Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | İNSANLARA HÜRRİYYƏT, MİLLƏTLƏRƏ İSTİQLAL Adalet.az | İNSANLARA HÜRRİYYƏT, MİLLƏTLƏRƏ İSTİQLAL Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İNSANLARA HÜRRİYYƏT, MİLLƏTLƏRƏ İSTİQLAL

22071    |   2008-05-24 02:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mayın 28-i dünyanın hər yerində ilin adi günlərindən biridir. Biz azərbaycanlılar üçün isə onun anlamı başqadır. 1918-ci ildə həmin gün Azərbaycan Demokratik Respublikası elan edilib. Uzun illər mayın 1-ni Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik günü kimi tanımışıq. Ayın 5-i Mətbuat gününü (Rusiyada "Pravda" qəzeti nəşrə başlayıb-E.B.), 7-si Radio gününü, 9-u Qələbəni, 19-u pioner təşkilatının yaranmasını bayram etmişik. Amma 28-ni heç yada salmamışıq. Biz mayın deyil, aprelin 28-ni əzizləmişik. 1920-ci ildə Rusiyadan gələn qırmızıların köməyilə əldə edilən "azadlıq"dan sonra təqvimdə aprelin 28-i rəqəmi qızarıb. İşğal günü İstiqlal bayramına çevrilib. Onilliklərlə xalq yeni sovet ənənələri ruhunda tərbiyə alıb. İnsan ömrü üçün onilliklər çox sayıla bilər, tarix üçün yox. Tarix üçün bu dövr göz qırpımı kimidir. İllər ötdü, aprelin 28-i təqvimdə yenə qaraldı. Vaxtilə ucaldılan heykəllərin çoxu yıxıldı, müəssisə və təşkilatlara, küçə və prospektlərə verilən adlar dəyişdirildi. Məsələn, Bakıda 28 aprel küçəsi 28 may adlandı. Yetmiş il sonra məlum oldu ki, vaxtilə seçilən işıqlı yolumuz, əslində, qaranlıq imiş. Yenə yeni həyat qurmağa başladıq. Demokratik dövlət quruculuğumuzu bərpa edərək həmin ənənələr üzərində Azərbaycanın gələcək inkişafına çalışdıq. Bu arada siyasi münəccimlər də çoxaldı. Sən demə, onlar sovet dövlətinin dağılacağını bilirmişlər. Bu barədə həmişə "cəsarət"lə danışarmışlar. Nədənsə, o "itizəkalı ziyalılar"ı əvvəllər heç kəs eşitməmişdi. Sonradan dilləri açılan "uzaqgörənlər", proqnozlarını hər kəsə sırımağa cəhd edən cəsurlar" qalsın bir yana, onlara meydan verənləri mən qətiyyən anlamıram. Tarixdən ibrət dərsi almağı niyə unudurlar? Hər quruluşu içindən laxladan əsas amil kütləvi şəbədəlik epidemiyasıdır. Hər dövləti ucaldan elliklə zəhmətə qatlaşmaqdır, qurmaqdır, yaratmaqdır. Sağlam cəmiyyətdə insanlar kütləvi özbaşınalığı, başıpozuqluğu ilə deyil, məsuliyyəti, nizam-intizamı, təşəbbüskarlığı ilə fərqlənərlər.
   28 May Respublika günümüzdür. Həqiqətən, böyük bayramdır. Mən arzu edirəm ki, bayramda üzümüz gülsün, qəlbimiz sevinsin, içimiz rahat etsin. Bunu ayrı-ayrı seçmə xanımlara, ərköyün bəylərə deyil, millətə arzulayıram. Mən elə bir məmləkət istəyirəm ki, orada anaların gözü ancaq sevincdən yaşarsın. Mən elə bir paytaxt istəyirəm ki, küçələrdə nə acından dilənən köməksizləri olsun, nə də əl açmağı özünə peşə edən yolçuları. Mən istəyirəm ki, ömrü boyu halal alın təriylə zəhmət çəkib, ömrün təqaüdçü adlanan "durağı"na çatan ağbirçəklər, ixtiyarlar mənzil başına qədər qalan yolda peşmançılıq təri tökməsinlər. Aldıqları təqaüdlə haqq etdikləri kimi yaşaya bilsinlər. Oğul-uşaq, nəvə-nəticə yanında pulsuzluq üzündən xəcalətli olmasınlar. Tez-tez "bir milyon qaçqınımız var", deməkdən dilimiz qabar oldu. Bir milyon halal zənginimizin yetişməsinə sevinək, bununla öyünək, milli sahibkarlığın, orta və kiçik biznesin sürətli inkişafını görək. Toxları ac etməyə yox, acları tox etməyə çalışan hökumət istəyirəm. Məmurların yaxşısı da, pisi də var, uğuru da, nöqsanı da gözdən qaçmır. Amma gerçək o ki, dövlətimiz güclənir. Bizim daha güclü dövlətə ehtiyacımız var. Qüdrətli, qüvvətli, dövlətli, əzəmətli Azərbaycanda azad, rahat yaşamaq doxsan illik demokratik dövlətçilik tarixi olan millətin haqqıdır. Bu yolu doxsan il öncə də yüksək vətəndaşlıq, milli təəssübkeşlik hissi olanlar salmışdılar. Bu yolun davamı üçün azadlıq hissi ilə yanan fədakar insanlar illər boyu mübarizə apardılar. Bu yolu yolsuzluqdan qurtaran, daimi, dönməz, əbədi edən qəhrəmanları da zaman yetişdirdi. Mən istərəm ki, ayağımız bir daha büdrəməsin. Vətəndaşlıq hissimiz, dövlətçilik anlayışımız uçrəngli bayrağımız qədər ucada dursun. Adama kənardan qrant təklif edənlər tapılar, vətəndaşlıq qeyrəti paylanmaz. O, hər kəsin içində yetişməli, fikrində olmalıdır. Vətəndaşlıq borcunu vermək hərbi xidmət deyil. Bu işdə kişilər xüsusi çağırış vərəqəsi gözləməsinlər. İnsanı vətəndaşlıq borcunu verməyə hərbi komissarlıq yox, öz vicdanı səfərbər edər. Borcumuz az deyil. Və bu yerdə ataların "borclu borclunun sağlığın istər" məsəlini işlətmək heç də uyğun gəlmir...
   
   ***
   Deyirlər, insana əməllərinə görə qiymət verirlər. Tarix göstərir ki, böyük əməl sahiblərinin qiyməti dünyanın gərdişindən asılıdır. Götürək, 53 il əvvəl dünyasını dəyişmiş Rəsulzadəni. 1884-cü ilin yanvar ayının 31-də Bakının Novxanı kəndində anadan olmuş Məmmədəmin 1955-ci ilin mart ayının 6-da 71 yaşında Ankarada vəfat etdi. Torpağa orada tapşırıldı. Böyük xidmətləri və məşəqqətli taleyi olan M. Rəsulzadə bir əsrdə neçə dəfə zaman qarşısında imtahan verib. Aldığı qiymətlər zəmanəyə görə hər dəfə müxtəlif olub. Fədakar insanların, qeyri-adi istedad sahiblərinin alın yazısında bu da varmış. M. Rəsulzadə haqqında son illər kitablar, məqalələr yazılıb. Bir ara hər gün əlimizdə tutsaq da, cibimizdə uzun müddət qalmağa qərar tapmayan min manatlıq milli pulumuzun üzərində onun əksi vardı. Yaxşı ki, əskinaslar dəyişdirildi. Çirkli pulların üzərində təmiz sima uzun müddət qala bilməzdi, axı.
   İyirminci əsrin əvvəli ilə sonunda oxşar cəhətlər çox oldu. Rus imperiyası dağıldı. Müstəmləkə altında olan xalqlar azadlıq əldə etdilər, müstəqil dövlətlər qurmağa nail oldular. Azərbaycan Şərq aləmində ilk demokratik dövlət yaratdı. Bu quruluşun ömrü 23 ay deyil, cəmi üç ay olsaydı belə, hadisənin özü qürurla qeyd olunmağa layiq idi. Demokratik düşüncə, tolerantlıq, beynəlmiləlçilik baxımından ADR-in prinsipləri sonralar, hətta Sovet hökumətinə də bəzi məsələlərdə örnək oldu.
   İki Dünya müharibəsindən çıxan sovet sistemi çoxdilli xalqların çoxsaylı problemlərinə xeyli vaxt davam gətirəndən sonra çökməyə başladı. Kimsə üzərinə götürməsin bu qəhrəmanlığı. Qalib gələn dözümlü, səbrli, ədalətli Zaman oldu. Tökülən nahaq qanların, günahsız qurbanların üzərində qurulan "xoşbəxtlik " sarayı tez-gec çöküntü verəcəkdi. Yerlərdə narazılıqlar artdıqca, xalq hərəkatı gücləndikcə proseslər sürətlənməyə başladı. Nəhayət, olacaqlar baş verdi. Əsrin sonlarında daha bir imperiya öz ömrünü başa vuraraq tarixə döndü. Azərbaycan ikinci dəfə müstəqilliyini qazandı. Yenə imzalar içində imzası göründü. Bir kərə endirilən bayrağı bu dəfə bir daha endirilməyəcək dərəcədə ucaldıldı. 17 ildir ki, heç də hamar olmayan azadlıq və demokratiya yolu ilə addımlayırıq. Addımlarımız da, sürətimiz də müxtəlif olub. Amma amalımız, ümidimiz, inamımız dəyişməz qalıb. Ona görə bəzən haqsızlıq görəndə susmuşuq da, gözümüzü yummuşuq da. Axı, qazancı azadlıq və müstəqillik olan millət ötəri sıxıntılara, müvəqqəti çətinliklərə görə mübarizəsindən bezməz, yolundan dönməz. Bu yolun genişliyinə daralanlar onsuz da çoxdur. Kölgədə daldalananlar bizə yoldaş olmaz. Bir vaxtlar "yoldaş" kəlməsi dilimizin əzbəri idi. İndi bu söz müraciət forması kimi işlənmir. Müraciət forması kimi, ondan imtina olunanı həqiqi yoldaşlar da ətrafımızda azalıb.
   
   ***
   
   1990-cı ilin may ayında dünya azərbaycanlıları kifayət qədər geniş tərkibdə ilk dəfə Türkiyənin Kayseri şəhərində bir araya gəldilər. Burada Birinci Beynəlxalq Böyük Azərbaycan Konqresi keçirilirdi. Əslində, diaspor fəaliyyətinin təkamülündə bu hadisənin əhəmiyyəti böyük idi. O zaman xaricə gediş-gəliş indiki kimi asan deyildi. Dövr də çox qarışıq və mürəkkəb idi. Buna baxmayaraq, həyat öz axarı ilə davam edirdi. Milli azadlıq hərəkatı güclənir, genişlənirdi. Xüsusən, Türkiyə ilə Azərbaycan arasındakı mədəni əlaqələr güclənirdi. Həmin vaxtda məşhur xalı rəssamı Kamil Əliyevin Türkiyədə fərdi sərgisi açılacaqdı. Bir ay ərzində Ankara, İzmir və İstanbulda yaşayan sənətsevərlər rəssamın nadir əsərləri ilə yaxından tanış olacaqdılar. Bu unudulmaz səfərdə Kamil müəllimin yol yoldaşlarından biri də mən idim. O sərgi barədə hazırladığım xüsusi proqram Azərbaycan televiziyası ilə nümayiş etdirildi. Bu haqda mətbuatda ayrıca yazım dərc olunmuşdu. İndi yada salmaq istədiyim başqa məqam var. Kayseri görüşlərini başa vuran nümayəndələr Ankaraya dönmüşdülər. İlk ziyarət edəcəkləri yer Atatürkün xatirə kompleksi oldu. Biz də onlarla birlikdə Anıt qəbrinə getdik. İkinci ziyarətimiz Məmmədəmin Rəsulzadənin məzarı oldu. Nə yaxşı ki, həmin vaxt mən orada idim və nə yaxşı ki, videokameram da yanımda idi. Həmin günün xatirəsini təkcə qələmə yox, həm də lentə almaq yalnız mənə nəsib oldu... Bu axşam evdə yenə o kadrlara baxırdım... Qabil İmamverdiyev, Anar, Sabir Rüstəmxanlı, Kamil Əliyev, Əkrəm Əylisli, Aydın Məmmədov, Hacı Hacıyev, Fəridə Məmmədova, Sara Aşurbəyli, Kamal Talıbzadə, Firidun Cəlilov və başqalarını gördüm və xatirələr yenidən gözlərimdə canlandı. O gün hamı son dərəcə həyəcanlı idi. Ziyarətə gələnlər məzar daşına çiçək qoyub xeyli sükuta daldılar. Ənənəvi bir dəqiqəlik sükut qeyri-ixtiyarı xeyli uzandı. Sinə daşının üzərindəki yazılar diqqətimi cəlb etdi. Azərbaycanın ilk Demokratik Cümhuriyyətinin bəyannaməsinin iki əsas maddəsi ağ daş üzərində həkk olunmuşdu.
   Məzar başında söz alıb ilk danışan Anar oldu. O, Kayseridə keçirilən Birinci Beynəlxalq Böyük Azərbaycan Konqresinin bütün iştirakçılarının Məmmədəmin Rəsulzadənin məzarını ziyarət etmələrini özlərinin müqəddəs borcu olduğunu söylədi və Şəhidlər Xiyabanından gətirdiyi bir ovuc torpağı sinə daşına səpələdi. Özüylə əlində gül yerinə bir ovuc torpaq gətirən bir nəfər də var idi - şair Qabil. Qabil müəllim çıxışında dedi ki, Türkiyəyə gedəcəyimi biləndə novxanılı dostum Əzizbala mənə bir ovuc torpaq, bir də gül toxumu verdi. Xahiş etdi ki, Məmmədəminin qəbrini ziyarət edəndə vətən torpağının nişanəsini onun məzarı üstünə səpim. Bir qədər danışdı, kövrəldi. Əsas odur ki, torpağı və çiçək toxumunu ünvanına çatdırdı...
   Çıxış edən natiqlər çox sözlər dedilər. Vəd verənlər də, and içənlər də tapıldı. Bu dünyada hələ var olan həmvətənlərinin bir qədər gecikmiş təşəkkür və minnətdarlıq hisslərini ifadə edən qanadlı sözlər, görən o dünyada öz ünvanına çatdımı? Yavaş-yavaş ziyarətçilər dağılışırdı. Qəbiristanlığı yenə lal və müqəddəs sükut bürüdü. Qulağıma heç bilmirəm, göydənmi, yerdənmi bir səda gəlirdi. Sanki o səs deyirdi: "Zamanında deyilən söz, vaxtında verilən qiymət dəyərli olar". Dönüb arxaya baxdım. Kimsə yox idi. Bir-birinə yaxın olan müxtəlif baş daşları lal-dinməz dayanmışdı. Kim idi bu sözləri pıçıldayan?
   
   "Yaşatmazdı qəlbində ümidsizlik və məlal,
   Onun məfkurəsiydi haqq, müsavat, istiqlal".


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK