adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

DARIXANDA...

VƏSİLƏ USUBOVA
25452 | 2009-12-19 02:03
Tələbəlikdə bir qrupda cəmi iki qız idik. Təbii ki, bu vəziyyət bizi çox yaxınlaşdırmışdı. Həmişə qoşa gəzib dolaşar, kitabxanaya, kafeyə, kinoya birlikdə gedərdik. Hətta bəzi paltarlarımız da eyniydi. Hər il yay tətilində mən kəndimizə dönərdim, o isə şəhərdə, öz evlərində qalardı. Deyirdi ki, rayonlu tələbələrə qibtə eliyirəm. Şəhərdən uzaqlaşırsınız, yəqin, evinizdəkilər də, qohum-əqrəba da sizə xüsusi diqqət göstərir. Kənddə olduğum müddətdə mənə məktub yazardı, mənsə cavab yazmazdım. Bir dəfə gileyləndi ki, sən şəhərdə olmayanda çox darıxıram, ona görə də məktub yazıram, sənsə bir dəfə də olsun, cavab yazmırsan. Dedim ki, mən adamdan ötrü darıxa bilmirəm. Necə təəccüblə üzümə baxdığı indi də yadımdadı... Sözlərimi evlərində də demişdi. Bacıları da arada yarızarafat, yarıgerçək mənə xatırladırdılar: " Sən ki, adamdan ötrü darıxmağı bacarmırsan..."
   
   Bəlkə də cavabım bir qədər kobud, qəlbsındıran olmuşdu, amma dediyimə o zamanlar özüm də inanırdım, axı. Əslində, bu inanılası bir şey idi. Zaman-zaman bu "darıxa bilməmək" çox qolumdan tutub, stresslərdən qoruyub, depressiyaya aparan yolları bağlaya bilib. Özüm-özümü aldatmağı, uşaq kimi öz başımı qatmağı, duyğularımı acı həyat həqiqətlərindən çox xəyali şirinliyə kökləməyi bacarmışam. Qayğımı çəkən, dərdimi bölüşənlərin olmaması bir yana, əksinə, müəyyən məqamlarda ruhdan və həvəsdən salmaq, əl-qolumu soyutmaq istəyənlər sarıdan korluq çəkməmişəm. Onda da öz qəlbimi özümə dost, həmdərd eləməkdən başqa çarəm qalmayıb. Göz-qulağımı yığmış, ümitdsizliyimdən, çarəsizliyimdən təsəlli taparaq durmuşam. Uzaq bir adada dörd bir tərəfə fırlanıb nəhayətsiz sulardan və uzaqlarda bu sularla qovuşan üfüqlərdən başqa heç nə görməyən tənha insanı göz önünə gətirin. Özünüzü onun yerinə qoymağa, çəkdiklərini anlamağa çalışın. Bu yerdə darıxmaq sözü çox yumşaq və bəsit səslənmirmi?! Üstəlik, hər cür təsəlli də gülünc görünür adama. Xəyallarının yüzdə doxsanı gerçəkləşməyən, arzu və mətləblərinin əksəri qəlbində gömülən birisini necə? Anlamağa gücünüz çatarmı? Bəs, o da "darıxmıram" desə, necə, şaşırmazsınızmı?!
   
   Onda gerisinə qulaq asın...
   
   
   
   ***
   
   Pəncərə önündə dayanıb gözləri yol çəkən qızın dediklərini heç unuda bilmirəm: " Elə bilirəm, bütün arzularım yerinə yetsə də, mən yenə darıxacağam"...
   
   Çox illər sonra onu görəndə soruşuram: " Yenə darıxırsan?" " İndi darıxmağa vaxtım da yoxdu" deyir. Ailəsi, oğlu var. Darıxmağın yerini darıxmamaq tutub onun qəlbində. Bəlkə bu daha pisdi? Darıxanda, heç olmasa, nəsə axtarırsan. Darıxmayanda, bu da yoxdu. İndi ondan da əlin çıxıb...
   
   Adiləşdin, hamılaşdın, demək...
   
   Adiləşəndə, hamı kimi olanda darıxmırsan... Bir də özünə dönə, özün ola biləcəksənmi?!
   
   
   
   ***
   
   Günlərin birində heyrətlə anladım ki, sən demə, yer üzündə mənim qədər darıxan az-az adam tapılar. Anladım və sevindim. Həm də sakitləşdim. Necə olub ki, uzun illər bunu duymamışam? Sən demə, darıxmamaq heç də qəhrəmanlıq deyilmiş, əksinə, öz qəlbinə zülm vermək, duyğularını zorlamaqmış. Qısası, bir ömrün faciəsi, için-için göynəyən insanın görünməyən tüstüsüymüş... Fikir verirəm, darıxanların hərəsi bir cür öz ürəyini partlamaqdan xilas edir. Yalandan deyib-gülənlərə qoşulur, səyahətə çıxır, qonaq gedir, kinoya baxır, kitab oxuyur, qonşuya baş çəkirlər... Doqquz yaşlı bacım oğlu tez-tez təkrarlayır: " Yaman canım sıxılır..." İlahi, bu yaşda uşağın canı sıxılırsa, görün, onun nənələri, babaları yaşda olan bizlər nələr çəkirik?!...
   
   
   
   ***
   
   Mən darıxanda şair olmaq istəyirəm. Tale yazanı da tez-tez qınayıram ki, niyə məni şair yaratmayıb. Bilirəm, bu sətirləri oxuyan kimi çoxlarının canı sıxılacaq: " Bu millətin yarıdan çoxu şairdi, bircə sən çatışmırdın..." Şairlərin çoxluğundan gileylənənlərlə heç razılaşmıram. Elə bilirlər ki, şair olmaq asandı. Asan olsaydı, elə mən öz duyğularımdan indiyəcən azı on dənə poema yazmışdım. Amma neyləyim ki, ömür boyu nəinki bir bənd, heç bir misra da şeir yaza bilməmişəm. Bundan sonrasına da heç ümidim yoxdu.
   
   Yəqin, maraqlandınız ki, bu adam oturub-oturub niyə birdən şair olmaq həvəsinə düşüb?! Yox. Həvəsə-zada düşməmişəm. Bilirəm ki, şairlik həvəs-filannan deyil, göylərin ərməğanıdı. Sadəcə, həmişə şairlərə qibtə eləmişəm. Həmişə də elə bilmişəm ki, üç-dörd bəndlik şeirdə ifadə olunan hiss-həyəcanı cild-cild romanlarda vermək mümkün deyil...
   
   Mən darıxanda şair olmaq istəyirəm, bəs, görəsən, şairlər darıxanda nəçi olmaq istəyirlər?! Yoxsa, bu bəxtəvərlərin bir şeylər diləməsinə heç ehtiyac yoxdu? Deyəsən, düz tapmışam. Əbülfət Mədətoğlu bir-birindən duyğusal məqalələr yazır. Hiss və həyəcanlarının nəsrlə ifadəsindən razı qalmayan kimi nəzmə keçib bu yolla da ürəyini boşaldır. Vahid Əlifoğlunun nəsri su kimi içilir. Görürsən, o da tez-tez buna qane olmayıb keçdi şeirə. Bu yerdə qibtə eləməyib neyləyəsən?! Ə. Mədətoğlu ötən şənbədəki " Sükutla söhbət" adlı yazısında görün nə deyir: "... mənim aləmimdə şeir bir növü Tanrı pıçıltısıdır. Göz görür, könül duyğulanır və gördüyünlə duyduqların qol-qola girib üz tutur Tanrı dərgahına tərəf. Çünki o dərgahda bir söz ocağı, söz qibləsi var və Tanrı dərgahına çatan həmin o "müsafirlər" orda sözə çevrilib yenidən qayıdırlar Yer üzünə. İnsanların qapılarını döyüb könüllərini xoş edirlər. Təbii ki, həmin proses səmimiyyətdən, bütünlüklə yaşantılardan ibarət olanda hər kəsə xoş gəlir, bax, onda oxucu sözə, şeirə inanır, onu özününkü hesab edir"...
   
   Bax, bu yaşantılardan, həm də ağrılı-acılı yaşantılardan ibarət olanları V.Əlifoğlu da eyni səmimiyyətlə həm nəsrlə, həm də nəzmlə söhbət açır. Bu həyatda yerində olmayan hər şey şairə göz dağıdı. Elə bir dağ ki, qəlbə çəkdirdiklərini ancaq qələmlə əritmək mümkündü. Şairlərin darıxanda üz tutduqları məkan da elə öz ürəkləridi. Gördüyü, duyğulandığı hər bir şeyi yüklədiyi, ağrısına, sızıltısına acımadığı ürəyi...
   
    Hər halda darıxmaq yaxşı şeydi. Darıxanda ürək dolur, ürək dolanda kağız-qələm yada düşür, kağız-qələm də ortaya gəldisə, deməli, nəsə alınacaq... Onda, vay darıxmayanların halına... " İnsan növünə xas olan cəhətlərdən başqa heç bir xüsusiyyəti ilə başqalarından seçilməyən adam bayağıdır. Milyonlara bənzəyənin dəyəri nə ola bilər?" Bunu Şopenhauer deyib. Yəqin o da çox darıxanlardan olub...
   
   
   
   ***
   
   Etibar bəy də dünyanın sonu barədə ssenari yazmaq həvəsinə düşüb. Belə ağır mövzu barədə düşüncələri də kifayət qədər nikbindi. Deyəsən, axı, qətiyyən darıxmaqla arası yoxdu. Darıxsaydı, görərdi ki, dünyanın sonu çatdığını bilməkdən ötrü nə astroloqların, nə də ekologiya mütəxəssislərinin proqnozlarını bilmək vacib deyil. Elə hamının bir nəfər kimi darıxması kifayətdi ki, yazılanlar, deyilənlər çin olsun... Deyir, böyük əksəriyyət eyni şeyi düşünəndə o mütləq baş verir. Belə getsə...
   
    Amma... heyf bizim bu gözəl dünyamızdan... Darıxa-darıxa axırına çıxdıq...

TƏQVİM / ARXİV