ANA SƏHİFƏ / YAZARLAR

"Ən dəhşətli problem peşəkarların televiziyadan çəkilməsidi""

Qulu Məhərrəmli: "Mənə özbəyin gözü dəydi"

21000    |   2009-11-07 01:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Televiziya kütləvi təsir silahı hesab olunur" "ANS-i çıxmaq şərti ilə bizim televiziyaların əksəriyyətində düşünülmüş proqram siyasəti yoxdu"

1926-cı il noyabrın 6-sı fəaliyyətə başlayan Azərbaycan radiosu 83-cü ildönümünü qeyd etdi. Əvvəllər bu tarix təkcə Az. TV-də çalışanların bayramı kimi keçirilirdisə, bir neçə ildir ki, bu bayramdan ölkədəki bütün televiziya və radio kanallarına da pay düşür.
   
   33 il AzTV-nin "şinelini geyinən", indisə özəl kanallardan birində çalışan, televiziya və radio ilə bağlı dəyərli kitabların müəllifi Qulu Məhərrəmli təbriklərimizi həvəslə qəbul etdi. Bakı Dövlət Universitetinin professoru, "Xəzər" TV-nin baş məsləhətçisi Qulu Məhərrəmli ilə söhbətimiz maraqlı alındı. Bu maraqlı söhbəti yazıya köçürmək bizdən, oxumaq sizdən.
   
   
   
   - Deyəsən tərəfdarlarınızın sayı artır, əvvəllər telekanallarımızın fəaliyyətini təhlil edən cəmi bir-iki nəfər idiniz, indi isə efir məkanındakı durumu tənqid edənlərin sayı-hesabı yoxdu. Az qala hər gün toplantılar, yığıncaqlar keçirilir, TV və radioların işi ciddi tənqid olunur...
   
   - Televiziya mövzusunda yazan tənqidçilərin sayı o qədər də çox deyil. Çünki TV-lərin işini tənqid etmək heç də xoş missiya sayılmır. Bir vaxtlar mərhum Elşad Quliyev bu sahədə ciddi çalışırdı. Həm Zeynal Məmmədlinin, həm də mənim bu sahədə yazdığımız kitablar çap olunurdu. Arada bəzi gənclər də maraqlı yazılar yazırdılar. O zaman bizim dediklərimiz, yazdıqlarımız artıq görünməyə başlayıb. İndi yazılan, müzakirələrdə deyilən nəticələr barədə biz hələ o vaxt xəbərdarlıq etmişdik, işin bu yerə gəlib çatacağını görmüşdük. Azərbaycan televiziya məkanının bu formada şəkillənməsi bir mərhələdi. Növbəti mərhələdə hansı problemlər həll olunmalıdı, cəmiyyətin özündəngəlmə hansı məsələlər var, bunlar üzərində düşünmək lazımdı. Mən belə hesab edirəm ki, bütün bu məsələlər barədə televiziyanı bilən insanlar fikir yürütməlidi. İndi başlanan müzakirələri kampaniyaya çevirmək istəyini hiss edirəm. Televiziyanı pis günə qoyanlar özləri bu gün fikir yürütməyə, nələrisə tənqid etməyə başlayıblar. Televiziya tənqidi ilə məşğul olmaq fədakarlıq tələb edir, bu sənətlə məşğul olan insanda daxili azadlıq olmalıdı. Bu prosesi heç kimə yarınmadan, heç nə ummadan aparmaq lazımdı. Televiziya tənqidi sağlam dayaqlar üzərində qurulmalı, ortada obyektivlik olmalıdı. Bəzən görürsən ki, "tənqidçi" dünən tənqid etdiyi insanı, bu gün qəhrəman kimi təqdim etmək istəyir.
   
   Son vaxtlar insanlar teleməkanda baş verənlərlə razılaşmırlar. Onlarda daxili bir müqavimət yaranıb. Bizim telekanallara etirazımıza pult kömək edir. Kanalları dəyişməklə canımızı qurtarmaq istəyirik. Televiziyanın sosiologiyasını tədqiq edən mütəxəssislər auditoriyanı iki yerə - aktiv və passiv tamaşaçılara bölürlər. Aktiv tamaşaçılar xəbər və xəbərdəntörəmə proqramları izləyənlər, yəni fəal vətəndaşlardı. İkinci qrup isə nisbətən mülayim tamaşaçı kəsimidi. Bunlar şou proqramlara, seriallara meyl edənlərdi. Əgər biz qeyd etdiyimiz ikinci qrup tamaşaçıları arxamızca aparmaq istəyiriksə şouları artırmalıyıq. Fəal tamaşaçıları qazanmaq, itirdiyimiz təbəqəni geri qaytarmaq barədə düşünürksə xəbər proqramlarını artırmalı, efirdə diskussiyaların sayını çoxaltmalıyıq. Ona nail olmalıyıq ki, ekran Azərbaycan cəmiyyətini dolğun əks etdirə bilsin. Hamı telekanallardan yaxşı veriliş gözləyir. Yaxşı verilişin göstəricisi nədir? Şəxsən mən maraqlı, aktual, düşündürə bilən, faydalı verilişləri yaxşı veriliş sayıram. Belə verilişləri görə bilmirəmsə, həmin telekanala niyə baxmalıyam?
   
   - Bayaq dediyiniz ikinci qrupun - passiv vətəndaşların sayının sürətlə artmasında televizyanın günahı heç də az deyil...
   
   - ABŞ-ın keçmiş prezidenti Kennedi bir vaxtlar deyirdi ki, İkinci Dünya Savaşından sonra Amerika xalqını televiziya formalaşdırıb. Televiziya həmrəylik yaradır, insanları ədalətsizliyə qarşı mübarizədə birləşdirir, televiziya cəmiyyətdə harmoniya yaradır, dəyərləri formalaşdırır. Bu gün isə cəmiyyətdə bir çox dəyərlər itib. Tamaşaçı ətrafındakı dəyərsiz insanın ekrandan tirajlanmasından, əxlaqın pozulmasından ciddi narahat olur. Təsadüfi deyil ki, televiziya çox təhlükəli vasitə sayılır. Bəzən onu kütləvi informasiya vasitəsi yox, kütləvi təsir silahı adlandırırlar. İdeoloji mübarizəni televizya və radiosuz təsəvvür etmək mümkün deyil.
   
   - Bu gün televiziya və radiolarımızın dilindəki qüsurlar əsas tənqid olunan məsələrdəndi. Necə edək ki, televiziya və radiolarımız Azərbaycan dilində danışsınlar? "Mediada işlənən alınma sözlər" kitabının müəllifi kimi yəqin ki, bu barədə fikirləriniz çoxdu...
   
   - Radiomuzun və televiziyamızın ən böyük xidmətlərindən biri də odur ki, Azərbaycan ədəbi dilini formalaşdırıb. Şifahi dilimizi məhz radio və televiziya inkişaf etdirib. Şəxsən mən dilə münasibətdə həmişə mühafizəkar mövqedə ollmuşam. Dildə improvizələri çox incəliklə və ehtiyatlı etmək lazımdı. Bu gün dildə mürəkkəb proseslər gedir, leksik layda yeni sözlər gəlir. Sel gələndə də həmişə çör-çöp gətirir, zaman keçəndən sonra isə durulma yaranır. Yeni gələn sözlərin bir qismi dilimizdə qalır, bir qismi sıradan çıxır, bir qismi də sinonim kimi işlənir. Vaxtı ilə vergülə, şəkilçinin düzgün işlədilməməsinə görə cəzalananlar olub. Mən bu cür addımların tərəfdarı olmasam da, hər halda hesab edirəm ki, dil hər bir televiziya və radio əməkdaşının silahıdı. Bu silahı düzgün işlədə bilməyəndə özümüzə və cəmiyyətə ziyan vururuq.
   
   Bu gün aparıcılarımızın dili çox bəsitləşib. Jurnalist və aparıcılarımızda obrazlı dil yoxdu. Uzun müddət televiziyada işlədiyimdən bu məsələləri araşdırmışam. "Mediada alınma sözlər" kitabını yazmağımı da üzərimə düşən bir missiya sayıram.
   
    Son vaxtlar reklamların dilində də ciddi problemlər var. Dilimiz başqa dillərin təsiri altında özünün sintaktik quruluşunu itirməyə meyillənir. Bir nüansa diqqət yetirək, reklam pullu olduğu üçün biz az və zəruri olan sözləri işlətməyə çalışırıq. Mobil telefonda mesaj yazarkən də ən vacib sözləri yazırıq. Göründüyü kimi mobil telefonun yaranması da dilin inkişafına xidmət edir. "Kütləvi kommunikasiya və dil" kitabında bu məsələlərə toxunmuşam.
   
   - Azərbaycan tamaşaçısı artıq dünyanın müxtəlif ölkələrində yayımlanan proqramları seyr etmək şansı qazanıb. Rusiya və Türkiyə kanallarına sözsüz ki, bu gün daha çox baxılır. Teleməkanımızın inkişafı üçün hansı modeli daha uyğun hesab edirsiz, televiziyalarımız Rusiyaya, yoxsa Türkiyəyə tərəf boylansınlar?
   
   - Televiziya və kino sənəti Rusiyada çox güclü inkişaf edib. Amma ortada Türkiyə faktı da var. Orada gedən televiziya prosesini ciddi izləməliyik. Son 15-20 ildə Türkiyə televiziyaları çox sürətlə inkişaf edib, hətta inkişaf səviyyəsinə görə, Rusiya televiziyasını geridə qoyub. Bu məsələdə ciddi bir nüansı da diqqətdən qaçırmamalıyıq. Rusiya televiziyasının arxasında avtoritarizim, Türkiyə televiziyasının arxasında isə demokratiya dayanır. Mənim fikrimcə xəbərlərin çatdırılmasında, peşəkar standartlara, fikir müxtəlifliyinə əməl olunmasında Türkiyə televiziyasından öyrənməli çox şeylər var. Qoyulan problemin həlli, texnoloji yeniliklər isə Rusiya televiziyasında güclüdü.
   
   - Xəbərə yanaşmada sizinlə razıyam. Amma araşdırma mövzularında Rusiya televiziyasının üstünlüyü nəzərəçarpacaq dərəcədədi...
   
   - Rusiyanın həm yazılı, həm də elektron KİV-lərində araşdırmaçılıq ciddidi. Laki bayaq dediyim kimi, cəmiyyəti əlvanlığı ilə kim daha çox göstərə bilir? Rusiyanın "Vesti" xəbərlər proqramı ilə Türkiyə NTV-nin xəbər buraxılışlarını müqayisə edək. Dünya, ölkə və problemlər hansı proqramda daha dolğun və əlvan görünür? Biz dünyada yaxşı nə varsa hamısını öyrənməyə çalışmalıyıq. Eyni zamanda öyrəndiklərimizi özünəməxsus təqdim etməyi bacarmalıyıq. Bu da artıq sırf peşəkarlığa bağlı məsələdir. Avropada televiziya verilişlərinin formatını hazırlayan institutlar var. Bizdə vəziyyət necədi? Hansısa telekanal rəsmi açıqlama verir ki, tənqidi məqalədən sonra filan proqram bağlandı, bir həftədən sonra yeni veriliş efirə çıxacaq. Məsələyə bu cür yanaşma gülməlidi. Bir həftəyə düşünülən, hazırlanan veriliş necə olacaq? ANS-i çıxmaq şərti ilə bizim televiziyaların əksəriyyətində düşünülmüş proqram siyasəti yoxdu. Azərbaycanda bu gün həm özəl, həm də büdcədən maliyyələşən TV-lər var. Bizim umacağımız isə büdcədən maliyyələşən TV-lərdəndi, yəni Az.TV və İctimai Televiziyadan. Düzdür, çoxları Az. TV-dən əlini üzüb, amma İTV-yə müəyyən ümidlər bəsləmək olar. Onlar nəsə yarada bilərlər. Amma nəsə yaratmağın da çox ciddi şərtləri var. İTV-dəki dostlarımızı tənqid edəndə də sırf ictimai maraqlardan çıxış edirik. Biz demirik ki, onlardan ağıllıyıq, sadəcə tövsiyyələrimizi veririk. İstəyirlərsə qəbul etsinlər, istəmirlərsə yenə bizə qarşı ittihamlar səsləndirsinlər. Bu gün teleməkanda bəsitlik baş alıb gedir. Cəmiyyət qarşısında məsuliyyət olmadığına görə belə hallar artıb. Cəmiyyətin, xüsusi ilə medianın etirazı zəifləyib.
   
   - Məncə mətbuatımız televiziya kanallarında baş verənlərə o qədər də biganə deyil. Tez-tez tənqidi yazılar dərc olunur, sadəcə qarşı tərəfin reaksiyası bir kəlmədən ibarətdir - bəyənmirsən, kanalı dəyiş.
   
   - Bu televiziya rəhbərinə yaraşmayan bir cavabdı və məsələyə ədalətsiz yanaşmadı. İndi bəziləri bir cümlə əzbərləyiblər, yeri gəldi, gəlmədi deyirlər ki, zövqlər haqqında mübahisə etməzlər. Edərlər, özü də çox mübahisə edərlər. Çünki televiziya bəsit zövqün daşıyıcısı ola bilməz. Az.TV-də Ramiz Həsənoğlunun quruluş verdiyi tamaşalar səviyyə göstəricisidir. Belə səviyyəli zövq barədə niyə mübahisə etməyək? Bizdə insanlar televiziya yaradıcılığı barədə danışmağı çoxdan unudublar. Bu gün Azərbaycanda ixtisaslaşmış televiziya jurnalına ehtiyac yaranıb. Düzdür, hazırda hər TV-nin öz jurnalı var, lakin həmin jurnallar öz televiziyalarını tərifləməklə məşğuldur. Bununla baş aldatmaq olmaz.
   
   Bu gün ən dəhşətli problem peşəkarların televiziyadan çəkilməsidi. Az.TV-də xeyli sayda peşəkar əməkdaşın işdən çıxarılması bu sahənin gələcəyinə olan inamı şübhə altına alır. İndi Az.TV-də "İdman Azərbaycan" kanalı açılıb. Çox gözəl bir işdi. Amma neçə ilə formalaşan, peşəkarlaşan Elnur Əşrəfoğlu kimi jurnalisti, Hikmət Yaqubov kimi baş rejissoru işdən uzaqlaşdırmaq nə dərəcədə doğru addımdı? Belə kadrlar hər gün yetişmir axı. Canlı efir apara bilən rejissorlarımız barmaqla sayılan qədərdi. Hikmət Yaqubov isə canlı yayımın ustası sayılırdı. Bizdə belə bir kadrı televiziyadan kənarlaşdırdılar. Belə "islahatlar" yenilik sayıla bilməz. Bu televiziyanın budağını baltalamaqdı. Bir televiziyada hamını işdən çıxarırlar, sonra təzədən başqalarını işə götürürlər. Dünyanın hansı ölkəsində belə "islahat" aparılır? Xəbərləri təbii ki, cavanlar hazırlamalıdı, bu işə gənclər cəlb edilməlidi. Lakin telekanalın idarəçiliyində təcrübəli kadrlar təmsil olunmalıdı, bu mütləq şərtdi.
   
   - Az.TV-nin bayramını nəzərə alıb, bəlkə onları bir qədər az tənqid edək. Bayram demişkən, keçmiş kollektivinizdən kimləri təbrik etdiz?
   
   - İndiki rəhbərliyə bəlli olan səbəbdən Az.TV-dəki kollektivlə çox da əlaqə saxlamıram. Lakin bayramlarda zəngləşdiyim insanlar var. Elələri var ki, mənə telefon açıb, təbrik edirlər. Axı, hamı çörək itirən deyil. Bayramda həmişə olduğu kimi, müəllim bildiyim insanları telefonla təbrik edirəm. İlk baş redaktorum Araz Əliyevi, xəbərlər redaksiyasında repartyorluq öyrəndiyim Ənvər Qafarlını həmişə axtarıram, çalışıram ki, onlara qarşı diqqətli olum. Bu bir insanlıq borcudu. Bayramdan söz düşmüşkən, bir məsələni də qeyd etmək istərdim. Düzdür, 6 noyabr Az.TV-nin bayramıdı, bu illər ərzində kollektiv şərəfli bir yol keçib. Amma həmin bayramı təkcə Az.TV-nin inhisarına vermək də doğru deyil. Biz bu tarixi bütövlüklə televiziya və radio məkanımızın bayramına çevirməliyik. Bununla bütün televiziya və radio işçiləri arasında həmrəylik yaratmaq olar. Yoxsa biri aşın çox hissəsini öz tərəfinə çəkir, digərlərinə heç nə vermək istəmir.
   
   - 33 il AzTV stajı olan Qulu Məhərrəmli bu gün "Xəzər" TV-də özünü necə hiss edir?
   
   - Özümə və başqalarına təsəlli üçün demirəm, inanın ki, "Xəzər"də özümü çox rahat hiss edirəm. Bu kanalda özümə qarşı hörmətli münasibət görürəm. Duyuram ki, "Xəzər"də mənə ehtiyac var. "Xəzər"in çox böyük prespektivi olduğunu görürəm.
   
   - Heç cür inana bilmirəm ki, oradakı fəaliyyətiniz yalnız "Dost məclisi" layihəsi ilə məhdudlaşsın. Başqa layihələriniz olacaqmı?
   
   - Bu il "Dost məclisi"nin formatını dəyişmək istəyirik. Yeni bir layihə barədə düşünürdük. Sadəcə, studiya problemi üzündən bu layihəni başqa vaxt reallaşdıracağıq. Planlar çoxdu, zaman gəldikcə bunları həyata keçirəcəyik. Əsas odur ki, "Xəzər" düşünülmüş siyasət yeridir. Ən önəmlisi isə bu kanala işi bilən adamların rəhbərlik etməsidi. Jurnalist təcrübəmdə ən böyük problemim bəzən qeyri-peşəkarlarla işləyəndə olub.
   
   - Uzun illər ərzində Az.TV-nin bir neçə sədri ilə çalışmısız. Onları bir cümlə ilə necə xarakterizə edərdiz?
   
   - Məmməd Murad televiziyonçu olmasa da, təşəbbüsü qiymətləndirə bilirdi. Onu bizim televiziyada bir nömrəli islahatçı sayıram. Məmməd Murad televiziyanın durumundan narazı idi, yenisini yaratmaq istəyirdi, lakin bunu necə yaratmağın yolunu bilmirdi. Həmin dövrdə yaxşı televiziya qura bilərdik, təəssüf ki, siyasi vəziyyət və zaman buna imkan vermədi. Onun sədrliyi vaxtında efirə çıxan "215 KL" studiyası televiziya tarixində ilk keyfiyyət yeniləşməsi idi.
   
   Məmməd İsmayıl televizyonçu olsa da, onunla bəzi hallarda yaradıcılıq məsəllərində fikir ayrılıqlarımız olurdu. Hər halda onun sədrliyi vaxtında bir yaradıcılıq sərbəstliyi var idi.
   
   Babək Hüseynoğlunun rəhbərlik dönəmi televiziyanın burulqandan çıxıb bir qədər sakitləşmək dövrü oldu. Nizami Xudiyevi isə ictimai məsuliyyəti dərk edən rəhbər kimi xarakterizə edərdim. Təəssüf ki, işin incəliklərini bilməməsi ona müəyyən problemlər yaratdı. Nizami Xudiyevin zamanında 3 saatlıq "Səhər" proqramını teleməkanda bir mədəniyyət faktına çevirə bildik.
   
   O ki, qaldı indiki sədrə, Arif Alışanovla şəxsi münasibətlərdə heç bir problem yoxdur. Mənim düşüncəmə görə, televiziyaya yaradıcı insan rəhbərlik etməlidi. Bunun çox böyük önəmi var.
   
   - 4 yaşlı nəvəniz yerli telekanallarda baxmağa nəsə tapa bilirmi?
   
   - Uşaqların televiziyaya baxmağı məsələsi də çox ciddi məsələdi. Uşaqları hansı oksigenlə qidalandırdığımızı düşünəndə dəhşətə gəlirəm. Bu bəsit televiziyaçılıqla uşaqlara nə verə bilərik? Amerika, Avropa və bir neçə Rusiya istehsallı cizgi filmi göstərməklə heç yana gedib çıxa bilmərik. Niyə öz animasiya serialımızı yaratmayaq? Azərbaycan xalq nağılları bunun üçün çox gözəl dramaturji material verir. Nəvəm özü rahat diski qoyub baxır, kanalları dəyişir, aparıcıların bəzisini tanıyır, hətta onlara bəzən polemikaya girir. Sabah bu uşağın tələblərinə cavab verən bilən televiziya yarada biləcəyikmi? Bu barədə ciddi düşünməliyik. Uşaqlar bizim gələcəyimizdir deyib, şüar səsləndirməklə heç nə əldə edə bilmərik.
   
   - Sizin evdə daha çox hansı telekanal izlənilir?
   
   - Qızlarımın ikisi də nadir hallarda yerli telekanallara baxırlar. Hətta mənim təbliğatım da bu məsələdə köməyə gəlmir. Onlar daha çox Rusiya və Türkiyə telekanallarına baxmağa üstünlük verirlər. Tamaşaçını itirmək prosesi hər bir ailədə sürətlə gedir.
   
   - Bu il beşləri qoşalaşdırdız. 55 illik yubileyinizi necə keçirmək barədə düşünürsüz?
   
   - Hələ ki, konkret heç bir planım yoxdu. Yəqin ki, dostlarımızın əhatəsində bir toplantı olacaq. 50 illiyimi o vaxt Press-Klubda qeyd etdik. Dövlət kanalında çalışmağıma baxmayaraq, məclisdə müstəqil və müxalifət mətbuatını təmsil edən jurnalistlər də var idi. Özbək jurnalistlərindən biri bu faktı görən kimi təəccübləndi. Dedi ki, bizdə belə hal olsaydı həmin adamı o dəqiqə işdən çıxarardılar. Deyəsən mənə özbəyin gözü dəydi...
   
   


YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (25%)
İşdə (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK