ANA SƏHİFƏ / YAZARLAR

Elxan Qasımov: "Kinomuz reanimasiyadan çıxa bildi"

Sürücü Əhməd polkovnik oldu

22900    |   2010-04-10 00:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bizdə aktyorlar var ki, Necati Şaşmazı yeyər"

"Əhməd haradadır?" filmindəki sürücü Əhməd rolu Elxan Qasımovu Azərbaycanda əməlli-başlı populyar etdi. Amma müsahibimizin adı ölkə kinosunun tarixində təkcə "ZİL" sürücüsü kimi qalmadı. Onlarla filmdə irili-xırdalı rollara çəkildi. "Qocalar, qocalar", "Köhnə bərə", "Biz qayıdacağıq!" bədii filmlərinin quruluşçu rejissoru oldu.
   
   Əməkdar artist Elxan Qasımovu daha bir məsələyə görə rekordçu saymaq olar. Ömrünün təxminən 50 ilini "Azərbaycanfilm"də keçirən yazımızın baş qəhrəmanı 25 ildir ki, kinostudiyanın həmkarlar təşkilatına sədrlik edir. Özünün də dediyi kimi, səssiz kino zamanında çalışan insanlarla bir yerdə işləyib, 7 direktorla çiyin-çiyinə kinostudiyanın problemləri ilə məşğul olub.
   
   Yazımızın girişindən də göründuyu kimi, Elxan Qasımovun Azərbaycan kinosundan danışmağa ÜZÜ də var, SÖZÜ də, HAQQI da...
   
   
   
   - Kinostudiyanın həyətinə ayaq basdığınız ilk gün yadınızdadı?
   
   - Təkcə kinostudiyanın həyətinə yox, kino aləminə gəldiyim gün də yadımdadı. Kinoya 1963-cü ilin noyabrında gəlmişəm. O zaman hələ kinostudiyamız indiki Hökumət Evinin yaxınlığında yerləşirdi. Filmlərin əksər səhnələri elə oranın həyətində çəkilirdi. Bu gün tamaşaçıların maraqla baxdığı "O olmasın, bu olsun" filmindəki bazar səhnəsi də elə kinostudiyanın könə həyətində çəkilib. Sonra "Azərbaycanfilm" üçün yeni binanın tikintisinə başlanıldı. 1966-cı ildən bu yeni binaya köçdük. İndi oturub söhbətləşdiyimiz bu bina Şərqdə ən böyük kinostudiya sayılırdı. Gördüyünüz kimi, bu binanın ilk sakinlərindənəm. Kinostudiyanın bütün həyatı gözümün qabağındadı. Kino tariximizi fədakarcasına araşdıran Aydın Kazımov qədər bilməsəm də hər halda güclü yaddaşım çox şeyə şahidlik edir. Mənim xoşbəxtliyim ondadı ki, bu sənətə çox gənc yaşlarımdan gəldiyimdən hər şeylə maraqlanmışam. Səssiz kino zamanında çalışan insanlarla bir yerdə işləmişəm.
   
   - Son dövrlər Azərbaycanın kino sənayesi ünvanına bəlkə də ən çox tənqid səslənən sahələrdən biridi. Kino adamı kimi bu tənqidlərlə razısız?
   
   - Çinlilərin yaxşı bir atalar sözü var. Birinə qarğış etmək istəyəndə deyirlər ki, səni görüm dəyişikliklər dövründə yaşayasan. Bizim kinonun bəxtinə də məhz belə bir dövr düşdü. SSRİ dağılandan sonra kino sənayesinin əlaqələri qırıldı. Mütəxəssislər, texniki işçilər bu sahədən uzaqlaşdılar. Lakin kinostudiyanın ən çətin zamanlarda belə buranı tərk etməyən fədakarlar da oldu. Həmin ağır günlərdə bəzi tanınmış yazıçılar, ssenaristlər bizi tənqid edirdilər. Sonra iş elə gətirdi ki, ümummilli lider Heydər Əliyev kinoya diqqəti artırdı. İlham Əliyev prezident seçiləndən sonra kinoya xüsusi diqqət göstərməyə, maliyyə yardımı ayırmağa başladı. O zaman bizi tənqid edən həmin yazıçılar əllərində ssenari gəlib kəsdirdilər kinostudiyanın qapısını. Filmləri də elə onların ssenariləri əsasında çəkdilər.
   
   Bir zamanlar deyirdilər ki, "Azərbaycanfilm"in dəhlizləri "morqu" xatırladır. Mən də həmin ərəfədə müsahibə verdim. Dedim ki, dəhlizlərimiz "morqu" yox, reanimasiya otağına oxşayır. Görünür mən daha dəqiq təsvir edə bilmişəm. Hadisələr göstərdi ki, kinomuz reanimasiyadan çıxa bildi. Bu gün filmlərimiz beynəlxalq festivallarda göstərilir. Düzdü, hansısa çox nüfuzlu kinofestivalı fəth etdiyimizdən danışmaq hələ tezdi, amma bayaq dediyim kimi belə festivallara ayaq açmışıq. Bu gün Azərbaycan kinosu var, gələcəkdə də olacaq. Çünki yer üzündə bircə nəfər azərbaycanlı rejissor qalsa, o, hökmən film çəkəcək. İndi kinomuza həm axın çoxalıb, həm də qayğı və diqqət atrıb. Bunu kimlərsə görmək istəmirsə, bu həmin adamların problemidi. Bəziləri bütün günü oturub Azərbaycan kinosunda qüsur axtarmaqla məşğuldu. Amma nədənsə cəmiyyətdəki problemləri görmək istəmir. Bu gün xəstəxanaların ərazisi göydələn tikintisinə qurban verilir. Niyə kimsə bu barədə danışmaqdan yayınır? Bir də görürsən ki, kimsə durub bizim kino barədə danışır, deyir yaxşı film çəkmək istəyən texnikanın köhnəsinə-təzəsinə baxmaz. İndi mən də ondan soruşmaq istəyirəm, bəs sən niyə işə "Moskviç"lə yox, ən son model, çox bahalı "Mersedes" maşınında gedirsən? Şəxsən mən ekranda tankın, qatarın gəldiyini görüb zaldan qaçan tamaşaçıları görmüşəm. Amma indiki tamaşaçını belə kadrlarla qorxutmaq, təəccübləndirmək mümkün olası iş deyil axı. Təbii ki, kinostudiyanın maddi-texniki bazası müasir standartlara uyğunlaşmalıdır. Bir də ən əsası əvvəllər olduğu kimi yenə xarici ölkələrdə mütəxəssislərmizin hazırlanmasına nail olmalıyıq. Bununla bağlı prezidentimiz sərəncam da verib. Lakin nədənsə vəsait ayırmaq məqamı gələndə pul tapılmır. Sovet dövründə hər il Moskvada, Leninqradda oxumaq üçün gənc mütəxəssis göndərirdik. Təəssüf ki, müstəqil olduğumuz 20 ildə bir nəfər də göndərə bilməmişik. Bu müddətdə hər il bir nəfər göndərsəydik indi heç olmasa 10 mütəxəssisimiz var idi.
   
   - Niyə 10, axı sadə hesabla 20 edir?
   
   - Yaradıcılıq sahəsi elədir ki, təhsil alanların heç də hamısı bu sahədə qalmır. Özü də mən 10 nəfər deyəndə peşəkar rejissorları, operatorları nəzərdə tuturam. Şadlıq evində toy çəkənlə mənim nə işim? İndi hərə bir kamera quraşdırıb nəsə çəkir. Adını da qoyur film. Əgər bir rəssam at şəkili çəkib altından fil yazırsa bu şəkildəkinin fil olduğu o demək deyil axı...
   
   - Uzun fasilədən sonra rejissor kimi yenidən çəkiliş meydançasına qayıtdız. "Biz qayıdacağıq!" filmində istədiyinizi tam reallaşdıra bildiz?
   
   - Uzun fasilə deyəndə ki, sonuncu filmimə qədər iki ekran əsərinə quruluş vermişdim. "Qocalar, qocalar" ilə "Köhnə bərə" arasında uzunmüddətli fasilə olub. Çünki tez-tələsik və yaxud kəmiyyətə görə və yaxud film çəkmək xatirinə film çəkmək istəməmişəm. "Biz qayıdacağıq!" filmində müharibənin uşaqların həyatına vurduğu yaraları göstərmək istəmişəm. Filmdə döyüş səhnələri yoxdu, amma müharibənin odu-alovu əsərdəki bütün obrazların içindən keçir. Bunu göstərməyə nə qədər nail olmuşuq, deyə bilmərəm. Filmin təqdimat mərasimində də dedim, nə qədər ki, ekran əsəri çəkiliş prosesində idisə rejissor kimi mənim malım idi, ekranlara çıxdısa, artıq tamaşaçıların malı oldu.
   
   - Necə bilirsiz, bu gün "Biz qayıdacağıq!" kimi filmlərə ehtiyac var?
   
   - Şübhəsiz ki, var. Ölkəmiz müharibəyə cəlb olunub, torpaqlarımız işğala məruz qalıb, Xocalı faciəsi kimi dəhşət yaşamışıq. Bütün bunlar kinemotoqrafiyamızda öz bədii həlini tapmalıdı. Tamaşaçıda vətənpərvərlik hissləri aşlamaq üçün belə filmlər tez-tez çəkilməlidi. Mən də Xocalıya film həsr etməklə bu işdə öz payımı vermək istədim. Sərçə yanğını söndürmək üçün dimdiyində su gətirdiyi kimi, mənim də əlimdən bu gəldi. Yenə deyirəm, vətənpərvərlik hisslərini gücləndirmək üçün belə filmlər bizə çox gərəklidi. Amerika kinosu öz xalqını həmişə məğlubedilməz kimi təqdim edir. Çünki onlar kinonun ideoloji təbliğatdakı önəmini yaxşı başa düşürlər. Bu gün çəkilən filmlərimiz qələbəyə olan inamı artırmalıdı. İnsan heç vaxt inamını itirməməlidi. Bütün səmavi kitablar da bizə bunu aşlayır. Təəssüf ki, telekanallarımız bu vacib məsələni unudurlar. İndi telekanallardakı Azərbaycanla hara getmək, dünyaya özümüzü necə tanıtmaq istəyirik? Bütün günü efirdə nə qədər bozbaş bişirmək olar? Səhərdən axşama qədər bu onun, o bunun paltarını müzakirə edir, fəxri ad üstündə, titul qazanmaq uğrunda az qala baş yarırlar.
   
   - Fəxri ad demişkən, Elxan Qasımovu televiziyada, mətbuatda təqdim edəndə niyə əməkdar artist olduğunuzu qeyd etmirlər?
   
   - Belə şeyləri heç vaxt özümə dərd edən adam deyiləm. Əsas odur ki, kinodakı fəaliyyətim dövlət tərəfindən də, tamaşaçılar tərəfindən də qiymətləndirilir. "Sürücü Əhməd" mənim ən böyük titulumdu. 25 il kinostudiyanın həmkarlar təşkilatının sədriyəm, amma heç kim bilmir ki, 10 ildi kirayədə qalıram. Yeganə oğlumun yas mərasimin də kinostudiyanın həyətində keçirdim. Elə məsələlər var ki, onları dilə gətirmək, əldə bayraq etməyi xoşlamıram. Görünür zəmanənin nəbzini tutmağı bacarmıram.
   
   Həyatda çox şey görmüşəm. Gəldiyim qənaət isə budur ki, insan öləndən sonra ondan bir təmiz ad qalsa, bu elə ən böyük xoşbəxtlikdi. Rasim Ocaqov kimi nəhəng rejissora neçə dəfə yeni mənzil vermək istədilər, götürmədi. Dedi ki, mənim evim var. Bu gün Rasim Ocaqovdan təmiz ad və gözəl filmlər qaldı.
   
   - İndi "Kurtlar vadisi"ndən danışır. Siz də həmin seriala baxırsız?
   
   - Baxmıram.
   
   - Niyə?
   
   - Deyirlər ki, orda filan aktyor elə oynadı, nə bilim guya filan obrazı belə yaratdı. Hamısı boş-boş şeylərdi. Bizdə aktyorlar var ki, Necati Şaşmazı "yeyər". Bizim Rasim Balayev, Fuad Poladov kimi dünya səviyyəli aktyorlarımız ola-ola niyə səviyyəsiz seriallara baxmalıyıq? Filmdə əsas aktyor oyunudu. Öz filmlərimdə də həmişə istedadlı aktyorları çəkmişəm.
   
   - Özünüz nadir hallarda film çəksəniz də, həmkarlarınız sizə tez-tez öz əsərlərində rol verirlər. Dəvət aldığınız yeni rol var?
   
   - Elxan Cəfərovun çəkdiyi "Bəşəriyyətin xilası" filmində polkovnik Babayevi oynayıram. Maraqlı obrazdı. Çəkilmək məndən, qiymət vermək sizdən. Amma çalışın qiymət verəndə ədalətli olun.
   
   
   
   


YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-10-21
2018-10-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK