Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | QORKİ AMERİKALILARI MƏYUS ETDİ Adalet.az | QORKİ AMERİKALILARI MƏYUS ETDİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QORKİ AMERİKALILARI MƏYUS ETDİ

16415    |   2009-04-11 00:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən şənbə sayında)
   
   
   
   Beləliklə, 1906-cı ilin aprelində Maksim Qorki suları yara-yara Amerikaya gəldi. Qorki okeanın o tayına qəlbinə o anda ən yaxın olan bir insanla birlikdə yollanmışdı. Hər yerdə xüsusi hörmət-izzətlə qarşılanan məşhur yazıçı Mariya Fyodorovnanı özünün həyat yoldaşı kimi hamıya təqdim edirdi. Çar hökuməti bu səfərin məqsədindən qabaqcadan xəbərdar olduğu üçün hadisələrin gedişini yaxından izləyirdi. Prezident Teodor Ruzveltin yazıçı ilə görüşə vaxt ayırması heç şübhəsiz ki, yalnız çağdaş rus ədəbiyyatına olan maraqla bağlı deyildi. Maksim Qorkinin ABŞ-da açıq-aşkar mütləqiyyətə qarşı apardığı yaz kampaniyası Qış sarayında ciddi narahatlıq doğururdu. Bütün bunların önünü almaq üçün ilk növbədə onu nüfuzdan salmaq lazım idi. Xüsusi xidmət orqanları səfirlik vasitəsilə Amerika mətbuatına məlumat ötürdü ki, yazıçını müşayiət edən qadın onun xanımı deyil, aralarında heç bir rəsmiyyət yoxdur. Qorkinin həyat yoldaşı iki övladı ilə Rusiyada yaşayır. Məşuqəsi Andreyeva isə qanuni ərini və iki uşağını atmış aktrisadır. Bu xəbər sensasiya yaratdı. Səfərin ictimai-siyasi missiyası bircə anda öz əhəmiyyətini itirdi. Əvvəlcədən nəzərdə tutulan rəsmi görüşlərin əksəriyyəti təxirə salındı. Qorkiyə mədəni surətdə başa saldılar ki, bura Avropa deyil və əxlaqi dəyərlərə barmaqarası baxmağı cəmiyyət qəbul etmir. Bu söz-söhbətdən sonra mehmanxanalar yer ayırmaqdan imtina etdiyindən onlar tanışlarının evinə daşındılar. Fəqət Qorkinin bu tezliklə vətənə qayıtmaq fikri yox idi. Bir müddət imkanlı tanışları Con Martinin Nyu-Yorkdakı evində, daha sonra isə həkimin Kanada sərhədi yaxınlığındakı Elizabettoun şəhərindən 25 km. uzaqlıqda, dağətəyi ərazidə yerləşən villasında məskən saldılar. İyulun 4-də Mariyanın növbəti ad gününü də orda qeyd etdilər. Onlar təmiz yaylaq havası udan vaxtlarda Nijni Novqorod şəhərində Qorkinin beş yaşlı qızı Katya ağır xəstələnmişdi. Bu barədə məlumatı olsa da yeni sevdaya mübtəla ata xüsusi narahatlıq keçirmirdi. Qorki hər cəhətdən qəribə adam idi. Həyata, hadisələrə, ümumən insanlara münasibəti ilə fərqlənirdi. Ailə üzvlərinin başına gələn bəlalar da onu həddən ziyadə kədərləndirməzdi. Yaxınlarının ölüm xəbərini soyuqqanlılıqla qarşılardı. Avqustun 17-də Voljina Peşkovadan bir məktub aldı. O yazırdı ki, qızımız Katya vəfat etdi. Əhmədibiqəm ata cavabında görün nə deyirdi: "Xahiş edirəm, oğlumdan muğayat ol. Bunu təkcə ata kimi yox, həm də bir insan kimi səndən rica edirəm. İndi üzərində işlədiyim "Ana" povestinin qəhrəmanı dul qadındır, inqilabçı fəhlənin anasıdır..." Görən, bununla on yaş özündən cavan olan kəbinli arvadına nə demək istəyirdi? Yəni, ay Katya xanım, mən yeni əsərimdə səni düşünərək ümumiləşmiş ana obrazı yaradıram? Bəlkə, əsərin qəhrəmanı Pavel Vlasovun anası kimi həyatda möhkəm olmağı məsləhət görürdü? Qorkinin bədii əsərlərini deyə bilmərəm, amma ailə münasibətlərindən baş açmaq müşkül məsələdir. Vaxtilə atasının vəfatından sonra anası Varvara da onu atıb başqa kişinin yanına getmişdi. Ən azı bu səbəbdən atılmış övladların qəlbində uşaqlıq sevinci olmadığını yaxşı bilməliydi... Beyin qişalarının iltibahından (mininqit) əziyyət çəkən, qızdırmadan sayıqlayan 5 yaşlı qızcığaz şübhəsiz ki, atasının xiffətini çəkir, ölümün pəncəsindən qurtulmaq üçün onun köməyinə ümid bəsləyirdi. Axı, uşaqlar atalarını hamıdan güclü sanırlar. Nijni Novqorodla Nyu-York arasındakı məsafə həqiqətən böyük idi. Amma kiçik ailəsinə sahib çıxmayan böyük qələm sahibi içindəki ata duyğularından, ailə qayğıları və məsuliyyətindən daha uzaq düşmüşdü.
   
   Deyirlər ki, Aleksey Maksimoviç təbiətən kövrək adam olub. Bəzən göz yaşlarını saxlaya bilməzdi. Gözlərinin acısını, yəqin ki, səbəbsiz axıtmazdı. Amma onun özü də nə qədər ürəklərdən qaynaqlanan çeşmələrə səbəb olmuşdu... Yazıçının sənətkar qüdrətiylə yaratdığı bədii obrazların, poetik lövhələrin təsirindən mütəəssir olanlar da vardı, onunla uzun illər bir yastığa baş qoyub həyatın sevincini-kədərini paylaşan, fəqət günlərin birində ondan xəyanət, vəfasızlıq görən gözü yaşlı, qəlbi qanlı gözəllər də az deyildi. Bir gün Mariya Fyodorovnanı da bu aqibət gözləyirdi.
   
   Amerika səyahətindən Mariya çox da məmnun deyildi. Xüsusən "aydan arı-gündən duru" Amerika mətbuatında dərc olunan yazılar onu sarsıtmışdı. Fikri dağılsın deyə, gündəlik aparar, düşüncələrini, təəssüratlarını qələmə alardı. Özünün etiraf etdiyi kimi, başını birtəhər qatırdı ki, axşamlar yorulub yatsın, gecələr heç qarışıq yuxu görməsin. Röyalarında nədənsə qorxulu mənzərələr canlanardı. Mariya fransız, alman, italyan dillərini mükəmməl bildiyindən tezliklə bədii tərcümənin sirlərini öyrənmişdi. Qorkinin yazışmalarını aparır, əsərlərinin nəşri ilə məşğul olurdu. Bacısına yazdığı məktubları onun əhval-ruhiyyəsindən xəbər verirdi: "Mənim əzizim. Kaş sən biləydin, yaxşısı budur görəydin ki, bu məktubu sizə necə yazıram. Necə acı göz yaşları tökürəm. Ona görə ki, əzab çəkirəm. Mən öz evimdə, uşaqlarımın yanında, sizinlə bərabər olmaq istəyirəm. Yaşadığım mühitdə hər şey mənə birtəhər gəlir, ətrafımda nə varsa mənə yaddır".
   
   Payız gələndə onlar Amerikanı tərk edib İtaliyaya yollandılar. Mariya Fyodorovna və Aleksey Maksimoviç ömürlərinin yeddi ilini Kapri adasında keçirdilər. "Düşmənlər", "Sonuncular", "Vassa Jeleznova", "Matvey Kojemyakinin həyatı" kimi fundamental əsərlər həmin dövrün məhsuludur. Göründüyü kimi, səhhətində müəyyən problemlər yaranmasına baxmayaraq, Qorki İtaliyada ciddi şəkildə yaradıcılıqla məşğul idi. Niyə də olmayaydı? Təbiətin füsunkar qoynunda maddi və mənəvi ehtiyac çəkmədən sevdiyin insanla bərabər yaşamaqdan gözəl nə ola bilərdi? Axı, Mariya onun paşa könlü şad olsun deyə, əlindən gələni əsirgəmir, ürəyi istəyən hər işi görür, ona hər şəraiti yaradırdı. Çox vaxt ev-mətbəx işləri ilə özü məşğul olurdu. Alekseyin meyli çəkən rus yeməklərini də məharətlə hazırlayırdı. Onun fədakarlığı sayəsində bəzən elə təsəvvür yaranırdı ki, sanki bu adada özlərindən başqa kimsə yoxdur. Hər qadın istəsə də ailədə belə ab-hava yaratmağı bacarmazdı. Mariya bu cəhətdən də müstəsna xanım idi.
   
   Kapridə baş verənlərlə yaxından tanış olanda mən gördüm ki, daha böyük "fenomen" elə Peşkovun özü imiş. Ancaq Mariya Fyodorovna ilə kifayətlənməyib başqa birisinə tamah sala bilərdi. Həm də kimə? Evlərinə gəlib-gedən naşir dostunun suyuşirin xanımı Varvara Vasilyevna Şaykeviçə. Bir müddət sonra Varvaranın qızı oldu. Görənlər balaca Ninanı Aleksey Maksimoviçə bənzədirdilər. Bu səbəbdən xoşagəlməz söz-söhbətlər, dedi-qodular baş alıb gedirdi. Mariya Fyodorovna nə qədər təcrübəli və təmkinli qadın olsa da, qürbət ölkədə arxadan vurulan bu cür zərbəyə hazır deyildi, nə edəcəyini də bilmirdi. Bildiyi bircə şey vardı: nədənsə Alekseyə hər şey bağışlanırdı. Gözəlliyi və cəsarəti ilə çoxlarını heyran qoyan aktrisanı yazıçıya bu qədər möhkəm bağlayan hiss, qüvvə, səbəb nə idi? Ürəyinin hökmü, yoxsa partiyanın tapşırığı?
   
   SƏBƏBKAR
   
   ÇEXOV OLDU
   
   Aleksey Mariya ilə tanış olanda hər ikisinin 32 yaşı vardı. Hər ikisinin mətbəxdə aş qazanları gur qaynasa da, eşq-məhəbbət ocaqları vaxtından tez sönmüşdü və bir daha o yerdə közərəcəyinə ümid qalmamışdı. Qəlbi sevgidən boşalmışlar rəsmən boşanmış deyildilər.
   
   1903-cü ildən Yekaterina Pavlovna Volıjina Peşkova oğlu Maksim, qızı Katya ilə ayrıca qalırdı. Özündən on səkkiz yaş böyük olan əri Jelyabujskidən tamamən soyuyan Mariya da Yuri və Katyanı bacısının ümidinə buraxmışdı. Hər ikisinə güclü bir məhəbbət lazım idi ki, sənətkar qəlblərin sönən həyat eşqi yenidən oyansın. Yeni sevda yeni əsrlə bərabər gəldi. Tanışlığının səbəbkarı isə yazıçı Anton Pavloviç Çexov oldu. 1900-cü ildə Moskva Bədaye Teatrı Sevastopolda qastrol səfərində idi. Tamaşalar böyük müvəffəqiyyətlə göstərilirdi. Bir axşam dramaturq H.İbsenin "Qedda Qabler" əsərinə baxmağa gələnlər arasında məşhur yazıçı Anton Pavloviç Çexov da vardı. Tamaşadan sonra Anton Pavloviç Maksim Qorkini Mariya Fyodorovnaya təqdim etdi. Tamaşa barədə təəssüratlarını bölüşdülər. Fəqət, hər üçü hiss etdi ki, bu tanışlıq bir görüşlə bitməyəcək. Gözəl xanımın pərəstişkarı çox idi. İlya Repin, İvan Kramskoy kimi məşhur rəssamlar yağlı boya ilə onun portretini çəkmişdi. Rusiyanın ən zəngin iş adamlarından olan Savva Morozovla yaxın münasibətləri də hər kəsə məlum idi. Amma, görünür, xanım Andreyevanın qəlbinin tutumu milyonçu Savvanın və onun tükənməyən pullarının həcmindən daha geniş idi. Əgər boşluq olmasaydı, Maksim ora sığışmazdı. Maksimsə "özümə yer elərəm, gör sənə nə edərəm" məntiqi ilə yaşayan adamların cərgəsində idi. Mariyanın qəlbinə girən gündən başqalarının yerini daraltmağı bacardı. Mavi gözlü, uca boylu, enli kürək kişi gözəl əsərlər yazmaqla bərabər, gözəllərlə ünsiyyət yaratmağa da mahir idi. Fəqət, onları təkcə məhəbbət hissi, sənətə bağlılıq deyil, həm də azadlıq eşqi, cəmiyyətdəki eybəcərliklərə üsyan ehtirası yaxınlaşdırdı. Ona görə nigahla rəsmiləşməyən birlik kəbin bağlarından daha möhkəm olmuşdı.
   
   (ardı var)
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK