hacklink Adalet.az | SARI RƏNG XƏBƏRDARLIQ RƏMZİDİR Adalet.az | SARI RƏNG XƏBƏRDARLIQ RƏMZİDİR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SARI RƏNG XƏBƏRDARLIQ RƏMZİDİR

12244    |   2009-02-28 15:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əlimə düşən qəzetlərdən birində Milli Məclisin son iclasında Mənzil Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı deputatların irad və təklifləri diqqətimi çəkdi. Millət vəkili Nizami Xudiyev deyir ki, yaşayış binalarının altında ictimai iaşə obyektləri, restoran, kafe, gecə klubu, əyləncə mərkəzi, çörək və ya qənnadı sexi açmaq olmaz. Bunlar həqiqətən heç bir normativ aktlara, birgə yaşayış qaydalarına və normal məntiqə uyğun gəlmir. Professorun bəlkə yadına düşər, bir vaxtlar parklarda, kütləvi istirahət yerlərində, o cümlədən çimərliklərdə kabab bişirilməsinə də icazə vermirdilər. Səbəb çox sadə və anlaşılan idi: bəlkə birinin kabab almağa imkanı yoxdur. Kimisə manqalın iyi vurar, şişər, nəfsi çəkən arvad-uşaqlarının yanında pulsuz ata pərt ola bilərdi. İndi belə qaydalara məhəl qoyan yoxdur. Yaşayış binalarının alt qatlarında yerləşən yeməkxanalarda biş-düş iyi mənzillərə dolur, səs-küy, musiqi gecələri zəhmətkeşlərin rahatlığını pozur, sakinlərin narazılığı son həddə çatır, di gəl ki, vətəndaşların şikayətinə baxan yoxdur. Deputat Xudiyev sağ olsun ki, minlərlə insanı narahat edən bu məsələni Milli Məclisdə qaldırdı.
   
   Həmin iclasda Qənirə Paşayeva da susmayıb. Qaz yataqları ilə zəngin olan Abşeron torpağında çoxmərtəbəli binaların çoxunda hələ də qaz xəttinin yerli-dibli yoxluğu onu dilə gətirib. Təzə mənzillərə köçənlər məcburən mətbəxdə elektrik plitəsindən, ya da qaz balonlarından istifadə edirlər. Hər iki hal arzuolunmazdır. Birincisi cibə, ikincisi cana ziyandır. Bir vaxtlar qaz verilməyən binalarda elektrik plitəsi işlənirdisə, işıq pulu yarıbayarı ödənərdi. Bu məsələ dövlət səviyyəsində rəsmiləşmişdi. Bir neçə il əvvəl o imtiyaz ləğv olundu. Mənzillərdə qaz balonlarından istifadə isə əlavə təhlükə mənbəyidir. Ehtiyatsızlıq və texniki nasazlıq üzündən hər an partlayış baş verə bilər.
   
   Öz puluna mənzil tikdirən insanlara mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsindəki süründürməçilik hamını bezdirib. Deputat xanım yaxşı ki, bu məsələni də gündəmə gətirdi. Bəzi məqamları da onun yadına salım ki, bəlkə gərək oldu. Birincisi, vətəndaşların pulu ilə tikilən binalarda kooperativ müdirləri camaatla kəndxuda kimi davranırlar. Özlərini bina sahibi sanıb, mənzil yiyələrinə kirayəçi gözüylə baxırlar. Halbuki bina qabaqcadan pul ödəyən sakinlərin hesabına ucalır. Özülü atılan gündən satışa çıxarılan evlər müqavilə üzrə nəzərdə tutulan vaxtda təhvil verilmir və buna görə kimsə məsuliyyət daşımır. Kommunal xidmətlərin qiymətinin müəyyənləşdirilməsində, sözün əsl mənasında, anarxiya hökm sürür. Su, elektrik, qaz pulunu hər mənzil sahibi fərdi qaydada sayğacın göstəricisinə uyğun ödəsə də, hər binanın qeyri-rəsmi "sahibi" ümumi xərclər deyə, liftin istismarı, gözətçinin maaşı, zibilin atılması bəhanəsi ilə onlardan 80-100, bəzən bir qədər də artıq nağd şəkildə pul yığır. Bu pulların necə istifadə olunmasından payçılara doğru-dürüst məlumat verilmir. Əgər bir binada 100 mənzil varsa, hər ay təxminən on min manat əlavə vəsait toplanır. Bakı Şəhər İcra Hakimiyyətinin əlaqədar idarəsi nədən bu məsələləri tənzimləmir? Əvvəl tikilən kooperativlərdə bu məbləğdə yığmalar olmayıb, heç indi də yoxdur. Eləysə, indikilər niyə belə havalanıb? Dövlətin verdiyi orderlərdə mənzilin kvadrat sahəsi bir cür göstərilir, kooperativ sədrləri isə öz qafalarındakı ölçülərinə əsaslanıb pul yığımını həyata keçirirlər. Binaların altındakı zirzəmilərin vəziyyəti ilə bir ara Fövqəladə Hallar Nazirliyi maraqlandı. Amma, deyəsən, işlər yarımçıq qaldı. Mülki müdafiə məqsədilə tikilən zirzəmilər təyinatı üzrə istifadə olunmur. Onların yerində müxtəlif obyektlər fəaliyyət göstərir. Mülki müdafiə bizim üçün indiki şəraitdə çox ciddi məsələdir. Yeni binaların altında ümumi istifadə üçün nəzərdə tutulan qaraj yerlərinin olduqca baha qiymətə (20-30 min manat arası) sakinlərə qeyri-qanuni satılmasına hamı göz yumur. Bir maraqlanan var ki, qapısı arakəsməsi olayan 18 kv.metrə kim nə qədər ödəyib və qarşılığında mülkiyyəti təsdiq edən hər hansı sənədi alıb? Yeni binaların layihələri təsdiq olunanda hər mənzilə ən azı bir minik maşını hesabından dayanacaq yeri niyə nəzərə alınmasın? Doğal qaz təminatı, o cümlədən binaların telefonlaşdırılması, internet şəbəkəsinə qoşulması, peyk antenası ilə təmin olunması, məişət tullantılarının atılması mexanizminin yoxluğu sonradan əlavə problemlər çıxarır. Hərə öz eyvanına çanaq quraşdırıb binanın ümumi görkəmini pozur. Mərkəzi küçələrdə ağzı açıq zibil qablarının üfunəti şəhər rəhbərliyinə baş ucalığı gətirmir. Yeni binaların əksəriyyətinin, ümumiyyətlə, həyətyanı sahəsi yoxdur. Süni surətdə narahatlıq və narazılıq yaratmaq kimə lazım?
   
   Məsələ ilə bağlı fikir söyləyən deputat Səttar Mehbalıyevin dediyindənsə belə çıxır ki, mənzillərin verilməsində sosial ədalət prinsipləri pozulur. O, bu qüsurun aradan qaldırılmasının çıxış yolunu dövlət komissiyası ilə yanaşı, ev bölgüsündə həmkarlar təşkilatlarının nəzarətinin təmin edilməsində görür. İndiki halda müəssisə və təşkilatlarda ildə neçə mənzil paylandığını, yerli həmkarlar təşkilatlarının real gücünü təsəvvür etmədiyim üçün bu təklifə münasibət bildirmirəm. Amma Pənah bəyi narahat edən məsələ son vaxtlar hamıya əlavə problem yaradıb. O deyir ki, yol kənarlarına sarı boya sürtüb səki ilə hərəkət zolağı arasında sanki Çin səddi çəkirlər. Bununla Dövlət Yol Polisi xəbərdar edir ki, həmin yerlərdə nəqliyyat vasitələrini saxlamaq qadağandır. Yolları xətləyən polis qardaşlar məgər bilmirlər ki, buna riayət etmək kimi, nəzarət etmək də çox müşküldür? Əvvəlcədən pozulacağını, riayət olunmayacağını bildiyiniz halda yarıtmaz qaydalar müəyyən etməyin nə anlamı var? Hamını qeyri-ixtiyari qanun pozucusuna çevirməyin özü qanunu hörmətdən salmaqdır. İndi görək Pənah deputatın səsini eşidən olacaqmı?
   
   Səyavuş Novruzovun da müşahidə qabiliyyətinə əhsən. Deyir ki, bəzi səfirliklər öz qapısında işıqfor qoyub ki, işçilərinin rahat giriş-çıxışı təmin edilsin. Bəs, bundan əziyyət çəkən vətəndaşlar necə olsun? Səyavuş müəllim, xəbəriniz olsun ki, bəzi səfirliklər piyada və avtomobil yollarını də hərəkət üçün bağlayıblar. Bunu təhlükəsizlik məqsədilə görülən əlavə tədbirlər kimi izah edirlər. Bəlkə bir deputat kimi siz onlara başa salasınız ki, dünyanın heç bir yerində Azərbaycan səfirliklərinə bu cür ixtiyar və imtiyaz verilməyib. Belə çıxır ki, bütün ərköyünlər Bakıya yığışıb? Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyinin arxa küçəsi böyük şairimiz Süleyman Rüstəmin adını daşıyır. Onu da nəqliyyat vasitələrinin hərəkəti üçün neçə ildir ki, bağlayıblar. Bəlkə məsələ qaldırıb küçəni yenidən ilkin təyinatı üzrə istifadəyə yararlı şəklə salmaqla "Süleymanı Rüstəm" i və onun sakinlərini bu sıxıntılardan qurtarasınız?
   
   Səfirliklər əlavə narahatçılıq yaratmasın deyə, olmaz ki, şəhər mərkəzindən bir qədər kənarda, məsələn, Qanlı göl ətrafında, yaxud Hava alanına gedən yolda diplomatik korpusların tikintisinə sahə ayrılsın? Yeni diplomatik şəhərcik salınsa, hamı bir-birinə qonşu olardı, o yerlər də abadlaşardı. Bəzi səfirliklər bu gün də mehmanxanalarda, kirayə verilən şəxsi villalarda yerləşir. Bu barədə də düşünməyin yeri var.
   
   Böyük Britaniyanı nümunə gətirən Oqtay Əsədovun fikriylə də yüz faiz razıyam ki, orada avtomobillər Azərbaycandan çoxdur. Lakin Londonda heç vaxt tıxac olmur. Spiker bunu belə izah edir ki, orada nəqliyyat vasitələri müəyyənləşdirilən yerlərdə dayanır. Sonra əlavə edir ki, bizdə bunun əksidir. Yəni Oqtay müəllimin sözlərinə görə, Bakı küçələrində tıxacların yaranmasında səbəb nəqliyyat vasitələrinin harada və necə gəldi saxlanmasıdır. Hərə maşınını müəyyən edilmiş müvəqqəti dayanacaqda saxlasa, problem aradan qalxar. İcazə verin sizdən soruşum: Bakıda harada görmüsünüz özəl saxlama yerlərini, ay Oqtay müəllim? Varsa, ünvanı açıqlayın, sürücülər də bilsin. Eni on metr olmayan mərkəzi küçələrdə, məsələn, Murtuza Muxtarov, Mustafa Sübhi, İslam Səfərli və s. hamının gözü qabağında hündür mərtəbəli binalar tikilirsə bundan sakinlərin deyil, dar küçələrin də bağrı çatlayır. Axı, onlar belə intensiv nəqliyyat axınına dözə bilmirlər. Siz Londonun mərkəzində bu cür inşaat özbaşınalığına rast gəldinizmi? Əminəm ki, Vyanaya, Parisə, Romaya, Madridə, Budapeştə, Brüsselə də yolunuz tez-tez düşür. Oralarda necə, şəhər mərkəzində Bakıdakı kimi tikinti başıpozuqluğu müşahidə etdinizmi? Hesab-kitabsız inşaat ucbatından şəhər mərkəzində sıxlıq günbəgün artır. Bunun qarşısı tezliklə alınmasa, sökülməsi məsləhət olan köhnə məhəllələr hesabına yeni yollar, meydanlar, bağlar, parklar, bulvarlar salınaraq şəhərə təzə nəfəs verilməsə, vəziyyət daha mürəkkəbləşəcək. Bir dəfə maşınla Füzuli meydanından Bakı İcra Hakimiyyətinə maşınla getməyə cəhd edin. Görün küçələr nə gündədir, səkilər nə haldadır. Piyadalar məcburən yolun ortası ilə yürüməli olurlar. Yol kənarları zəbt olunub küçə ticarətçiləri tərəfindən. Dar səkilərə şəxsi maşınlan dırmaşdığından piyadaların gündiriliyi yoxdur. Həyatlarını təhlükə altına atıb yolun hərəkət hissəsində maşınlara yol yoldaşı olmağa məcburdurlar. Hələ bu azmış kimi, yollarda yas mərasimləri keçirmək üçün qurulan çadırlardan xəbəriniz varmı, ay hörmətli millət vəkilləri? Dünyanın hansı ölkəsində paytaxtın düz göbəyində küçəni bağlayıb yas məclisləri verirlər?
   
   Mənim fikrimcə, Bakı küçələrində avtomobil tıxaclarının yaranması ilk növbədə bizim beynimizdəki tıxaclarla bağlıdır.
   
   Parlament iclasından xülasəni oxudum. Bir seçici, bu şəhərin sakini və jurnalisti kimi bəzi fikirlərimi qəzet vasitəsilə oxucularımla bölüşmək istədim. Bəs sonra nə olacaq? Deyilənlərin hamısı düzdürsə və hamımız bu barədə danışırıqsa, Məclisdə bu məsələlər qaldırılırsa gündəlik həyatımızda işlərimiz niyə tərs gedir, düyünə düşür? Məclisdə deyilənlər seçicilərə xoş gəlmək üçün yox, iş görmək, vəziyyəti yaxşıya doğru dəyişmək üçün səslənərsə təsirlidir, əhəmiyyətlidir. Vətəndaş Parlament seçkilərində millət vəkilinə səs verdiyi kimi, düz sözə, haqq səsə də hər zaman səs verib onu dəstəkləyəcək. Millət vəkilləri necə, dediklərini qanuna, qanunu həyata keçirə biləcəkmi? Yoxsa bir sarı xətt də iclas salonunun dövrəsinə çəkilib və hamını narahat edən ağıllı fikirlər o çərçivədən kənara çıxa bilmir? Sarı rəng həm də xəbərdarlıq rəmzidir. Xəbərdarlıqdan nəticə çıxarmayanlara isə hakim qırmızı vərəq göstərir.
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-11
2019-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK