dostumuzu içəridə yatmağa qoymadıq.
   
   Bu olayın üstündən cox keçmişdi. Bir məclisdə dostumuzun üstündə haqqı olan ağsaqqallardan biri dostumu sakit görüb soruşdu:
   
   - Çoxdandı səs-sorağın gəlmir, deyəsən, ağıllanmısan?
   
   - Hə, sizin məsləhətinizə qulaq asıram, ta nə görürəm gözümü yumuram.
   
   - Deyirsən, yəni hərşey qaydasındadır, yəni cəmiyyət düzəlib?
   
   - Yox, mən heyvanlaşmışam, ta nə baş verir mən görmürəm.
   
   İndi anlamışam ki, meşədə heyvan kimi yaşayarlar, insan kimi yox. Mən artıq meşəni tərk etmişəm.
   
   
   
   * * *
   
   Bir film çəkilişinə dəvət almışdım. Filmdə həm yetimxana uşağı, həm də dəli rolu var idi. Rusiyada təhsil almış iki "peşəkar" rejissor qərara gəldilər ki, yetimxana uşağına elə yetimxanadan bir uşaq tapıb çəksinlər, rol təbii alınsın. Mən də dözməyib dedim - onda gəlin dəli roluna da dəlixanadan bir dəli tapıb çəkək. Elə dəli rolu da təbii alınsın!
   
   
   
   * * *
   
   İndi küçədə gəzəndə şəritlərə baxıram! Ən utanc verici yerimizdi şəritlər! İndi şəritlərdə kişi şalvarı yoxdur!
   
   
   
   * * *
   
   Son dövrlər ürəyimin tavanı çat verib elə bil, ürəyim damır. Bir gün yenə ürəyim damdı. Düşündüm ki, görən, keçmişdəki dəlilərlə indiki dəlilər arasında nə fərq var. Fərqi görmək üçün getdim dəlixanaya. Qapıçı məni görən kimi tez qapını açıb, məni saldı içəri. Dəlixananın işçiləri məni görən kimi başladılar pıçıldaşmağa. Nə baş verdiyini anlamırdım. Özüm öz ayağımla gəlmişdim dəlixanaya. Hamı gözlərimə baxırdı, gözlərim böyümüşdü. Gördüyümə inanmırdım, qarşımda o dayanmışdı, əlimdən tutub məni öz otağına apardı. Otaq başdan-ayağa şəkillərə bürünmüşdü. Şəkillər üst-üstə yığılmışdı. Sonuncu şəkil ayaqüstə dayanmışdı. Bu mənim son şəkilim idi, indiki görünüşüm, halım, vəziyyətim. O, iyirmi il məni içində böyütmüşdü! O, məni hər an gözləmişdi! O, mənim hər anımı təsvir etmişdi! Baxdığım bütün vərəqlərdən mən boylanırdım! Hər vərəqdə bir az böyümüşdüm...
   
   
   
   * * *
   
   Mən onun böyüdülmüş şəkilini qoynuma alıb qabaqda gedirdim! Arxamca isə dəlilər onu gətirirdilər!!!
   
   


YAZARIN ARXİVİ

2018-05-16 : BAŞQA SƏS
2013-11-02 : ÜRƏK AĞRISI
2013-02-19 : Eşşək Həsən
2012-11-09 : İRADƏ
2011-11-12 : MAZQİ
2011-02-24 : İKİNCİ OLMAQ
2011-02-03 : Dəli
2011-01-20 : "Qızışma"
2010-10-29 : MƏN BİR YOLAM
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK