hacklink Adalet.az | İÇİMDƏKİ UŞAQ Adalet.az | İÇİMDƏKİ UŞAQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İÇİMDƏKİ UŞAQ

21551    |   2015-02-14 09:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər kəs bir dəfə doğulur, amma mənə elə gəlir ki, mən doğulanda mənim içimdə ikinci bir mən də doğulub, amma o böyüməyib. Mən böyümüşəm, amma içimdəki mən, yəni o uşaq sadəcə məni müşayiət edib - bax bu yazıda olduğu kimi...
Ucqar bir kənddə, orta yaşayış tərzinə malik bir ailədə doğuldum. Sadə, təmiz, dünyanın min bir sifətindən, insanların məkrindən, hiyləsindən, yalanlarından, fırıldaqlarından, xəyanətlərdən, etibarsızlıqlardan, üzüdönüklüklərdən, təkkəbbürlülərdən ... uzaq məsum bir uşaq kimi. Yaxınların sevgisindən, sevdiyim kəndimin təbiətindən hər addımda arzu, ümid yarandı yaşamağıma. Dünyanın beləcə sadə, təmiz olduğunu, insanların bir-birinə o kənddəki kimi sayqılı, məhəbbətli olduğunu düşünərək hər kəsə sevgiylə tərbiyə edildim. Amma böyüdükcə, ailədə öyrəndiklərimin, güman etdiklərimin əksini gördükcə ruh düşkünlüyünə qapılanda o içimdəki ikinci mən - o məsum uşaq bunların istisna olduğunu pıçıldadı mənə, hələ dünyanın yaxşılardan xali olmadığına, yaxşıların haradasa uzaqda da olsa, varlığına inandırdı məni. Özüm böyüdükcə, o uşağın istəklərinin çoxunun imkansız olduğunu anladım. Amma yenə onun uydurduğu xəyallarla yaşamağa üstünlük verdim. Çünki başqa cür yaşamaq mümkün deyildi. O uşaq içimdə olmasa arzularım da çoxdan bitmiş, ümidlərim özümdən əvvəl ölmüş olacaqdı. Həmişə də təəccüb edirdim ki, demək olar ki, bütün orqanları xəstə olan bu bədəndə o məsum uşaq necə sağlam qala bilir!?.
Dünya dəyişdi, hökumət dəyişdi, quruluşlar fərqli yönlərdə inkişaf etməyə başladı, adət -ənənələrimiz erroziyaya uğradı, danışıq maneramız, geyim tərzimiz, həyata baxışımız dəyişdi, amma o uşaq dəyişmədi, ruhdan düşmədi, həyatdan, yaşamaqdan, insanları sevməkdən doymadı. Otuz il əvvəl çəkdikləri də, on il əvvəlkilər kimi onu sarsıtmadı, əksinə dözümünü, inamını, ümidini artırdı. Uzaqdan yolunda yaşıl gördüyü işığa yaxınlaşdıqca rənglərin dəyişərək qırmızıya çaldığını gördü, ona doğru işıldayan şüaların naməlum barmaqlar tərəfindən tıxandığını açıq-aşkar gördü. Xırda bir uğurdan sevinib qanadlanmaq istəyəndə qanadlarını vurub yanına saldılar. Xoş niyyətlə yanaşdığı, haqqında düşündüyü xoş sözləri söyləyərsə, bədgüman insanlar ehtiyac ucbatından yarınmaq kimi anlayacaq deyə, ürəyindəkiləri söyləyə bilmədi. Beləcə içinə qapıldı, özüylə söhbətləşməyi, məsləhətləşməyi üstün tutdu, sirrlərini də yalnız özünə pıçıldadı, az bir qismini də güvənə, etibar edə biləcəyi barmaq sayı dostlarına, qohumlarla. Hər addımında o məsum uşaq yol yoldaşı, ilham mənbəyi, yaşama stimulu oldu.
İnsanların üzüdönüklüyünü, xəbisliyini gördükcə əli onlardan üzüldü, Allaha bağlandı, Yaradanın varlığını daha dərindən hiss etdi, İlahi ədalətin yalnız onun dərgahında qərar tutduğunu anladı...
Çox şey arzulamır, istəmir, tələb etmir o uşaq. Maddiyat onun umrunda deyil. İstədiyi anlayışdı, diqqətdi, sayqıdı, dostluqdu, sevgidi, könül rahatlığıdı - bir sözlə, insan olan hər kəsin hər an ehtiyacı olan bəşəri duyğulardı. Onun axtardığı işıqdı... onun soraqladığı ümiddi... onunyuxusunda gördükləri bu məsum uşaqlığın gözəl anlarıdı... ancaq o uşaq neyləsin ki, özü olmaq, özü kimi böyümək, özü kimi yaşamaq istəyir!..
İndi o uşaqla ikimizik. Dərdləşirik, amma gözlərinin içinə baxa bilmirəm. Çünki o uşağın gözlərinin ifadə etdiklərini gerçəkləşdirə bilməmişəm. Buna təkcə gücüm çatmadı demək istəmirəm. Buna imkan vermədilər demək istəyirəm. Həmin o imkan verməyənlər, şansımı, həyatımı istiqamətləndirənlər, taleyimlə oynayanlar kaş bu uşağın gözlərini görəydilər, bəlkə onda nəsə dəyişə bilərdi. Amma onlar onu görə bilməzlər, nə də o uşaq onlara görünməz! Çünki o uşaq pakdı...
Və sadəcə onun paklığı mənə ümid verib, məni yaşadıb və bu gün də bir kimsəyə əyilmədən yaşamağımda yardımçımdır.
Hər gün qarşılaşıb, hər an şahidi olduğum paklıqdan qaçanlar, üstümə düşən işığa sərhəd çəkmək istəyənlər, üzümə açılan yola bərə qoymağa cəhd edənlər, içimdə öldürməyə çalışmayın o məsum çocuğu... kimsəyə zərəri yoxdu onun. Bir insanı yaşadır , başqalarını yaşatma gücünə malik bir ömrü uzadır - onu sevənləri, ona ümid bəsləyənləri, ona güvənənləri...


YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK