Tofiq Abdinin yeri

ETİBAR CƏBRAYILOĞLU
66197 | 2015-02-21 01:10
Hər şənbə imzası "Ədalət"in və "525-ci qəzet"in səhifələrində görünsə də Tofiq Abdinin sonuncu iş yeri Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan "Xəzər" jurnalının redaksiyası idi. Mərkəzin ikinci qatındakı sadədən də sadə iş otağında özü üçün bir dünya qurmuşdu. Ötən il fevralın 24-də Tofiq abi dünyasını dəyişdi.
Ötən bu bir ildə çox şeylər əvvəli kimi deyil. Tofiq Abdinin çalışdığı təşkilat Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinə çevrilib. Mərkəzin yerləşdiyi bina əsaslı təmirə dayanıb, şəhərin mərkəzində, "Qış bulvarı"na yaxın ərazidə müvəqqəti ofis kirayələnib. Tərcümə Mərkəzinə yaradılan şəraitə irad bildirməyə çox az söz taparsan, otaqlardakı yaradıcılıq mühiti, məxsusi ovqat ayrı bir yazıya mövzu ola bilər.
Tofiq Abdinin Tərcümə Mərkəzində yeri görünür. Abi Tərcümə Mərkəzinin bu günlərini kaş ki, görə bilsəydi...

Zakir Fəxri: "Onu görəndə şübhələndim..."

"Xəzər" jurnalında Tofiq Abdinlə birgə çalışmış şair Zakir Fəxri iş yoldaşını belə anır: "Sovet vaxtı məni Dövlət Təhlükəsizlik Komitəsinə çağırmışdılar. Binaya çatanda Tofiq Abdini gördüm. Sözün açığı, əvvəlcə ondan şübhələndim ki, yəqin mənim adımı o verib. Bəlkə elə o da məndən şübhələnmişdi. Sonra görüşdük və məlum oldu ki, ikimizə də eyni sualları veriblər, üstəlik bizi eyni adam- qələm dostumuz satıb.
Sağ olsaydı Tərcümə Mərkəzinin indi məskunlaşdığı bu binada oturmağa yer tapmayacaqdı, mərtəbələri gündə az 40 dəfə aşağı-yuxarı qalxacaq, yazılarına görə mübahisə edəcəkdi. Ən çox da söz-söhbəti, mübahisəsi Sadayla idi..."

Saday Budaqlı:
"Elə bil ki, Tofiqi o
binada qoyub gəlmişik..."

Yazıçı-tərcüməçi Saday Budaqlı Tofiq abinin sonuncu iş yerindəki otaq yoldaşı olub. Mərkəzin indi təmirə dayanan binasında keçən günlərlə bağlı xatırlanası çox şey var: "İş yoldaşlarımız arasında yeri həmişə görünür. Rəhmətə gedəndən sonra şəkilini oturduğu masanın arxasındakı divardan asdıq, Mərkəzin binası təmirə bağlananda da şəkil qaldı orda. Elə bilirəm ki, Tofiqi o binada qoyub gəlmişik...
Tofiqlə Tərcümə Mərkəzinin çətin günlərində çalışdıq. Bu günləri görsəydi... Yəqin ki, otaqlarımız daha səsli-küylü olardı, təbii yenə bir otaqda oturardıq. "Xəzər" jurnalına yazılar yazardı, amma yüz faiz əminəm ki, indi Tərcümə Mərkəzinin nəşr etdirdiyi "Aydın yol" qəzetində də köşəsi olardı. Çox çalışqan insan idi, heyf ondan. Tofiq başqa oğul idi..."

Əlisəmid Kür:
"Tofiq camaatı aldadırdı..."

Uzun fasilədən sonra yenidən Tərcümə Mərkəzinə qayıdan şair Əlisəmid Kür Tofiq Abdini həmkəndlisi və qohumu kimi yada salır: "Tofiqlə uzaqdan-uzağa dostluq eləməyin özü də maraqlı idi. İstanbulda yaşayanda türk mətbuatında şair və yazıçılarımız haqqında məqalələr çap etdirirdi. Mənim haqqımda da bir neçə dəfə yazıb, həmin yazılardan birini çərçivəyə saldırıb evdə divardan asmışam. Həyatda elə insanlar var ki, sən ondan təkcə yazı-pozunu yox, ümumiyyətlə çox şeyi öyrənirsən. Tofiq Abdin öyrəndiyimiz insanlardan idi. Ona ilk mükafatı Tərcümə Mərkəzində o vaxt nəşr etdiyimiz "Yol" qəzeti verib. "Altun Ay" mükafatının ilk laureatlarından biri də o oldu. Həmişə deyirdi ki, 50 yaşıma qədər heç bir mükafat almamışdım. Tale elə gətirdi ki, uzun fasilədən sonra Tərcümə Mərkəzi Tofiqin taleyində rol oynadı, "Xəzər" jurnalında çalışmağa başladı. Əgər bu gün də burda Tofiq abi xatırlanırsa, deməli, onun yeri ürəklərdə qalıb. Əli bəy Hüseynzadə haqqında ilk dəfə sanballı araşdırmalar aparmasına baxmayaq Salyanda keçirilən yubiley mərasiminə abini dəvət etmədilər. Bu da ona pis təsir etmişdi, çünki Tofiq bəy həssas insan idi. Son illər professor Elçin İsgəndərzadə ona çox mənəvi dayaq oldu, kitablarını nəşr etdirdi.
Bu yaxınlarda erməni helikopterini vuran hərbçi Tofiq Abdinin qohumudu. Bu barədə danışılanda hər dəfə Tofiq yadıma düşür, sağ olsaydı, bilirsən necə sevinərdi... Cavanlarla çox oturub-durmağı ilə, yaxşı yazıya sevinməyi və öyrənmək istəyi ilə də yaşıdlarından seçilirdi.
Sağlığında da, dünyadan köçəndən sonra da hamı deyirdi ki, guya Tofiq Abdin ölümdən qorxurdu. Mənə elə gəlir ki, Tofiq özünü belə göstərməklə camaatı aldadırdı... Onu Buzovna yolunun üstündəki qəbirstanlıqda, torpağa tapşırdıq. Təsəvvür elə ki, o boyda qəbiristanlıqda Tofiqin məzarı elə əzbər yadımda qalıb ki... Hər dəfə Şüvəlana gedib-gələndə istəyirəm ki, hasarı aşıb Tofiqlə görüşüm, deyim, nətəhərsən?"

Mahir N. Qarayev:
"Bir də görürsən ki,
lampalardan biri sönüb..."

Tərcümə Mərkəzinin əməkdaşı şair-tərcüməçi Mahir N. Qarayevin yaddaşında Tofiq Abdinin yeri var: "Biz ədəbiyyata başlamaq istədiyimiz dövrdə "Qobustan"ı oxuyurduq,
Bu jurnal mətbuatımıza yeni bir nəfəs gətirmişdi. Hamımız "Qobustan"da dərc olunmaq istəyirdik, Tofiq Abdin bu jurnalda çalışdığından ona əlçatmaz kimi baxırdıq. Yaş fərqimiz olduğundan Tofiqə yaxınlaşa bilmirdik. Dostum, təkcə istedadlı jurnalist kimi deyil, həm də türkçü kimi tanıdığım Məzahir Əhmədoğlu onunla yaxınlıq edirdi və bizə Tofiq abinin türkçülüyündən, Türkiyə sevgisindən danışırdı. Tofiq Abdinin Türkiyədə yaşadığı dövrləri xatırlayanda yadıma Xalq yazıçısı Anarın "Otel otağı" əsəri düşür və təəssüf ki, Tofiq də həmin povestin qəhrəmanı kimi həmişə həsrətində olduğu Türkiyə gedəndən sonra xəyal qırıqlığına uğradı.
Tofiq maraqlı, əsl məclis adamı idi, onunla darıxmaq mümkün deyildi, təzə və doğru fikir deyən özündən cavanları dinləməyi bacarırdı. Boğazdan yuxarı söz deməzdi, tərifdə də, tənqiddə də obyektiv olurdu, nəyə görəsə söz deməklə arası yox idi.
Sözün açığı, mən onu şair kimi yox, jurnalist və gözəl bir publisist kimi daha çox sevir və hörmət edirdim. Onun qəfil ölüm xəbərini eşitmək çox ağır oldu. Bəzən otaqda işığın azaldığını hiss edirsən, başını yuxarı qaldıranda görürsən ki, lampalardan biri sönüb..."
Tofiq Abdin bir il əvvəl dünyasını dəyişdi, amma onun yeri dəyişməyib. Abi yenə dostlarının, iş yoldaşlarının qəlbindədi.

TƏQVİM / ARXİV