hacklink Adalet.az | O, SADƏCƏ MARİYA DEYİLDİ Adalet.az | O, SADƏCƏ MARİYA DEYİLDİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

O, SADƏCƏ MARİYA DEYİLDİ

15918    |   2009-04-18 02:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən şənbə sayında)
   
   
   
   Mavi ekranlarda nümayiş olunan "Sadəcə Mariya" teleserialının eyni adlı qəhrəmanı ilə Maksim Qorkinin Mariyasını səhv salmayın. O, tam başqa və qeyri-adi qadın idi. Lenin təsadüfən "yoldaş Fenomen", deyə ona müraciət etmirdi.
   
   Mariya Yurkovskaya 1868-ci ildə dünyaya gəldi. Atası F.A. Yurkovski (1842-1915) Aleksandr teatrının aktyoru, daha sonra isə baş rejissoru idi. Anası da, bibisi də həmin truppada işləyirdilər. Fyodor Aleksandroviçin ailəsində 3 qız, bir oğlan böyüyürdü. Günlər, aylar keçdikcə qızların ən şirini Maşa daha da qəşəngləşirdi, məlahətli səsi bir qədər də açılırdı. Sadaladığım İlahi səxavətinin üstünə fitri aktyorluq istedadını da gəlsək, inamla demək olar ki, valideynlərinin yolunu davam etdirməkdə heç də yanılmamışdı. Gimnaziyanı bitirib teatr məktəbinə qəbul oldu. Kazan teatrında ilk dəfə professional səhnəyə qədəm basanda cəmi 18 yaşı vardı. Həddi-buluğa çatan qız kimin qarşısına çıxsa, hansı məclisdə görünsə, hamının diqqətini çəkərdi. Bu gözəlliyə bir könüldən min könülə o qədərə valeh olan vardı ki... Allah Mariyaya həm də yetərincə ağıl verdiyindən o, heç vaxt xırda hisslərin əsiri olmazdı, böyük arzularla yaşayardı. Elçi daşını döyən çox olsa da, qismətinə Andrey Jelyabujski adlı imkanlı məmurun adı yazılmışdı. Var-dövləti, cəmiyyətdəki mövqeyi, ölkənin nəqliyyat sistemində tutduğu yüksək vəzifə nişanlısından 18 yaş böyük olmasının üstünə sanki bir pərdə çəkdi. Təzə bəy bu pərdənin arxasından iyirmi yaşlı Mariyaya səhnədə gördüklərindən daha gözəl həyat vəd edirdi. Amma, çox vaxt söylənənlər bir, reallıqsa tam başqa olur. Teatrla həyatın əsas fərqi də budur.
   
   Andrey dəmir yolu sahəsində çalışsa da incəsənət aləminə qəlbən yaxın idi. Rusiya Ədəbiyyat və İncəsənət Cəmiyyətinə üzv seçilmişdi. Ailəsiylə birgə Gürcüstana daşınan Jelyabujski hələ də tam dərk etmirdi ki, özündən 18 yaş cavan və son dərəcə cazibədar xanıma malik olmaq nə böyük məsuliyyətdir. Tiflisdə hər tamaşadan sonra gül-çiçək yağmuru, salam-yaylım atəşi tək səs salan gurultulu alqışlar aktrisanı ruhlandırır, ona sonsuz sevinc hissi yaşadırdı. Ostrovskinin "Cehizsiz qız" əsərinin qəhrəmanı Larisa onun ifasında çox sevildi. Musiqi duyumu, səhnə mədəniyyəti, başqalaşma məharəti aktrisaya mükəmməl obrazlar yaratmağa kömək edirdi. Amma tamaşadantamaşaya səhnəyə doğmalaşıb, pərəstişkarlarına yaxınlaşdıqca, ailəsindən bir qədər də uzaq düşürdü. Onun məftun olan heyranları durmadan artırdı. Aktrisanın diqqətini cəlb etmək üçün hərə bir oyun çıxarırdı. Belə nəql edirlər ki, bir ziyafətdə Mariya Fyodorovnanın şərəfinə badə qaldıran gənc şərabı tuluğuna boşaldandan sonra hamının gözü önündə qədəhi çeynəməyə başlayır. Şüşə qırıqlarını udan qoçaq deyir ki, başqasının sağlığına bu qədəhin bir daha qaldırılmasına razı ola bilməzdim. Ona görə şüşəni ciling-ciling edib uddum. Axşam tamaşalarında ecazkar səhnə ulduzunu görən gürcü gənclərinin ehtiras göstəricisi, ən keyfiyyətli gürcü şərablarının dərəcəsini də çoxdan geridə qoymuşdu. Belə getsə tezliklə xanımını tamamən itirəcəyindən ehtiyatlanan Jelyabujski iş yerini dəyişərək ailəsi ilə birlikdə Qafqazdan uzaqlaşdı. Moskvaya gələn kimi şəhərin mərkəzində 9 otaqlı rahat mənzildə yerləşdilər. Mariya yenə Ədəbiyyat və İncəsənət Cəmiyyətinə rəhbərlik edən K.Stanislavskinin truppasında çalışmağa başladı və paralel olaraq Moskva Konservatoriyasında vokal dərsləri aldı. Qısqanc ər bilmirdi ki, görəcək günləri hələ bundan sonra başlayacaqdı. Andreyə xəyanət etsə də, səhnə fəaliyyətinə başlayandan onun şərəfinə götürdüyü soyadını Mariya heç vaxt dəyişmədi.
   
   
   
   YENİ SEVDA YENİ TEATR YARATDI
   
   
   
   Konstantin Sergeyeviç sənət dostu V.İ.Nemiroviç-Dançenko ilə yeni teatr yaratmaq eşqinə düşmüşdü. Vladimir İvanoviç əslən Tiflisdən idi. Gimnaziyanı orada bitirib təhsilini Moskva universitetində davam etdirmişdi. Tələbəlik dövründən teatra maraq göstərirdi. Əvvəllər mətbuat səhifələrində dərc olunan tənqidi məqalələri ilə diqqət çəkdi. Yavaş-yavaş dram və komediya əsərləri yazmağa başladı, onlardan bir neçəsi səhnədə oynanıldı. Amma arzusu xalqa qəlbən doğma və ruhən yaxın teatr yaratmaq idi. Onun fikrincə, səhnə yaradıcılığında köklü islahatlar aparmağa ehtiyac vardı. Hər iki həmfikir günlərlə bu haqda düşünür, müxtəlif planlar cızardılar. Bu səbəbdən son zamanlar daha sıx görüşərdilər. 1897-ci iyunun 22-də "Slavyan bazarı" restoranında yenə bir araya gəldilər. Axşama kimi teatrın yaradıcılıq istiqaməti, ictimai-sosial statusuna nəzərə alınmaqla iş planı hazırlandı, truppaya hansı yaradıcı qüvvələri cəlb etmək təklifləri müzakirə olundu 18 saatlıq tarixi söhbətdən sonra konsepsiya müəyyənləşsə də maliyyə məsələləri ilə bağlı problem açıq qaldı. Konstantin Sergeyeviç Lyubimovkadakı bağ evində söhbəti davam etməyi məsləhət gördü. Hər hansı gözəl başlanğıc yalnız xoş niyyətlə deyil, güclü maliyyə dəstəyi ilə həyata keçə bilər. Xeyriyyəçi Savva Morozov olmasa Moskva Bədaye teatrı bəlkə heç yaranmazdı. Milyonçunu teatra yaxınlaşdıran səbəb təkcə sənətə bağlılığı deyil, həm də Mariya Fyodorovnaya olan böyük məhəbbəti idi. Yavaş-yavaş onların yaxən əlaqələri barədə müxtəlif dedi-qodular aləmə yayılırdı. Hər ikisi ailəli olsalar da heç biri heç nəyi kimsədən gizlətməyə, münasibətləri pərdələməyə çalışmırdı. Cəmiyyətdəki ictimai rəy onları narahat etmirdi. Savva Mariyanın bütün problemlərini həll edirdi. Yeni teatrın açılması və normal fəaliyyəti üçün küllü miqdarda vəsait tələb olunanda Moskva şəhər rəhbərliyi sənət adamlarının maliyyə dəstəyi barədə müraciətinə məhəl qoymadı. Belə olan təqdirdə zəngin ailədən çıxmış Konstantin Alekseyev (Stanislavskinin əsl soy adı belədir - E.B.) payçı kimi xəzinəyə on min rubl ödədi. Anton Pavloviç Çexov da hissə sahibi olaraq teatrın hesaba vəsait köçürdü. Amma əsas dəstək yenə Morozovdan gəldi. O, qısa müddətdə teatra ayrıca bina tikdirdi. Bütün hissədarların paylarını alıb hamısını aktyorlara hədiyyə etdi. Dörd ay sürən intensiv məşqlərdən sonra 1898-ci il oktyabr ayının 14-də A.Tolstoyun "Çar Fyodor" tamaşası ilə teatrın təntənəli açılış mərasimi oldu. Truppasının tərkibinə Nemiroviç-Dançenkodan sənət dərsləri almış O.Knipper, M. Moskvin, V.Meyerxold, M.Savitskaya, M.Roksanova, N.Litovseva, eləcə də Stanislavskinin həvəskar tamaşalarında yetişən M.Lilina, M.Andreyeva, V.Lujski kimi istedadlı aktyorlar daxil idi. Bir qədər sonra A. Vişnevski, V.Kaçalov, l.Leonidov kimi görkəmli səhnə ustaları da onlara qoşuldu. Maraqlıdır ki, ilk tamaşanın məhz oktyabr ayının 14-də göstərilməsini bir qaraçı qızı məsləhət görmüşdü. Premyera uğurla keçsə də bəzi tənqidçilər rejissor işindəki yenilikləri bəyənmədilər, teatrın gələcəyinə ümidsiz yanaşdılar. Kollektiv Çexovun "Qağayı" pyesi əsasında hazırlanan tamaşa öz qələbəsini təsdiq etdi. 1898-ci il dekabr ayının 17-də göstərilən yeni tamaşa bütün yeni truppa ilə bağlı bütün şübhələri darmadağın etdi. O vaxtdan qağayı Moskva Bədaye teatrının rəmzinə çevrildi. Beləliklə, Mariya Andreyevaya məhəbbət uzun illər teatrsevərlərə məhəbbət və sədaqətlə xidmət edəcək yeni sənət məbədinin yaranmasında mühüm rol oynadı. İlk dövrlərdə əsas rolların ifaçıları arasında Mariyanın adına tez-tez rast gəlinirdi. H.İbsenin eyni adlı əsərində Qedda Qabler, Anton Pavloviç Çexovun "Üç bacı" pyesində İrina obrazları sənətkarın geniş yaradıcılıq imkanlarından xəbər verirdi. Üç ildə 11 yeni tamaşada iştirak edən aktrisa öz məharəti ilə tamaşaçıların dərin rəğbətini qazandı. Sənət və sevgi olimpinə bu qədər yaxın ikən kimsə onun saqqızını elə oğurladı ki, xanım bütün rol dəftərlərini kənara qoyub, Karl Marksın "Kapital"ını öyrənməyə başladı. Oxuduğu siyasi ədəbiyyatın təsiri altında 1904-cü ildə hamıdan gizlin Rusiya Sosial-Demokrat Fəhlə Partiyasına üzv oldu. Sinfi mübarizə yolunda məşuqu Savvanın milyonlarını, kəbinsiz də olsa uzun illər bərabər yaşadığı Maksim Qorkinin qonorarlarını, bir sözlə, əlinə keçən böyük pulların hamısını səxavətlə xərclədi, dəfələrlə sözlə ifadəsi mümkün olmayan fədakarlıq göstərdi. Mariya Morozovun qəlbinə necə girmişdisə, o boyda nüfuz və imkan sahibi illər boyu aktrisanın çaldığı hər havaya əl götürüb oynayırdı. 1905-ci ilin Petroqradda baş verən qanlı hadisələr ölkənin ictimai-siyasi həyatındakı gərginliyi bir qədər də artırdı. Rəsmi məlumata görə, Qış sarayı yaxınlığındakı meydanda gülləboran edilən dinc əhali arasında ölənlərin sayı mini, yaralanan və ciddi xəsarət alanların sayı iki mini ötmüşdü. Qanlı bazar günü axıdılan qan yalnız qar üzərinə ləkə salmadı. Rusiyanın hər yerində, yuxarıdanaşağı hər kəsin həyatına bu və ya başqa şəkildə onun zərrələri çiləndi. Həmin il Mariyanın həyatında da faciəli anlar yaşandı. Ehtiyatsızlıq üzündən səhnədə aldığı zədədən az qala həyatını itirəcəkdi. Savvanın diqqəti və həkimlərin böyük səyi nəticəsində hər şey xətasız-bəlasız ötüşdü. Lakin az sonra əcəl Morozovu yaman yerdə haqladı...
   
   
   
   KANNDA AXIDILAN QAN
   
   
   
   1905-ci il may ayının 13-də Fransanın Kann şəhərindəki "Royalotel"də Savva Timofeyeviç Morozovu ölmüş vəziyyətdə aşkar etdilər. Meyidin əlləri yanında sallağı vəziyyətdə, gözləri isə yumulu idi. Pəncələr taybatay açılmışdı. Dul qalan xanımı Zinaida Qriqoryevnanın polisə verdiyi ifadəyə görə həmin vaxt bağın içərisindən bir nəfərin oğrun-oğrun qaçdığını görüb. Hadisənin intihar kimi rəsmiləşməsi Savanın ailəsinin də, yerli polisin də işinə yarıyırdı. Maraqlar üst-üstə düşdüyündən tədqiqat uzun sürmədi. Bir həqiqət də ar ki, Morozovlar nəslində şizofreniya xəstəliyinə mübtəla olanlar da var imiş. Demək, Savva Timofeyeviçdə irsi xəstəliyin əlamətləri də gözləmədən baş qaldıra bilərdi. Onların ailəsində bu ilk intihar faktı deyildi. Bir bacısı ərinin xəyanətinə dözməyib öz canına qəsd etmişdi. Digər bacısının başına hava gəldiyindən həmişəlik ruhi xəstəxana yerləşdirmişdi. Axı, böyük sərvət sahibi, 44 yaşlı sağlam və problemsiz adam durduğu yerdə özünə qəsd etməzdi. Rusiyada 4 övladını (üç qız və bir oğlan E.B.) taleyin ümidinə buraxıb getməyin gerçək səbəbini bilən tapılmasa da, hadisəni sağa-sola yozan çox oldu. Bəziləri bunun intihar deyil, qətl olduğunu da qətiyyətlə dedilər. Hətta, qeyri-rəsmi də olsa, qatilin adı da çəkilirdi. Bu kim olsa yaxşıdır? Leonid Borisoviç Krasin! O Krasin ki, bir vaxtlar Bakı neft mədənlərində mühəndis işləyirdi. Şəhərin Kömürçü meydanı səmtində bolşeviklərin gizli "Nina" mətbəəsi də onun köməkliyi ilə qurulmuşdu. Sovet hakimiyyəti dövründə bir müddət yüksək vəzifələrdə çalışdı və ömrünün son illərində İngiltərədə işlədi. 1926-cı ildə 56 yaşında ikən Londonda vəfat edəndə xidmətlərini nəzərə alıb Qızıl meydanda Kreml divarları önündə dəfn etdilər. Əlbəttə, bu məsələdə mən də imanımı yandırmaq istəməzdim. Amma, elə düşünürəm ki, Morozov öz əcəliylə vəfat etmədi. Onu Fransadan dəmir tabutda gətirib, qutunun qapağını açmadan necə varsa, eləcə də qəbiristanlıqda basdırdılar. Mariyanın Qorki ilə bərabər yaşaması mərhuma məlum idi. Bununla belə o, keçmiş məşuqəsi ilə əlaqəni kəsməmişdi. Hətta gələcəkdə Mariya maddi sıxıntı çəkməsin deyə, qabaqcadan müəyyən tədbirlər də görmüşdü. Savvanın imzaladığı çeklə Morozovun başına bir iş gəlsə, Andreyeva bankdan yüz min Nikolay rublu ala bilərdi. Savva Timofeyeviçin vəfatından bir müddət sonra o belə də etdi. Deyilənə görə, bu məbləğin 40 minini "yoldaş Fenomen" partiya kassasına yatırdı.
   
   
   
   KAPRİDƏKİ QAYISIZ GÜNLƏRİN ÖMRÜ DƏ
   
   SONSUZ DEYİLDİ
   
   
   
   1913-cü ilin fevralında Romanovlar ailəsinin 300 illiyi münasibətilə Rusiyada siyasi əfv elan olundu. Bu imkandan istifadə edən Qorki Peroqrada qayıtdı. Bolşeviklərin mətbu orqanı olan "Zvezda", "Pravda" qəzetləri ilə əməkdaşlıq etdi. "Salnamə" adlı ədəbi jurnal yaratdı. O dövrün görkəmli yazıçılarından Şişkov, Prişvin, Trenyov, Qladkov yeni redaksiya ətrafında birləşdi. Fevral inqilabından sonra sosial-demokratların orqanı olan "Novaya jizn" qəzetinin nəşrində fəal iştirak etdi. Hələ o vaxt "Nesvoyevremennıye mısli" başlığı altında yazdığı məqalələrində inqilabı proseslərin gedişi ilə bağlı müəyyən narahatçılığı da ifadə olunurdu. Proletar diktaturasının düşünülməmiş hərəkətləri nəticəsində siyasi cəhətdən yetkin fəhlə sinfini məhv etmək təhlükəsindən ehtiyatlanırdı. Milləti zillətdən qurtarmaq üçün ziyalıların yüksək vətəndaşlıq borcunu xüsusi vurğulayırdı. İnqilabı proseslərin gedişini yaxından izlədikcə hadisələrə onun öz münasibəti yanırdı və bu nöqteyi-nəzər Leninlə hər zaman üst-üstə düşmürdü, əksinə, bəzən ziddiyyət təşkil edirdi.
   
   
   
   ***
   
   Ağıllı-yaraşıqlı, kübar və sevdiyi insanın yolunda fədakar, onu xoşbəxt edəcək qədər qüdrətli Mariya Fyodorovna hər kəs üçün əvəzsiz nemət idi. Amma Aleksey Maksimoviç bu məsələdə də istisna olduğunu, təəssüf ki, göstərdi. Günlərin birində söz sultanı ilə səhnə kraliçasının müqəddəs sevgisinin önünə Çin səddi çəkən tapıldı...
   
   (ardı var)
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-11
2019-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK