adalet.az header logo
  • Bakı 20°C

QURBANSIZ

VƏSİLƏ USUBOVA
23525 | 2008-12-13 03:25
Qurban bayramını da yola verdik. " Qeyd elədik", "Bayram elədik" yazmamağıma irad tutmayın. Çünki ömrümüzün çox gərəkli anları kimi bayramları da bayram kimi, ömürdən sayılmayan günlər kimi yaşamağı, yadda qalası nə isə bir şeylər eləməyi bacarmırıq. Sadəcə, hər şeyi yola verməyə alışqanıq. Bayram öncəsi hər şey maraqlı olur, özündən asılı olmayaraq uşaq marağıynan nəsə sürprzlər gözləyirsən. Hər tərəfdə bir canlanma, hazırlıq ovqatı duyulur. Vaxt tamama yetir, qurbanlıq sayılanlar kəsilir, qazanlar qaynayır, süfrələr dolub-boşalır. Adamlar bir-birilə bayramlaşır, doğmalar, yaxınlar yada salınır. Evlərə baş çəkir, pay aparırlar. Səhəri gün hər şey adiləşir, heç nə olmayıbmış kimi unudulur... Bir də gözlə gələn ili. Bəlkə elə bundan ötrü lazımdı belə günlər?! Yəqin ki, ildə bir-iki dəfə belə bayramlar olmasa, adamlar arasındakı olan-qalan ünsiyyət bağları da qırılıb gedər. Başı özünə, təkcə öz qayğılarına qarışan insan getdikcə öz həmcinsindən soyuyur, isti münasibətlərin yerini soyuq ekranlar, xala-xətrin qalmasın telefon danışıqları, hal-əhval tutmaları alır. İlıq bayram ovqatının yerində soyuq düşüncələr qalır. Bu nə gün idi biz keçirtdik?! Mənası nə idi bu qurbankəsmələrin?! İnsan adlanan məxluq onsuz da ömrü boyu digər canlıları- heyvanları, quşları, balıqları ovlayıb, bəsləyib yeməklə məşğuldu. Daha ildə bir dəfə bunu bayram etməyin nə mənası var?! Bir gündə elliklə bu qədər heyvanın başı kəsilir, qanı axıdılır. Nəyin, kimin naminə?! Kim tələb edir adamlardan bunu? Təbiətinmi, Tanrınınmı nəyinə gərəkdi bunca qurbanlar?Bəlkə insan yer üzündə birinci və axırıncı tirandı?! Yoxsa, öz intiqamını alır digər canlılardan? Axı, ilk qurban O Özü kəsilməliydi.Bu yerdə sualın ən irisi meydana çıxır: insan qurbanı hansı fövqəlbəşər qüvvəyə gərəkmiş? Bu bir sınaq idi, yoxsa? Elə isə, niyə tanrılar da, insanlar da qurbansız ötüşmürlər?! "Tanrılar" yazdığıma görə, yəqin ki, indi kimlərsə məni daş-qalaq etməyə hazırlaşır. Amma elə onlar özləri də tarix dərslərindən oxumamış deyillər ki, qədim yunan mifologiyasına görə, bir zamanlar tanrılar da yer üstündə insanlarla bir yerdə yaşayırdılar. Və hər şeyin öz Allahı vardı. Torpağın, suyun, dənizin, küləyin, şimşəyin, ağacların, otların... Hətta sevginin, nifaqın, müharibələrin də. Ürəyindəkini deməyən namərddi; mən belə həyatı tərcih edərdim. (Hər tərəfdən qulağıma "əstəğfürullah" nidaları gəlir). Bunun nəyi pisdir ki, tanrılarla görüşürsən, söhbətləşirsən, dərd-sərini deyirsən. Orası vardı ki, insanlar tanrıların qəzəbini yatırtmaq, fəlakətləri sovuşdurmaqdan ötrü öz aralarından onlara qurbanlar boyun olurdular. Daşan çayların, coşan dənizlərin, qasırğaların, tufanların qarşısını almaqçın cavan qızları, oğlanları diri-diri odun, suların qoynuna atırdılar. Yağışın yağmasından, çaylara su gəlməsindən, bol məhsul yetişməsindən ötrü də insanları qurban verirdilər. Küləklərin "ağzını yummaq"dan ötrü Odissey də öz balaca qızını qurban verməli olmuşdu. Ancaq bu təkcə yunan əsatirlərində belə deyil. İnsanlar dünyanın harasında olsalar belə, oxşar tale yaşayırlar...
   
   
   
   ***
   
   
   
   Bizim yerlərdə Kürün əsrlər boyu daşıb ətrafı basması, hər daşanda da sakinləri həm cismani, həm də maddi ziyanlara salması hamıya bəllidi. Sovet dövründən üzü bəri nə qədər tədbirlər görülsə də, həmin ağrı- acılar bu günümüzdə də qismən də olsa, yaşanır. Hər il yaz gəlib çay daşanda böyüklərin ağzından bu sözləri eşitmək olur: "Nə eləsələr də, can almasa, bu çay yatan deyil". Onlar sakit-sakit deyirlər bu sözləri. Amma eşidəndə adamın əti ürpəşir. Və dedikləri kimi də olur. Hər il çay daşanda ən azından bir-iki nəfər suda boğulur... Bura Yunanıstan olmasa da, görünür, müxtəlif üsullarla can almaq, daha doğrusu, insan qurbanı almaq təbiətin əzəli və əbədi qanunudu. Elə buna görə də biz insanlar canımızda əbədi qorxu gəzdiririk. Üstəlik Ölüm adlanan o nəhəng dəyirman həmişə insanların ən cavanını və gözəlini "üyütməklə" məşğuldu...
   
   Bəs, nədən tanrılar yer üzündən ayaqlarını çəkib insanlardan uzaqlaşdılar?! Bizi öz dərdlərimizlə buraxıb çox-çox yüksəkliklərə qalxdılar. Elə yüksəkliklərə ki, nə əlimiz çatır, nə də ünümüz yetir. Çarəmiz ona qalıb ki, öz dualarımızla, qurbanlarımızla onların qəlbini yumşaltmağa, rəhmlərini qazanmağa çalışırıq. Bəlkə bezdilər bizdən? Qalın öz ümidinizə, dedilər, görək bu dünyanı haraya qədər aparacaqsınız. Biz də öz bildiyimiz kimi gedirik. Üzü Qiyamətə doğru...
   
   
   
   ***
   
   
   
   Təkcə canımız, malımız-mülkümüz deyil, duyğularımız da qurbanlıq olur ömür boyu. Biri ehtiyacımızdan yararlanır, digəri məsumluğumuzdan. O birinin yersiz şıltaqlarından əzab çəkirik. Dördüncülər başımızdan basıb dikəlməyə qoymur, beşincilər ayağımızın altını qazıb uçuruma salırlar bizi. Hər addımbaşı bədxahlarla, paxıllarla, cibkəsənlərlə üz-üzəyik...
   
   Bayram günlərində kanallarımızın birində Yusif peyğəmbər haqqında filmə baxdım. Filmdəki epizodlar uşaqlıqdan mənə tanışdı. Bəzilərini böyüklərin söylədikləri rəvayətlərdən yadımda saxlamışdım. Çoxunu da... Anam Əbdürrəhman Caminin "Yusif və Züleyxa" poemasını zövqlə oxuyar, çox sevdiyi yerlərini bizə də danışardı. Yusifin gözəlliyi və saflığından, Züleyxanın məkrli məhəbbətindən, Yaqubun övlad həsrətindən qəlbimdə həzin xatirələr qalmışdı... Qardaşları onu öz paxıllıq və nifrətlərinə qurban verdilər. Züleyxa da sönməz ehtiras və şıltaqlarına. Ancaq o Tanrının əziz bəndəsiydi. Öz bəndəsinə səxavətlə bəxş etdiklərini Onun hökmü olmadan heç kəs Yusifdən ala bilməzdi. Yusif heç kəsdən qurban tələb etmirdi. Onun buna ehtiyacı da yoxdu. Ancaq heç nəyi olmayanlar başqalarından qurban tələb etməkdə israrlıdırlar həmişə. Tanrının bu gözəl bəndəsi bağışlamağı və qurban verməyi bacarırdı...
   
   
   
   ***
   
   
   
   Rəvayətə görə Tanrı bütün gözəlliklərin yarısını Yusifə, digər yarısını isə yerdə qalan bəndələrinə veribmiş. Əvvəllər Züleyxaya tənə vurub onu qınayanlar Yusifin gözəlliyini görəndə bu qadına haqq qazandırırlar. Artıq eşq Züleyxanın canına, qanına hopmuş, bütün şıltaqlıqlarını, ərköyünlük ədalarını yadından çıxartmışdı. Gözəllikdə Yusifdən az geridə qalan qadın qocalıb əldən düşmüş, belibükük qarıya dönmüşdü. Hər gün yollara çıxıb həsrətlə Yusifi gözləməkdən gözlərinə tor gəlmişdi. Onun bu halı Tanrının da qəlbini yumşaltmışdı: sevgi odunda yanıb yaxılan Züleyxanın gözəlliyini və cavanlığını özünə qaytarmış, Yusifin qəlbinə onun sevgisini salmışdı...
   
   Züleyxa öz sevgisi yolunda hər şeyini- adını, şərəfini, gözəlliyini, cavanlığını qurban verməyi bacarmışdı. Əvəzində Tanrı da onu səxavətlə mükafatlandırdı...
   
   Bizlər də ömür boyu qurbanlar verməklə gəlirik. Əvəzini gözləməyə dəyərmi, görəsən?!.

TƏQVİM / ARXİV