BOLLUQ OLACAQ?

FAİQ QİSMƏTOĞLU
30491 | 2015-04-03 09:05
Deyirlər ki, "qış dumanı qar gətirər, yaz dumanı bar". İndi baxırsan ki, yazın əvvəlləridir, duman əlindən tərpənmək olmur. Sanki duman sürünüə-sürünə dağlara qalxıb onun başında fırlanmağa can atır. Bir müddətdən sonra duman çəkilir və leysan yağışlar başlayır. Leysan yağışlar başlayanda da kəsmək bilmir...g
Aprel ayı yağışlar ayı kimi tarixə daxil olub. Çünki apreldə digər aylara nisbətən daha çox yağış yağır. Yağış da çöllərə, çəmənlərə, dağlara, ormanlara can verir. Neçə gündür ki, ölkəmizin əksər rayonlarına möhkəm yağışlar yağır. Hələ biz onu demirik ki, Qubaya, Şamaxıya, Qobustana qar düşüb. Düzdür, qarın düşməyi bir qədər insanları narahat eləyir, amma qarın da öz gözəlliyi, öz rəngi və öz çalarları var.
Yağış yağandan sonra isə günəş çıxacaq. Günəşin çıxması ilə yamaclardakı otlar, çiçəklər, güllər bir boy da artacaq. Hər tərəf yaz rənginə, yaz libasına bələnəcək. Xoşbəxtlikdən bu il yaz daha tez gəlib. Əlbəttə, Bakıda yaz bir o qədər də hiss olunmur. Amma fevralın axırlarından rayonlarda yazın nəfəsi duyulub, alça, ərik ağacları çiçəkləyib. Artıq çiçəklər yarpağa çevrilir. Bu da yazın gözəlliyini daha da artırır.
Təsərrüfat adamları deyirlər ki, yazda yağış yağanda bütün əkin-biçinə, otlaq sahələrinə can verir. Xüsusən də mal-qara saxlayan və qoyun-quzu bəsləyən insanlar sevinirlər ki, dəmyə torpaqlarda ot daha yaxşı bitir. Və mal-qara da öz yemini bu yerlərdə çox asanlıqla tapacaq. Mütəxəssislər onu da bildirirlər ki, əgər şaxtalar düşməsə və güclü soyuqlar olmasa çiçək açan ağaclarda mayalanma çox normal gedəcək və bu il bol məhsul olacaq. Hələ ki havaların bir qədər soyuq keçməsi və qeyri-sabit olması meyvəçiliklə məşğul olan insanları narahat eləyir. Ən azından ona görə ki, mayalanma dövründə havalar şaxtalı olarsa bu proses ləngiyir və nəticədə ağacların mayalanması normal qaydada davam eləmir. Kənd adamlarını qınamalı deyil. Onlar gözlərini il boyu əkdikləri ağaclara, şumladıqları torpaqlara və bəslədikləri mal-qaraya tikirlər. Elə ki, bir balaca havalar yazda soyuq keçir, şaxta düşür, bax onda onların qanı qaralır. Çünki əzab-əziyyətlə yetişdirdikləri ağaclar yaxşı bar vermir.
Amma şükürlər olsun ki, əksər Aran rayonlarında meyvə ağaclarının mayalanması normal qaydada gedir. Üstəlik də ağacların yaxşı çiçəkləməsi arıçılara da ləzzət eləyir. Ona görə ki, çiçəklər bol olanda, güllər çoxalanda bal arıları həmin güllərə, çiçəklərə qonur və şirə çəkirlər. Hətta arıçılar bildirirlər ki, bu il qış fəslində havaların mülayim keçməsi bizim işimizə müsbət təsir elədi. Belə ki, soyuq qış günlərində arıların bir çoxları şaxtaya davam gətirməyərək əvvəlki illərdə qırılırdı, amma bu il həmin hadisələrdən biz uzaq düşdük və arıların əksəriyyəti sağ qalıb. İndi biz onları bağlarda, çəmənlərdə saxlayır və buraxırıq. Arılar isə ağacların çiçəklərinə qonaraq təbii şirəni çəkirlər.
Eyni zamanda taxılçılıqla məşğul olan insanlar da bu il ümidlidirlər. Onların çəkdikləri zəhmət hədər getməyib. Bir çox halda havaların mülayim keçməsi taxılçılığa mənfi təsir eləsə də və bu zaman siçovulların və həşəratların sayı çoxalsa da lazımi dərman preparatları ilə ziyanvericilərin qarşısını almaq mümkün olub. Təcrübəli taxılçılardan biri bildirir ki, təkcə hava şəraitinin normal keçməsi heç də məsələni tamamilə həll eləmir. Çünki yüksək məhsuldarlıq əldə etmək üçün bütün aqrotexniki tədbirlər vaxtında yerinə yetirilməlidir, taxıl sahələrinə lazımi üzvi və qeyri-üzvi gübrələr verilməlidir. Bununla yanaşı, taxıl sahələrinin vaxtında suvarılması və alaq otlarından təmizlənməsi də bol məhsulun yetişməsində önəmli rol oynayır.
Kartof, tərəvəzçilik məhsulları yetişdirən insanların da qayğıları bu yaz aylarında daha da çoxalıb. Əvvəlki vaxtlara nisbətən bu il ölkə ərazisində fermerlərin bildirdiyinə görə az kartof sahəsi əkilib. Amma heç də həmin insanlar bədbin deyillər. Onlar da bildirirlər ki, yüksək məhsuldarlıq əldə etmək üçün bütün aqro-texniki tələblər vaxtında icra edilir. Cəlilabadda, Tovuzda, Qazaxda, Gədəbəydə və eləcə də digər rayonlarda kartofçuluqla məşğul olan insanlar nikbindirlər. Çünki onların yetişdirdiyi məhsul əvvəlki illərdə olduğu kimi əllərində qalmır. Başqa sözlə demiş olsaq, onlar yetişdirdikləri məhsulu bazara çıxara bilir və satmağı bacarırlar.
Əlbəttə, ölkədə nə qədər məhsul bolluğu olsa bir o qədər də ucuzluq yaranar. Sirr deyil ki, xarici ölkələrdən gətirilən kartof-soğan, meyvə-tərəvəz məhsulları daha baha qiymətə əhaliyə satılır. Üstəlik də xaricdən gətirilən məhsulların əksəriyyətinin geni dəyişdirilib. Yəni bu məhsullar insan həyatı üçün böyük təhlükə mənbəyidir. Elə məhz buna görə də yerli fermerlərimiz bazarlara daha keyfiyyətli və ucuz məhsul çıxarmaq istəyirlər. Bundan gözəl nə ola bilər? Bu cür fermerlərə şərait yaradılmalı və onların məhsullarının satışına imkan verilməlidir. Xarici məhsullardan qat-qat dadlı və ləzzətli olan yerli məhsullarımız bazarlarda alıcılar tərəfindən böyük həvəslə alınır.
Bu da heç kimdə, xüsusən də inhisarçılıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı insanlarda yerli məhsullara qısqanclıqla yanaşılmamalıdır. Ən azı ona görə ki, bəlkə də həmin inhisarçıların özləri bazara gətirdikləri məhsullardan nə özləri yeyir, nə də ailələri. Elə onların özləri də yerli məhsullara üstünlük verirlər. Belə isə bax onda yerli məhsulların istehsalına və satışına yaşıl işıq yandırılmalıdır. Axı bu həm də bolluq deməkdir. Bolluq olarsa, insanlar sevinər və bazar-dükandan meyvə-tərəvəz məhsullarını ucuz qiymətə alarlar.

TƏQVİM / ARXİV