hacklink Adalet.az | QORKİNİ YAD ETMƏYƏ DƏYƏR Adalet.az | QORKİNİ YAD ETMƏYƏ DƏYƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QORKİNİ YAD ETMƏYƏ DƏYƏR

16760    |   2009-05-30 01:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən şənbə
   nömrəsində)
   
   Vaxtilə Maksim Qorki haqqında yazılan bir məqalədə deyilir ki, ədibin yaratdığı əsərlərin ən gözəli onun öz həyatıdır. 1919-cu ildə bu fikir səslənəndə onun ömür kitabı tamamlanmamışdı və qarşıdakı 17 ildə bu əsərin ən gərgin fəsilləri hələ yazılacaqdı. Onu yaxından tanıyan başqa qələm sahibi də israrla deyirdi ki, Qorkinin bitkin tərcümeyi-halı əlimizdə yoxdur. Ömrünün müəyyən məqamları vaxtında qələmə alınmadığından boşluqlar və yanlışlıqlar var. Hətta qeyri-dəqiq, bir-birini inkar edən bioqrafik məlumatlarla da rastlaşırıq. Yəqin ki, Sorrentonu tərk edərkən Mariyaya təslim etdiyi arxiv materiallarında əksər suallara cavab tapmaq olardı. 1974-cü ildə qəflətən alışıb-yanan qoşqulu maşında hansı həqiqətləri özündə əks etdirən sənədlərin məhv olduğunu indi yalnız təsəvvürdə canlandırmaq olar.
   
   ***
   
   O dövrün bir çox ziyalıları kimi, Maksim Qorki də məktublaşmağı yaman xoşlayardı. Ümumi sayı təxminən iyirmi minə çatan yazışmaların əksəriyyəti ədibin tam külliyyatına daxil edilsə də, yüzlərlə məktub gözdən uzaq, könüldən iraq arxiv rəflərində illərlə toxunulmaz qalıb. Son zamanlar ictimaiyyətə açıqlanan yeni məktublar arasında bəziləri xüsusi diqqət cəlb edir.
   1932-ci ilin əvvəlində Sorrento şəhərində ikən Maksim Qorki İngiltərə-Amerika naşirləri R.Smit və R.Lonqdan "Rusiya bu gün" adlı kitaba Stalin haqqında oçerk yazmaq təklifi alır. Naşirlərin sözündən belə məlum oldu ki, bu əlamətdar kitab ingiliscəyə tərcümə edilərək Amerikada böyük tirajla çıxacaq. Onun hazırlığında Stalinin bilavasitə iştirakı arzu olunurdu. Rey Lonq və Riçard Smit NyuYorkda birgə nəşriyyat açmışdılar. Oktyabr inqilabının 15 illiyi ərəfəsində Sovet Rusiyasında sosialist quruculuğu sahəsində qazanılan uğurlar haqda silsilə kitablar buraxmaq istəyi Qorkiyə qəribə göründü. Axı, ABŞ SSRİ-ni rəsmən tanımırdı. Diplomatik əlaqələr 1933-cü ildə qurulacaqdı. Bir il öncədən siyasi uzaqgörənlik nümayiş etdirən R. Lonq və R. Smit Qorki ilə əlaqə qurmaq üçün niyə məhz Mariya Budberqin vasitəçiliyindən istifadə etmişdi? Kitabın tərcüməsi də bu xanıma təklif olunmuşdu.
   Qorki xatırlayır ki, 1931-ci ilin oktyabr ayında Stalinlə Kremldəki görüşündə xaricdə və ələlxüsus Amerikada yaşayan ziyalılar arasında təbliğat işinin güclənməsi barədə söhbət getmişdi. Bu mənada nəşriyyatın istəyi ilə Stalinin diləyi üst-üstə düşürdü. Kitab təklifini bəyənən Qorki məsləhət görür ki, "Rusiya haqqında həqiqətlər", yaxud "Rusiya bu gün" adlı kitabı Stalinin xatirələri əsasında qursunlar. Onun şəxsiyyəti barədə oçerk isə kitaba bir növ müqəddimə olsun. Amerikalılarla aparılan danışıqlar barədə Stalinə ünvanlanan məktubunda ətraflı məlumat verməklə yanaşı, məsələyə münasibətini, eləcə də kitab hazırlığı ilə bağlı bütün təkliflərini bildirir. Hər şeyi ətraflı dəyərləndirən Baş katib onun fikirlərini dəstəkləyir və bu layihədə iştirak etməyə razılıq verir. Kitabın planı hazırlanmağa başlanır. Bu işə konkret adamlar cəlb olunur. Məsələ Siyasi Büroda ayrıca müzakirə olunur. Qərar çıxarılır ki, SSRİ-nin nailiyyətləri barədə Amerikada buraxılacaq kitabın hazırlanması təklifi qəbul edilsin.
   1932-ci ilin mart ayının 4-də Rey Lonq yazıçıya rəsmi müqavilə göndərir. Amma müqavilə ilkin razılaşma kimi silsilə kitabların nəşri barədə deyildi. Söhbət konkret olaraq sosialist quruculuğu sahəsində qazanılan uğurları əks etdirən ayrı-ayrı oçerklərin bir kitab şəklində buraxılacağından gedirdi. Müqavilə imzalanmadan öncə ona 2500 dollarlıq çek də göndərildi. Nədənsə Qorki bu kitabın hazırlığına köklənməkdə çətinlik çəkirdi. Onun hərəkətlərində müəyyən tərəddüd çaları duyan kimi Mariya öz üsullarını işə salıb Aleksey Maksimoviçin vətənpərvərlik hissləri ilə oynamağa başladı. Amerika Konqresində Rusiyanın rəsmən tanınması məsələsinə baxılacağı gözlənilirdi. Yeni kitab konqres üzvlərinin Sovetlər haqqında yanlış təsəvvürünü dəyişə, dolayısı ilə hadisələrin gedişinə təsir göstərə, okeanın o tayında artmaqda olan monarxiya tərəfdarlarının siyasi fəallığını zəiflədə bilərdi. İki ölkə arasında diplomatik münasibətlərin qurulması və ya pozulması üçün daha ciddi əsasların lazım gəldiyi Qorkiyə məlum olsa da, qəlbinin sonuncu soltanının xətrinə dəymək, qəlbini qırmaq istəmirdi. Amma işə başlayan gündən sözlər dilindən kəlbətinlə çıxdığı kimi, cümlələr də qələmindən əzabla süzülürdü. Oçerki İtaliyada ikən bitirməyi düşünürdü. Aprel ayının 21-də artıq biryolluq SSRİ-yə qayıdacağına qərar vermişdi.
   Martın 4-də "NyuYork tayms" qəzetində xəbər yayılır ki, Stalin Rusiya haqqında kitab üzərində işləyir. Giriş sözünü Maksim Qorki yazır: "Rusiya bugün" kitabı ilk dəfə Lonqun nəşriyyatı tərəfindən buraxılacaq".
   Okeanın o tayında xəbərin bu şəkildə yayılmasından Stalin heç də məmnun qalmadı. Üstəlik eyni gündə Londonda nəşr olunan "İvninq standart" adlı başqa qəzet də Sorrentodan qayıdan Rey Lonqun sözlərinə əsasən oxucularını məlumatlandırırdı ki, bu yaxınlarda Amerikada "Rusiya bu gün" adlı iri həcmli kitabı nəşr olunacaq. Kitabda yoldaş Stalin öz tərcümeyi-halını qələmə alır, Lenin və Trotski ilə aralarındakı münasibətləri açıqlayır, SSRİ-nin Amerikaya, Böyük Britaniya və Yaponiyaya mövqeyini bildirir.
   Göründüyü kimi, layihə hələ ərsəyə gəlməmiş hərə öz maraqlarına uyğun oyun qurmağa cəhd göstərirdi. Bu kiçik şahmat taxtasında böyük rəhbər fiqurundan istifadə etməklə biznes bazarını böyütmək Lonq və Smitin işinə yarayırdı. Qəzetlərdə dərc olunan bu cür avantürist məlumatlarla fikirləri qarışdırmaq Stalini qətiyyən razı salmırdı. Kreml sultanını şərtləri təmin etməyən oyun başlamadan pozulmalıydı. Odur ki, on gün sonra, yəni mart ayının 14-də Siyasi Büro öz qərarını ləğv etdi. Sənəddə deyilirdi ki, məqalələr toplusunun nəşri ilə bağlı yoldaş Qorki ilə olan müqavilə şərtlərini siyasi alver məqsədilə təhrif edən R.Lonqun təklifi məqbul sayılmasın. Maksim Qorkiyə tövsiyə edilsin ki, yoldaşların məşğulluğunu səbəb gətirərək müqavilə şərtlərini vaxtında yerinə yetirməyin mümkün olmadığını qarşı tərəfə bildirib təklifdən boyun qaçırsın. Beləliklə, Amerikada Oktyabr inqilabının 15 illiyinə həsr olunmuş kitabın ingiliscə nəşri məsələsi gündəmdən çıxır.
   Əlindəki qılıncı möhkəm tutmağı və yeri gələndə məharətlə oynatmağı bacaran qırmızı diktator sözün əhəmiyyətini, səfərbəredici gücünü və kəsərini həmişə yüksək qiymətləndirirdi. Bu səbəbdən bəzən daxilən razılaşmadığı məsələlərdə də Maksim Qorkiyə kəskin şəkildə etiraz etmir, bəzi hallarda ona güzəştə gedirdi. Məsələn, onun təkidi ilə 1934-cü ilin yanvarında N. İ.Buxarın "İzvestiya" qəzetinin redaktoru təyin edildi. Yazıçıların Qurultayında əsas məruzəçilərdən biri kimi Nikolay İvanoviçin çıxış etməsinə nail olmaq ilk baxışda göründüyü qədər də asan iş deyildi. Stalin onun məruzəçi olmasını istəmirdi. Qurultayın təşkilat komitəsinin sədri İvan Qronskinin dediyinə görə, rəhbər belə ifadə işlətmişdi ki, Qorki bu məsələdə inadkar təkidi ilə bizi zorladı.
   Bir vaxtlar "İzvestiya", qəzetinə, "Krasnaya Niva", "Novıy mir" jurnallarına rəhbərlik edən, ədəbiyyat məsələlərində Stalinin ən yaxın məsləhətçilərindən sayılan İvan Qronskini də sovet xalqının Stalinli illərində uzunmüddətli həbs düşərgəsi gözləyirdi.
   
   ***
   
   Sovetlərin yüksək hakimiyyət eşalonunda təmsil olunan rəhbərlərlə yaxın münasibətləri sayəsində Maksim Qorki o ağır illərdə çoxlarına arxa-kömək çıxıb. Neçə qələm sahibini, sənət adamını həbsdən, sürgündən, ölümdən, haqsız hücumlardan qoruyub. 1929-cu ilin sentyabrında yazıçı Boris Pilnyakın "Qırmızı ağac" povesti xaricdə nəşr olunandan sonra yuxarıların fitvası ilə mətbuatda yazıçıya qarşı başlanan təqiblərə, tənqid və təhqirlərə etiraz edən, onun müdafiəsinə qalxan yeganə şəxs Qorki oldu. Bunu görən qaragüruh süngüsünü Peşkova qarşı yönəltdi. Hətta "Pravda" qəzeti də şöhrəti ölkələr dolaşan Qorkini hədəfə aldı. O isə geri çəkilmədi, susmaqla ehtirasların yatmasını gözləmədi. Əskinə, müdafiəsinə qalxdığı yazıçı barədə yeni məqaləsində daha kəskin mövqe nümayiş etdirirdi: "Mənə elə gəlir ki, bizdə "sinfi düşmən", "əks-inqilabçı" ifadələrini yeri gəldi-gəlmədi istifadə edirlər. Və bunu edən çox vaxt istedadsız, avantürist təbiətli, sosial mənşələri şübhəli olan adamlardır. Belələrini Qorki "ikiayaqlı zibil (gərəksiz əşya) adlandırardı. Qorkinin vəfatı ilə Pilnyak kimilərin qeydinə qalan bir nəfər də azalacaqdı. Repressiya illərində onu dövləti cinayətlərdə günahkar bilib güllələyəcəkdilər. Nə imiş onun suçu? Yazdıqlarından kiçik misal çəksəm yetər: "Əlimə kitab və ya qəzet alıram. Məni ilk heyrətləndirən bilirsiz nədir? Əmək, ictimai həyat, ailə-məişət problemləri hamısı yalan təsvir olunur. Hamı yalan danışır: kommunistlər də, burjua, fəhlə nümayəndələri də, hətta inqilab düşmənləri də, bir sözlə, bütün rus milləti yalan danışır. Bu nədir? Kütləvi psixoz, xəstəlik, korluq?"
   Yaxud, Pilnyak deyirdi ki, insanların qayğı və səfalət içində boğulduğu məmləkətdə hər kiçik uğuru dana heyranlığı ilə təsvir etmək, şişirtmək, nöqsanları, əyintiləri görməmək, ünvansız tənqidi belə dilə gətirməmək vicdanlı yazıçıya yaraşmaz.
   Oğlunun ad günündə axşam saatlarında evlərinə gələn dəri gödəkçəli çağırılmamış qonaq onu Nikolay İvanoviç Yejovun (NKVD-nin rəhbəri - E.B.) yanına qonaq apardı. Naməlum şəxs ailə üzvlərinə şənlənməkdə davam etməyi məsləhət görüb vəd etdi ki, ev sahibi bir saata qayıdacaq. Amma Yejova "qonaq" yollanan Boris Andreyeviçi o gecədən sonra gördüm deyən tapılmadı.
   İstedadsızlara, kütbeyinlərə, məhdud yaradıcılıq imkanları dar qəlibə sığanlara meydan verənlər, mədəniyyətin yalançı və yaramaz təəssübkeşlərinin qərəzli yazılarına mətbuat səhifələrində yer ayıranlar Qorkinin qəzəbinə tuş gələrdi. Dmitri Şostakoviç kimi istedadlı bəstəkara sağdan-soldan hücumlar başlayanda Danko ürəkli yazar haqsızlığa biganə qalmayıb onun müdafiəsinə qalxdı. 1936-cı ildə Stalinə yazılı surətdə müraciət etdi. Bu hadisədən üç ay sonra ədib dünyasını dəyişsə də, otuz yaşlı bəstəkarın həyatını qurtara bildi. O dövrün sənədləri ilə tanışlıq nəticəsində istənilən qədər belə misal gətirmək olar. Odur ki, Qorki şəxsiyyətinə, eləcə də yaradıcılığına yeni gözlə baxmağa dəyər.
   
   
   (ardı var)
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK