hacklink Adalet.az | SİZ KİMSİNİZ, LEDİ ŞERİDAN? Adalet.az | SİZ KİMSİNİZ, LEDİ ŞERİDAN? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SİZ KİMSİNİZ, LEDİ ŞERİDAN?

("Tarix-ibrət alanlar üçün dərsdir" silsiləsindən)

18788    |   2008-12-13 03:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1920-ci ilin yanvar ayının 11-də Parisdə dünya dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyi rəsmən tanındı. Müstəqil Azərbaycan yeni ilin ilk günlərində bu xəbərin sevincini yaşayırdı. O zaman kim bilərdi ki, bir neçə ay sonra XI Qızıl Ordu Qafqaza hücum çəkəcək? Qeyri-bərabər hərbi qüvvə ilə qarşı-qarşıya duran Şərqdə ilk demokratik cümhuriyyətin rəhbərləri silahlı müqavimətin mənasız olduğunu dərk edib aprel ayının 28-də hakimiyyəti bolşeviklərə təhvil verəcəkdi. O dövrdən başlayaraq, Dzerjinskinin rəhbərlik etdiyi təşkilat Azərbaycanda da dərin kök salacaqdı. Çekistlər Rusiyada üç ildə topladıqları təcrübəyə əsaslanaraq Qafqazda düşmən ovunu daha mütəşəkkil şəkildə aparacaqdı. Şübhəsiz ki, belə geniş döyüş əməliyyatları qabaqcadan ciddi hazırlıq tələb edirdi. İşğal ediləcək ərazilərdə əhalinin milli tərkibi, daxili ziddiyyətlər, çəkişmələr və digər amillər öyrənilir, kəşfiyyat xarakterli məlumatlar Moskvada geniş təhlil olunurdu. Lenin hökumətinin əsas dayaq nöqtəsi yerlərdəki gizli təşkilatlar idi. Bolşevik fəallarını səfərbər edib əhali arasında mövcud hökumətə qarşı narazılıq dalğasını gücləndirmək, təbliğat-təşviqat aparmaq məqsədilə Moskvadan gələn emissarların sayı artmaqda idi. Qafqazın ardınca sıra Orta Asiyaya gələcəkdi. Beləliklə, bolşevizm mahiyyətli Rus imperiyası yeniləşmiş formada böyük bir ərazidə bərpa olunacaqdı.
   
   Tarixi dəyişən adamlar qanlı-qadalı, şaxtalı-boranlı, aclıq və korluq içində ötən dövrlərdə belə, tarixə düşmək, əbədiləşmək, hər zaman var olmaq barədə planlar cızırdılar. Təkcə əməllərini, adlarını deyil, sənət gücünə simalarını da bir qədər dəyişmək, ona İlahi görkəm verməklə qəhrəmanlıq, müdriklik timsalı kimi gələcək nəsillərin yaddaşında qalmaq arzusuna düşmüşdülər. Yeni dünya quran xalqın üzünə dünya mədəniyyət xəzinəsinin qapılarını qıfıllayanlar proletkultçulara ilk gündən yaşıl işıq yandırmışdılar. Heç bir bədii-estetik dəyəri daşımayan əsərlər sinfi maraqları ifadə etdiyi üçün dövlət tərəfindən dəstəklənirdi. Eyni qəlibdən çıxıb müxtəlif dillərdə səslənən yeknəsək mahnılar, şerlər, tamaşalar, ölkəni bürüyürdü. Yeni xaqanların, paşaların, bəylərin, ağaların şəninə dastanlar söylənirdi. Bayram günlərində təkcə bayraqlar, şüarlar deyil, başda oturan bir çox başsızın, qansızın portretləri küçələrin, binaların bəzəyinə çevrilirdi.
   
   "Molotov nitq elədi,
   
   Kaqanoviçin başına bax", kimi səviyyəsiz misralar bizim bulaq suyu təkin saf olan aşıq sənətimizə də ləkə salmışdı. Molotov (1890-1986) və Kaqanoviç (1893-1991) vaxtilə sovet dövrünün iriçaplı rəhbərlərindən olublar. Heyrət doğuran haldır ki, hər ikisi yüz yaşın astanasında öz əcəlləri ilə dünyadan köçmüşlər. Düzdür, onların da ömür karvanı enişli-yoxuşlu yollardan keçib. Amma belə tale hər kişiyə nəsib olmayıb. İyirminci-otuzuncu-qırxıncı illərdə sovetlərin qıl körpüsündən salamat keçmək nadir rəhbər işçilərin qismətinə yazılmışdı. Bu mənada bəlkə də "Kaqanoviçin başına bax", deyən aşıq haqlı imiş. Əhsən, Lazar Moiseyeviçin qabiliyyətinə. Allahın verdiyi ömür payını kişi kimi deyib imanımı yandıra bilmərəm, amma axıra kimi yaşadı. Necə yaşadığından, nələr törətdiyindən geniş danışmağa başlasam, mətləbdən çox uzaqlaşaram. Bizim aşıq sovet Ukraynasının birinci katibinin adını sazında-sözündə əbədiləşdirməsəydi, o, heç mənim yadıma da düşməzdi. Nə isə... Boğazını yırta-yırta sovet rəhbərlərini yeri gəldi-gəlmədi mət etməyin bünövrəsi də iyirminci illərdə qoyuldu. Maraqlıdır ki, Kremldə məskunlaşan ilk kommunist liderləri o vurhavurda yağlı boya ilə portret çəkdirmək, tuncdan, bürüncdən heykəl yapdırmaq üçün saatlarla vaxt ayırarmışlar. 1920-ci ildə Vladimir İliç Leninin, Lev Davıdoviç Trotskinin, Qriqori Yevseyeviç Zinovyevin, Feliks Edmundoviç Dzerjinskinin dumanlı Londondan gələn ledi Şeridanın qarşısında oturub poza verməsi də məlum faktdır. Xanımın sözlərinə görə, təmasda olduğu bolşevik liderlərinin arasında yalnız Dzerjinski qaradinməzliyi ilə fərqlənib. Xeyli vaxt sükut içində keçən ünsiyyət bəzən rəssamı hövsələdən çıxarardı. Bir dəfə Kler belə davranışın səbəbini komissardan soruşanda Feliks deyib ki, həbsxana insana sakin olmağı, susmağı, içinə qapanmağı öyrədir. Xanım Şeridan öz kitabında vaxtilə görüşdüyü, saatlarla, günlərlə bölüşdüyü inqilab cəngavərləri barədə ətraflı yazır. Özü barədə yazmadıqlarından da son vaxtlar açılan ingilis arxivləri danışır. Amma bu haqda bir qədər sonra...
   
   
   
   ***
   
   
   
   Kler Londonun incəsənət akademiyasında təhsil alırdı. Hər kəslə asanlıqla ünsiyyət qurmağı bacaran qızın kifayət qədər geniş çevrəsi vardı. Oturub-durduğu istedadlı jurnalistlər, rəssamlar, yazıçılar, o cümlədən siyasətçilər arasında cazibədar görkəmi, naz-qəmzəsi, hazırcavablılığı ilə seçilərdi. Bir ara tez-tez Yan adlı gənclə görüşərdi. Kler heç bilmirdi ki, Yakov Xristofor oğlu Peters 18 yaşından Latviya Sosial-Demokrat Fəhlə Partiyasına üzv olub. İlk dəfə 1907ci ildə məhbəsə salınıb. İzinə düşən xəfiyyələrdən birtəhər qurtularaq 1909-cu ildə Hamburqa, oradan da Londona qaçıb. Dumanlı şəhərdə onu harada itirsən, Britaniya kommunist və sosialistlərinin klubunda tapardın. Həmin dövrdə İngiltərəyə köç edənlər arasında xeyli latış var idi. Onların adı müxtəlif qalmaqallarda, cinayət tərkibli hadisələrdə çəkilərdi. Ara-sıra Yakovun da ismi bu qəbildən olan əməllərdə hallanardı. Fəqət, Kler Şeridanla tanışlığından sonra cavab oğlan kübar məclislərdə görünməyə başladı. Günün birində məlum oldu ki, Yan nədənsə Klerdən yan keçərək, meylini onun Mey adlı yaxın rəfiqəsinə salıb. Quşu dimdiyindən vuran oğlan gözəl-göyçək milyoner qızının saqqızını elə oğurlamışdı ki, atasının etirazına baxmayaraq, bir neçə ay sonra onlar evləndilər. Gələcək kürəkənindən bank sahibi ser Frimenin gözü heç su içmirdi. Gənclik ehtirası ilə hissə qapılan sadəlövh qızının düşünülməmiş addımından nə qədər yanıqlı olsa da, ilk məhəbbətə yuva olan bir könlü qırmaq istəmirdi. Qürbət ölkədə də kommunist Yan terrorçu-anarxist kimi ad çıxarmışdı. Belə bir adamla qohum olmaq təhlükəsi (daha dəqiq desək, reallığı) maliyyə oliqarxının ürəyindən qara qanlar axıtsa da, artıq işişdən keçmişdi. Romantik təbiətli Mey niyyəti ciddi, qərarı qəti idi. O, deyən zəngin olmaqdan da bezmişdi. Atasını xəbərdar etdi ki, ailə qurandan sonra yalnız öz qazancımızla dolanacağıq. Qulluqçu, xidmətçi saxlamaq fikrində deyilik. Ev işlərini özümüz görəcəyik. İki il sonra Mey milyonçu atasını baba etdi. Bankirin qız nəvəsi dünyaya gəldi. Lakin yarı latış, yarı ingilis əsilli ailənin sevinci uzun sürmədi. 1917-ci ilin may ayının 1-də, yəni nədənsə məhz zəhmətkeşlərin həmrəylik günündə, Yan Peters həyat yoldaşını 4 yaşlı qızıyla Allahın və qayınatasının ümidinə buraxıb, heç nə izah etmədən odun-alovun içində yanan Rusiyaya yollandı. Mayın 6-da o, artıq Murmanska çatmışdı. Petersin sonrakı həyat yolunu izləyəndə, yaxın gələcəkdə baş verəcək hadisələri göz önünə gətirəndə, belə düşünmək olar ki, Fevral inqilabından sonra onu Rusiyaya aparan dəli küləklər deyil, illərdən bəri möhkəm tellərlə bağlandığı və onu uzaqdan idarə edən ağlı başında olan insanlar, ya da gizli təşkilatın tapşırığı idi.
   
   Beləliklə, yeni əsrin bu qoca dünyanı sarsıdan on yeddinci ilini Londonda zəngin burjua ailəsində qarşılayan Yakov Peters ilin sonunda artıq mütləqiyyətin devrildiyi Petroqradda inqilab düşmənlərinə, o cümlədən varlı təbəqənin nümayəndələrinə amansız divan tuturdu. Oktyabr qələbəsinin müqəddəratı həll olan ən çətin məqamlarda Leninlə latış atıcıları arasında birbaşa əlaqə yaradan da məhz Peters olub. Rusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə o, əvvəlcə Hərbi-İnqilab Komitəsinin üzvü, İnqilabı Tribunalın rəhbəri, daha sonra əks-inqilabçılarla mübarizə aparmaq məqsədilə yeni yaradılan Fövqəladə Komissiyanın sədr müavini vəzifəsinə təyin edildi. 1918-ci il iyulun 6-da Almaniyanın Rusiyadakı səfiri Mirbahın öz iqamətgahında qətlə yetirilməsindən sonra Dzerjinski istefa verəndə bir müddət ÇK-ya rəhbərlik məhz Petersə tapşırıldı. Onun sədrliyi iyulun 7-dən avqustun 22-nə kimi davam etdi. Sonra yenə Dzerjinski ölkənin baş çekisti oldu. Yakovun vəzifəsi özündən asılı olmayan səbəblərdən tez-tez dəyişərdi. Aqibəti isə Leninin digər silahdaşlarından çox da fərqlənməyib. 1937-ci ildə o da "vətən xaini" kimi həbs edilib. Rəsmi məlumatlara görə, ona qarşı İngiltərənin xeyrinə casusluq ittihamı irəli sürülüb və 1938-ci ildə güllələnib. 1956-cı ildə isə ölümündən 18 sonra ona tam bəraət verilib. Lakin Y.Petersin ölümü ilə bağlı digər ilginc mülahizələr də var...
   
   
   
   ***
   
   
   
   Rusiyaya gəlişi Kler Şeridanın taleyini büsbütün dəyişdi. İngiltərədə sıradan biri olan heykəltəraşın adı bütün dünyada tanındı. O, inqilab cəngavərlərinin heykəllərini yaratmaq istəyirdi. Bəlkə ona görə ki, bu cəngavərlərdən birinə neçə vaxtdan bəri aşiq idi? Amma inanmıram ki, məsələnin kökündə yalnız və yalnız Petersə olan cavabsız məhəbbəti dayanmışdı. Vaxtilə aralarındakı yarımçıq və qarşılıqsız sevda onun qadın heysiyyətinə toxunsa da, həyatında sarsıntı yaradacaq, nəyisə əsaslı şəkildə dəyişəcək gücə malik deyildi. Şeridanın həyatdan umacaqları və alacaqları bütün bunlardan çox-çox böyük idi.
   
   Bir jurnalist kimi Klerin iti qələmi və müşahidə qabiliyyəti diqqət çəkən olub. Tale onu təkcə bolşevik liderləri ilə görüşdürməyib. Kler Mustafa Kamal Atatürkdən də müsahibə alıb. İtaliyanın faşist diktatoru Benito Mussolini ilə söhbət edib. Adolf Hitlerlə xüsusi yaxınlıqları barədə söz-söhbətlər səngiməyib. Mahatma Qandinin, Uinston Çörçillin portretlərini işləyib. Türk ordusunun nüfuzlu simalarından olan İsmət bəyin paşa könlünü oxşayıb. Bu qadın mahir ovsunçu kimi hər kəsin, daha doğrusu, lazım olan hər kəsin qəlbində özünə rahatca yuva qura bilirdi. İyirminci illərdə həyatında və yaradıcılığında çox əlamətdar bir mərhələyə görə isə Kler Şeridan yəqin ki, ilk növbədə Qriqori Yevseyeviç Kamenevə borclu olmalıydı. Yaxşı bəs, Kamenev kim idi? Hər halda nə daş idi, nə qənbər. Və görünür, bunu hamıdan yaxşı Çörçillin ən yaxın qohumu Kler Şeridan bilirdi...
   
   
   
    (ardı var)


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO