24 saatdan sonra...

ETİBAR CƏBRAYILOĞLU
61103 | 2015-02-14 10:48
Hər şey bir anda dəyişəcək

Qapısında toy çalınacaq ailənin gününü təsəvvür edirsiniz yəqin. Evdəkilərin başı bir gün sonra keçiriləcək bu əlamətdar hadisənin hazırlıqlarına qarışıb. Ən bahalı libaslar tikilib, masaya düzüləcək qara kürü sifariş edilib, toyda oxumaq üçün 29 müğənniyə beh ödənilib, simfonik orkestrə, balet truppasına xəbər göndərilib. Belə bir məqamda görün nələr baş verir...

Toyda nə etmək lazımdı? Ağlamamaq!

Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində yeni tamaşanın məşq prosesidir. Yaradıcı heyətin başı yaman qarışıqdı. Saatlarla sürən məşqlər, quruluşçu rejissoru razı salan və ya narahat edən məqamlar, aktyorlar arasında yaradıcılıq mübahisələri... Səhnəni bəzəyəcək dekorlar hazırlanıb, son dəbli mebellər alınıb. Vəziyyəti təsəvvür edirsiniz yəqin.
Mərhum yazıçı-dramaturq Əli Səmədlinin "Toya bir gün qalmış" əsəri əsasında hazırlanan tamaşanın məşqləri davam edir. Bu maraqlı pyesə quruluş vermək üçün istedadlı rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov Dövlət Musiqili Teatra dəvət olunub.
Müəllif pyesi ötən əsrin 60-cı illərində qələmə alsa da əsər öz aktuallığını qoruyub saxlaya bilib. Quruluşçu rejissorun sözlərinə görə, "Toya bir gün qalmış" günümüzlə səsləşdiyi üçün məhz bu əsərə müraciət olunub: "İnternet, müxtəlif sosial şəbəkələr, mobil rabitə həyatımıza sürətlə daxil olduqdan sonra insanlar bir-birindən daha uzaqlaşmağa başlayıblar. Ən məhrəm adamlar belə qarşılıqlı anlaşma hissini itiriblər. Mənəvi-əxlaqi dəyərlər tədricən arxa plana keçir, maddiyyat hər şeyi üstələyir. "Toya bir gün qalmış" əsərindəki ailənin timsalında bunu aydın şəkildə görmək olar. Bu ailənin hər bir üzvünün öz maraqları var, onlar yalnız maddi qazancları barədə düşünürlər".
Əli Səmədlinin təsvir etdiyi ailənin başçısı yüksək vəzifə sahibidir. Tutduğu postdan yararlanaraq xeyli sərvət toplayan bu adam son vaxtlar bütün sahələrdə korrupsiyaya qarşı başlanan mübarizədən ehtiyatlanır, böyük oğlunun toyu ərəfəsində evinə gələn bahalı hədiyyələrdən imtina etmək istəyir. Lakin ailə üzvləri əvvəlki kimi yaşamaqda davam edirlər. Toya bir gün qalmış kişi tutduğu vəzifədən çıxarılır, lakin bunu deməyə imkan tapmır, daha doğrusu, ailəsi onu eşitmək belə istəmir. Üzləşdiyi vəziyyətdən əsəbiləşən kişinin ürəyi dayanır.
Toya bir gün qalmış baş verən bu faciə ailədə necə qarşılanır? Quruluşçu rejissor deyir ki, ev sahibinin ölümü mənəviyyatı pozulmuş ailənin iç üzünü daha qabarıq şəkildə ortaya qoyur: "Onlar bu faciədən də qazanmaq istədiklərindən növbəti çirkin əmələ əl atırlar. Qərara gəlirlər ki, ailə başçısının ölümünü hər kəsdən gizlədib toyu yola versinlər. Ana və uşaqları bu planı dərhal həyata keçirməyə başlayırlar və evdə toy ovqatı yaranır. Əslində ağlamalı olan insanlar gülür, şən mahnılar oxuyur, rəqs edirlər. Amma sonda məlum olur ki, ailənin başçısı ölməyib, sadəcə..."

Sağ ol səni,
qarmonçalan...

Toyun özü də maddi maraqlar üzərində qurulub. Ailənin xanımı yüksək vəzifə sahibi ilə qohum olmaqla özünə arxa-dayaq axtarır. Ərinin qəfil ölümü bu planı alt-üst edə bilər, ona görə də toyu təxirə salmamaq üçün hiyləyə əl atmaqdan çəkinmir.
Tamaşanın quruluşçu rejissoru bu mürəkkəb obrazı Xalq artisti Afaq Bəşirqızına etibar edib: "Bu vaxtda kimi Dövlət Musiqili Teatrında iki tamaşaya quruluş vermişəm, həmin tamaşaların hər ikisi rus truppası ilə hazırlanıb. "Toya bir gün qalmış" Azərbaycan truppası ilə ilk işimdir. Çox şadam ki, Afaq Bəşirqızı kimi böyük sənətkarımızla çalışmaq mənə nəsib oldu. Əsərdəki Qadın obrazının vasitəsi ilə bir çox mətləbləri çatdırmaq istəyirik. Bu qadın əvvəllər toyda qarmonçalan olub, sonra yüksək vəzifə tutan kişiyə ərə getməklə sərvət sahibinə çevrilib. Var-dövləti artdıqca isə...
Qadın hərdən xəyalən ötən günlərə qayıdaraq qarmon çalır. Tamaşaçılar həmin musiqiləri Xalq artisti, tanınmış qarmon ustası Ənvər Sadıqovun ifasında dinləyə biləcəklər. Ənvər bəy həm də bizim tamaşanın musiqi rəhbəridir".
"Toya bir gün qalmış" tamaşasının quruluşçu rəssamı Nabat Səmədova, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Yelena və Zakir Ağayevlər, rejissor assistenti Tamilla Abbasovadır.
Tamaşaçılar yeni və maraqlı səhnə əsərində Əməkdar artist Ələkbər Əliyevi, Gülcahan Salamovanı, Əliməmməd Novruzovu, Hüseyn və Gültac Əlilini, Möylə Mirzəyevi görə biləcəklər.
Quruluşçu rejissor yaradıcı heyətin işə məsuliyyətlə yanaşmasından razıdır: "Aktyorların hamısı tapşırılan obrazın maraqlı və dolğun alınması üçün çalışır, yaradıcılıq potensiallarından tam istifadə edir. Bütün bunlar və teatr rəhbərliyinin bizim üçün yaratdığı şərait tamaşanın daha baxımlı olacağına ümidimi artırır".
"Toya bir gün qalmış" tamaşasının premyerası martın əvvəllərinə planlaşdırılır.

TƏQVİM / ARXİV