hacklink Adalet.az | O GÜN YOL YOLDAŞIM XATİRƏLƏRİM İDİ Adalet.az | O GÜN YOL YOLDAŞIM XATİRƏLƏRİM İDİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

O GÜN YOL YOLDAŞIM XATİRƏLƏRİM İDİ

20119    |   2008-05-03 01:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu il may ayı küləkli, çiskinli, tutqun bir günlə başladı. Havalar nisbətən soyudu, küçələr də adi görkəmdə idi. Maşın tıxaclarını günümüzün reallığı kimi qəbul etməyə yavaş-yavaş alışmışıq . Səkilər zəbt edildiyindən onsuz da dar olan yollarda piyadaların məcburi hərəkəti təhlükəni bir qədər də artırıb. Maşınların səngimək bilməyən siqnal səsləri yolları açmasa da, əsəbləri bir qədər də qıcıdır. Barıt çəlləyinə dönən sürücülər də, piyadalar da bu mənzərədən nə qədər bezsələr də, başqa yol olmadığını da yaxşı dərk edirlər. Bir yandan şəhər mərkəzindəki göydələn "bostan"larına "gübrə" daşıyan, inşaat sahəsinə yaxınlaşıb qatarlanaraq, növbə gözləyən sement maşınları ( axı, onların günün-günorta çağı şəhər mərkəzinə daxil olmasına qadağa qoyulmuşdu ), digər tərəfdən yas mərasimlərini yola vermək üçün ara yollarda ağına-bozuna baxmadan quraşdırılan çadırlar şəhər nəqliyyatının dözülməz vəziyyətini bir qədər də mürəkkəbləşdirib, piyadaların hövsələsini bir az da daraldıb. Axı, bu il mayın 1-i cümə axşamına düşmüşdü. Bir yas mərasiminə getmişdim. Bu məclis də elə yolkəsən çadırda verilirdi. Ölən üç gün idi ki, ölmüşdü, qalanların da başı sağ olsun, çaya ara vermədən öz söhbətlərində idilər. Çadırda danışılan mövzular cox geniş idi. Öləndən başqa hər şeydən gündəmdə idi. Taxıl məhsullarının qiymət artımından, yollardakı tıxaclardan, şəhər mərkəzində aparılan tikintinin yaratdığı əlavə çətinliklərdən, nəfəs alarkən udduğumuz toz-torpaqdan və vaxtilə qeyd olunan 1 may bayramından... Necə deyərlər yada düşdü xatirələr... Söhbətə qoşulanların sayı bir qədər də artdı, nostalji hissləri gücləndi. Başa düşdüm ki, mərasim əhli bayram üçün darıxıb. Bayramlar indi də coxdur, amma camaatda o vaxtkı kimi bayram əhvali-ruhiyyəsi yoxdur. Çaylar təzələnsə də mövzu hələ dəyişməmişdi. Yeni gələnlər də May bayramı ilə bağlı söhbəti davam etdirirdilər. Hərə öz bildiyindən, eşitdiyindən, gördüyündən danışırdı. Biri deyirdi ki, indi havalar soyuyub, amma o vaxt mən uşaq olanda qısaqol köynekdə parada gedərdik. O biri dedi ki, ay rəhmətliyin oğlu, indi nəinki havalar, elə adamlar da soyuyub. Əsas məsələ budur. Biri dedi ki, hər bayramda atam uşaqlara təzə paltar alardı. Bizi geyindirib şəhərə gəzməyə aparardı. Mayovkaya da Razin dağina gedərdik. Palazı salıb süfrəmizi açardıq. Böyüklər bir yanda uşaqlar da oyamağında axşama kimi orda qalardıq... Onlara kənardan qulaq asdıqca mənim də yadıma o günlərlə bağlı qəribə əhvalatlar düşürdü. Bir vaxtlar ciddi qəbul etdiyimiz bəzi şeyləri indi yadıma saldıqca gülməyim də gəlirdi. Molla növbəti dəfə fatihə verəndə məclisi tərk etdim. Yaddaşımdakı xatirələri özümə yol yoldaşı edib evə piyada yollandım...
   ***
   Sovet Azərbaycanında 1 May bayramı xüsusi təmtəraqla qeyd olunardı. Coxları bu bayramın əsl mahiyyətindən xəbərsiz olsa da il boyu həmin günü səbrsizliklə gözlərdi. Hələ mayın ikisini demirəm. Bağı olan bağına, olmayan təbiətin qoynuna çıxıb, seyrəngahda süfrə açar,qohum-qardaşı, dost-aşnanı başına yığıb o ki, var şənlənərdi. Bəs, zəhmətkeşlərin həmrəylık günü nə olan şeydir, bunun kökündə nə durmuşdu ki, yüz ildən coxdur qeyd olunur?
   Mənim, bildiyimə görə 1886-ci ildə Amerikada, daha dəqiq desək, Çikaqo şəhərində fəhlələr 8 saatlıq iş günü tələbiylə tətil edib, nümayişə çıxmışdılar. Lakin, polis zor tətbiq etməklə onların qarşısını almışdı. Deyirlər ki, qan da axıdılmşıdı. 1889-ci ilin iyununda Parisdə keçirilən II İnternasionalın konqresində həmin hadisə bir daha yad edilmişdi və hər il may ayının 1-də nümayiş keçirilməsi haqqında qərar çıxarılmışdı. İlk dəfə zəhmətkeşlərin həmrəylik günü 1890-cı ildə ABŞ-da və Avropanın bir sira ölkəsində qeyd olundu. İndinin özündə belə dünyanın 66 ölkəsində mayın 1-i rəsmi bayram günü elan edilib. Televiziyanın xəbərlərindən iki gün öncə gördük ki, Türkiyənın bəzi şəhərlərində, o cümlədən İstanbulda, Almanıyanın Berlin, Hamburq şəhərlərində mayın 1-də yenə ixtişaşlar baş verdi. Polisin müdaxiləsindən sonra ortalıq savaş meydanına çevrildi. Hər iki tərəfdən zərərçəkənlər oldu. Bu hadisələrin həmrəyliklə heç bir əlaqəsi olmadı. Arada döyülən, söyülən, dükanı dağıdılan,yandırılan, avtomobili əzilən nə qədər zərərçəkən oldu.
   İlk dəfə May nümayişinə atamla getmişdim. Atam Dram teatrında ədəbi-hissə müdiri idi. O vaxt bütün əmək kollektivləri zəhmətkeşləri tədbirdə iştirak etməliydi. Əvvəlcədən xüsusi siyahılar tərtib olunardı, raykomun nümayəndəsi buna nəzarət edərdi. Vaxtında toplanış məntəqəsinə gəlməyənlər "qara siyahı"ya alınardı. Hansı lozunqların, portretlərin nümayış vaxtı istifadə olunacağı da əvvəlcədən müəyyənləşdirilərdi. Teatrın tanınmış səhnə ustalarından Həsənağa Salayev, Ağahüsyn Cavadov, Mirvari Novruzova və başqaları əllərdə yeni tamaşaların afişaları və bayraqlarla nümayişçilərin sırasında addımlayırdılar. Əlbəttə, bütün bunları ağlım kəsəndən sonra bilmişəm. O vaxt on yaşlı Etibar əynində təzə alınan çərkəzi paltar, belində oyuncaq xəngər, başında çal papaq və başlıq böyüklərə qoşulub şəhərin baş meydanından keçəndə tribunada dayanan əmilərə əl sallayıb, "ura" deyə, qışqıranda, oyuncaq qılıncının sağı da kəsirdi, solu da. Nə istəyirdisə, atası ona alırdı, hara deyirdisə, aparırdı. İstədiyi görən, nəydi? Rəngli şar, şokoladlı dondurma. Getdiyi yer hara idi ? Dənizkənarı park, mindiyi də karusel. Bir sonrakı il raykomdan atama qonaqlar üçün nəzərdə tutulan tribunaya dəvətnamə vermişdilər. O da səhər tezdən məni yanına salıb tələsik yollandı Lenin meydanına (İndiki Azadlıq-E.B.). Yoxlama-buraxılış mətəqələrini keçıb Hökumət evinə çatanda tribunalarda yer qalmamışdı. Sən demə, paylanan dəvətnamələrin sayı oturacaqların sayından xeyli cox imiş. Bunu bilərəkdən edirdilər ki, nümayiş vaxtı tribunalarda boş yerlər qalmasın. O zaman insanlar bir-birlərinə daha mehriban idi. Sıxlaşıb bizə də yer təklif elədilər. O təəssüratım indiyə dək qalıb məndə. Elə bil ki, paradı mən qəbul etmişdim. Mənə elə gəlirdi ki, hamı əynimdəki cerkezka libasıma baxır. Ətrafda bircə mən o geyimdə idim. Sonra atam məni bulvara apardı, dondurma aldı, yelləncəyə mindirdi. Evə qayıdanda gördüklərimi anama, nənəmə, bacıma danışdım. Hə... bir də tələbəlik illərində nümayişə getməyim yadımda qalıb. O da bəlkə ona görə ki, məşhur aktyor və rejissor Rza Təhmasıblə çəkdirdiyimiz şəkil ara-sıra ev albomumda gözümə dəyir.
   ***
   Sən demə, nümayişin təşkili özü də mürəkkəb bir proses imiş. Bunun öz hesab-kitabı, xüsusi təlimat kitabçaları varmış. Bütün bu məsələlərlə 1981-ci ildə Bakı Şəhər Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində işləyərkən ilk dəfə rastlaşdım. Nümayişin keçirilməsi barədə hər il müvafiq qərar qəbul edilər, əlaqədar təşkilatlara konkret tapşırıqlar verilərdi. Şəhərin bayram tərtibatı və nümayişin tematik planı təsdiq olunardı. Həmin plana uyğun hər yan bayramsayağı bəzənər, bayraqlar, şüarlar, rəhbərlərin portretləri, əmək kollektivlərinin əsas göstəricilərini əks etdirən transporantlar, təbliqat-təşviqat məzmunlu səfərbəredici plakatlar hazırlanıb nümayişçilərə paylanardı. Səhər saat doqquz radələrindən mütəşəkkil surətdə alti müxtəlif istiqamətdən meydana hərəkət başlanardı. Dəniz limanı ilə üzbəüz yer şərti olaraq meydanın giriş qapısı kimi müəyyən edilərdi. Nümayişçilərin ümumi sayı təxminən 150 min nəfərə çatardı. Əzizbəyov və Qaradağ rayonları kiçik qrup halında təmsil olunardı. Onlara icazə verilmişdi ki, nümayişi öz ərazılərində keçirsinlər. Meydanın bəzədilməsi iki gün əvvəldən başlasa da, tribunaların üzərində, Leninin heykəlinin sağında və solunda, Siyasi Büro üzvlərinin portretləri aprelin 30-da gecə yarısı asılardı. Ona görə ki, bir qayda olaraq, bayram ərəfəsində dənizdən güclü ruzigar əsməyə başlayardı. Külək portretləri cırıq-cırıq edər, bəzən da yerindən aşırardı. Portretlərin asılma ardıcıllığı son anda müəyyənləşərdi.Bu iş əlifba sırasıyla olmazdı. Bunu hamıdan yaxşı Şəhər Tərtibatı idarəsinin rəisi Hacəmi Atakişiyev və Ənvər adlı quraşdırıcı montaj ustası bilərdi. Ənvər kişi necə illər idi ki, o təşkilatda işləyitdi. Zəhmətkeş və son dərəcə məsuliyyətli adam idi. Bayram ərəfəsində Moskvada keçirilən rəsmi tədbiri Mərkəzi televiziyada diqqətlə izləyib özündə qeydlər edərdi. Adətən, bir qayda olaraq, Baş katib səhnəyə ilk qədəm basır. Onun ardınca gələnlərin sırası siyasi konyukturadan asılı dəyişərdi. Bax, bu məsələ həmişə diqqətə alınmalıydı. Ənvər kişi Siyasi Biro üzvlərnin sırasını da, tərcümeyi-halını da əzbər bilirdi. Onu bu mövzuda danışdıranda canla-başla danışıb yüksək siyasi hazırlıq nümayiş etdirməyindən özü də həzz alardı. Hər dəfə bayramdan sonra mükafatlandırılan fəal işçilərin siyahısına onun adı salınardı. Meydanın səsləndirilməsi işiylə Rabitə nazirliyinin əməkdaşları məşqul olardı. Nümayiş zamanı istifadə olunan müsiqi tərtibatı Dövlət radiosunun əməşdaşları tərəfindən partiya işçilərinin nəzarəti ilə hazırlanardı. Bakı Komitəsində bununla bilavasıtə Vahid Əziz məşğul olurdu. Görkəmlı şair o zaman təbliqat şöbəsində təlimaçı vəzifəsində işləyırdı. Kütləvi informasıya vasitələrilə əlaqə ona tapşırılmışdı. Nümayiş vaxtı meydanda səslənən şüarlar radionun diktorları tərəfindən canlı oxunardı. Meydana daxil olan rayon zəhmətkeşlərinə, qabaqcıl müəssisələrin kollektivlərinə xüsusi bayram təbrikləri ünvanlanardı. Əmək qəhrəmanlarının adları qeyd olunar, əldə etdikləri uğurlar barədə qısa məlumat oxunardı. Hökumət evinin 3-cü mərtəbəsində qurulan komanda mərkəzindən nümayiş idarə olunardı. Nümayiş iki saata yaxın sürərdi. Ən çətin iş altı cərgənin hamısında stabil insan axınını nəzarətdə saxlamaq idi. Altı kalon müxtəlif istiqamətlərdən meydana daxıl olduğu üçün arada seyrəklik olurdu. Yuxarıdan bu tamaşa edəndə xoşagəlməz mənzərə rəhbərliyin nəzərindən qaçmırdı. Rabitə indiki kimi kamil deyildi ki, uzaqdan komanda ilə hər şeyə nəzarət etdiyin kimi, təsir göstərə, düzəliş verə biləsən. O zaman mobil telefonlar, xüsusi rabitə vasitələri demək olar ki, yox idi. Biz ilk dəfə 1981-ci ildə milisə verilən yeni ratsiya aparatından nümayiş zamanı istifadə etdik. O vaxta kimi, komanda mərkəzi ilə nümayışcılər arasında əlaqəni qaçhaqov işlərdə əvəzsiz sayılan gənc komsomolçuların köməyi iıə həyata keçırırdik. Odur ki, nümayış öncəsi hazırlıq işləri son dərəcə ciddi aparılırdı. Rayon partiya komitələrinin birinci katibləri böyük məsuliyyətlə bu işə yanaşardılar. Hər dəfə nümayışdən sonra respublikanın rəhbəri Heydər Əliyev hökumət tribunasının altındakı zalda kiçik yığıncaq keçirib, tədbirlə bağlı qeydlərini operativ şəkildə bildirər, Təşkilat komitəsinin işinə qiymət verər və bayram münasibətilə təbrik edərdi. Bu imtahandan üzüağ çıxadan sonra hamı xoş əhval-ruhiyyə ilə meydanı tərk edərdi. Bilsəydiz ki, Onun dilindən çıxan bir quru "cox sağolun" kəlməsi bizim üçün necə qiymətli idi... Bizim qonaq-qaralı, bərəkətli bayram süfrəmiz günün ikinci yarısı açılardı.


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK